Tramp niyə Qorbaçov ola bilmədi?
Donald Trampın ABŞ seçkisindəki gözlənilməz qələbəsinə bütün dünyada, hətta Amerikanın özündə də ruslar qədər sevinən yox idi.
Rusiyada isə ən çox sevinənlərdən biri də “KGB”nin mürtəce “Russia Today” media qurumunun baş redaktoru Marqarita Simonyan olmalıydı. Marqarita xanımın sevinmək üçün yəqin ki, əsası vardı, çünki Qərb kəşfiyyatının materiallarına görə, Ekvadorun Londondakı səfirliyində əsir olan Wikileaks başçısı Assanj (Assange) ilə məxfi şəkildə görüşən o, olmuşdu. Bu da bildirilirdi ki, bu iki nəfər “KGB” hakerlərinin Hillari Klintonun komandasından çırpışdırdığı “email”lərin faş olunmasını müzakirə etmişdilər. Başqa sözlərlə xanım Simonyan ABŞ seçkisində Hillarini uduzdurmaq missiyasının fəal iştirakçısı idi. Deməli, onun Trampın qələbəsinə sevinmək üçün tam əsası vardı.
O bu qələbəyə o qədər sevinmişdi ki, “az qalıram Moskvanın küçələri ilə maşın sürüb pəncərəsindən ABŞ bayrağını dalğalandıram”,- demişdi.
Yaxşı, deyək ki, Marqaritanın qandığı bura qədərdir. Bəs onda Putin hökuməti, onun bütün dövlət telekanalları niyə sevinirdilər?
Putinin də sevinmək üçün əsasları vardı.
Populist Trampın bütün seçki kampaniyası boyunca Putini tərifləməsi, Rusiya ilə dostluq və qardaşlığı bərpa edəcəyi, Moskvaya qarşı sanksiyaları qaldıracağı, “darmoyed” NATO və BMT-ni dağıdacağı barədə vədləri Rusiyanın yeni çarını niyə sevindirməyəydi ki?
Rusiyanın “ORT” dövlət kanalı sevindiyindən elə çaşmışdı ki, nəhayət Amerikanın da öz Qorbaçovunun zühur etdiyini elan edirdi.
Sanksiyaların qaldırılması avtomatik olaraq Ukraynanın işğalının qəbul edilməsi olacaqdı. Bundan ilhamlanan Rusiya Azərbaycan da daxil başqa qudurğan qardaşlara rahatca divan tutacaqdı. Dünyanın düzəni dəyişəcəkdi. İmperiya bərpa olunacaqdı və bu imperiyaya çar axtarmaq da lazım gəlməyəcəkdi. Çar axtarışı barədə az sonra yazacağam.
Əgər Tramp bütün vədlərini yerinə yetirsəydi, əslində bütün bunlar olmalı idi. Amma olmadı. Rus səhv eləmişdi. Moskva elə bilmişdi ki, Amerika da Rusiyanın tayıdır. Amma tayı deyil axı.
Rusun səhvi onda olmuşdu ki, Amerikanın 2 əsrlik tarixi olan demokratik siyasi sistemini nəzərə almamışdı. Elə bilmişdi ki, Amerikada da yalnız bir kişini kişi hesab edirlər və bu kişi istəyəndə 4 saatlıq mətbuat konfransı keçirir, nazir həbs elətdirir, ya da maykasını soyunub brakonyerliyə gedir.
Putin unutmuşdu ki, Rusiyadan fərqli olaraq Amerikadakı sistem prezidentə çar səlahiyyətləri vermir. Düşünməmişdi ki, rayon prokurorunun prezident fərmanını qanunsuz elan edə bildiyi sistemdə heç kim, heç prezidentin özü də istədiyini eləyə bilməz.
Bu sistem yaman yaxşı şeydir. Bütün Qərb keçmiş sovet respublikalarına “siyasi islahat keçirin” deyəndə, bizimkilər qulaqlarını tuturdular. Çünki Qərb bilirdi ki, demokratik sistem yaranmayınca bu ölkələr ölkə olmayacaq.
Qərbin dediyi sistem təkcə Qərbdə yox, hərdən elə geri qalmış Asiya və Afrikada da işləyir.
Bu yaxınlarda Pakistanın Ali Məhkəməsi baş naziri korrupsiyaya bulaşmaqda ittiham edərək kreslosundan tullayıb.
Cənubi Afrika Respublikasında polis Zimbabve birinci ledisinin ölkədən çıxmasına “stop” qoyub. Çünki xanım Muqabe bu ölkəyə bazarlığa və oğlanlarına baş çəkməyə gəlmişdi, amma oteldə görəndə ki, onun iki oğlu yerli model qızla əylənir, əlinə keçəni azad bir ölkənin vətəndaşı olan bu yazıq qızın başına çırpmışdı.
Məsələ burasındadır ki, həm Pakistan, həm də müəyyən mənada Cənubi Afrika ingilisin müstəmləkəsi olublar. İngilis də buradan çıxıb gedəndə dəmir yollarından, qazsız ingilis pivəsindən, kriketdən başqa, həm də öz məhkəmə sistemini miras qoyub gedib…
Bəs rus öz müstəmləkələrində nə qoyub mürəxxəs olanda? Çirklənmiş ekologiya, korrupsiya, “piyaniskəlik” və bir də avtokratiyadan başqa heç nə.
Ona görə də indi Rusiyanın bütün keçmiş müstəmləkə qardaşlarında elə onun siyasi sistemi qüvvədədir. Ölkədə bir kişi olar sistemi.
Rusiya bütün tarixi boyunca isbat edib ki, çörəksiz də, susuz da, pal-paltarsız da yaşaya bilər, amma çarsız yox. İstəyir Nikolay şəklində olsun, istəyir Lenin-Stalin, istəyirsə də Putin şəklində.
Yarı salnamə, yarı əfsanəyə görə 892-ci ildə bir-birini qırmaqdan yorulan rus tayfaları kompromisə gəliblər ki, ölkəyə “nəsli heç kimdən olmayan” varyaq Rüriki padşah dəvət etsinlər. Rürikin etnik mənsubiyyəti məsələsi bu günə qədər mübahisəli qalır, amma bu o qədər də mühüm deyil. Ola bilsin ki, bu Rürik dəvəti qəbul edəndə deyib:“Yaxşı gələrəm, amma bir şərtim var, hansınızın başını, nə vaxt istəsəm əzəcəyəm”.
Rusiya dövlətçiliyinin rəsmi tarixi həmin vaxtdan hesablanır.
Böyük Britaniya, London