Muəllif:

ABELİ SEVMƏK…

Son vaxtlar heç belə parlaq gündəm hadisəsi baş verməmişdi. BDU-nun rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsini deyirəm.

Xəbər bomba kimi partladı. Üstəlik, arxasında çox müəmmalı hadisələrin dayanması, məlumatsızlıq, dedi-qodu, şayiələr məsələni daha cəzbedici etdi.

Burada maraqlı cəhətlərdən biri odur ki, cəmiyyət həmişə olduğu kimi, vəzifədən azad edilən şəxsin hansısa biznesinin olmasından, yeyib-içməsindən elə təəccübləndi, elə şoka düşdü, deyərdin, bu ölkədə ilk dəfə belə hadisə baş verir və sanki ağla gələn bir şey deyilmiş hansısa iri vəzifə sahibinin biznesinin olması, sonsuz var-dövlətə, mal-mülkə sahib olması və yeyib-içməsi. Sanki söhbət dünyadan köçərkən maldan-mülkdən, vardan-dövlətdən bircə şineli qalan Stalindən, ya bir əbası qalan Həzrəti Əlidən gedirmiş.

Səmimi deyirəm, mən hər işdən gedən bir məmurun yığdıqlarına toplumun bu qədər heyrətlə, gözləri kəlləsinə çıxmış şəkildə baxmasını anlaya bilmirəm.

Ancaq dərdim nə Abel müəllimin malı-mülkü, nə yeyib-içməyidi.

Məni ruhdan salan onun necə insan olmasının müzakirəsi zamanı da şəxsi mənfəətin ana motivə çevrilməsidi. Həmişə olduğu kimi, bu dəfə də növbəti oliqarxın kölgə enmiş, həyat əlaməti çəkilmiş üzündə mələk cizgiləri, şəxsiyyətində insanlıq çalarları axtarmaq, onu ideallaşdırmaq cəhdləri əas xəttə çevrildi.

Onu baltalayanları bir yana qoyuram. Çünki onların içində şəxsi motivlərlə fikir yürüdənlərlə yanaşı, ictimai motivləri əsas tutanlar da var. Ancaq onu tərifləyənlərin məntiqi adamda dəhşət doğurur. İctimai motiv, ümumi mənafe deyilən şey sanki yoxmuş və ya tam mənasızmış. Mən salim olum, cümlə-cahan batsa da, batsın.

Sıradan adamlar, ondan haçansa xeyir görmüş tələbələr bir yana, baxırsan ki, allah qoymasa, hətta ölkənin ziyalı sayılan adamları da eyni şikəst məntiqlə çıxış edirlər.

Bir haşiyə çıxım, fikrim daha aydın anlaşılsın. Mən İn-Yan fəlsəfəsinə inanan adamam. İstənilən ağın içində qara, istənilən qaranın içində heç olmasa bir ağ nöqtə var. Yəni istənilən zülmətdə bir işıq zərrəciyi tapmaq olar. O mənada istər Abel Məhərrəmovda, istər ondan əvvəl gəmisi qərq olan məmurların şəxsiyyətində işıqlı nöqtələr tapmaq mümkündü. Ancaq bunu unutmamalıyıq ki, bu da onların məziyyəti, üstün, işıqlı tərəfinin olması deyil, sadəcə, şeylərin təbiətinin mahiyyətidi. Durub qosqoca bir zülmətin içində o bir zərrə işığın axtarışına çıxmaq, ona vaxt sərf etmək, onun əsasını təşkil edən böyük qara hissəsini əhəmiyyətsiz saymaq əbləhlikdi və bizim bu günə düşməyimizdə də məhz həmin yararsız məntiqin böyük rolu var.

Bir nəfər yazır ki, müəllim mənə həyatımda ən böyük yaxşılığı etmiş adamdı, onu o vaxt tərifləməmişəm, indi hamı onu vurduğu vaxt mən özümü riskə atıb cəsarət göstərərək (məsələ ondadı ki, risk deyilən şey də yenə hansısa şəxsi mənfəətdi, hansısa mövqeyi əldən vermək qorxusudu) onu tərifləyirəm. Bu ziyalı şərhinin ardınca haçansa Abelin yardımıyla magistraturaya qəbul haqqına qovuşanlar və başqaları başlayırlar xora qoşulub züy tutmağa. Məntiq budur: filankəsin mənə yaxşılığı dəyibsə, demək, o, yaxşı insandır, onu söymək imandan deyil. Demək, insan başında durduğu müəssisəni dağıda, rüşvət ala, korrupsoner ola, qaçaqmalçılıqla hansısa bizneslə məşğul olub vergidən yayına, başqalarının haqqına girə, dövlətə ziyan vura bilər, ancaq bunlar boş şeydi, əsas odur ki, hansısa it ilində o, hansısa şəxsə bir yaxşılıq edib, hətta yaxşılığı da qanuni, qanunsuz etməsi önəmli deyil, əsas odur ki, edib. Biz bütün şəxsləri, bütün hadisələri öz şəxsi mənfəətimiz prizmasından mühakimə edəcəyiksə, daha başqa heç bir naqisliyə görə durub şikayət etməyə haqqımız çatmır. Çünki sənin tənqid etdiyin o adam, o dövlət idarəsi də sənin haqqını yesə də, sənin kimi bir yaxşı oğlanın, yaxşı qızın imdadına çatıb, yaxşı sayılmaq, tənqiddən qurtulmaq imtiyazı qazanıb.

Bizim unutduğumuz budur: məsələn, bir rektorun işi kiməsə yaxşılıq etmək deyil, başında durduğu ali təhsil müəssisəsini dünya səviyyəsinə çatdırmaqdı. Qanunun işlədiyi yerlərdə yaxşılıq deyilən şeyə qəti gərək qalmır. Hər kəs qanundan payını alırsa, onun kiminsə yaxşılığına gərəyi qalmır. Yaxşılıq o yerdə edilir ki, orda pislik var, qanun kimsənin vecinə deyil.

Bəli, hər qaranın içində bir ağ var, zərrəcə olsa belə, hər ağın içində də bir qara nöqtə. Şəxsi mənfəət məntiqiylə mühakimə də olsun onların qara nöqtəsi, onlara da dəyməyək. Ölkə viran olsa da. Viranənin özündə belə abad bir kvadrat metr tapmaq olar…

Adamın ancaq bunu deyib bağırmağı gəlir: “Bəylər, bu vətənə necə qıydınız?..”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 1719