Muəllif:

Padşahlıq arzusu ilə yaşamayın

İnsan allahlıq  iddiasında olmalıdır

Bir çoxları deyəcəklər ki, bu Mirqədirov lap ağlını  itirib. İndi allahlıq iddiasındadır. Bir sözlə, allahsızlara qoşulub. Bir qədər  səbriniz olsun. Elə deyil.

Amerikalı rejissor Oliver Stounun Putin haqqında çəkib başa vurduğu  sənədli filmdə maraqlı bir səhnə var. Stoun “qeyri-məhdud hakimiyyətə” malik Putindən doğrudanmı “Rusiya çarı” olmaq istədiyini soruşur və “Əsas odur ki, malik olduğun hakimiyyətdən  düzgün istifadə edəsən”,- cavabını alır. Düşünürəm ki, məntiqi olduğu qədər də qeyri-səmimi cavabdir. Düzdür, Putin qeyri-məhdud hakimiyyətə malik olduğunu inkar etmir. Amma düşünməyin ki, səmimi, gerçəkliyi gəbul edən insan olduğu üçün bu etirafı edir. Əsla yox. Tanınmış amerikalı rejissor tərəfindən səsləndirilən bu tezis onun Rusiyada yeganə söz sahibi olduğunun beynəlxalq aləm tərəfindən qəbulunun təsdiqidir. Putinin Rusiyada yeganə söz sahibi olmasının bütün dünya tərəfindən etirafı isə həm beynəlxalq aləmdə, həm də ölkə daxilində onun mövqelərini möhkəmləndirir.

Putin özünü Rusiyanın çarı elan etməyə hazırlaşmadığını bəyan edir. Amma bunun hakimiyyətin və səlahiyyətlərin qeyri-məhdudluğu ilə heç bir əlaqəsi yoxdur. Bütün avtoritar liderlər kimi Putin üçün  də “çox hakimiyyət” deyil, “az hakimiyyət” problemi var. Putin gözəl başa düşür ki, mütləqiyyətin bərpasının mümkünlüyü ilə bağlı söz-söhbətlərin gerçəkləşdirilməsi cəhdləri  onun üçün müxtəlif xarakterli ciddi problemlər   yarada bilər. Birincisi, mütləqiyyətin bərpası mütləq hakimiyyətin bərpası demək deyil. Bu gün ən azından Avropa məkanında mütləq hakimiyyətə malik mütləqiyyətlər dəbdə deyil. İngiltərə kraliçası ilə İspaniya kralının gündəlik idarəetmə işlərinə müdaxiləsi isə minimum, daha doğrusu, sıfr  səviyyəsindədir.

İkincisi, Rusiyada mütləqiyyətin bərpasının öxünəməxsus problemləri var. Ən əsas problem isə ondan ibarətdir ki, cənab Ulyanov Romanovlar sülaləsinin kökünü kəsə bilməyib. Romanovlar evi rəsmi olaraq hələ də mövcuddur. Putininsə bu ailə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Əgər Putinin çarlığı Romanovlar evi tərəfindən qəbul edilməzsə, bu amil həm legitimliklə bağlı, həm də pravoslav kilsəsi ilə münasibətlərdə ciddi problemlər yarada bilər.  Unutmaq lazım deyil ki, Romanovlar evinin son çarı Rus Pravoslav Kilsəsi tərəfindən “müqəddəs şəhid” elan edilib.

Və nəhayət, üçüncüsü, Putin özünün malik olduğu qeyri-məhdud hakimiyyətlə mütləq hakimiyyət arasındakı fərgi hamıdan yaxşı başa düşür. Unutmaq lazım deyil ki, dünyəvi hakimiyyət, mahiyyətindən asılı olmayaraq,  siyasət adamları ilə cəmiyyət arasındakı sövdələşmə əsasında formalaşır. Başqa sözlə desək, bu alverdə siyasətçilərin tərəf mügabili vətəndaşlar toplusu, yəni xalqdır.

Bu amil ictimai fikirlə qeyri-məhdud manipulyasiya imkanları yaradır. Bu gün özünü solçu, sabah isə sağçı, bir gün dindar, səhərisi isə ateist elan edə bilərsən. Cəmiyyətin müqavimət gücünü qırıb onun iradəsini hakimiyyətə tabe  etdirən məlum kompleks tədbirlər öz yerində. Bütün bunların hamısı isə xalq iradəsinin təzahürü kimi təqdim olunur. Bir sözlə, hakimiyyətin qeyri-məhdudluğunun təmini üçün hüdudsuz improvizasiya, manevr və yaradıcılıq imkanları açılır. Təsadüfi deyil ki, müasir dünyada bütün avtoritar hakimiyyətlər və diktaturalar özlərini respublika adlandırır. Çalar fərqlərinin elə bir əhəmiyyəti yoxdur.

Mütləq hakimiyyətin isə diametral fərqli mahiyyəti var. Bu tip sistemlərdə hakimiyyətə iddia edənlərin tərəf müqabili Allahdır. Özü də bu münasibətlərdə heç bir alver nəzərdə tutulmur. İddiaçı dini doqmalardan ibarət və onun hakimiyyətinin sərhədlərini müəyyənləşdirən hazır  sövdələşməni qəbul etmək zorundadır. Burada heç bir manevr, heç bir manipulyasiya imkanı yoxdur.

Bəziləri düşünə bilərlər ki, mən mütləqiyyət tərəfdarıyam. Əsla yox. Bölüşmək istədiyim mətləblər başqadır.

Bir neçə gün bundan əvvəl Hamburqda ABŞ prezidenti Donald Trampın Putinlə çoxdan gözlənilən görüşü axır ki baş tutdu. Mənim üçün maraqlı olanı bəzi ABŞ və Rusiya dövlət adamlarının bu görüş ətrafında yaratmaq istədikləri mənəvi ovqatdır.  ABŞ Dövlət Katibi Tillerson çox böyük sevinclə bəyan etdi, Putinlə Tramp arasında “kimyəvi proses” baş tutub. Yəni onlar bir-birinə qarşı mənəvi doğmalıq hiss ediblər. Bu cür bəyanatları eşıdəndə məni dəhşət bürüyür. Axı söhbət PUTİNİN yeni seçilmiş ABŞ prezidentində doğurduğu hisslərdən gedir. Düşünürəm ki, 2008-ci ilin avqustundan bu yana bütün baş verənlərdən sonra dünyada Putinin hansı yuvanın quşu olduğunu bilmək istəməyənlər tapıla bilər, amma bilməyənlər tapılmaz.

Putinin hansı yuvanın quşu olduğunu bilmək istəməyənlər isə yalnız onun özü kimilərdir. Belə çıxır ki, mənəvi dəyərlərinə görə, Tramp və Tillerson Putin və Lavrovdan fərqlənmirlər. Özü də problem Trampın Putinlə  bir masa arxasında oturub mövcud beynəlxalq münaqişələrin həlli yollarını axtarmasında deyil. Bu problemlərin bir çoxunu Rusiyasız həll etmək mümkün deyil. Ən azından ona görə ki, həmin problemlərin bir çoxunun yaranma mənbəyi Putin Rusiyasının özüdür.

Məni dəhşətə gətirən Trampın Putinə olan simpatiyasını gizlətməyə belə ehtiyac duymamasıdır. Tramp Putinə simpatiyası olduğunu nümayiş etdirməkdən utanmır. Bu dəhşətli gerçəkliyi araşdırmağa dəyər. Ən bəsiti bütün problemlərimizdə Tramp və Putin kimi qlobal miqyaslı söz sahiblərini günahlandırmaq olardı.  Bundan asan nə var ki?! Amma onda belə bir  sual meydana çıxır: Tramp kimlərdən utanıb-çəkinərək Putinə olan simpatiyasını gizlətməyə çalışmalı idi?! Sözsüz ki, maraqlarla müqayisədə dəyərlərə daha çox önəm verən insanların mövcudluğu Trampı buna məcbur edə bilərdi. Amma etmədi. Deməli, yalnız ABŞ-da deyil, bütün dünyada dəyərlərə önəm verən insanların sayı kritik həddə çatıb.

Fyodor Dostoyevskinin “Karamazov qardaşları” əsəri yadıma düşdü. Romanın əvvəlində bu gün də aktuallığını itirməmiş çox maraqlı bir mübahisə var. Əsərin gəhrəmanları bir sualın cavabını axtarırlar: din dövlətə, yoxsa əksinə dövlət tədricən dinə  çevrilməlidir.  Başqa sözlə desək, mənəviyyat daşıyıcılarının hakimiyyətə gəlməsi kifayətdirmi, yoxsa hakimiyyət tədricən kamilləşərək mənəviyyatlaşmalıdır?!  İlk baxışdan tavtalogiyaya bənzəyir. Amma tavtalogiya deyil.

Əslində həm xristianlığın, həm də islamın tarixi dinin hakimyyətə çevrilməsi səlnaməsidir.  İmperator  Konstantinin hakimiyyəti dövründə (285-337-ci illər) xristianlıq Roma imperiyasının hakim dininə çevrildi. Bu o deməkdir ki, xristianlıq təxminən 300 ilə yaxın dövlətlə münasibətdə müxalifətdə olub. Hakimiyyətə çevrildikdən sonra xristianlıqda maraqlı bir transformasiya prosesi getdi. Mariya Magdalina haqqındakı rəvayəti yada salaq. İsa Peyğəmbər əslində əxlaqsızlıqda ittiham olunan bir qadının Yaradanın adı ilə daş-qalaq olunaraq edam edilməsinin qarşısını alır. O, əslində bəyan edir ki, heç bir kəs, o cümlədən o, Allahın adı ilə insan qətlinə hökm verə bilməz. Orta əsrlərdə isə kilsə minlərlə insanı Allahın adı ilə tonqallarda yandırdı.

İslamın dövlətə çevrilməsi prosesi daha tez başa çatdı. Bunun üçün İslama 20 il kifayət  etdi. 630-cu ildə Məkkə təslim olandan sonra İslam bütün Ərəbistan yarımadasının  hakim dininə və vahid hakimiyyətinə çevrildi. Bir müddət sonra müsəlman intibahı dövrü başladı. Lakin islam da xristianlıq kimi transformasiyaya məruz qaldı. Xristianlıqdan fərgli olaraq islam bu gün də dövlətlə münasibətlərini dövrün tələblərinə uyğun yenidən qura bilmir. Əslində islam bu və ya digər variantda yenidən xilafət dövrünə qayıtmağa və dövlətin  bütün  funksiyalarını öz əlində cəmləşdirməyə çalışır.

Dinin  dövlətə çevrilməsinin acı nətəcələrini həm xristian, həm də müsəlman ölkələri kifayət qədər yaşayıblar. Problem ondan ibarətdir ki, əksər xristian dövlətlərindən fərqli olaraq, islam dünyasında bu acını insanlara yenidən yaşatmaq meylləri bu  gün də  çox güclüdür.

Bir sözlə, dinin dövlətə transformasiyası ədalətin tənnənəsini təmin edə bilmədi və edə də bilməzdi. Dəyərlərin bu və ya digər maraqlar toplumuna qurban verilməsi qaçılmaz idi.  Bu proses dəyərlərin, yəni  mənəviyyatın aşınması ilə yanaşı onların dövlət zorakılıq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməsinə gətirib çıxartdı.

Liberal-demokratik dəyərlər toplusunun işlənib-hazırlanmasına baxmayaraq,  bəşəriyyət hələ də bu mənəvi aşınma mərhələsini adlaya bilməyib.  Yenə də Tramp və Putindən misal gətirmək istəyirəm. Bir müddət əvvəl insan qətllərində şəxsi iştirakını etiraf edən, antiterror əməliyyatlarında iştirak edən əsgərlərin hər birinə üç gadını zorlamağı icazə verən Filippin prezidenti Duterteni Putin Kremldə gəbul, Tramp isə “yaxşı oğlan”  adlandırıb Ağ Evə dəvət etdi. Duterte də borclu qalmadı. Putini özünün “kumiri” adlandırdı. Və heç kim utanıb-qızarmadı.

Mənəviyyatın siyasi hakimiyyət üzərində təntənəsinin yalnız bir yolu qalır. Əslində bu yol hamıya, o cümlədən, islam dünyasına çoxdan məlumdur. Düsturu da çox sadədir: kamil insan – kamil cəmiyyət — kamil dövlət. Bunun üçün isə insanın adil padişah axtarışından əl çəkib Allahlıq iddiası ilə yaşaması kifayətdir…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 9,33 из 10)
Oxunma sayı: 1020