Türk sinkretizmi
Redaktordan
Türkiyənin Datça yarımadası və Muqlanın digər sahilyanı məntəqələrinə səfərdən sonra Arif (Əliyev) və İbrahimlə (Nəbioğlu) qərara gəldik ki, üç hissədən ibarət ümumi bir məqalə yazaq. Üç müəllif, üç epizod, üç yanaşma, üç baxış.
***
Bilgisayarımı götürüb otağın önündəki eyvana çıxdım. Şəhərin işıqları lap ayağımın altında sayrışırdı. Rüzgardan qopan gecə mehi insanı sərinləndirdiyi kimi də rahatlandırırdı.
Arif, İbrahim və mən sabah ertədən Can Yücelin son illər yaşadığı Əski Datçada növbəti verilişımızı çəkəcəkdik.
Yerimi yenicə rahatlayıb İbrahimin (Nəbioğlu) Erik Sati, Can Yücel, Salvador Dali, hətta Ziqmund Freyddən də bəhs etdiyi son yazısının ecazına təslim olurdum ki, qarşımda zil qara bir pişiyin oturub sapsarı gözlərini mənə zillədiyini gördüm. Öz-özümə:”Gecənin bu vaxtı bu qara pişik hardan peyda oldu”,- demişdim ki, qaranlıqdan daha bir kölgə qopub işığa çıxdı. Bunun rəngi bəmbəyaz idi. Bəyazın gəlişi, deyəsən, Siyahın planlarını pozmuşdu, çünki narazı halda ayağa qalxıb bir-iki ağız miyoldadı ki, bu adam mənlikdi. Amma deyəsən Bəyaz da məndən əl çəkmək niyyətində deyildi, belə ki, o da mırıldanaraq miyoldadı və sinəsini qabağa verdi. Pişiklər bir-birinə astadan miyoldayaraq hədə-qorxu gəlir və oturduğum kətilin ətrafında var-gəl edirdilər. Mənsə ovsunlanmış kimi onlara baxır və heç qımıldanmırdım — ağla qaranın “toqquşması”ndan hansının qalib çıxacağını görmək istəyirdim. Beləcə bir-iki dəqiqə keçdi. Nəhayət, bayaqdan ətrafıma fırlanan pişiklər sakitləşib hərəsi bir yanımda oturdu. Üçümüz də rahatlandıq, başa düşdük ki, dünya ağlı-qaralı dünyadır. Biri olmasa, digəri də mövcud ola bilməz…
***
Aralıq Dənizini BMT üzvü olan düz 22 ölkə özününkü saya bilər. Avropada İspaniya, Fransa, Monako, İtaliya, Malta, Sloveniya, Xorvatiya, Bosniya-Herseqovina, Çernoqoriya, Albaniya, Yunanıstan və Türkiyə, Asiyada Suriya, Kipr, Livan, İsrail və Misir, Afrikada Liviya, Tunis, Əlcəzair, Mərakeş və digərləridir. Bu ölkələrin böyük əksəriyyətində qısa müddətli olsa da, olmuşam. Təbii ki, hərəsinin özünəməxsus mədəniyyəti və həyat tərzi var, və bir-birlərini təkrar etmirlər, amma onları birləşdirən bir məqam, daha doğrusu məkan var. Bu da, demək olar ki, bütün qədim sivilizasiyaların beşiyi olan Aralıq dənizidir. Deyilənə görə, insanlar ta qədim zamanlardan sudan ölü səhralar, sərt çöllər, uca və amansız dağlar qədər qorxmayıblar və buna görə də uzaq və uzun səhayətlərə su yollarıyla çıxıblar. Ticarət ediblər, döyüşüblər, işğal edib və ediliblər, eyni zamanda da bir-birlərinə qaynayıb-qarışıblar. Qədim mədəniyyət və imperiyaları yeniləri əvəzləsə də, məğlub sayılanlar izsiz-tozsuz yox olmayıblar, fatehlərin qanında və canında gizlənib özlərini büruzə verməyə başlayıblar. Yuxarıda adını sadaladığım ölkələrin tarixinə qısaca nəzər salsanız, buna əmin ola bilərsiniz. Amma sözümün canı bu deyil, yəni, hörmətli oxucu, sizə tarix dərsi demək fikrindən çox uzağam. Sadəcə olaraq, Türkiyənin Aralıq və Egey dənizi sahilləri boyunca son səfərimdə duydum ki, Aralıq dənizi ölkəkərini bir-birinə bağlayan bir sinkretizm var. Bu, xüsusən də, həmin ölkələrin sahilboyu sakinlərinin davranış stereotopi, dünyaya baxışı və ətrafa münasibəti, təbiəti və hətta mətbəxində özünü büruzə verir. Nə qədər qəribə olsa da, İskəndəriyyə ilə Qahirə, Tes-Saloniki ilə Afina, Roma ilə Palermo, Tel-Əvivlə Qüds, Marmarislə Kars, hətta Beyrutun Latın məhəlləsiylə digər hissələri arasındakı fərq Neapolla İzmir arasındakı fərqdən daha çoxdur. Bu barədə ilk dəfə bir-neçə il bundan əvvəl İzmirdə Əlcəzair əsilli yəhudi fransız şansonyesi Enriko Masiasın heykəlini görəndən sonra düşünməyə başlamışdım. 60-80-ci illərdə çox populyar olan bu müğənni Türkiyədə də dəfələrlə qastrollarda olub və o dərəcədə sevilib ki, onun bir çox mahnılarını türkcəyə çevirib ifa ediblər.
Türkiyədə keçirilmiş son referundumun xəritəsinə nəzər salsanız, görərsiniz ki, “xeyr” deyənlərin tam əksəriyyəti məhz “dənizlilər”, yəni türk sinkretizminin daşıyıcılarıdır…
Dünya ağlı qaralı dünyadır. Biri olmasa, digəri də mövcud ola biməz, çünki tarazlıq pozularsa, dünya məhvərindən çıxar.
***
DALYANDAN SALYANA DÖNÜŞ
Aralıq dənizi sahillərində kiçik, beş-altı min nəfərlik, məsələn, bizim Zirənin yarısı boyda bir qəsəbəni təsəvvürünüzə gətirin. Dalyan adlı həmin qəsəbə haqqında yazdıqlarımın həqiqət olduğuna Elçin Şıxlı ilə İbrahim Nəbioğlunu şahid gətirirəm: bu şəhərcik orta hesabla ilin altı ayı hər gün öz əhalisinin sayından çox turist qəbul edir!!!
Türkiyənin Muğla vilayətinin Ortaca bölgəsinə bağlı Dalyan məntəqəsini 2008-ci ildə The Times Avropanın ən gözəl güşəsi seçib. Nəhəng Caretta Caretta tısbağalarını görmək, onların insanlarla bölüşdüyü İztuzu plyajında, palçıq hamamlarında çimmək, antik Kaunos şəhərinin qalıqlarına, sıldırım qayalarda oyulmuş kral məzarlarına baxmaq, təknədə üzə-üzə dənizdən indi çıxarılmış balıqlardan və mavi yengəclərdən dadmaq üçün buraya ildə bir milyondan artıq adam gəlir. Sadaladıqlarımı oxuyanda düşünə bilərsiniz ki, Dalyan möcüzəsini Təbiətlə Tarix birgə yaradıb hazırca türklərin ovcuna qoyublar. Rahat, varlı həyat sürmək üçün qəsəbə əhalisinə heç bir hünər göstərmək lazım gəlmir. Lakin səhv etmiş olarsınız: siz dalyanlıları tanımırsınız.
Turistlərin qaynaşdığı qəsəbə, liman, dəniz tər-təmizdir, Abşeron sahilləri kimi sonsuz zibilxananı xatırlatmır. Plyajda qoyulmuş şezlonqlardan, çətirlərdən, döşəkcələrdən çəkinmədən istifadə edə, hansı masada istəsən otura bilərsən. Heç kim dərhal başının üstünü kəsdirib: «çətirə görə 3 manat, masaya görə 10 manat» tələb etməyəcək. Ümumiyyətlə, dalyanlılar acgöz deyillər. Bakı oliqarxlarının bağ evlərini xatırladan villada Şəkinin taxta kotecindən ucuz qalmaq, bələdiyyə restoranında bir nimçə mavi yengəci Qəbələdə bir şiş kabab qiymətinə yemək mümkündür.
Burada hətta küçə itləri də adamlara hürmürlər. Çünki onlardan təpik deyil, qayğı görürlər. Bələdiyyə sahibsiz heyvanları qeydiyyata alır, boyunlarından adları yazılmış xalta asır, yedizdirir, peyvəndlərinin vaxtını keçirmir. Caretta Carettalara isə yüksək səviyyədə tibbi yardım da göstərilir. Xəstə, yaralı tısbağaları plyajın sonundakı reabilitasiya mərkəzinə götürürlər (onların da hərəsinə bir ad verirlər), sağaldıb yenidən dənizə buraxırlar. Bəzilərinin müalicəsi illərlə çəkir, bəziləri – şikəstlər – ömürlük nəzarət altında saxlanılır.
Dalyanlılar həm təbiəti qorumağı, həm də tarixin tozunu səliqə ilə silməyi, gözəlliyi, bəlkə, olduğundan daha parlaq təqdim etməyi bacarırlar. Möhtəşəm kral məzarlarını gündüz görmək bəs etmir. Gecə, qayalıqlarda gizlədilmiş projektorların işığında onlar əfsanəvi görkəm alırlar. Bu nağılı yaratmaq üçün dalyanlılara illərlə büdcədən pul ayrılmasını gözləmək lazım gəlməyib. Sadəcə, məsələni hökumətlə razılaşdırmaq kifayət edib. Gerisini yerli biznesmenlər öhdələrinə götürüblər. Nəticədə onların kanal boyu ard-arda düzülmüş restoran və kafelərində axşamlar boş masa qalmır.
Əlbəttə, pul olan yerdə hərislik də olur: məmur — məmurdur. Bir neçə dəfə hökumət İztuzu plyajının idarəçiliyini bələdiyyədən və Muğla universitetindən alıb hakim partiyaya yaxın özəl şirkətlərə verməyə cəhd göstərib. Hər dəfə də dalyanlılar onların yolunda dayanıblar. Sonuncu cəhd 2014-cü ilin iyun ayında baş tutub. Özünə ingilis ortağı tapmış DALÇEV firması icra orqanlarının razılığını alıb, İztuzu plyajına texnika çıxarıb, nəhəng otel tikmək üçün hazırlığa başlayıb. Dalyanlılar sahilə tökülüşüblər. Çadırlar qurub gecə-gündüz burada növbə çəkiblər, traktorların önünü kəsiblər, etiraz mitinqləri keçiriblər, imzatoplama kampaniyasına başlayıblar – 80 minədək imza yığıblar, dünyanın ekoloji təşkilatlarını ayağa qaldırıblar. Paralel məhkəmə davası açıblar. Beynəlxalq aləmdə biabır olacağını görən ingilis ortağı geri çəkilib. DALÇEV-i isə insanların davamlı dirənişindən və iki il sürən məhkəmə çəkişməsindən sonra valilik «işğal alanı»ndan məcburən çıxarıb.
…Qaldığımız villanın sahibi Hüsnü bəyə telefon açıb səhər 8-də aeroporta çıxacağımızı və haqq-hesab etmək istədiyimizi dedik. Hüsnü bəy istirahətimizi pozmamağı xahiş etdi: «Pulu masanın, açarı isə qapının üstündə qoyarsınız». Aldadılmaq ehtimalı bir yana, qapısı açıq evə kiminsə girə biəcəyi onun ağlına da gəlmədi.
Bunları, sadəcə, dalyanlılara heyranlığımı ifadə etmək üçün yazmadım, Abşeronumuzu, Şəkimizi, Qəbələmizi, Lənkəranımızı, Şirvanımızı, Salyanımızı – Azərbaycanımızı çox sevdiyim üçün bir örnək olaraq qələmə aldım. Təbiət və Tarix bizdən də heç nəyi əsirgəməyib. Amma adamlarımız nə nemətlərini, nə özlərini qiymətləndirməyi bacarırlar. Elə ona görə hər şeyi əllərindən verib dalınca baxır və sonra, əslində, sahibi olduqlarından pay umurlar.
***
GÜNƏŞ VARSA, HƏNİRTİ VAR
— Ne harika yer burası! Nereden buldun bu Datça’yı?
— “Elimle koymuş gibi buldum.”
Can Yücel
Mən Arif və Elçinlə Datçanın darısqal daş küçələrindən keçib birmərtəbəli daş evlərin arası ilə addımlayıram. Bağçalardan küçəyə rəngarəng çiçəklər boylanır. Beqonya, sardunya və melissanın qoxuları bihuş edir insanı. Dostlarıma tərəf dönüb:”Sizcə Datçaya hansı mövsümdə gəlmək lazımdır”,- deyə sual edirəm. Hər zamankı təmkini ilə Arifin cavabı lakonikdir:”Buralar hər zaman cənnətdir”. Elçin isə azca düşünüb:”Baharda”,- deyir, arxasınca da əlavə edir:”Ən son buraya payızda gəlmişdik. Onda günlər sürətlə qısalır, təbiət qızıla bələnib solğunlaşırdı. İndi isə ilkbahardır, qarşıda bol Günəşli günlər var”. Hər iki cavabı da bəyəndim. ”Günəş varsa hənirti var, həyat var, bir az da yaşamağa ümid var”,- deyə düşündüm…
İstanbuldan Dalamana uçub, oradan da avtomobillə Datça yarımadasına, Ağ dənizlə Egey dənizinin öpüşüb qoxlaşaraq qovuşduğu yerə gəlmişik. Qısa tətilimizdə bəzi günlərimizi Ayna TV üçün çəkilişlərə ayırmışıq. “Armud formasında bir musiqi” məqaləmdə mən 20 il əvvəl Datçaya ilk gəlişimdən, buranın simvoluna çevrilmiş “hırçın və huysuz” şair Can Yücellə görüşmə təşəbbüsümdən yazmış, “Yaradıcı insanın patoloji sərhədlərə yaxınlaşması ilə reallığa geri dönməsindən” bəhs etmişdim. İlk çəkilişimiz də elə Datça və Can Yüceldəndir. Amma öncə ailə dostumuz, Datçada yaşayan uşaq həkimi Fəridə xanımla şairin evinə doğru addımlayırıq.
Can Yücelin taxta qapısını döyürəm. Bəlli ki, evdə biriləri var, boylanınca bağçada çay süfrəsi görünür. Arxadan bir qadın səsi: “Güler xanım kimsəyə açmır qapını”,- deyərək ümidlərimi puç edir. Şairin 93 yaşlı ömür yoldaşı o kiçicik daş evini kimsəyə açmır, sanki oranı bir qalaya çevirib Can Babanın xatirələrini mühafizə edir.
Eski Datça əslində kiçik bir məhəllədir, amma elə bil böyük bir diyardır. Qarşılaşdığın hər kəsin gülümsəyərək salam verməsi, bakirə torpağın qoxusu, hüzur, mürgülü səssizliyi və ən saf duyğuları oyandıran, bütün çirkinlikliklərdən arındırılmış həyat insanı burada vaxt keçirməyə deyil, bir ömür yaşamağa çağırır…
“Datça Ekspress” qəzeti mənim Arif və Elçinlə olan şəklimi birinci səhifədən verərək, bizim Datça sevgimizindən yazır. Hər üçümüz qəzeti əlimizə alanda sevincimizi görmək lazım idi – elə bil dünyanın ən tirajlı qəzetinə çıxmışdıq…
Atatürk Caddesi ilə irəliləyib Jandarma Komandanlığının önündən sola döndük, Garsiya Lorka küçəsindən Nazim Hikmet küçəsinə burulduq. İki tin sonra Səməd Vurğun küçəsindəyik. Böyük Nazimin “Şeirimizin Planeti” adlandırdığı Böyük Vurğunu Datçada belə əbədiləşdiriblər sənətdən, sözdən anlayan yerli insanlar.
Səməd Vurğunun Göyəzəni yüksəldib, “göylərə baş çəkdirdiyi” kimi Can Yücel də 20 minlik Datçanı göylərə qaldırıb. Günəşlə yuyulan, mavi ilə dalğalanan, yaşılla bəzədilmiş yerdir Datça. Zamanın durduğu, axmadığı yerdir buralar. Qayıtmaq istəmirdik İstanbulun küyünə, urbanizasiya dəhşətinə. Amma yenə də bilirdik ki, “Qarşıda bol Günəşli günlər var, hənirti var, həyat var”. Ümidli idik…
Can Yücel də nə gözəl deyib:
Yerin çektiği kadar ağırsın
Kanatların çırpındığı kadar hafif
Kalbinin attığı kadar canlısın…
İşte budur hayat!
Budur yaşamak…