Muəllif:

AVROPA BİZƏ NƏ VAXTDAN MİNNƏTÇİ DÜŞÜB?..

Hər hansı məsələnin əvvəlcə gərək pozitiv tərəflərindən yazasan ki, onun neqativlərini də gündəmə gətirməyə bir mənəvi haqqın olsun. Bu baxımdan yanaşanda TANAP layihəsi də istisna deyil, amma nə yaxşı ki, digər böyük layihələr kimi onun da pozitivlərindən çox yazmışıq və burada əlavə edək ki, layihənin açılışı təkcə dövlətlərə deyil, hətta onun liderlərinə, xüsusən də parlament və prezident seçkiləri ərəfəsində olan R.T.Ərdoğana heç şübhəsiz ki, müəyyən siyasi dividendlər gətirəcək.

Eyni sözləri bu il təkrar seçilmək istəyən Gürcüstan prezidenti G.Margvelaşvili haqqında da demək olar. Amma gürcü kontekslində bir qədər fərqli detalı da qabartmaq istərdik. Biz Gürcüstanın Avropa Birliyi və NATO ilə bağlı səylərini çox təqdir edirik və ümidliyik ki, nə vaxtsa, bu səylər bəhrəsini verəcək. Amma gürcü qardaşlarımız gərək, unutmasınlar ki, Azərbaycan bu illər ərzində onlara Avropa Birliyinin verə biləcəyindən qat-qat artıq dəstək veribdir.

Bu konteksdə həmişə eks-prezident M.Saakaşvilinin sözlərini xatırlatmağı sevirik. O demişdi ki, mən maliyyə və iqtisadi dəstəyini okeanın o biri tərəfində axtarırdım, gəl, onu Bakıda tapdım! Gürcüstan siyasətində də arabir anlaşılmaz ştrixlər olur, çox istərdik, belə anlarda onlar indicə dediyimiz məqamları yada salsınlar.

O ki qaldı məsələ ilə bağlı bizim giley-güzarımıza, tez-tez “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir” kimi bəlağətli cümlələri eşidəndə bir balaca bundan xoşlanmırıq və bunun da səbəblərini indicə xırdalayacam.

Birincisi, bir sözü bir dəfə, uzağı on dəfə demək olar, onu hər gün deyəndə isə adam bezir, çünki çərənçiliyə çevrilir. Özü də bu, tək indicə dediyimiz məsələylə bağlı deyil. Hətta sinergetika da öyrədir ki, hər bir  tendensiya gec-tez əks tendensiya doğurur. Bunu xüsusilə də reklam işi ilə məşğul olanlar unutmamalıdır – istənilən reklam gec-tez bezdirir və əks effekt yaradır…

İkincisi, bizim yeni və böyük qaz layihələrimiz Avropanın enerji bazarının xəritəsini kardinal şəkidlə dəyişmək iqtidarında deyil. Bəli, bu kiçik töhfədir və Avropanın təhlükəsziliyi üçün əlavə təminat, qaz bazarı üçünsə, kiçik də olsa, yeni alternativlər deməkdir.

Üçüncüsü, qazı Avropaya ona görə çıxarmırıq ki, qitənin qaz-enerji problemləri, xüsusən də ki, onun Rusiyadan asılılığı bizə rahatlıq vermir, gecələr yatmağa belə qoymur, onu ona görə edirik ki, Azərbaycanın neft və qaz ehtiyatları var və onu Dünya bazarına çıxarıb özü üçün sərfəli bir qiymətə satmaq istəyir.

Bəli, bizim əsas motivimiz budur, özü bu, olduqca normal və təbii motivdir; məgər həmin Avropanın özü hər şeydə mənfəətini güdmürmü? Bizsə elə danışırıq ki, sanki Avropanın enerji təhlükəsizliyi nəinki bizim, hətta bəşəriyyətin ən ümdə problemidir, onun əsas qayğısıdır!

Əlbəttə ki, belə deyil, baxın, görün, ABŞ-la Avropa arasında nələr baş verir! Vaşinqton da Köhnə Dünyanın illərlə alışdığı paternalist müttəfiq obrazı ilə vidalaşmaq istəyir.

Bəli, ola bilsin ki, D.Tramp hələ də daha çox biznes adamı kimi düşünür, nəinki siyasət adamı kimi, ola bilsin, bu adam Z.Bjezinski kimi politoloqların tövsiyyələrindən, “Kim Avropaya nəzarət edirsə, dünyaya da nəzarət edir!” kimi məsləhətlərindən xəbərsizdir, amma istənilən halda Tramp cənabları tamam haqsız da deyil – indi İkinci Dünya müharibəsindən sonrakı ilk on illiklər deyil, Avropa ölkələri çoxdan və özü də möhkəm ayağa durublar, ona görə də borcludurlar ki, müdafiə və təhlükəsizliklə bağlı xərclərinin bir hissəsini öz üzərlərinə götürsünlər, güzəştli iqtisadi əməkdaşlıqdan hamı üçün sərfəli əməkdaşlığa keçsinlər.

Ona görə də gəlin bəlağətli sözlərlə bir-birimizi yormayaq. Rusiya Avropanın qaz ehtiyaclarının böyük hissəsini ödəyir. Amma indiyədək bir dəfə olsun, eşitməmişik ki, hansısa rus diplomatı desin ki, Moskva Avropanın energetik təhlükəsizliyinin təmin olnumasında çox böyük rola malikdir. Onlar bunu demirlər, çünki həm buna ehtiyac yox, həm də əsas motiv başqadır: Rusiya qaz satır və gəlir götürür…

Hələ onu demirik ki, TANAP və TAP-la bağlı səylərə hətta Avropanın özündən müəyyən badalaqlar vardı. Adam əvvəl belə şeylər görəndə bir az əsəbiləşir, hətta özündən çıxır. Fəqət, dünyadakı və qitədəki ziddiyyət və ixtilafları izləyəndə sakitləşirsən, bunu da sakit qəbul edirsən.

Axırda daha bir xatırlatma etmək istərdik. Deyilənə görə, vaxtilə Azərbaycandan Moskvaya V.Leninlə görüşməyə gedən nümayəndə heyətinin bir üzvü proletariatın rəhbərinə deyibmiş ki:“Azerbaydjan neft kaçay — kaçay, Rossiya revolyutsiya kaçay-kaçay!”…

Yox, daha biz inqilab istəmirik, çünki bir əsrdə ikisini gördük və indiyədək onların zibillərini qaşıqlamaqla məşğuluq. Amma Avropa öz dəyərlərindən, mədəniyyətindən bura “kaçay-kaçay” eləsəydi, çox yaxşı olardı. Ona görə də şəxsən məni Avropaya göndərsəydilər, deyərdim ki: “Azerbaydjan neft-qaz kaçay-kaçay, a Yevropa kultura kaçay-kaçay!”…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146