Muəllif:

Üç roman: ikisi Ramiz Rövşənin, biri…

Ramiz Rövşən görmədiyim, eşitmədiyim bir şeirini oxudu. Allahın tale yazısını korlaya-korlaya özünə təzədən ömür kitabı yazan adam haqqında. Şeirin adı «İki roman» idi. Hamı qulaq asır, eyni zamanda hərə xəyalında öz alaçiy, adını qoymağa hələ ürək eləmədiyi «həyat romanı»nı vərəqləyirdi və axırda gül kimi materialı zay etdiyi üçün Tanrıdan əfv diləmək istəyirdi. Lap Ramizin «şeir adamı»tək!

İlahi, çox yoxları var sanıb sənin yazdıqlarına düzəlişlər etməsəydik, əsərlərin nə qədər gözəl olardı!

— Bu şeiri otuz yaşımda yazmışam, otuz yaşımda. İndi çapa hazırlayıram, — Ramiz Rövşən sonda verdiyi izahatıyla məclisi tamam tərksilah elədi.

Təsəvvürünüzə gətirin ki, 40 il ovcunuzda bir inci gəzdirəsiniz və əlinizi açıb onu heç kimə göstərməyəsiniz! Nə öyünmək istəyəsiniz, nə bölüşmək. Həqiqətən, Şair səbri Allah səbri imiş!

Niyə, görəsən, Ramiz Rövşən 1977-ci ildə yazdığı şeiri saxlayıb-saxlayıb 2017-ci ildə çap etmək qərarına gəlib? Şeir də kaktus deyil ki, gül açmasını bəzən 40 il gözləməli olasan?!

Ramiz Rövşən bu şeirini yazanda mənim 17 yaşım vardı. Yayın cırhacırıydı, orta məktəbi qurtarıb İncəsənət institutuna — rejissorluq fakültəsinə sənəd vermişdim. «İncəsənət»də imtahanlar digər ali məktəblərdən bir ay tez keçirilirdi. Mənim yönümü bu tərəflərə məktəbdə bizə ədəbiyyatdan dərs deyən Dadaş müəllim salmışdı. Nədənsə, çox israr edirdi, «Allahdan vergim» olduğuna əminiydi. Özümə də möhkəm-möhkəm tapşırmışdı ki, qəbulda problemim yaransa, dərhal onu arayım, «dosta zəng»ə imkan tapmasam, birbaşa rektorun yanına girim. Ovcuma bir məktub basmışdı:«Şəxsən danışmışam, əlavə nə lazımdırsa, məktubda yazmışam, göstərərsən».

İlk yazılı imtahandan şıppıltı ilə keçdim. Bircə çətin sədd qalırdı – şifahi yaradıcılıq imtahanı. Onu da Ədil İskəndərov götürürdü. Ədil müəllim məni görəndə ayağa qalxdı, qollarını yana açdı. Dirçəldim, həyacanım keçdi, «Sağ ol, Dadaş müəllim», — deyə ustadımın sözlərinə indiyədək şübhə ilə yanaşdığıma görə özümü qınadım. Amma, sən demə, imtahan komissiyasının sədrinin qarşısında dik dayanmış «sütül istedad»la bağlı fərqli planları varıymış. O, məni qucaqlayıb oturtdu və inandırmağa başladı ki, 17 yaşında rejissor olmaq barədə yox, evlənmək barədə düşünmək lazımdır. Yanındakı yaşlı qadına tərəf çönüb:«Честное слово, моя самая большая ошибка в жизни то, что не женился в 17 лет. До сих пор жалею», — dedi. Sonra əlini çiynimə qoydu: «Ciddi sözümdür: yəni, fikirləşirsən ki, 21 yaşında rejissor olacaqsan, əlli ilin sənətkarlarına deyəcəksən, elə yox, belə oynamalısan rolunu?»

Ani olaraq gözlərim önündə bığ yeri təzəcə tərləmiş rejissora istehza ilə baxan çalsaç və ağbirçək aktyor obrazları canlandı. Kimi qımışır, kimi arxadan dilini çıxarırdı. Ədil müəllimin sualına sanballı cavab tapa bilmədim, ona görə nə ağzımı, nə ovcumu açdım, nəm barmaqlarıma yapışmış məktubu heç kimə göstərmədim, tərli əllərlə rektorun yanına da getmədim.

Dadaş müəllim mənimlə ömrünün axırınadək barışmadı:«Həyatımda ilk dəfəydi ağız açmışdım… sənə görə…»

Görəsən, gerçəkdə bunlardan hansı Allahın yazdığı romandan sitat imiş: Dadaş müəllimin məktubundakı sözlər, yoxsa Ədil İskəndərovun dedikləri? Hələ də baş aça bilmirəm.

Yəqin, məqamı yetişənədək baş açammayacam da. Yaxşı, bu heç, vaxtı çatar, soruşaram, bəs Ramiz Rövşən nədən şeir yazıb onu 40 il çapa vermir? O niyə elə eləyir?

Bəlkə, 40 il əvvəl – «İki roman»ı yazanda Ramiz Rövşənin artıq 70 yaşı varıymış? Şeiri dərc etmək üçün zamanın onu haqlamasını gözləyirmiş?

***

Mənim qısa «Rejissor romanı»ma güclü redaktor qələminin müdaxiləsi nəticəsində həyatım dəyişdi. Gedib Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə çıxdım. Burada heç kim mənə oxumaq əvəzinə evlənmək təklif eləmədi və fakültəyə daxil oldum. Yenə ədəbiyyat müəllimimizlə dostlaşdıq — Eduard Babayevlə. Görkəmindən bir suyu Ədil İskəndərova, xaraktercə bir az Dadaş müəllimə oxşayırdı. Eduard Babayevin dərsləri o dərəcədə maraqlı keçirdi ki, birinci kursa mühazirələrinə bütün kurslardan, başqa fakültələrdən tələbələr axışırdılar. Hər dərsin əvvəlində «Uşaqlar, «Rus ədəbiyyatı» təkcə fənn deyil, rus ədəbiyyatı həqiqətən mövcuddur», söyləyirdi. Bir dəfə «Puşkin dövrünün şairləri» mövzusunda mühazirə oxuyurdu. Dedi ki, XIX əsrin ilk yarısında Rusiyanın çox gözəl şairləri olub. Hər biri əsrin bəzəyinə çevrilə bilərmiş. Amma bəxtləri onda gətirməyib ki, Puşkinlə eyni dövrdə yaşayıblar. Ona görə də indi biz onları «Puşkin dövrünün şairləri» adı altında topa şəklində öyrənirik…

Şair dostlarımız inciməsinlər ki, bunu analogiya aparmaq üçün xatırlayıram. Sadəcə, istəyirəm deyəm ki, Ramiz Rövşən Allahın məhz onun adına yazdığı romanı heç korlamayıb və bunu görmək üçün 40 il də gözləmək lazım deyil.

P.S. Şeiri bircə dəfə eşitdiyim üçün ondan sitat gətirmirəm, yanlışlığa yol verib korlamaqdan qorxuram.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 9,56 из 10)
Oxunma sayı: 1345