BƏDAHƏTƏN ŞEİR DEYƏN XALQIN QONŞULUĞUNDA NƏLƏR BAŞ VERİR?..
Bir az gülünclük kimi görünə bilsə də, vəziyyət hər halda belədir: ermənilər mitinq edir, daxili demokratiyalarını genişləndirməyə, özləri üçün ürəkləri istəyən hökuməti qurmağa çalışır, biz isə bu proseslərin regional geosiyasi arxitektura, ələlxüsus da, Dağlıq Qarabağ problemi baxımından mümkün nəticələrini araşdırmağa çalışırıq.
Amma düz edirik və düz yoldayıq, ən azı ona görə ki, heç nə etməməkdən və bütün günü çalıb- çağırıb, oynamaqdansa, necə xörək bişirmək və necə xəstəliklərdən qorunmaq haqda məsləhətləri dinləməkdənsə bunun özü də böyük işdir. Həm də burada çox vacib, hətta düşünüləsi məqamlar da var.
Birincisi budur ki, Ermənistanın demokratik dövlət kimi imicinin formalaşması bizim maraqlarımıza qətiyyən cavab vermir. Bir yada salın, görün, bu vaxta qədər bu axmaq xalqın “lider”ləri nə deyirdilər?
Belə ərz edirdilər ki, guya ki, azərbaycanlılarla ermənilər arasında mental və mədəni uyuşmazlıq var, guya ki, azad xalq olan ermənilər hələ də kölə halında qalan azərbaycanlılarla birgə yaşaya bilməzlər!..
Son illərdə ermənilərin axmaq və sərsəm iddialarına qarşı ciddi arqument qoyduq: monoetnik və monokonfessial Ermənistandan fərqli olaraq tolerant və multikultural Azərbaycan!
Bu sahədəki səylər qətiyyən nəticəsiz qalmadı və getdikcə daha çox insan və hətta ölkə Azərbaycanın bu özəlliklərinə maraq göstərməkdədir.
Əslində Azərbaycanın bu özəlliyi quru təbliğat şablonu və ya bir hakimiyyətin çalışmalarının nəticəsi deyil və azərbaycanlıların çoxəsrlik birgəyaşam tərzidir. Gözəl olardı ki, bu sözləri, ümumiyyətlə, demokratiya ilə bağlı da deyə bilək, amma təəssüf ki, deyə bilmirik, ona görə ki, hələ gəlib buna çatmamışıq…
Ermənistandakı proseslər bizi başqa tərəfdən də düşündürməlidir. Söhbət nədən gedir? Rusiya rəsmiləri Ermənistanda cərəyan edən son proseslərlə yaxın keçmişdəki Ukrayna hadisələri arasında paralelllərin aparılmasını heç bir halda düzgün hesab etməsələr də, bu gün ən çətin sual Ermənistan olaylarının geosiyasi oriyentasiyası və təfərrüatlarıdır.
Əvvəlcə V.Putinin S.Sarkisyanı təbrik etməsi, bunun ardınca D.Medvedevin K.Karapetyanla dərhal telefon əlaqəsi saxlaması və daha sonra yenə də V.Putinin düz iki dəfə Armen Sarkisyanla ölkədəki vəziyyəti müzakirə etməsi bir daha göstərir ki, Kremlin özündə çaşqınlıq var.
Neçə gündür davam edən etirazlarda geosiyasi şüarlar səslənməsə də, üstəlik, “məxməri inqilab”ın inkişaf trayektoriyası hələ axıradək məlum olmasa da (Serj Sarkisyan partiya sədrliyindən də istefa verdi və daşnaklar hakim partiya ilə koalisiyadan çıxdı), artıq rusiyalı politoloqlar da Moskva üçün ən arzuolunmaz ssenariləri də nəzərdən keçirməyi vacib bilir, bir çoxları hətta birmənalı şəkildə iddia edir ki, Ermənistan Qərbə tərəf dreyf edəcək. Amma son günlərdə Kremlin davranışında bir ayılma duyuldu, əlaqələr işə düşdü, hətta hiss olundu ki, məsələ bilavasitə Putin cənablarının nəzarətindədir.
Bizim üçün isə məsələ ilk növbədə Qarabağ problemi konteksində maraq doğurur və indidən sual yaranır ki, bu müstəvidə hansı yeniliklər mümkündür?
Diplomatlarımız artıq bildiriblər ki, hakimiyyətə gələcək yeni qüvvələrlə konstruktiv və substantiv danışıqları davam etdirməyə hazırdırlar.
Ümumi halda, Dağlıq Qarabağ probleminin evolyusiyası həm də bir mühüm amildən də asılı olacaq – bu da Ermənistanın gələcək geosiyasi oriyentasiyasıdır. Bu zəmində üç ssenari gerçəkləşə bilər.
Birincisi, Ermənistan Rusiya ilə indiki sıx ittifaqını saxlayır. İkincisi, Ermənistan Rusiyadan məsafə götürür və nisbətən Qərbə, daha müstəqil siyasətə aparmağa doğru dreyf edir. Üçüncüsü, Ermənistanda vəziyyətin ümumi stabilləşməsini gözləmədən biz ermənilərə növbəti hərbi həmləni edirik.
Birinci halda ciddi dəyişikliyin baş verəcəyini güman etmirik, çünki bu halda əvvəllər olduğu kimi, söz sahibi yenə də Kreml olacaq. Qeyd edək ki, bu gün Ermənistanda yaşanan dinamik proseslərə rəğmən bu ehtimal da kiçik deyil.
Etiraz aksiyalarında demək olar ki, geosiyasi çağırışların heç səslənməməsi, indiyə qədərki müxalifətin Dağlıq Qarabağ məsələsində bəzən“qarabağlı həmkarlar”ından da kəskin mövqelər sərgiləməsi, xüsusən də bir çox hallarda hətta ən qərbçi demokratların belə ən azı populizm xatirinə vətənpərvər -millətçilərlə yarışması bir daha diqtə edir ki, gərək, bu ssenarini də birdəfəlik kənara tullamayaq.
Amma daha maraqlısı, əlbəttə ki, ikinci ssenaridir. Bu halda müəyyən yeniliklərin, hətta Kreml üçün sürprizlərin olması mümkündür. Ən azı ona görə ki, bəzi Qərb analitikləri Bakı ilə İrəvanın münaqişəsini həm də bu iki ölkənin müxtəlif geosiyasi müstəvilərdə qərar tutması ilə izah edirdilər və elə bu səbəbdən düşünürük ki, belə vəziyyətdə İrəvan fərqli davranış nümayiş etdirə bilər.
Burada Azərbaycanın özünün də iki cür davranışı mümkündür. Ən birincisi, dəfələrlə yazmışıq ki, Qarabağ problemində Bakı üçün ən böyük perspektiv Ermənistan – Rusiya ittifaqında “çat” yaranan zaman meydana çıxacaqdır. Bu səbəbdən hətta adi vətəndaşlarımız da ilk olaraq bunu düşünür – Rusiya ilə Ermənistan arasındakı ilk soyuqluqdan dərhal faydalanmaq.
Bəzi rusiyalı politoloqlar da açıq şəkildə buna işarə edir və onların arasında Bakıya simpatiyası ilə seçilənlər Azərbaycan üçün yeni şansın yarana biləcəyini deyirlər. Amma bu ssenarinin də öz risqləri var və bu da ilk növbədə ondan ibarətdir ki, Qərbə dreyf edəcəyi halda Ermənistan bu ünvandan da müəyyən dəstək alacaq.
Fəqət, düşünürük ki, əsas bu, deyil. Daha uzunmüddətli sülh və sabitlik üçün Rusiyadan məsafə götürən Ermənsitana şans da vermək olar, bəlkə elə doğrudan bunlar otuz ildən sonra nəhayət, adam kimi hərəkət etməyə və düşünməyə başlayacaqlar?..
Sözsüz ki, bunlar ehtimallardır. Azərbaycanda ən çox səslənən tezislərdən biri də budur ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq onun Qarabağ siyasəti dəyişməyəcək, çünki on illər ərzində bunlar özləri üçün axmaq “böyük Ermənistan doktrinası” uydurublar və onun məntiqilə də hərəkət edirlər.
Burada da həqiqət var, özü də böyük bir həqiqət. Amma başqa presedent də var axı! Azərbaycanın torpaqlarının hamısı L.Ter-Petrosyanın vaxtında işğal olunmuşdu. Amma o, da bir gün anladı ki, Bakı ilə dil tapmadan nə Qarabağ probleminin həlli, nə də Ermənistanın dövlət kimi tərəqqisi mümkündür.
Ona görə də düşünmək ki, belə hal unikal bir hadisə idi və bir daha heç vaxt Petrosyan presedenti təkrar oluna bilməz – bu, əlbəttə yanlışlıq olardı. Ən əsası isə bilirsinizmi nədir? Azərbaycan artıq Ermənistanın ən pis, murdar sifətini də görübdür və hətta belə bir Ermənistanı da yerində oturtmaq iqtidarında olduğunu göstəribdir.
Ona görə də bizə elə gəlir ki, İrəvanda hakimiyyətə gələcək yeni qüvvələr bütün hallarda Koçaryanlardan, Sarkisyanlardan konstruktiv və anlaqlı olacaqlar –təbii, “məxməri inqilab” məntiqi sonluğunadək inkişaf edərsə…
Nəhayət, gələk, üçüncü ssenariyə. Yada salaq ki, ermənilər özləri dəfələrlə bizə qarşı belə ediblər – ərazilərimizin çoxu ölkədə dərin siyasi böhranlar yaşanan zamanda və Bakıda ciddi hakimiyyət boşluğu yaranan vaxtlarda işğal olunubdur.
Başqa detalsa ondan ibarətdir ki, Kreml duysa ki, İrəvandakı proseslər ona sərf etməyən məcralara yönəlir, o halda Ermənistanı cəzalandırmaq üçün bizə yaşıl işıq da yandıra bilər.
Qərəz, üç ssenariyə uyğun iki yol var. Hansını seçək? Bu, artıq jurnalistlərin işi deyil, necə deyər, dövlət və hökumət işidir. Amma biz də cəmiyyət olaraq onu edə bilərik ki, çalıb — çağırmağa, oynamağa ara verək, dünyanın daha ciddi işləri haqqında, bu dünyada kimlərdən irəli, kimlərdən geri olduğumuz haqda ciddi düşünək. Həm də bilək ki, dünyada daha bir xəstəlik var ki, televiziyalarımız ondan danışmır — onun adı biganəlik və etinasızlıqdır…
Bir də ki, siz Tanrınız, gəlin özümüzü tərifləməyə ara verək. O gün baxıram, telekanalların birində deyirlər ki, bədahətən şeir deyən yeganə xalq bizik!
O saat heç bilirsinizmi, yadıma nə düşdü? Rusların çastuşkaları! Bəli, bir vaxtlar bekarçılıqdan hərdən “Poy, qarmon!” verilişinə də baxırdıq…
Qərəz, bilmirəm, biz daha hansı ekzotik meyarlara görə birinciyik, ön sıradayıq, bildiyim tək odur ki, ona-buna gülə-gülə, yavaş-yavaş gülünc vəziyyətə qalırıq…