ARAQ İÇMƏK YAXŞIDIR, YOXSA “İYNƏLƏNMƏK”?..
Bəlkə də yaşımın bu çağında bu mövzuya müraciət etməyim mənim üçün heç də məqbul sayılmayacaq. Amma hamı kimi mənim də arabir rayonlara yolum düşür və əyalətlərdə getdikcə bir detal daha çox nəzərə çarpmağa başlayır; spirtli içkilər satmayan kafe və restoranların, hətta dükanların sayı artır…
Ola bilsin, kimsə səbrsizlik edib dərhal “Burada nə var ki? Lap yaxşı! Biz də müsəlman oluruq!” deyəcək. Amma mən tələsməyi heç məsləhət bilməzdim.
Birincisi, belə “müsəlman” olmaq mənim heç ürəyimdən deyil, çünki bunun ardınca başqa şeylər də gələcək. Amma sözüm və təlaşım yenə də bununla da bağlı deyil; yaşım əllini keçibdir, spirtli içki oldu, ya olmadı, bu, mənim üçün elə də faciə deyil…
Ona görə də ikinci məqama keçirəm. Dəhşətlisi odur ki, rayonlarda bir tərəfdən spirtli içkilərə qarşı “kampaniya” gedir, o biri tərəfdən isə bunu kölgədə qoyacaq başqa tendensiya baş verir: narkomaniya genişlənir və çox sürətlə narkomanların sayı artır.
Açığını etiraf edim ki, bu mövzuda yazmaq mənim üçün o qədər də asan deyil, ona görə ki, həqiqətən çox çətin problemdir.
Məsələn, biz nəinki intiharları, hətta alkoqolizmi və yaxud narkomaniyanı da sosial-iqtisadi problemlərlə bağlamağa alışmışıq. Amma qətiyyən belə deyildir. Narkotik aludəçilərinə yalnız kasıb ölkələrdə yox, çox inkişaf etmiş Qərb ölkələrində də geniş təsadüf olunur, hətta varlı və firavan Qərbdə onların sayı qat-qat çoxdur və bir çox post-liberal ölkələrdəsə hətta bu kəsimə güzəşt kimi narkotiklərin leqallaşdırılması yolunu tutublar.
Yeri gəlmişkən, qeyd edək ki, qonşu Gürcüstanda da oxşar siyasət həyata keçirilməyə başlanıb və bu, problemə baxışda ən mübahisəli məqam sayılır, çünki hələ bir həkim deməyibdir ki, narkotiklərdən məhdud istifadə orqanizm üçün ziyanlı deyil, hələ bir sosioloq iddia etməyib ki, narkotiklərdən istifadə gənclərin sosiallaşması və ya daha kreativ və sosial subyektlərə çevrilməsi prosesini asanlaşdırır.
Nə isə, birmənalı münasibət budur ki, narkotiklər həm tibbi, həm də sosial-hüquqi problemlər yaradır. Təbii ki, heç kim spirtli içkilərin və ya hətta siqaretin də ziyansız olduğunu demir, amma söhbət nisbət məsələsidir, — nisbətdə götürəndə narkotiklərin fəsadı daha ağırdır və bu məqamı demək olar, hamı etiraf edir.
Qərəz, deyilənlərdən çıxan ilk nəticə budur ki, narkotik sosial-iqtisadi problemdən daha çox sosial problemdir: heç də hamı buna kasıblıq və yaxud işsizlik ucbatından qurşanmır, əksinə xeyli problemsiz gənclər var ki, onların buna aludəçiliyini əsaslandırmaq üçün nə qədər çalışsan belə, tutarlı arqument tapa bilməzsən…
Hətta deyə bilərlər ki, bəs onda Gürcüstanda niyə belə edirlər? Bu sualın cavabını hələki heç kim bilmir.
Ona görə ki, narkotiklərin leqallaşdırılması, hətta eyni cinsli nigahlara icazə verilməsi, homoseksualizmin və yaxud digər neqativ tendensiyaların yayılması Qərbdən, özü də demokratik Qərbdən gələn tendensiya kimi dəyərləndirilir.
Amma düşünmək lazım deyil ki, Qərbdə hamı bütünlüklə buna dəstək verir və heç kim cəmiyyətin tibbi və ya sosial sağlamlığı üçün narahatlıq keçirmir. Əsla belə deyil, narkomaniyaya da, homoseksualizmə və digər neqativ tendensiyalara da Qərb insanları çox müqavimət göstərdi və indi də bunu edir.
Amma belələrinin sayının durmadan artması cəmiyyətin daha “mühafizəkar” hissəsinin müqavimətini azaltdı. Əvvəl bu cür hallar bir xəstəlik kimi dəyərləndirilirdi, amma müəyyən güzəştlər əldə edəndən sonra narkomanlar da, homoseksualistlər də artıq “Biz də beləyik! Bizim həyat tərzimiz budur!” deməyə başladılar və nəticədə daha artıq güzəşt qopara bildilər – narkotiklər leqallaşdı, homoseksualizm daha xəstəlik sayılmadı, eyni cinsli nigahlar peyda oldu…
Mən bu problemlərlə bağlı düşünəndə onların heç cür izahını tapa bilmirdim özüm üçün, çünki təbiətin də yazılmamış qanunları var və biz onları nəzərə almaya bilmərik.
Məsələn, hər bir insanın həm də reproduktivlik missiyası və ya funksiyası var – biz dünyaya sağlam uşaqlar da gətirməlyik. Amma narkomanlar və ya biseksuallar, homoseksualistlər, eyni cinsli nigahlar bu missiyanı həyata keçirməyə qadirdirlərmi?
Əlbəttə ki, yox. Onda bəs bu tendensiyalar niyə yaranır? Niyə azadlıqların daha çox təmin olunduğu və firavan Qərbdə bu cür hallar baş alıb gedir?
Bəlkə də bununla bağlı onlarla nəzəriyyə və fərziyyə var. Amma mənə elə gəlir ki, ilk dəfə amerikalı zooloq və psixiatr C.Kelxunun təcrübələri haqda oxuyandan sonra bunu daha yaxşı anladım.
Təsəvvür edin, uzun müddət ərzində Kelxun 25 təcrübə keçirib. O, bir neçə siçovul götürərək onlar üçün əsl “cənnət” yaradıbdır– bol qida, su və digər zəruri şeylər, geniş məkan və s. və i…
Amma nə baş verib? Əvvəlcə dişi siçovullar nəsil artırmaqdan, bala böyüməkdən imtina etməyə başlayıblar. Yeni doğulmuş siçovullar da heç bir “sosial” funksiyaya həvəs göstərmirdilər. Beləcə, bol qida və su olduğu halda heyvanlar arasında hannibalizm yaranmağa, yetərincə dişi və erkək siçovul olduğu halda homoseksualizm və biseksualizm artmağa başlayıb.
Nəticə nə olubdur? Sonda bütün siçovul populyasiyası tamam məhv olub. Kelxun bu təcrübəni 25 dəfə təkrar edib və hər dəfə də eyni nəticə alıb – “siçovul cənnəti” axırda siçovul populyasiyasının məhvilə bitib…
Ona görə də azad və firavan Qərbdəki neqativ, hətta təlaş doğuracaq hallar haqqında oxuyanda Kelxunun təcrübələri yadıma düşür. Odur ki, düşünməyin ki, gənclərin narkomaniyaya meyllənməsini zəruri edən və ya onu əsaslandıran hansısa ciddi sosial arqumentlər var. Hətta intiharları da bəzən əsaslandırmaq olur, amma bunun üçün əsas, dəlil və yaxud başqa bir arqument tapmaq olmur.
Odur ki, qəti sevinməyək ki, spirtli içkilər həyatımızı tədricən tərk edir. Yox, onların əvəzinə sözlə ifadə etmək belə asan olmayan bir bəla gəlir…