Muəllif:

BƏŞƏRİYYƏTƏ FORMAT ATMAQ

“O, Əfqanıstanda hərbi konvoyda viski içən pleyboya bənzəmirdi”…

Oxuduğunuz bu cümləni dilimizə tərcümə edib sonrakına keçəcəkdim ki, dayandım. Cümləni tərcümə etməsinə etmişdim, di gəl ki, onun mənasını anlaya bilmirdim. Bu adamın Əfqanıstanla, hərbi konvoydakı “Hammer”in arxa oturacağında viski içməklə nə əlaqəsi olduğunu başa düşməmişdim. Əlimin tərsi ilə masamda nə vardısa kənara itələyib, “Iron Man” üçün internetdə axtarış verdim…

Rejissor Con Favro (Jon Favreau) “Iron Man” (“Dəmir Adam’’) filmini çəkmək üçün Los Ancelesdə bir sənaye kompleksini icarəyə götürür. Kompleks 80 il əvvəl Hovard Hyuz tərəfindən qurulmuş “Hughes Aircraft”a aid idi. Hovard Hyuz (Howard Hughes, 1905-1976) amerikalı iş adamı, mühəndis, aktyor, rejissor və prodüser idi, o həm də tarixə yığılan şassi, radionaviqasiya, avtopilot kimi böyük yeniliklərin görkəmli ixtiraçısı kimi düşüb. Və “Dəmir Adam”- dahi ixtiraçı, pleyboy, filantrop və milyarder Toni Stark rolunu ifa edən məhşur aktyor Robert Dauninin (Downey) ilham qaynağı da məhz Hovard Hyuz idi…

* * *

Çəkiliş meydançasında var-gəl edərkən Robert Dauni Hyuza çox bənzəyən bir adamı xatırlayır. Cəmi 16 km aralıda o adamın nəhəng sənaye kompleksi yerləşirdi. Dauni Hyuzun həyatını gözündə canlandırmaqdansa, gedib real həyatda var olan birini görə bilərdi. 2007-ci ilin mart ayında Dauni SpaceX şirkətinin mənzil qərargahına gəldi. Onu şirkətin qurucusu və sahibi İlon Mask şəxsən qarşılayıb, gəzdirdi. “Məni çox az şey təəccübləndirə bilər, amma SpaceX və bu adam möhtəşəmdilər”, — Dauni heyrətini belə ifadə etmişdi. O, SpaceX zavodunu böyük ekzotik texniki mallar mağazasına bənzətmişdi. Halbuki zavod bu gün aerokosmik sahədə dünyanın ən qüdrətli ölkələri ilə təkbaşına rəqabət aparır. Mask və onun şirkətinin “Falcon” raketləri və “Dragon” kosmik gəmiləri elmi-texnoloji inqilabın şah əsərləri sayılırlar.

“Dəmir Adam”ın çəkiliş meydançasına qayıdan Dauni rejissor Favrodan xahiş etdi ki, Teslanın Roadster elektromobilini filmdə Toni Starkın emalatxanasına qoysun. Daha dərindən düşünəndə Starkın yazı masasının yanında duran maşın aktyor, onun personajı və Mask arasında bir bağ olduğunu nümayiş etdirəcəkdi. “İlonla tanış olandan sonra emalatxanada sürəkli onun varlığını hiss edirdim,- Dauni deyir. – Mask və Stark mənim müasirlərim olmuşdular. İlon elə bir insan idi ki, Toni Stark onunla yoldaşlıq edər, hətta, bəlkə hansısa qeyri-adi bir cəngəllik səyahətinə çıxıb, orada şamanlarla cecə arağı da içər”…

* * *

Məgərsə “Dəmir Adam” 2008-ci ilin ən populyar filmlərindən biri imiş və 10 il sonra oturub bu filmi izlədikdən sonra sanki önəmli bir çatışmamazlığımı aşmış oldum. Kiçik qızım da mənə bu filmləri seyr etmədən kitabı necə tərcümə edirsən deyə hətta məzəmmət də elədi. Həqiqətən də İlon Maskın kitabını tərcümə edən onun çocuqluq qəhrəmanını da bilməli, gördüyü filmlər, sevdiyi komikslərdən də xəbərdar olmalıdır. İlon Maska olan marağım da elə onun kitab oxuma həvəsindən başlamışdı illər əvvəl. Oxumaq onun ən önəmli özəlliyidir. Qardaşı Kimbal belə deyir:”Gündə on saat kitab oxuyurdu, bazar günləri isə iki kitab bitirirdi”. Məktəbdən sonra saat ikidə kitab mağazalarına gedir, axşam altıya — valideynləri işdən evə qayıdana kimi orada qalırmış. Özünün xatırladığı kimi “Bəzən məni mağazadan qovurdular, amma çox vaxt mənə dəymirdilər”…

2017-ci ilin son günü bizim də İstanbuldakı evimizdə sakit, təntənədən uzaq, hüzurlu bir Yeni il təlaşı var. Mən otağıma çəkilib inanılmaz bir templə Eşli Vensin (Ashlee Vance, “Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future”) kitabı üzərində çalışıram. Yeni ilin ilk gecəsi də masamdan qalxmıram – artıq tərcümə bitməyə doğru istiqamət almışdı. Ancaq məqsədim kitabı bir an öncə bitirmək deyildi. Mən həm də “Falcon Heavy” raketinin kosmosa 2018 yanvarının ortaları üçün nəzərdə tutulmuş buraxılışına yetişməyə can atırdım. Nəhayət, Mask Twitter hesabında startı fevralın 6-na təyin etdiyini yazdı.

O tarixə qədər tərcüməni bitirib redaktəyə keçmişdim. Yəni oxuduğum kitabı bir də oxuyurdum, amma bu səfər ana dilimdə. Eksentrik bir dahinin bəşəriyyət üçün nə qədər cahan-şümul işlər gördüyünü oxuyur və “Nə qədər də maraqlı kitabmış” deyə mutluluqdan keyf alırdım. Bir insan ömrünə bu qədər elmi-texniki yenilikləri necə sığişdırmaq olar? Bəlkə elə buna görə də bəziləri Maska “başqa planetdən gəlmiş dahi” deyirlər?…

* * *

Maskın atasının despotik tərbiyə metodları və bunların yaratdığı dərin psixoloji böhran, Cənubi Afrika Respublikasındakı uşaqlıq illəri, Kanadaya, oradan da Amerikaya köçməsi;

İlk qurduğu şirkət, ilk aşıq olduğu qadın, ilk evliliyi, 5 oğlunun anası Castinlə keçən burulğanlı ailə münasibətləri, ilk avtomobili, ilk qazandığı milyon dollar, kosmosa qalxan ilk raket, ilk Tesla elektromobili, ilklər, ilklər… 1971 təvəllüdlü bir adamın bu qədər ilkə imza atmasının altında yatan sirr nədir?…

Rus istehsalı qitələrarası ballistik raket almaq üçün Rusiyaya səfəri, Moskvada başına açılan oyunlar, su yerinə axan vodkalar, vakxanaliya, sağlıqlar və sıfır nəticə. Məhz Moskva fiaskosundan sonra Maskın raket inşa etməyə qərar verməsi;

Maskın qurduğu şirkətlərə çalışanları seçmə qabiliyyəti, onun kadrları seleksiya bacarığı və gündə 20 saat dəli kimi çalışma tempi. Və ona Tanrı kimi tapınan işçiləri;

Və daha nələr. Bütün bunları və Maskın fırtınalı həyat hekayəsini yaxında çıxacaq “ELON MUSK. Tesla, SpaceX və Möhtəşəm Gələcəyin İzində” kitabından oxuyacaqsınız. O, sizə övladlarınıza xəyal qurmaqda kömək edəcək və ya ən azından onların təşəbbüslərinə əngəl olmayacaqsınız. Kitabı da bəlkə elə buna görə çox önəmli bir əsərdir.

Mütərcim deyiləm və güman ki, bir də həyatımda kitab tərcümə etməyəcəm. Ancaq bu kitabı sırf gənclərimiz oxusunlar, elmə, müasir texnologiyalara maraq salsınlar deyə tərcümə etdim. Dostum, gözəl dilçi-alim, naşir Rafiq İsmaylov noyabr ayının sonunda mənə “May ayına bitirsən, əjdahasan” demişdi. Mən 3 aydan da qısa bir zamana tərcümə etdim. Bəzən gündə 12 saat durmadan çalışdım, çox çətin idi, kitabda o qədər riyaziyyat, fizika, proqramlaşdırma, aerokosmos, avtomobil və b. terminlər var idi ki, onların dilimizdəki qarşılığını tək-tək saatlarla axtararaq, dostlarımdan yardım alaraq tapdım. Açıq deyəcəm, bu gün pafoslu sözlərlə dilimizin nə qədər zəngin olduğunu iddia edib, “yalançı vətənpərvərlik” sərgiləyənlər sadəcə olaraq mütaliə etmir, ana dilimizi ancaq məişət səviyyəsində danışırlar. Bu gün dilimiz üzərində eksperiment aparmağa çalışan bəzi alimlərimizə “Təqvimə baxın, cənablar” deyirəm. XXI əsrdir və “rozetka” sözünün qarşılığını tapa bilməyən dilçilərimiz müasir texnologiyaların tələblərinə necə cavab verəcəklər görəsən? İnanın ki, əlimizə ciddi bir kitab alanda nə qədər kasıb bir söz xəzinəsinə sahib olduğumuzu görürük. Və belə olmaz, iş görmək lazımdır, iş…

* * *

Ağlıma yenə Maskın elektrikli avtomobili gəldi. Amma bu səfər “Dəmir Adam” filmindəki deyil, “Falcon Heavy” raketinin 6 fevral 2018 günü kosmosa daşıdığı Maskın gilənar rəngindəki Tesla Roadster elektromobili. Mask onu kosmosa göndərəcəyini deyəndə bunun zarafat olduğunu düşünmüşdü hər kəs. “Qırmızı planetə qırmızı avtomobil” dedi Mask və onu test uçuşunda faydalı yük olaraq istifadə etdi. Üç sürətləndirici blokdan ibarət “Falcon Heavy” dünyanın ən superağır raketidir. 27 mühərrikli bu kombinasiya ilə o, həm də dünyanın ən güclü raketi ünvanını aldı. 65 ton yük daşıya biləcək bu raket yerini zamanla bundan sonra istehsal ediləcək “BFR”ə buraxacaq.

İlon Mask Bəşəriyyətə Format atdı, artıq heç nə əvvəlki kimi olmayacaq. Elm, texnologiyalar başgicəlləndirici bir sürətlə gələcəyə doğru start götürüb. Və bu yeni formatda “Wikipediya”ya giriş yasaqlanmış, məscidlərin sayı xəstəxana və kitabxana sayından çox olan ölkələrdə Yeni Düzənə necə ayaq uydurulacağı böyük müəmma təşkil etməkdədir. Azərbaycan KİV-lərinin isə Dünyanın qədərini dəyişdirəcək tarixi hadisə ilə bağlı “sinifdə qalması” isə başqa bir faciədir…

* * *

Bu qarışıq düşüncələr içində tez-tez Maskın Tesla Roadster maşınından canlı yayınına baxıram. Günəş ətrafında dönüb, bəzən də Marsın dartılmış elliptik orbitini “kəsərək” keçdiyində avtomobilin mükəmməl multimedia sistemində “David Bowie”nin əfsanəvi “Space Oddity” mahnısı səslənir:

Uçuşun İdarəetmə mərkəzi — mayor Tom,
Uçuşun İdarəetmə mərkəzi — mayor Tom,
Protein tabletini iç və şlemini geyin…

1969-da yazılmış “Space Oddity” (Kosmosda qəribə hadisə) mahnısı bəzilərini qısqandırır, kabus kimi gecələr yuxularına girir. Qorxurlar mayor Tomlardan. Elmin Təntənəsi bərqərar olmuş ölkələr Cəhalət Çırpınışları içində olanları Yeni Dünya Düzəninə qoymayacaqlar…
“David Bowie”nin “speysvari” səsi tüklərimizi yenə də biz-biz edir:

Mən mayor Tom- Uçuşun İdarəetmə mərkəzinə,
Mən lükdən çıxıram,
Və mən axına qapılıram,
Və ulduzlar fərqli baxırlar bu gün mənə…

— David Bowie, “Space Oddity”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (25 оценок, среднее: 9,64 из 10)
Oxunma sayı: 1618