Allah, bu küçəyə giriş qadağandır…
O küçə Bakının ən modern küçəsidi. Ən azı hələ ki. Ondan arxada səki var. Soldan başlasaq, səkidə “New image” (yeni görünüş, yeni obraz) adlı dükanmı, ya nəsə bir şey var. Jalüz qapısı bağlıdı. Endirilib. Ondan sonra, yəni üzü sağa hansısa bankomatdı. Bankomatdan o yana bir fotoatelyedi yəqin ki. Orda xoşbəxt insanlar, ya da xoşbəxt olmaq şansının hələ qarşıda olduğuna ümid edənlər şəkil çəkdirir, harasa CV yollayır. Ancaq bu atelyenin ona heç bir dəxli yoxdu, qarşısındakı zir-zibildən başqa. Onun şəklini yoldan ötən biri çəkib – tarix üçün…
Üç qocaman ağac da var arxada. Bankomata sərinlik verir, ona zəhmət. “Nyu iməc”ın qənşərində küçəyə “giriş qadağandır” işarəsi vurulub. Bunun ardıyca küçə iki yerə haçalanır və düz o haçalanma nöqtəsində gündəm olmuş adam dayanıb…
Əynində yamyaşıl təmizlikçi koftası var. Çox təmtəraqlı səslənməsə, uniforma deyərdim. Yaşı 70-dən az olmaz, çox olar. Bədən görünüşünə görə deyirəm. Bəlkə elə 60-dı? Şəkildə üzü görünmür. Saçına ucuz tünd şabalıdı rəng qoyduğu aydın görünür. Fəqət onu son dəfə azı 5-6 ay qabaq qoyub. Haçansa üzünə tale güldüyü bir gün. Rəng ala bilib, onu qoymağa bir qohum, bəlkə bir həmkar evi tapıb. Niyə 5-6 ay? Çünki saçının düz ayrıcından rəngi qaçmış ağ saçları göz deşir. Həm də saçının ortası demək olar tökülüb. O, yəqin ki, sonuncu dəfə bu rəngi qoyanda bir qadın kimi yada salıb, xatırlayıb, nə bilim, ya bəlkə sadəcə, qadın kimi hiss etməyə çalışıb özünü.
Yayın bu qorabişirənində uzun qara donunun topuqdan bir qarış yuxarısından qalın alabəzək dizlik geydiyi xeyli şişkin, kötüyə dönmüş qıçları görünür. Ucuz mavi İran şapşapı taxdığı ayağı da şişib və bu şapşapa hardasa zorla soxulduğu hiss olunur. Əyri duruşuğundan o da bilinir ki, yeriyəndə ayaqlarını arxasılnca güclə, həm də yanpörtü çəkir, taytıya-taytıya addımlayır. Və tam da sürünməmək üçün əlinə süpürgə alıb, modern küçəyə ağacların tüpürdüyü yarpaqları toplayır. Həm də təkəlli! Çünki yəqin ki, bu şişmiş, ağrıyan, gecə-gündüz sızlayan, bəlkə revmatizmdən, varikozdan zülüm-zülüm zoqquldayan ayaqları sözünə baxmayanda yıxılıb, o biri qolunu əzib, sındırıb və sarğıya salıb boynundan asıb. Necə deyərlər, qolun sınığı boyunundu!
Fotoya diqqətlə fikir verəndə sarğının sarılığı gözə dəyir, demək, həkimə getməyib, sadəcə, dədə-baba türkəçarəsilə boğazından kəsdiyi yumurtanın sarısıyla məlhəm qoyub.
Onu gündəmə gətirən də elə o qolunun sınığıdı. Boynundan asdığı.
O qol onundu, boynundan asıb, yaxasını kənara çəkməyib. O özüsə vətənin sınıq qoludu, ancaq vətən yaxasını ələ vermir. Vətən boynuyoğunlarındı!
Fotonu öz Feysbuk səhifəsində adaşım olan biri paylaşıb. Sonra media öz kövrək, ürkək addımlarıyla ufacıq bir araşdırma aparıb. Məlum olub ki, bu nənə Mənzil Kommunal Təsərrüfat Birliyində inventarların yığıldığı otaqda yaşayır. Demək, kimi-kimsəsi, ayrı yolu yoxdu. Birlikdən deyiblər:“Tərəfimizdən ona dəfələrlə bu vəziyyətdə işləməyin mümkün olmadığı ərz edilsə də, qadın işləmək istədiyini deyir”.
“Məsələ barədə araşdırma aparılır”. Bu, Eynşteynin həll edə bilmədiyi məsələ olmasın?..
Bu nənənin fotosu ölkədə bütün problemləri zülmətdə qoyub, Gəncəni də, Mingəçeviri də. Feysbuk onun bu fotosuyla dolub-daşır.
Artıq yeni kampaniyaya start verilib. Təkliflərin məzmunu belədir:
“Yoldaşlar, bu şəkli paylaşıb məmurları tənqid etməklə nəsə eləməyəcəklər onlar. (…) Adama 5-10 manat qoyaq, aparaq heç olmasa, 2 aylıq maaşını verək, işə çıxmasın. İmkan olsa, hər ay verək, ümumiyyətlə işləməsin…”
Bu fikrə qarşı çıxan, onu zərərli hesab edən də var:
“Yaxşı fikir deyil. O əziyyətlə küçə süpürməyə gedən qadın, çox güman, zəhmətlə yaşamağı kiməsə möhtac olmaqdan üstün tutur. Hansı idarədə işləyirsə, cavabdeh şəxslər onu tibbi məzuniyyətə çıxarmalı, əmək haqqını isə ödəməlidirlər. Qanun var, sadəcə, onu bəzi müdirlərin qabağına (başına) çırpmaq lazımdır”.
Buradaca fikirlər haçalanıb və qanqaraçılıq düşüb. Xeyirxahlıq ürək qırılmalarıyla sonuclanıb.
Məncə, yardım fikri öncə hüquqi nihilizmdən, sonra yardımsevərlikdən doğur. Onlara görə, onsuz da heç nə dəyişən deyil. Qanuna baxan kimdi? Onunçün də romantik-humanist xətt üstün tutulur. XlX əsr rus ədəbiyyatında bu xəttin ciddi təsvirləri və tənqidi var. Ancaq bu ideyanı pis adlandırmaq doğru deyil. İkinci fikirsə insan haqlarının praktik həllinə, köklü çözülməsinə xidmət edir. Yəni yardımla aşılmaz bu bəlalar — biri, beşi, beş mini… Hər gün kampaniya keçiriləcəkmi? Dünya hüquq yolunu gedir. Ancaq kiminsə hüququnu başqası yox (bu da yardım kimi təhqir sayılır), özü qoruyur, bilir, tələb edir. Bu fikir tam bir hərəkat tələb edir, birinci isə sadəcə, fərdlərin yardımsevərliyini. Hər biri doğru fikirdi, ancaq ikinci Azərbaycanda çətin məsələdi. Ama bu o demək deyil ki, xeyirxahlıq etmək istərkən bir-birini kobud ifadələrlə incidəsən. Pozulan hüquqları xeyriyyəçiliklə həll etmək olar, ancaq ürəkləri yox…
Bəs pulsuz hüquqi yardım, aldığı qrantlarla vəkillik xidməti göstərən QHT-lər? Hesabat xətrinə keçirilən 100 boş tədbirin gözünə bir belə gerçəyini də qatmaq olmazmı?
***
— Qardaş, Allah görmürmü, niyə susur axı?
— Allah həmişə, ta yaranandan, yaradılandan və yaradandan bəri susub, qardaş, onun adından danışanlar olub sadəcə…