Muəllif:

Ateistlər o zaman Allaha inanacaq…

Bir neçə ay qabaq bir müsahibə oxudum. Maraqlı müsahibdi. Filosofdu, ya baqşa bir sahənin alimiydi. Dinlərlə bağlı maraqlı fikirləri vardı. Lənətə gəlmiş huşsuzluğum üzündən adını xatırlaya bilmirəm.

Deyirdi ki, dinlərlə savaşmağın mənası yoxdu, çünki onsuz da insanların beynindən bunu silib atmaq mümkün deyil. O zaman onlara bənd olma. Belə deyirdi.

Hərçənd elə məqamlar var ki, təkcə dinə və ya dindarlara deyil, istənilən baxışa və ya təbəqəyə bənd olmamaq mümkün deyil. Bir də görürsən, bir dəstə ya özlüyündən, ya hansısa bir dövlətin kəşfiyyat xidmətlərinin əli ilə araya-ərsəyə gəldi, islam dinini əlində qara bayraq etdi, başladı dünyanı xaraba qoymağa. Məsələn, Taliban, İŞİD. Zamanında onlara da bənd olmayıblar, dini görüşlərə qarşı getməyi mənasız sayıblar, nəticə də göz önündə.

Hə, dinə qarşı passiv mövqe seçmək, baxışlarına zərrəcə fikir bildirməmək, qarşı getməmək olar. Yəni hər kəs öz beynini, öz içini redaktə etsə, dünya ağ günə çıxardı. Ancaq dini kəsimlərlə ehtiyatı əldən qoymaq gördüyümüz kimi, böyük faciələrə gətirib çıxarır.

Sözümün canı təxminən budur: Allaha qarşı çıxma, olub-olmadığını bilmədiyinə heç cür qalib gələ bilməzsən onsuz da. Bir yaradılış səbəbi mütləq var, bunu kimsə dana bilməz, danmaz da. Heç nə öz iradəsilə yarana bilməz. Yəni özünü formalaşdırmaq olar, ama yaratmaq yox!

O səbəbin adı nə olur olsun – Allah, Tanrı, Boq və s. fərqi yoxdur, bu adların hər birini insanlar qoyub, o, binadan vardı, yoxsa insanlar özü yaranandan sonra onu kəşf edib yaratdılar, fərq etməz. Əsas odur ki, bəşər onu dinlərdən milyon illər əvvəl tanıyıb. İnsan şüuru yarandığı gündən – bu fikrə xüsusi diqqət yetirmənizi istərdim – şüur yarandığı gündən insan ruhani axtarışlara başlayıb.

Sonradan təfəkkür inkişaf etdikcə mifoloji təxəyyülün üfüqləri genişləndi, onun məhsulu olan dinlər də insan cəmiyyəti formalaşdıqca, insanın səviyyəsinə adekvat olaraq formalaşdı, eynən təkamül nəzəriyyəsində olduğu kimi ibtidaidən aliyə doğru bir yol keçdi, şəkilləndi və son din olan islamda bənd aldı. Mən şəxsən bu dinin yaradıcısına, peyğəmbərinə həmişə bir təşəkkür edirəm ki, bu məsələyə son qoyub. Servantes cəngavərlik romanlarını məhv etdiyi kimi, o da bütün dinlərin — bəzilərinin üstündən qalın, bəzilərininkindən incə xətt çəkdi. “Don Kixot” da cəngavərlik romanıdı, ancaq geniş spektrdə götürsək, sonuncusudu, Quran da. O da həmişə yaşayacaq, bu da.

Bu yaxında bir videoya baxdım. Hansısa müsəlman sektasının bir ayini idi. İmam avamların başına nə üçünsə çəkiclə bıçaq çalırdı, mıx kimi. Əlbəttə, son dərəcədə rüsvayçı bir şeydi. Umberto Ekonun “Qızılgülün adı” romanını oxuyanlar yaxşı bilir ki, orta çağlar xristianlığının özündə bundan min dəfə iyrəncləri olub. Hətta romanda ermənilərdən də söhbət açılır, onların etdikləri isə ümumiyyətlə dəhşətdi, adamın ödü ağzına gəlir. Burda vaxtınızı almayım, arzulayanlar romanı oxuya bilər.

Ancaq bir iş var ki, bu murdar təriqətlər xristianlıqda vardı, bir-birilə savaşdılar, savaşdılar, nə qanlar axdı, sonunda indiki Günəşə qədər aparatlar göndərən elmi toplum yarandı, gəl ki, islam dünyası hələ XXI əsrdə də başa mıx çalır, zəncirdən əl çəkmir… İnsan ibtidai halına qayıdır. Dinlərin olmadığı çağına. Zira islamın özündə də bu mıxlar yoxdu. O çağa qayıdır ki, ondan sonra meydan allahın əlinə keçir…

Tolstoy deyir ki, dinlər olmasaydı, insanlar Allahı axtarardırlar. Bu möhtəşəm fikir mənim dediklərimlə, yaxud mənim fikirlərim onunkuyla üst-üstə düşür. Dinlər yox idi, insanlar Allahı axtarırdı, dinlər gəldi, Allah rəsmən “taxta çıxarıldı”, ancaq ruhən unuduldu, hakimiyyəti onun adıyla insanlar idarə etməyə başladı. Bir gün dinlər bir kitab səviyyəsində cəmləşib kitabxanalarda yaşadığı zaman yenidən Tanrı “doğulacaq”, klerikalizmə qarşı meydana çıxdığı ilk etapda tanrıya inanan, sonradan dinin sayəsində ondan yerli-dibli imtina edən ateistlər də öz ilk fikirlərinə qayıdacaq, Yaradana inanacaq, təkamül nəzəriyəsi də bütövləşəcək, cahilliyə son qoyulacaq.

İmanımız kamil olsun!..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 296