Muəllif:

YAŞIL TAXTA PARÇASI

Məzarı üçün qeyri-adi bir yer seçilmişdi. Vəsiyyətinə uyğun olaraq dəfnində dini rituallar yerinə yetirilmədi. Zatən rus kilsəsinin Sinodu ölümünə yaxın onu pravoslavlıqdan çıxartmışdı. Dəfnində keşişin ənənəvi ayini yerinə mərhumun dostu “yaşıl taxta parçası” haqda bir hadisə danışdı. Böyük rus yazıçısı Lev Tolstoyun belə fərqli yerdə dəfn edilməsinin səbəbi o hadisənin nəqlindən sonra aydın oldu…

Yaşıl taxta parçası uydurulmuş, unudulmuş bir artefaktdır, yəni insan tərəfindən yaradılmış obyektdir. Deyirlər ki, guya Ümumbəşəri Səadətin sirri bu artefaktda saxlanılıb. Lev Tolstoyun böyük qardaşı Nikolay çocuqluğunda həmyaşıdları ilə oynarkən onlara xoşbəxtliyin sirrinin bu taxta parçası üzərində yazılı olduğunu söyləmişdi. O taxta parçası Yasnaya Polyanada, yol kənarında, dərənin kənarında torpaqda basdırılaraq gizlədilmişdi. Lev Tolstoy 1905-ci ildə yazdığı bir məqaləsində qardaşı ilə uşaqlıqda qurduqları “Qarışqa Qardaşlığı” adlı cəmiyyətdən bəhs edir, onun missiyasının bəşəriyyəti xoşbəxt etmə olduğundan yazır. O, oxucusuna səslənərək təkid edir ki, “bir müddət yaşamayın”, kim olduğunuz və sizi nələrin gözlədiyi haqda düşünün, həyatın mənasını tapın. Və fikirlərini gücləndirmək üçün İncildəki rəvayətlərdən misal gətirərək həyatın əsas qanununu belə ifadə edir – “Özünə arzuladığını başqasına et”.

Ali məqsədə — bütün insanları bədbəxtliklərdən qorumağa və xoşbəxt olmalarına nail olmaq, yaşıl taxtanın sirrini öyrənmək üçün bəzi şərtlər yerinə yetirilməli idi. Nikolay deyirdi ki, əgər küncə qoyulmuş uşaq ağlına ağ ayını gətirməsə, sirri bilmiş olacaqdı. İllər sonra Lev Tolstoy “Xatirələr” adlı kitabında belə yazır – “Küncə qoyulduğumda ağ ayını ağlımdan çıxara bilmirdim, nə etsəm də, ayı dönüb-qayıdıb gözümün önünə gəlirdi. O haqda düşünməmək mümkün deyildi”.

Balaca Lev və Nikolayla birgə digər uşaqların da ağlına girən bu “inadkar ağ ayı” hadisəsi təbəssüm etdirən şirin bir xatirə kimi qalacaqdı, əgər ”Xatirələr” kitabı amerikalı psixoloq Daniel Veqnerin əlinə keçməsəydi. Ağ ayı hadisəsindən 100 il sonra kitabı oxuyan Veqner 1985-də tələbələri ilə eksperiment keçirir. O, onları 2 qrupa bölür, birinci qrupa bəyaz ayı haqda düşünməyə icazə verir, digər qrupa isə qadağan edir. Ayı qadağa qoyulan ikinci qrupdakıların ağlına daha çox gəlir.

Daha sonra Veqner ikinci qrupdakı tələbələrə ayı haqda düşünməyə icazə verir. Və məlum olur ki, tələbələr ayını əvvəlki eksperimentdən daha çox ağıllarına gətirirlər. Amerikalı psixoloq maraqlı bir nəticəyə gəlir – “Düşüncə prosesi kontrol altına alınmağa çalışıldığında yasaq fikir ağla daha çox gəlir”.

Veqner gəldiyi nəticələri populyar bir psixologiya jurnalında dərc etdirir. O, “İronik proseslər” və “ironik bumeranq” kimi anlayışlar, bunların əsasında da yeni bir nəzəriyyə yaradır. Bu nəzəriyyənin məğzi çox sadədir əslində — “Düşüncəni boğma təşəbbüsü əks-effekt yaradır – yasaq olan şey şüura daha güclənmiş şəkildə qayıdır”.

“Bumeranq” adlandırılan nəzəriyyə bu gün hər sahəyə tətbiq olunur. Oksfordlu alimlər Pol Salkovskis Martina Reynolds birini siqareti buraxmağa təkid edəndə o insanda siqaretə daha çox həvəs yarandığını müşahidə ediblər. Eyni şey depressiya ilə mübarizə aparan psixoloqların da diqqətini çəkib. Əslində, problemin həllini uşaq psixoloqları çoxdan bilirlər – çocuğun əlindən oyuncağı başqa bir oyuncaq verməklə almaq olar. Bəlkə də beyin insan yaşlananda da elə uşağınkı kimidir.

Veqnerə görə, “Bumeranq effekti” çox zaman insanlar üçün təhlükəli də ola bilər. Beynə girmiş və oradan atılmayan müxtəlif fikirlərdən arınmaq bəzən olduqca çətin olur. Eynilə bizim məhşur mahnımızda deyildiyi kimi “Bu fikri başımdan ata bilmirəm”. Nə qədər ironik səslənsə də, insan beyni hansısa bir fikri basdırmaq, atmaq və ya silmək istəndiyində yenidən o fikrə qayıdır. Beyin insanın o fikri doğurdan da atmaq istədiyinə əmin olmağa çalışır. Və nəticədə insan yasaq mövzu haqda daha çox fikirləşməyə məcbur olur.

Hansısa bir düşüncəyə nəzarət etmə cəhdi beyindəki müəyyən daxili resurslara ehtiyac hiss edir ki, onlar da o qədər də çox deyillər. Tayvan universitetindən psixoloq Yun-Ven Lien də psixiki resursların tükənməsi ilə insanın öz düşüncələri üzərindəki kontrolu itirdiyini deyir.

İsveçli psixoloq Qustav Karlson sosiopatik hadisələrin fərdlər və böyük insan qruplarındakı təkamülü üzrə ixtisaslaşıb. Son illər Ukraynada apardığı sorğularda 2 mindən çox yerli insan iştirak edib. Psixoloq hər bir respondentdən gün ərzində neçə dəfə hansısa bir hadisə üzərində düşünmədiyini qeyd etməsini istəyib. Sorğunun nəticələri alim və mütəxəssisləri dəhşətə düşürüb.

Respondentlərin

  1. a) 100 %-i Putin haqda,
  2. b) 98 %-i Rusiya və ruslar haqda,
  3. c) 97 %-i mühacirət haqda,
  4. d) 95 %-i kommunal xərclər haqda,
  5. e) 80 %-i Şengen vizası haqda

düşünmədiklərini söyləyiblər….

Düşdüyü siyasi-iqtisadi böhran nəticəsində dərin uçuruma yuvarlanmış bir ukraynalı bütün günahları Rusiya və Putində gördüyü, gecə- gündüz qurtulmaq üçün mühacirət və Şengen vizası haqda düşündüyü, ev və kommunal xərclərdən yeməyə pul tapmadığı halda bunlar haqda DÜŞÜNMƏDİYİNİ deyir. Bu nonsensdir, olacaq şey deyil, imkansızdır.

Nəticələri incələdikdən sonra Q. Karlson sensasiyon bir fikir irəli sürür – “Ukrayna əhalisinə qarşı sistematik olaraq güclü serebral hücum aparılır və bu hücum insan şüurunu kütləvi manipulyasiya edən peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir”.

Karlson bu hücumu etməyə qadir yeganə güc olduğunu deyir – Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (GRU) “Kalista Diversiya və Terror Əməliyyatları Mərkəzi” və onun ən sirli, üzəri qatı dumanla örtülü “Mental-Koqnitiv Araşdırmalar İdarəsi”. Bu Mərkəz Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ASS (Arizona Secret Service) ilə yanaşı 1991-dən Ukraynada fəaliyyət göstərir…

* * * * *

Məqaləni yazmağa başlayanda böyük humanist Lev Tolstoyun Ümumbəşəri Səadət hülyasını bu qədər fərqli istiqamətə yönəldəcəyim ağlımın ucundan belə keçməzdi. İnsan, onun əbədiyaşar xoşbəxtlik arayışlarını “GRU”, “diversiya”, “terror” kimi çağımızın atributuna çevrilmiş anlayışlarla bir yerə qoymağa çətinlik çəkir. “Xoşbəxtlik” və “terror”un bir yerdə olması necə də ürkütücü və diksindiricidir. Tosltoy bilsəydi ki, onun məsum “ağ ayı”sından gizli psixoloji eksperimentlərdə istifadə edib insan beyinlərini idarə etməyə çalışacaqlar, heç ”Xatirələr” kitabını qələmə almazdı. “Ağ ayı”nın siyasətin kirli işlərinə alət ediləcəyini az da olsa duysaydı, güman ki, “Yaşıl taxta parçası”nın yaxınlığında dəfn olunmasını belə   istəməzdi. Kim bilir, bəlkə Nikolay heç özü də o taxta parçası haqda balaca dostlarına danışmaz, xoşbəxtliyin sirrinin harada saxlandığını kimsə ilə bölüşməzdi.

Amma Lev Tolstoy buna inanmışdı. “Sevdiyim hər şey məndə yoxdur. Amma nəyim varsa hamısını sevirəm” deyirdi böyük rus yazıçısı. Həyatı sevirdi, Yaradanı və insanı sevirdi, xeyrə inanırdı, işığın və xoşbəxtliyin təntənəsinə inanırdı. O, “Xatirələr”i yazanda nə orta yaşda idi, nə də gənc, uşaq isə heç deyildi. Kitab 1901-ci ildə yazılıb və o zaman Tolstoy 73 yaşında idi. Lakin ahıl yaşına baxmayaraq o, çocuqluğundakı kimi hələ də Ümumbəşəri Səadətə inanır, insan oğlunun şiddət və nifrətdən uzaq duracağına ümidini itirmirdi. “Böyük həqiqətlər sadə olanlardır” deyirdi Tolstoy. Həm də deyirdi ki, “Bu günü yaşamaq yerinə keçmişimizlə əlləşib gələcəyimizi məhv edirik. Oysa keçmiş keçmişdə qalıb, gələcək isə məchuldur, var olan bir şey var – o da bu gündür”. Bu günü yaşamaq belə necə böyük səadətdir…

 

[email protected]

www.twitter.com/ibrahimnebioglu

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (18 оценок, среднее: 9,78 из 10)
Oxunma sayı: 875