Muəllif:

Türkiyə ümid yerimiz?

(1-ci məqalə)

Əcəb yerdə axşamladıq. Necə, deyərlər, çətin gündə qorxusuz-hürküsüz pənah apara biləcəyimiz bir qapı belə, deyəsən, qalmayıb. Əvvəllər bütün “qibləgahımız” Türkiyə idi.

Bəziləri fikirləşəcəklər ki, Ərdoğan Türkiyəsindən başıma gələnlərin əvəzini çıxıram. Elə deyil. Məsələ ondadır ki, geosiyasi prosesləri və bu proseslərdə dövlət xadimlərinin rolunu qiymətləndirərkən öz simpatiya və antipatiyalarımı nəzərə almamağa çalışıram. Axı pamflet yox, təhlili məqalələr yazmağa cəhd edirəm. Bu zaman isə hadisələrə və şəxslərə fərdi, subyektiv baxış çərçivəsində belə obyektivliyi quruyub saxlamağa çalışmaq lazımdır. Yəni onu demək istəyirəm ki, söhbət Rauf Mirqədirovun Türkiyə prezidentinə olan münasibətindən deyil, daha ciddi problemlərdən gedir.

TÜRKİYƏ “FACİƏSİ “- DEMOKRATİYA

Özü də problemlərin hamısının Racəb Tayyıb Ərdoğanın hakimiyyətə  gəlməsi ilə bağlamaq çox böyük səhv olardı. Əslində, çox ciddi problemlərin mövcudluğu və həll olunmaması Türkiyədə Ərdoğanın hakimiyyətə gəlməsinə imkan yaratdı.

90-cı illərin əvvələrində ən azından düşünürdük ki, Türkiyə çətin ayaqda arxamızda duracaq. Böyük dövlətlərin maraqlarının gerçəkləşdirilməsi naminə bizim qurban verilməyimizə razılaşmayacaqlar. “Yüksək məqamlarda” bizim maraqlarımızı səsləndirəcəklər, çünki Türkiyəni böyük, sözükeçən dövlət sayırdıq.

İşıqlı gələcəyimizi bütünlüklə Türkiyəyə bağlayan optimistlər də az deyildi. Bəziləri hətta hesab edirdilər ki, iqtisadi çicəklənmə və sosial-siyasi azadlıqlar belə Azərbaycanımıza Türkiyədən gələcək. Çoxlarımız Böyük Turan arzusu ilə yaşayırdıq.

Amma indi başa düşürəm ki, Türkiyədən  çox böyük və gercəklikdən uzaq gözləntilərimiz vardı. Başqa sözlə desək, əslində Türkiyə belə bir qlobal missiyanı öz üzərinə götürməyə  hazır deyildi.

Azərbaycan üçün bəlkə də ən ağrılı mövzudan – demokratiya və insan haqqlarından başlayım.  Hamımız Türkiyəyə müsəlman Şərqində demokratiyanın yeganə mayakı kimi baxırdıq.

ABŞ-ı sivil (yəni mədəni – müəllif) ölkə adlandırmaq olmaz, çünki orada insan hüquqları ilə bağlı ciddi problemlər var. Bu fikri lap bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Onun sözlərinə görə, ABŞ və Türkiyə arasında elan olunmuş tərəfdaşlıq prinsipləri əslində işləmir:”ABŞ tərəfindən mənim cangüdənlərimə həbs qərarı veriləndən sonra mən bu ölkəni sivil adalandıra bilmərəm”. Fikir verin! Ərdoğan üçün çangüdənlərinin ABŞ qanunlarını pozub-pozmaması önəmli deyil. Onun üçün cangüdənləri haqqında həbs qərarının mövcudluğu ağlasığmaz hadisədir. Qanunun aliliyi haqqında təsəvvürlər bu səviyyədə olmamalıdır.

Həzrəti Əli  buyurub:“İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub:“Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!”.

Təxminən 1400 il öncə yaşamış Həzrəti Əli elə bil ki,  bu günün şəklini çəkib!

Amma nadanların ağıllısı öz nadanlığını gizlətməyə çalışır. Normal cəmiyyətdə, adekvat insanlar arasında yaşayırsa. Əgər insan öz nadanlığını gizlətmək əvəzinə nümayiş etdirir, hələ bu azmış kimi bütün cəmiyyətə yüksək mənəvi dəyər, mütləq həqiqət kimi sırımağa çalışırsa, artıq problem ayrıca götürülmüş bir fərdin  bədbəxtliyindən daha böyükdür, daha qlobaldır.  Ən azından cəmiyyət miqyasındadır.  Ən azından bu o deməkdir ki,  cəmiyyətdə aqressiv nadanların ümumi sayı, onların təsir imkanları  çox kritik həddə çatıb. Elə bir həddə ki, onlar öz nadanlıqlarını cəmiyyətə yüksək mənəvi dəyər, mütləq həqiqət kimi qəbul etdirmək gücündə olduqlarını düşünürlər.

90-cı illərin əvvələrində düşünürdük ki,  Türkiyə  yalnız bizə deyil, postsovet məkanının bütün müstəqil türk dövlətlərinə demokratiyaya doğru hərəkətin düzgün istiqamətini göstərəcək.

Amma belə olmadı. Süleyman Dəmirəl bizə ilk “demokratiya dərsi” verdi. Dəmirəlin “xəyanətinin” səbəblərini onun keçmişində, şəxsiyyətində axtarıb tapmağa çalışdıq. Çox təəssüflər olsun ki, yanılırdıq. Dörd il Türkiyyədə yaşayandan və bu ölkəni yaxından tanıyandan sonra anladım ki, türk cəmiyyətinin böyük bir qismi hələ müasir demokratik standartları mənimsəməyə  hazır deyil.  Türkiyədə heç vaxt Qərb standartlarına uyğun  demokratiya olmayıb və yaxın vaxtlarda olmayacaq. Sən demə, bələdçimizin özünün düzgün yol göstərənə ehtiyacı varmış.

İŞLƏR FƏNADIR

Çünki ayaqla başın yeri tərs düşüb. Gəzi parkı ətrafındakı hadisələr Ərdoğanla liberal ziyalıların arasını vurdu. O zamanlar Ərdoğan hələ prezident deyil, baş nazir idi. Ziyalılarla həmişə ehtiyatlı davranan, onların dəstəyindən çox maharətlə  istifadə edən AKP liderinin üzü birdən döndü. O “mənim millətim” adlandırmağı xoşladığı topluma müraciət etdi:“Onlar (yəni, ziyalılar elitası) özlərini sizin başbiləniniz, başınız sayirlar. Onlar sizin heç ayağınız belə deyillər”.

Nə qədər əcaib səslənsə də, Ərdoğanın dediklərində həqiqət var. Bu həqiqət də ondan ibarətdir, ki Türkiyədə doğrudan da ayaqla başın yeri tərs düşüb. Elitanın deyil, küçənin yetirməsi birdən-birə Türkiyənin gerçək siyasi liderinə çevrilib.

Əslində yalnız və yalnız “qardaşlıq hissləri”  bizə Türkiyənin demokratiyaya hazır olmadığını anlamağa  qoymurdu. Bu həqiqəti görmək üçün çox uzağı demirəm, Türkiyənin cumhuriyyət dövrü tarixinə nəzər salmaq kifayətdir.

1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmişdi, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdu. 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdi. 1923-cü ildə İsmet İnönü tərəfindən Respublikanın ilk hökuməti qurulmuşdu.

Cümhuriyyət tarixində ilk hərbi çevriliş 1960-cı ilin may ayında baş verib. Bu dövrdə Demokrat Partiya iqtidarda idi. Bu partiyanı 1945-ci ildə CHP-dən xaric edilmiş Adnan Menderes yaratmışdı. DP 1950-ci ildə keçirilmiş ikinci  çoxpartiyalı seçkilərdə qalib gəldi.

1960-cı ilin mayının sonunda hərbçilər hakim Demokrat Partiyasının rəhbərlərini həbs etdi. 1961-ci ildə baş nazir Adnan Menderes asıldı. Onunla birgə maliyyə və xarici işlər naziri də edam olundu…

1971-ci ildə ordu baş nazir Süleyman Dəmirəli istefaya getməyə məcbur etdi. Hakimiyyətə gələn texnokrat hökumət Konstitusiyaya dəyişiklik edərək, orduya xüsusi səlahiyyətlər verdi…

1980-ci ildə isə hərbçilər solçu və sağçı qüvvələrin silahlı münaqişəsindən sonra hakimiyyəti ələ keçirdilər. Hökumətin devrilməsindən sonra general Kenan Evren başda olmaqla hərbçilər hakimiyyəti götürdülər. 1980-1983-cü illər ərzində hərbçilər ordunun səlahiyyətlərini artıran 800 qanunun qəbuluna nail oldular. Hərbi çevrilişdən sonra 230 min nəfər həbs edildi, 14 min nəfər vətəndaşlıqdan məhrum olundu…

1997-ci ildə hərbçilər Türkiyənin baş naziri Nəcməddin Ərbakanı istefaya getməyə vadar etdilər…

2007-ci ildə AKP-nin hakimiyyətə gəlməsindən 5 il sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı mətbuat üçün açıqlama yayaraq ordunun “Atatürkçülüyə, dünyəviliyə və respublikanın təməl prinsiplərinə sözdə deyil, əməldə sadiq olduğunu” bəyan etdi. Bu addım  əsgərlərin hakimiyyə açıq təzyiqi, Ərdoğanı devirməyə hazırlıq  kimi dəyərləndirilmişdi. Ərdoğan ordunun təzyiqləri qarşısında geri çəkilmədi və mövqeyini qorudu.  Bu açıqlamanın yayılmasında rolu olanlar isə istefaya göndərildi…

Ümumiyyətlə, Ərdoğan hakimiyyətə gələndən sonra sonuncunu, yəni 2016-cı il hadisələrini də nəzərə alsaq, ən azı üç dövlət çevrilişi cəhdi olub.

Bəziləri etiraz edib deyə bilərlər ki, dövlət çevrilişləri yalnız Türkiyədə deyil, demokratik sayılan digər dövlətlərdə də baş verir.  Əlbəttə, amma, coxpartiyalı seçkiləri təməl prinsip kimi əsas götürsək, Türkiyənin cəmi-cümlətani 70 illik demokratiya quruculuğu tarixi var. Bu 70 ildə ən azı 4 dövlət çevrilişi və 3 dövlət çevrilişinə cəhd olub! Bu üzdə olanıdır. Dərinə getsəm, sayı artar. 70 il üçün çox deyilmi?!!!

Bu isə o deməkdir ki, Türkiyə cəmiyyəti demokratik institutların vasitəsi ilə böhranlı vəziyyətlərdən çıxmağ vərdişinə yiyələnə bilməyib. Ən dəhşətlisi ondan ibarətdir ki, Türkiyədə demokratiya quruculuğu tarixini təhlil etsək, demokratik mexanizmlərin siyasi həyatda, dövlətin idarə edilməsində  hər bir tətbiqi cəhdinin ölkəni dərin ictimai-siyasi, mənəvi və nəticə etibarı ilə iqtisadi böhrana sürüklədiyinin şahidi oluruq. Nəticədə, elita demokratik mexanizmlərin tətbiqinin doğurduğu dövlət üçün ölümcül xəstəliklərin yeganə müalicə yolunu ordunun birbaşa rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişlərində görüb. İlk nəzərdən ağlasığmaz fenomendir, ağlasığmaz seçimdir. Amma gerçəklik ondan ibarətdir ki, demokratik prosedur və mexanizmlərin tətbiqi Türkiyə üçün hər dəfə faciəyə çevrilib. Hər dəfə də Türkiyəni demokratiyanın gətirdiyi faciədən, sosial-iqtisadi, mənəvi-siyasi böhrandan ordu, daha doğrusu, hərbçilərin təşkil etdiyi çevrilişlər xilas edib.

Artıq dünyaslını dəyişmiş tanınmış şairimiz Qabilin  60-cı illərdə yazdığı  “Tramvay” poeması yadıma düşdü. Deyilənə görə, poemada “xırda burjua ideologiyasının təsiri” duyulduğu üçün o dövrdə Qabili cəzalandırmağa hazırlaşırlarmış. Şairin bu cəzadan necə və kimlərin yardımı ilə xilas olması başqa bir söhbətin mövzusudur. Mənim yaddaşımı təzələyən bu poemanın süjet xəttidir. Poema həmişə qapalı dairədə hərəkət edən və nə qədər istəsə də, bu qapalı dairəni qırıb  kənara çıxa bilməyən Tramvay haqqındadir.

Türkiyənin cumhuriyyət dövrü tarixi mənə qapalı dairə ilə hərəkət edən Qabilin Tramvayının həyatını xatırladır. Türkiyə bu yüz il əzrində eyni yolu dəfələrlə keçib: hərbi çevriliş-demokratiya-hərbi çevriliş. Özü də ilk nəzərdən hər dəfə “demokratiyanın təntənəsi” hərbi çevriliş zərurətini yaradıb. Yüz il ərzində Türkiyə bu qapalı dairəni qıra bilməyib.

Bəziləri deyəcəklər ki, deyəsən Mirqədirov ağıllanıb. Demokratiyanın xərçəng xəstəliyi kimi bir şey olduğunu axır ki, başa düşüb. Elə deyil. Ən azından ona görə ki, demokratiyanın yaratdığı imkanlardan bəhrələnən bir çox millətlər var. Onlardan biz türklərin nəyi əskikdir?!!!

ABŞ prezidenti Trampın müsəlman dövlətlərinin liderləri ilə görüşündə onlara ünvanladığı “mənim məqsədim  sizə dərs demək yox, sizinlə əməkdaşlıq etməkdir” bəyanatı Azərbaycanda və digər Şərq ölkələrində bir çoxlarının ürəyindən xəbər verdi. Düşündülər ki, bundan sonra başları “demokratiya dərslərindən” ağrımayacaq. Amma heç kəs demədi ki,  Tramp bu bəyanatı ilə bütün müsəlmanları təhqir edir. Fatmanisə xalanın başa düşdüyü dilə “tərcümə etsək”, Tramp ağına-bozuna baxmadan, utanıb-qızarmadan bütün müsəlmanların üzünə “durdu”: “Mədəni dünyanın qayda-qanunları ilə mədəni insan kimi yaşamaq istəmirsinizsə, öz işinizdir, özünüz bilərsiniz. Məmin maraqlarımı nəzərə alın, kifayətdir”.  Yəni, bizi “vəhşi” saydığına işarə vurdu.  Başqalarının əvəzinə danışa bilmərəm.  Amma inanmıram ki, bu bizim, yənu türklərin  qismətidir, alın yazısıdır.

Deməli səhvləri araşdırmaq lazımdır…

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 8,88 из 10)
Oxunma sayı: 1392