Muəllif:

BELƏ XALQI “SEVMƏMƏK” OLARMI?..

Hərə bu xalqı bir şeyə, bir cəhətinə görə sevir. Kimi səxavətli, mərhəmətli və qonaqpərvər olduğuna görə, kimi başıaşağı, itaətkar, dözümlü bir toplum olduğu üçün, kimi də hələ də xalqlıqdan çıxıb millət kimi formalaşa və özünü ayıq-sayıq, savadlı və tələbkar bir cəmiyyət kimi təsdiqləyə bilmədiyinə görə.

Onu ən çox sevənlər isə “Biz bu xalqın xidmətçiləriyik” deyib bütün xalqı özlərinin nökərlərinə və xidmətçilərinə çevirən məmurlarımızdır. Şəxsən mənim buna zərrə qədər şübhəm yoxdur, sizin də olmasın, ona görə ki, əgər mən bir şeyi deyirəmsə, deməli bunu yaxşıca öyrənib-bilib, düşünüb-daşınıb deyirəm.

Bəli, məmurlarımızın öz xalqına sevgisi bir azacıq incə məsələdi, ona görə ki, bu, insanlarımız qoy məni bağışlasın, daha çox bir adamın öz mal-qarasına, atına-ulağına, camışına-dəvəsinə olan məhəbbəti kimidir. Amma nə olsun ki? Məgər kimisə öz bildiyin, öz qandığın kimi sevib-bəsləmək günahdırmı? Qəti günah deyil, çünki hər qövmün müəyyən dövrdə öz düşüncə tərzi olur və zaman keçdikcə bu, dəyişir, başqa forma alır. Ona görə də qeyzlənməyə qəti dəyməz — bu gün bizi mal-qara, at-ulaq, nə bilim ki, camış-dəvə kimi sevərlər, sabah dönüb evlərinin içində bəslədikləri it-pişikləri kimi sevər və qayğımıza qalarlar.

Bilirəm, adda-budda bəzi adamlar, daha doğrusu, naxələflər-dönüklər tapılacaqdır ki, “Kişi, biz niyə adam-insan kimi sevilməməliyik? Axı biz dördayaqlı yox, ikiayaqlı məxluqlarıq!”,- deyəcəklər. Bunlara da cavabım hazırdır: dəvəquşu da, daha nə bilim, kenquru da demək olar ki, iki ayaq üstə yeriyir, amma buna görə heç kim onlara adam demir.

Amma bizə qarşı münasibətin kökündə başqa mətləblər və ya mənalar dayanır. Adam-insan kimi sevilmək üçün gərəkdir ki, hamıdan əvvəl elə həmin adamın özü özünü bir insan kimi sevsin, özündə ləyaqət hissi və  mənlik duyğusu tapsın. Yoxsa tamam bekara məsələdir — sən özünü bir insan kimi saymırsansa, başqaları bunu dünəndən saymayacaq.

Bilirəm, indi yazacağım sözü oxuyan kimi dərhal daş atıb başınızı tutacaqsınız ki, bəs bu, yenə də başladı bizə demokratiya dərsi keçməyə!

Amma mən də dediyimdən əl çəkən deyiləm. “Dignity for all” – yəni ki, “Hamı üçün ləyaqət!”. Bəli, yalnız demokratik quruluşlarda belə bir şüar olur.

Başqa quruluşlarda adamlıq-insanlıq fikrinə düşsən sənə o saat:“Kişi, sən də özünü insanmı sanırsan? Axmaq kişi, insanlığı asanmı sanırsan?”,- deyəcəklər.

Bizim məmurlarımızın xalqımıza münasibəti haradasa Amerika ağdərililərinin qaradərililərə münasibətini andırır. Ağdərililəri “başa düşmək” olardı. Bu adamlar Afrikaya gedib orada zənciləri heyvan kimi ovlayır, sonra da gətirib Amerikada mal-qara kimi satırdılar.

Onlar psixoloji olaraq qaradərili məxluqları insan kimi qəbul edə bilmirdilər, çünki qaradərililər özləri də, məsələn, hindulardan fərqli olaraq özlərini adam kimi aparmırdılar. Ağ dərili insanlar hindularla da düşmən idilər, amma bu düşmənçilikdə bir hörmət və rəğbət vardı. Ona görə də bu gün də ağdərililər damarlarında hindu qanının axması ilə fəxr edirlər, çünki hinduları mal-qaraya, yəni qula çevirmək mümkün olmadı.

Qaradərililər də bir gün oyandılar və onlar oyanıb hüquq və azadlıq tələb edəndə, özlərində ləyaqət və insanlıq hiss etməyə başlayanda ağlar da onlara qarşı münasibətini dəyişməyə başladılar.

Buna görə də hər şey insanın özündən başlayır: özünü insan hiss etsən, adam kimi aparsan, səni insan kimi qəbul edəcəklər.

Əvvəldə dedim ki, hərə bu xalqı bir cəhətinə görə sevir. Amma onu sevməyənlər də az olmayıb, özü də bu xalqın öz içindən çıxmışların və bu ölkənin suyunu içib, çörəyini yeyənlər arasında. Onlar da haqlı idilər, çünki böyük hesabla bu xalqda seviləsi bir şey yox idi, onu sevmək üçün əvvəlcə ona nifrət etmək lazım idi, necə ki, Nitşe deyirdi:“Mənə təkrar qayıtmaq üçün məni unut, məni inkar et…”…

Onların da ümumiləşmiş surəti-obrazı kefli İsgəndər idi: bu xalqın dərdü-sərinə tab gətirməyib pənahını araq şüşəsində axtaran kefli və elə kefli olduğu qədər də yazıq bir İsgəndər…

Bir azca əvvəldə ağ və qaradərili insanlardan bəhs etdim. Qaradərili Martin Lüter Kinqin məşhur bir çıxışı var:“İ have a dream”, yəni mənim bir arzum var.

Əlbəttə, mən Kinq deyiləm, amma arzulamaq günah deyil və heç olmasa, bunu mənə çox görməyin. Qərəz, mənim də bir arzum və diləyim var:“Nə olar, gəlin biz də əsl xalq olaq, əsl insan olaq. Qoy, vəzifəlilər, məmurlar bizi mal-qara kimi yox, insan-adam kimi sevsinlər və bizə müraciət edəndə “hoş” və ya “oho” deməsinlər, bəy, xanım deyə müraciət etsinlər. Doğrudanmı siz bunu istəmirsiniz?”…

Başa düşürəm, dəyişsək, əsl xalq və əsl insanlar olsaq, daha vəzifəlilərimiz — məmurlarımız bizi indiki kimi sevməyəcəklər, bizdən çəkinəcək, qaramızca deyinəcək, gizlində “Nankorlar! Qədirbilməzlər” deyəcəklər, amma indiki kimi oğurlaya bilməyəcəklər, indiki kimi bizi heyvan kimi istismar edə bilməyəcəklər. İndi özünüz deyin: Hansı daha yaxşıdır? Mal-qara kimi sevilmək, yoxsa insan kimi sayılmaq?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 112