Muəllif:

Pişiyin dərdi iti öldürər

ABŞ Dövlət Departamenti Azərbaycanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, bu ölkədə xəstəxanaya müraciət etməyin, üstəlik aptekdən də dərman almayın. Doğrusu, dünyanın super dövlətinin məlum xəbərdarlığı nə təəccüb doğurmalıdır, nə də narahatlıq ifadə etməlidir.

Azərbaycanda illərdir həkimlərin təhsilindən tutmuş, onların sosial statusu barədə həm yazılır, həm də danışılır. Həm də ona görə təəccüblənmədim ki, gözəlim məmləkətin vətəndaşlarının özlərini müalicə etdirmələri üçün Astara sərhəd-keçid məntəqəsində dar qəfəsin içərisində hansı zülmlər çəkdiyinin şahidi olmuşam. Canlarına şəfa axtaranların cəfa çəkmələri, istidən ürəklərinin getməsi, qəfəsin qapısı açılarkən son ümid, qurtuluş kimi İran torpaqlarına doğru qaçmalarını da görmuşəm… Biləsuvardakı keçid məntəqəsində xəstəhal vəziyyətdə “Çin səddini” xatırladan uzun insan növbələrindən də xəbərdarıq. Bir azca imkanı olanlar təyyarəyə minib Türkiyəyə də gedirlər.

Azərbaycanda gözəl, yüksək səviyyəli xəstəxanalar var, içərisindəki avadanlıqlar da ən yaxşısından, ən bahalısındandır, amma insanlar bunlara yaxın düşmək istəmirlər.

Dövlətin səhiyyəmizə diqqəti dövlət büdcəsində öz əksini tapıb – 4,5 faiz. 2018-ci il üçünsə bu xərclər 3,5 faiz nəzərdə tutulub.

Ölkənin “onurğa sütununu” təşkil edən təhsil sisteminin də vəziyyəti səhiyyədən geri qalmır. «Times Higher Education» jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini – «World University Rankings 2016-2017»-ni dərc edib.  Azərbaycanın heç bir ali məktəbi bu reytinqdə yoxdur. Bunların üstünə, keçmiş TQDK-nın, indiki Dövlət İmtahan Mərkəzinin hər il qəbul ballarını aşağı saldığını da əlavə etsək, vəziyyət barədə ümumi təsəvvür yaranır.

2017-ci ildə dövlət büdcəsində təhsil xərcləri 10 faiz nəzərdə tutulmuşdusa, 2018-ci ildə bu rəqəm 9,6 faizi əhatə edəcək. Bundan əlavə, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası başa çatsa da, yeni proqram hələ də qəbul olunmayıb. Təhsil Nazirliyi bunu “fasilə” kimi dəyərləndirir. Nədənsə, “fasilə” yaman uzanır.

Elmimizdə də vəziyyət təhsil və səhiyyədən fərqlənmir. 2017-ci ildə elmə ayrılan vəsait 0,7 faiz təşkil edib, gələn il bu rəqəm 0,6 faiz olacaq. Bunun da məntiqi nəticəsidir ki, uzun illərdir Azərbaycan alimləri dünya elminə hansısa töhfə vermirlər.

Təhsilin, səhiyyənin normal fəaliyyət göstərməsi üçün bu sahədə çalışanların özləri də normal əmək haqqı almalıdır ki, ortaya normal da nəticə qoya bilsinlər. Azərbaycanda maddi vəziyyət isə belədir: minimum əmək haqqı 116 AZN, dövlət müəssisələrində çalışanların orta aylıq əmək haqları 383,6 AZN, özəl sektorda isə 714 AZN-dir.

Azərbaycanın orta aylıq əmək haqqını elə keçmiş ittifaq respublikaları ilə müqayisə edək: Estoniyada 1313, Gürcüstanda 413, Ermənistanda 397 ABŞ dolları. Azərbaycan bu siyahıda Latviya, Litva, Qazaxıstan, Rusiya, Belarusdan da arxadadır.

Azərbaycanda müəllimlərin orta aylıq maaşı 456 AZN-dir. Bu da, yalnız diaqnostik qiymətləndirmə keçən müəllimlərin əmək haqqıdır.

AMEA dövlət büdcəsindən maliyyələşən müəssisə olduğundan burada çalışan işçilərin əməyinin ödənilməsi dərəcələrdən asılıdır. Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinə görə,  birinci dərəcə üçün 116 AZN, 19-cu dərəcə üçün 750 AZN əmək haqqı nəzərdə tutulur. Həkimlərin də əmək haqları bu cədvələ uyğun ödənilir. Elmi dərəcəsi olanların əmək haqqına cüzi əlavələr də olur…

Azərbaycanda manatın iki dəfə ucuzlaşmasından keçən iki il, dünya bazarında neftin qiymətinin aşağı düşməsindən keçən üç il ərzində ərzaq və qeyri-ərzağ məhsullarının qiymətində xeyli artım olsa da, maaşlarda ciddi artım nəzərə çarpmayıb.

Bu vəziyyətdə az əmək haqqı alan həkim, müəllim, elmi işçi ölkənin və onun vətəndaşlarının həyatında hansı köklü dəyişikliklər edə bilər?  Buna görə də dövlət strukturunda işləyənlər məcburdur ki, paralel olaraq özəl sektorda da işləsinlər. Belə olan halda, müəllim, həkim və alim öz üzərində işləməkdən çox, maddi qazanc üçün işləyir. Özünü inkişaf etdirmək, yeni biliklər əldə etmək, ən son yeniliklərlə tanış olmaq imkanları məhdudlaşır.

Bu arada, Səhiyyə Nazirliyi ABŞ dövlətinə cavab verib. “Bu, onların öz vətəndaşlarına bir növ yanaşma tərzidir. Tövsiyənin bizim ölkə səhiyyəsinə qətiyyən aidiyyəti yoxdur”.

2018-ci ildə Azərbaycanda seçki keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 289