Muəllif:

TÜRKİYƏ ELİTASININ DİKTATURASI

(Ikinci məqalə)

Yenə  də qeyd etmək istəyirəm  ki, bu gün  Türkiyənin özü və müttəfiqləri üçün yaratdığı problemlərin mənbəyi kimi yalnız Ərdoğani günahkar sayanlar məncə, haqlı deyillər. Birinci məqaləmdə qeyd etdiyim kimi, Ərdoğan hakimiyyəti Türkiyədə tarixən mövcud problemlərin, necə deyərlər, “törəmə məhsuludur”.  O başqa məsələ ki, “törəmə məhsulun”  özü bu gün Türkiyə və Türkiyənin müttəfiqləri üçün ciddi problemə və ciddi təhlükəyə çevrilib.

TÜRKİYƏ ÖZ KEÇMİŞİNİN GİROVUDUR

Türkiyənin müasir dövrdə qarşılaşdığı problemləri araşdırarkən bu ölkənin ən azı son 130 ildə keçdiyi tarixi yola ötəri də olsa, nəzər salmaq lazımdır. Böyük bir imperiya olmasına baxmayaraq, XIX əsrin ortaları üçün Türkiyə geridə qalmış ənənəvi şərq-müsəlman monarxiyasına çevrilməyə başlayır.  XIX əsrin ortalarından başlayaraq Türkiyə nəinki qabaqcıl Avropa dövlətləri, hətta Rusiya ilə belə rəqabət aparmaq iqtidarında deyildi.

Rusiya və Türkiyə kimi materik imperiyalarının elitaları  üçün bəşəriyyətimizin tarixində artıq çoxdan başlamış yeni, yəni kapitalizm   mərhələsinin  tələblərinə operativ və adekvat reaksiya vermək çox çətindi. Hər iki ölkədə  elitanın yeni dövrün tələbi olan köklü yenidənqurmaya münasibətini bir-biri ilə antaqonist ziddiyyətdə olan iki meyl müəyyənləşdirirdi.  Birincisi, hər iki ölkənin elitasının böyük bir hissəsi anlayırdı ki, həm siyasi, həm də iqtisadi köklü yenidənqurma həyata keçirilmədən Türkiyə və Rusiya öz inkişafında qabaqcıl Avropa dövlətlərindən  geridə qalmağa məhkumdur.

İkincisi,  bütün materik imperiyaları kimi Türkiyə və Rusiya üçün, indiki terminologiyadan istifadə etsək, “ərazi bütövlüyü” prinsipi doqma gücünə malik idi. Bu isə o deməkdir ki, Rusiya və Türkiyə  malik olduğu torpaqların metropoliya və koloniya ərazilərinə bölgüsünü  rədd edirdi.  Özü də bu elitanın mütləq çoxluğunun mövqeyi idi.

Nəticədə, hətta elitanın qabaqcıl hissəsi belə islahatların “sürətini və dərinliyini”, yumşaq desək, tənzimləməyə çalışır, digər hissəsi isə ağına-bozuna baxmadan bütün yenilikləri və azadlıqları imperiyanın “ərazi bütövlüyü” üçün təhlükə sayır və onları rədd edirdi.

Bu baxımdan “gənc türklər” inqilabının liderləri də türk elitasının qalan hissəsindən o qədər də fərqlənmirdilər.  Məsələ, hətta  imkanları olmasına baxmayaraq “gənc türklərin” monarxiyanı ləğv etməmələrində deyil.  Monarxiyanı ictimai sülhün ənənəvi təminatçısı  kimi formal olaraq qoruyub saxlayan demokratiyalar az deyil.

Amma “cənc türklər” xəlifəlik institutuna da toxunmadılar. Ümumiyyətlə, çox absurd bir situasiya yaranmışdı. Osmanlı imperatorluğunun  sultanı bir sıra ərəb torpaqlarını işğal edib öz imperiyasına qatmaqla yanaşı  “sahibsiz”  qalmış “xəlifə” titulunu da qəsb etmışdi. Başqa  sözlə desək, özünü bütün müsəlmanların dini lideri elan etmişdi.  Bu, Osmanlı imperatorluğunun ən azından müsəlmanların yaşadıqları ərazirələrə  olan iddiasını “qanuniləşdirmək”  cəhdi idi.

Ən maraqlısı ondan ibarətdir ki,  Mustafa Kamal Atatürkün ətrafı da onu “gənc türklərin”  yolunu davam etdirməyə çağırırdı. Atatürkün ətrafında onu  sultan taxtına sahib çıxmağa, ya da heç olmasa “xəlifə” titulunu qəbul etməyə çağıranlar az deyildi. Amma Atatürk bütün bu təklifləri rədd etdi. Atatürk görünür başa düşürdü ki, yeni Türkiyəni köhnə Osmanlı ideologiyası üzərində qurmaq mümkün deyil.  Amma təəssüflər olsun ki, ideoloji yükdən imtina etmək hələ ondan qurtulmaq demək deyildi. “Sultanlıq”, “xəlifəlik” ab-havası bu gün də Türkiyənin  xarici siyasətinə ciddi təsir edən amillərdir.

Təəssüflər olsun ki, keçən əsrin əvvəllərində, yəni, Osmanlı İmperatorluğunun süqutu ərəfəsində “gənc türklər” bu günə  qədər Türkiyənin beynəlxalq aləmdəki mövqelərini sarsıdan çox böyük bir səhvə yol verdilər. “Gənc türklər” Osmanlının I Dünya Savaşındakı müttəfiqlərini düzgün seçə bilmədi. Nəticədə nəinki Osmanlı imperatorluğunun süqutu qaçılmaz oldu, hətta Türkiyənin bir dövlət kimi mövcudluğu üçün təhlükə yarandı.

İlk nəzərdən I Dünya Savaşında Osmanlının Almaniyanın müttəfiqi olması kifayət qədər qanunauyğun və məntiqi idi. İngiltərə və Fransa kimi dövrün aparıcı dəniz imperiyaları həm hərbi-siyasi, həm də iqtisadi təzyiq vasitələrindən istifadə edərək Osmanlının geosiyasi tasir dairəsini daraltmağa çalışırdılar. Dünyanın bölüşdürülməsinə  gecikmiş “ac canavar” Almaniya isə Fransa və İngiltərənin əsas rəqibi idi.

Bəziləri deyə bilərlər ki, Türkiyənin keçmişinin bu gün cərəyan edən  proseslərə nə dəxli? Dəxli var, özü də əhəmiyyətli dərəcədə. Nəzərə almaq lazımdır ki, artıq I Dünya Savaşı ərəfəsində Türkiyə Qərbdəki, yəni Avropadakı bütün müstəmləkələrini itirmişdi. I Dünya Savaşı ərəfəsində Osmanlının Qərb sınırları bu günkü Türkiyənin sərhədləri ilə üst-üstə düşürdü.  Onu da qeyd etmək lazımdır ki, Osmanlının Qərbdəki, xüsusilə də Balkanlardakı müstəmləkələrinin itirilməsində  Rusiya və Fransanın müstəsna “xidmətləri” vardı.  Almaniya isə I Dünya Savaşı ərəfəsində baş vermiş Balkan müharibələrində Osmanlının müttəfiqi idi.

Yenə də qeyd edirəm ki, ilk nəzərdən Osmanlının Antantanın, yəni, İngiltırə-Fransa-Rusiya üçlüyünün deyil, məhz Almaniyanın müttəfiqi olması tamamilə məntiqli idi, amma… yalnız ilk nəzərdən.

I Dünya Savaşında Rusiyanın da Almaniyanın müttəfiqi olması kifayət qədər məntiqli idi. Özü də sonuncu  Rusiya çarı Nikolay Romanovun rusdan daha çox alman olması faktı nə  qədər önəmli olsa da, həlledici deyil. Əsas məsələ ondan ibarət idi ki, Almaniya Rusiyanı bərabərhüquqlu tərəfdaş deyil,  Avropa dövlətindən daha şox vəhşi Asiya ölkəsi sayan Fransa və İngiltərənin mövgelərini bütün Avrasiya məkanında sarsıtmağa çalışırdı. Bu, bütövlükdə Rusiyanın  maraqlarına cavab verirdi.  Lakin bütün bunlara və ölkə daxilində güclü alman lobbisinin olmasına baxmayaraq, Rusiya “Üçlər İttifagına”  deyil,  Antantaya daxil oldu.

Bolşevik çevrilişinin baş verməsinə baxmayaraq, xırda itkiləri nəzərə almasaq,   Rusiyanın bəlkə də bir imperiya kimi mövcudluğunu qoruyub saxlamasında bu amilin çox böyük rolu oldu. Avropanın Rusiyaya qarşı “cihadının” məqsədi dövləti dağıtmaq, parçalamaq deyil, bolşevikləri devirmək idi.

Rusiya ilə müqayisədə Osmanlının vəziyyəti daha ağır idi. Onun düzgün seçımə daha çox ehtiyacı vardı. Çünki Avropanın Osmanlı dövləti ilə bağlı çox ağrılı tarixi yaddaşı vardı. Buna görə də Avropada Osmanlını nəinki parçalamaq, Türkiyəni bir dövlət  kimi  tarixi səhnədən silib-süpürmək istəyən güvvələr az deyildi.

Rusiya elitasından fərqli olaraq “gənc türklər” Almaniya və onun müttəfiqlərinin uzunmüddətli Dünya Savaşı üçün zəruri  resurslara malik olmadıqlarını anlaya bilmədilər.

Bu səhv seçim Türkiyənin bir imperiya kimi taleyini həll etmiş oldu.  Regionda onsuz da güclü mövgeyi olan İngiltərə və Fransa üçün  Osmanlının ən ağır günlərində ərəbləri, erməniləri,  kürdləri qızışdırıb imperiyaya qarşı qiyama qaldırmaq yerinə yetirilməsi çətin vəzifə deyildi.

Bu gün Ərdoğan və onun ətrafındakı bəzi Osmanlı “məftunları” imperiyanın məhvində Türkiyəni cumhuriyyət elan edən Mustafa Kamal Atatürkü günahlandırmağa çalışırlar. Mən ümumiyyətlə tarixi hadisələrin və şəxslərin təhlil və təftişinin tərəfdarıyam. Ən azından keçmişin səhvlərini təkrar etməmək üçün.  Məncə, Türkiyə  hal-hazırda belə bir təhlükə ilə üz-üzə durub.  Məhz buna görə silsilə məqalələrimdə Türkiyənin tarixi keçmişinə bu qədər yer ayırıram. Amma bu haqda bir qədər sonra…

“Bu cinayətdən daha böyük günahdır: bu bir səhvdir”. Bu müdrik kəlamın müəllifi Napoleon Mülki Məcəlləsinin işlənib hazırlanmasına rəhbərlik edən Bule de Mertdir. “Erməni genosidi”, “kürdlərin öz müqəddəratlarını təyin etməsi hüququ” problemlərinin tarixi köklərini “gənc türklərin” I Dünya Savaşı ərəfəsində buraxdığı bu geosiyasi səhvdə axtarmaq lazımdır. Çünki bu səhv Osmanlını məğlub dövlətlər sırasına saldı və onu əsrlər boyu bu günü gözləyən Qoca Avropa üçün çox rahat həzm olunan bir şikara çevirdi.

Atatürkü Osmanlının süqutunda günahlandıranlar unudurlar ki, müharibənin nəticələrinə görə artıq Osmanlı adlı bir dövlət yoxdu. Onun nəinki müstəmləkə əraziləri, hətta bu gün Türkiyə adlanan hissəsi belə, hətta İstanbul və İzmir belə işğal altında idi.  Bir sözlə, Türkiyə adlı bir dövlətin mövcudluğu üçün hamımız Atatürkə və onun silahdaşlarına minnətdar olmalıyıq.

ELİTANIN DİKTATURASINDAN  VƏ YA ELİTAR DEMOKRATİYAYA DOĞRU

Yeri gəlmişkən Bule de Mertin sözləri Napoleonun özünə ünvanlanmışdı.

Təxminən 600 il bundan əvvəl yaşamış Nikolo Makiavellinin bir arzusu yadıma düşdü: “Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların arasında olmaqdan həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb”.

Siyasətçilərin, hökmdarlarin  adil olması vacibdir. Amma onlardan ədalət və rəhm gözləmək ən azından sadəlövhlük olardı. Onlar milli maraqları rəhbər tutmalıdırlar. Hətta peyğəmbərlər belə hökmdarlara çevrildikdən sonra iqtisadi-siyasi  məqsəd və maraqları gerçəkləşdirmək üçün qılıncın sözdən daha səmərəli vasitə olduğunu qəbul edirdilər. Bizə əbəs yerə “qılınc müsəlman” demirlər ki?!

Türkiyənin mövcudluğunu qoruyub saxlamaq üçün Atatürk və onun silahdaşları çox qurbanlar verdilər. Demək olar ki, bütün müstəmləkələrdən imtina etməyə məcbur oldular.  Azadlıq mücadiləsini aparmaq üçün haradansa qızıl, silah və çörək  almaq lazım idi. Avropa ilə mücadilə aparan ac-yalavac Rusiya bolşeviklərinə ağız açmaq lazım gəldi. Ağız açdılar. Qızıl, silah və çörək aldılar. Əvəzində müstəqil Azərbaycanı qurban verdilər. Nə qədər acı və ədalətsiz olsa da, bu Türkiyəni qoruyub saxlamaq naminə edilmiş çox adil seçim idi. Çünki Türkiyəni qorumaqla bütün türk dünyası üçün ümid yeri saxladılar.

Çox maraqlıdır. Müxtəlif dövrlərdə və fərqli ölkələrdə yaşamalarına baxmayaraq Mert ilə Makiavelli hökmdarların milli maraqların gerçəkləşdirilməsi naminə cinayət işlətməsini məqbul sayırlar. Amma, bununla yanaşı,  müdriklərin fikrincə, sıravi vətəndaşlardan fərqli olaraq, hökmdarın  səhv buraxmağa ixtiyarı, haqqı yoxdur.

1925-1935-ci illərdə Atatürk  türk cəmiyyətində köklü islahatlar həyata keçirdi. Çox arvadlılıq, ənənəvi geyimlərin geyinilməsi (fəs — Osmanlı imperiyasının nişanəsi) qadağan olundu. Avropa hüquq sisteminə keçid, mütləq ailə nikahının bağlanması, Qriqorian təqvimi, bazar gününün istirahət günü elan olunması tətbiq olundu. Dini dövlətdən  ayırdılar, ərəb əlifbasından imtina edib latın əlifbasına keçdilər. Qadınlara seçki hüququ verdilər. Bütün vətəndaşlar soyadı daşımağa başladılar.

Türkiyədə sahibkarlar zümrəsinun yaradılması üçün nə mümkünsə etdilər.  Nəticədə Parlament Mustafa Kamala Atatürk (Türklərin atası) soyadını verdi.

Amma bütün bu nailiyyətlət çox böyük qurbanlar hesabına əldə edildi. Türkiyə tarixinin 50-ci illərə qədərki zaman kəsiyini şərti olaraq “elitanın diktaturası” dövrü adlandırmaq olar. Türkiyənin yalnız adı cümhuriyyət idi. Bütün birpartiyalı sistemlərdə  olduğu kimi burada da seçkilər formal xarakter daşıyırdı. Lap indi bizdə olduğu kimi. Hər seçkilərdən əvvəl Türkiyə Böyük Millət Məclisinin gələcək  üzvlərinin siyahısını Atatürkün özü təsdiq edirdi. Özü də bu Atatürkün “cinayətlərinin” əminliklə demək olar ki, “ən xırdası” idi.

Rejim əleyhinə qiyamları qan içində boğurduılar, müasirləşmək, avropalaşmaq istəməyənləri qəddarcasına, demək olar ki, lap Osmanlı üslubunda cəzalandırırdılar. Bütün bu həqiqətləri inkar etmək olmaz. Amma bu amansız diktaturanın məqsədi, konkret bir fərdin hakimiyyətini möhkəmləndirmək deyil, milli maraqları gerçəkləşdirmək, yəni müasir Türkiyə yaratmaq idi. Özü  də belə bir müasir Türkiyəni yalnız zor gücünə yaratmaq mümkün idi. Çünkü nadan cəmiyyət yeni Türkiyənin əleyhinə idi. Demokratik seçkilər keçirilsəydi, cəmiyyətin mütləq əksəriyyətini təşkil edən bu nadan coxluğun təmsilçilərinin hakimyyətə gəlməsi labüd idi. Çöx təzadlı bir durum yaranmışdı. Cənab Ulyanovun məşhur formulunu bu vəziyyətə tətbiq etsək, deyə bilərik ki, yuxarılar əvvəlki kimi idarə etmək istəmirdilər, aşağılar isə əski həyatın ətəyindən yapışıb hər hansı bir yeniliyi, müasirliyi yaxına buraxmırdılar. Elita həm ayrıca götürülmüş vətəndaşı, yəm də bütövlükdə cəmiyyəti zorən müasirləşdirirdi.

“Elitanın  diktaturası” II Dünya savaşının sonuna qədər davam etdi.  Sonra isə yeni mərhələ, mənim şərti olaraq,  “elitar demokratiya” adlandırdığım dövr başladı. Əslində bu dövrlə bağlı fikirlərimi qismən də olsa, birinci məqaləmdə sizinlə bölüşmüşəm.

“Elitar demokratiya” qeyd etdiyim kimi 70 ildən artıq bir dövrü əhatə edir: II Dünya Savaşından sonra başlayır və 2016-cı dövlət çevrilişi cəhdi ilə süqut edir. Bu, Türkiyənin demokratikləşdirilməsi istiqamətində irəliyə doğru ciddi bir addım idi. Bu dövrdə ölkədə demokratik və azad seçkilərin keçirilməsini təmin edən bütün zəruri institutlar yaradıldı. Amma Türkiyədə demokratiyanın təntənəsi baş vermədi. Demokratik institutlar əslində elitadaxili rotasiyanı təmin edirdi. Daxili və xarici siyasətin əsas parametrləri isə dayişməz qalırdı.

İlk nəzərdən həddindən artıq fəal olmasına baxmayaraq, türk cəmiyyəti bütün bu proseslərdə yalnız statist rolunda çıxış edirdi. Kimsə elitadaxili oyun qaydalarını və Türkiyənin daxili və xarici siyasətinin əsas parametrlərini dəyişməyə çalışanda və ya cəmiyyət özünün statist statusundan cana doyub “cızığından çıxanda” ordu işə qarışıb hamını “sakitləşdirir”, hamıya yerini göstərirdi.

Nə qədər gülməli səslənsə də, Rusiya, Çin kimi materik imperiyalarında olduğu kimi Türkiyədə də antiimperialist, antiqərbçi ritorika çox güclüdür. Türkiyənin solu da, sağı da, liberalı da antiimperialistdir, antiqərbçidir. Özlərini imperiya saymamaları bu dövlətlərin ən böyük problemidir. Artıq qeyd etdiyim kimi, bu dövlətlər metropoliya-koloniya bölgüsünü özlərinə tətbiq etmirlər. Özü də bu zaman nə coğrafi parametrlər, nə də bu ərazilərdə məskunlaşan millətlər arasındakı etnik, dini, irgi və hətta sosial-siyasi inkişaf səviyyəsindəki fərqlər nəzərə alınır. Bütün ərazilər metropoliyanın tarixi torpaqları sayılır. Məsələn, İngiltərənin paytaxtı Londonla bu dövlətin keçmiş müstəmləkəsi olan Hindistanın, türklər demişkən, başkəndi arasında məsafə birbaşa xətt üzrə  6.712,77 km, avtomobil yolu ilə isə   8.703,84 km-dir. Rusiyanın paytaxtı Moskva ilə Vladivostok arasındakı məsafə isə müvafiq olaraq 6417 və 9141 km-dir.

SSRİ-də hamımızdan “sovet adamı” yapmışdılar. Amma SSRİ dağılandan sonra Baltikyanı respublikalarda yaşayanlar təxminən 10 ildən sonra Avropa Birliyinin vətəndaşı oldular. Tacikistan, Türkmənistan və Özbəkistan isə ictimai münasibətlərin inkişaf səviyyəsinə görə  orta əsrlərdə qalmış ənənəvi şərq-müsəlman dövlətlərinə çevrildilər. Yənu hərə öz babını tapdı.

Yəni onu demək istəyirəm ki, materik imperiyaları koloniyaların itkisi təhlükəsini dövlətin “ərazi bütövlüyünə” qarşı təcavüz kimi qiymətləndirirlər. XX əsrin birinci yarısında aparıcı Qərb dövlətlərinin, yəni, imperialistlərin materik imperiyalarının  (Rusiya, Çin və Türkiyənin)  “ərazi bütövlüyünə”  təcavüz etməsi, onları “azadlıq mücadiləsi vermək” məcburiyyətində qoyması bu ölkələrdə antiqərbçi, antiimperialist əhval-ruhiyyənin, necə deyərlər, insanların iliyinə işləməsinə gətirib  çıxardı.

Türkiyədə də hamı antiimperialist ritorikadan, özü də həmişə istifadə edib və edir. Türk cəmiyyətinin mütləq əksəriyyətinin eşitmək istədiyi budur. Amma bununla yanaşı Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür, 60-cı illərin ortalarından isə Avropa Birliyinin qapısını döyür. Deyəcəksiniz ki, gerçək siyasət həmişə xalqa ünvanlanan ritorikadan fərqlənir. Elədir ki, var. Amma demokratik cəmiyyətlərdə iqtidar ritorikası ilə gerçək siyasət arasında antagonist ziddiyyətlərin olmaması görüntüsünü yaratmağa çalışırlar. Türk elitası isə gerçək siyasətlə ictimai əhval-ruhiyyə arasında bir uyğunluq görüntüsü yaratmağa belə çalışmırdı. Çünki cəmiyyət xarici və daxili siyasəti formalaşdıran subyektlər sırasına daxil deyildi. Bu elitanın işi idi.

İctimai əhval-ruhiyyə ilə gerçək siyasət arasında uyğunluq yaratmağa çalışanlara isə xalq üçün ritorika ilə milli maraqlar arasındakı fərqi ordu başa salırdı. Ədnan Menderesin və Nəcməddin Ərbakanın taleyini yada salmaq kifayətdir. Maraqlısı odur ki, əksər hallarda “cızığından çıxanlar da” elitanın qərarlarına tabe olurdular. Çünki özləri həmin elitanın təmsilçiləri idi.

Bir sözlə, elita özünü milli maraqların yeganə daşıyıcısı və təminatçısı sayırdı. Qüsurlu və süqutu qaçılmaz olan bir siyasət idi.

Atatürk islahatları Türkiyəni zahirən dəyişmişdi, müasirləşdirmişdi. Amma türk cəmiyyətinin batilində, yəni dəyərlər sistemində elə bir ciddi dəyişiklik baş verməmişdi. Türk cəmiyyəti bütövlükdə çağdaş dövrün demokratiya dəyərlərini mənimsəməmişdi. Bu vacib vəzifənin yerinə yetirilməsi vaxt, güc və böyük vəsait tələb edirdi. Təəsüflər olsun ki, Türkiyyə elitası bu vacib vəzifənin öhdəsindən gəlmədi. Bəlkə də onun vacibliyini başa düşmədi.

Ölməz Cəlil Məmmədquluzadənin fikrincə, “müsəlman ölkələrində həqiqi inqilablar ona görə baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə tərcümə olunmayıb”.

Cəlil Məmmədquluzadənin bu fikri ilə qətiyyən razılaşmıram. Düşünürəm ki, bu fikir XIX əsrin sonu XX əsrin əvvəllərinin gerçəkliklərini belə əks etdirmir. Problemimiz başqadır.

Rəhmətlik atam deyərdi ki, əgər oxuduqların, eşitdiklərin bu qulağından girib o birisindən çıxirsa, buna sevinmək lazımdır. Deməli beynındə izi qalır, səni az da olsa, düşünməyə məcbur edir. Əgər bu qulağına belə girməyib geri qayıdırsa, onda dərdinin əlacı yoxdur.

XIX əsrin sonlarında çıxan “Əkinçi” qəzetinin tirajı 300-400 nüsxədən ibarət idi. Abunəçilərinin sayı bundan da azdı. Özü də dəfələrlə. Bizim dərdimiz başqadır. Biz yüz il bundan əvvəl olduğu kimi indi də oxumaq istəmirik. İş o yerə çatıb ki, bizi zorla, sərəncamla oxumağa məcbur edənlər tapilir…

Bilmirsən, ağlayasan, yoxsa qəhqəhə çəkib güləsən…

Türk elitası buraxdığı səhvlərin cəzasını almalı idi. 2016-cı ildə dövlət çevrilişi cəhdi yatırıldıqdan sonra  Türkiyədə daha bir gerçək çevriliş baş verdi. Yenisi formalaşmamış ənənəvi elita hakimiyyəti devrildi. Bir sözlə, ayaq başı əvəz etdi.

Baş vermiş çevrilişin həm Türkiyənin özü, həm də onun müttəfiqləri, yəni, bizlər üçün artıq gerçəkləşmiş və gələcəkdə gözlənilən fəsadları haqqında bu silsilədən olacaq növbəti 3-cü məqalədə…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,29 из 10)
Oxunma sayı: 2137