Muəllif:

Qarabağı unutmamağın yeganə yolu — onu qaytarmaqdır!

İngiltərənin baş naziri Tereza Mey Rusiyaya qəzəblənib və onun ünvanına… Azərbaycan üçün çox ağır ifadə işlədib.

Britaniya hökumətinin rəhbəri London lord-merinin verdiyi ziyafətdə deyib ki, Moskva ara qarışdırır, Qərb ölkələrini üz-üzə qoymaqla dünya düzənini pozmaq istəyir, başqa dövlətlərdə seçki proseslərinə müdaxilə edir, müdafiə sistemlərinə haker hücumlarının arxasında dayanır, təxribat məqsədi ilə yalan xəbərlər yayır, «informasiyanı silaha çevirməyə» çalışır. Tereza Mey Rusiyanı «bizim hamımızın asılı olduğumuz beynəlxalq qayda-qanunlara» təhlükə adlandırıb və üzünü Kremlə tutaraq, onu hədələyib:”Sizin nə etdiyinizi biz bilirik, istəyinizə nail olmayacaqsınız!”. Baş nazir «şimal ayısı»nın qonşu ərazilərə «pəncə» uzatmasından da danışıb, Ukraynanın bir parçasının — Krımın anneksiyasını xatırladıb:«İkinci Dünya müharibəsindən sonrakı dövrdə ilk dəfədir ki, Avropada bir suveren dövlət başqa dövlətin ərazisini zorla əlindən alır!!!».

 ***

«Hamının asılı olduğu qayda-qanunlara» tabe dünyamızda Ukrayna dərdli, Azərbaycan adlı bir ölkə də var. Krımın zəbtindən 20-21 il əvvəl — İkinci Dünya müharibəsindən sonra Avropada ilk dəfə — məhz bu ölkənin torpaqları zorla əlindən alınıb. İşğalçı dövlət – hər cəhətdən Azərbaycandan kiçik zəif Ermənistan, onun vuran əli isə elə həmin qıllı «ayı pəncəsi»dir. Xocalıdan Şuşaya, Şuşadan Kəlbəcərədək Rusiya ordusunun Ermənistana hərbi yardımını və rus soldatlarının bir sıra döyüşlərdə fəal iştirakını təsdiq edən kifayət qədər sənədlər, şahidlər var. Kəlbəcərə hücumu koordinasiya edən ştatlı rus zabitlərinin radio danışıqlarını özüm dinləmişəm, sonradan, «Qarabağı unutmayaq» kampaniyaları zamanı onların audioyazılarını tələbələrlə görüşlərdə səsləndirmişəm.

***

Azərbaycanın nazirləri, nazirlərdən yuxarı və aşağı kreslolarda əyləşənləri, varlı-karlı adamları, nədənsə, məhz Britaniyanın paytaxtını övladlarına iqamətgah seçiblər. Bu gənclər Londonda təhsil alır, mülkiyyət əldə edir, biznes qurur, eyni zamanda, kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, böyük uğurla Vətən naminə ictimai-siyasi fəaliyyətlə məşğul olurlar. Lobbiçilik, tanıtım, piar adına Londonda rəsmi və qeyri-rəsmi tədbirlərə xərclənən pulları, o cümlədən dövlət vəsaitlərini, bəlkə, Azərbaycanın sosial büdcəsi ilə müqayisə etmək mümkündür.

***.

Tereza Meyin 13 noyabr çıxışını Financial Times baş nazirin indiyədək səsləndirdiyi «ən sərt çıxış» adlandırıb. Britaniya hökumətinin açıq və kəskin mesajları hələ də dünya mediasının diqqət mərkəzindədir. Təbii ki, hər regionda Meyin çıxışının bir aspekti daha çox qabardılır. Məsələn, ukraynalı ekspertlər Krım məsələsini önə çəkirlər. Mən də eyni mövzuda, həm də planetin ən qüdrətli dövlətlərindən birinin başında duran şəxsin dediklərinə uyğun kontekstdə Qarabağdan danışmaq üçün qələmə sarılmaq istədim. İddiam, əlbəttə, baş nazirə tarix dərsi verməkdən ibarət deyildi. Problem elmi biliklərin azlığında yox, sistemli siyasi fəaliyyət nəticəsində formalaşmış yanaşma tərzində idi. İstənilən halda, Goradildən Dumanlı Albiona heç cür əl çatdıra bilməzdim. Amma bizim, necə deyərlər, «müvafiq icra strukturlarına» və Londonda «Vətən naminə böyük işlər» görməkdə davam edənlərə belə bir xırda xatırlatma yerinə düşərdi ki, Qarabağ məsələsini yeni aspektdə gündəmə gətirmək üçün əlavə imkan yaranır. Axı Azərbaycan da Avropadır. Özü də çox vaxt belə təsəvvür yaranır ki, onun Avropaya daha yaxın inteqrasiyasına Qərb bizdən artıq maraq göstərir. Sonra fikrimi dəyişdim: görünən dağa nə bələdçi? Özləri hər şeyi görür, eşidir və yəqin, az bilmirlər…

***

Zaman qum kimi axıb gedir, amma bəzi işləri görmək heç indi də gec deyil. Tereza Meyin bəyanatı ilə bağlı müzakirələr hələ bir müddət səngiməyəcək. Bir də ki, əsrin dörddə birindən artıq davam edən işğala aid məsələdə beş-altı gün nəyi dəyişir? Təkliflərdən biri odur ki, Britaniyada, kontinental Avropada və burada – öz vətənində yaşayan azərbaycanlıların imzası ilə İngiltərənin baş nazirinə, ümumavropa strukturlarına elektron petisiya üvanlansın. Onun kiçik mətninin əsasını yuxarıda qara şriftlə seçdirilmiş fikir təşkil edə bilər. Sənədin hazırlamasına təşəbbüslə tanıtım-lobbiçilik-pablik münasibətlər sahəsində ixtisaslaşan ictimai təşkilatlarımızdan birinin çıxış etməsi daha məntiqlidir. Çünki bu işdə səriştənin, texniki bacarıqların olması şərtdir. Mənim yoxumdur, olsaydı, özüm qabağa düşərdim.

Kollektiv müraciətləri Azərbaycanda saya alan yoxdur. Avropa siyasətçiləri isə onlara çox həssas yanaşırlar. Xüsusilə belə müraciətləri minlərlə, on minlərlə adam imzalayıbsa və aksiya barədə məlumat mediada yayılıbsa!

***

Bu yaxınlarda qısa müddətə Bakıya gəlmiş Vahid Qazi ilə kafedə görüşdük. Orada Hikmət Sabiroğlu ilə qarşılaşdım. İllərlə yollarımız kəsişməyib. Hikmət Sabiroğlu xeyli dəyişib, amma sifətinin ifadəsi eyni, gözlərindəki kədər həmin kədərdir. Mən onun üzündə bu ifadənin nə vaxt, necə yarandığını yaxşı xatırlayıram: Şuşa işğal olunan gün biz bir qəzetdə işləyirdik.

Amma… artıq çoxlarının gözündə bu kədəri görmürəm. Sadəcə, baxışlar sönükdür…

O sönük baxışlar və yaşı əsrin dörddə-biri qədər olan gənc nəsil barədə düşünür, gələcəyi təsəvvürümə gətirməyə çalışır və anlayıram ki, nə qədər «Qarabağı unutmayaq» kampaniyası keçirirsən-keçir, Qarabağı unutmamağın yeganə yolu onu geri qaytarmaqdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 753