ONUN “GİZLİ” BAKI SƏFƏRİ
Xəbəriniz varmı, fantastik Hyperloop layihəsinin müəlliflərindən biri, “Hyperloop One” Direktorlar Şurasının sədri, tanınmış amerikalı iş adamı Şervin Pişəvar Bakıya gəlibmiş. İranda doğulub Amerikada böyümüş, əfsanəvi Berkli (Berkeley) universitetinin məzunu, Tumblr, Warby Parker, Airbnb, Didi, MachineZone və Uber kimi böyük layihələrin müəllifi “ADA” universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” adlı mühazirə oxuyub.
“Startup” layihələrinə böyük sərmayələr qoyan Şervin Pişəvar “ADA”nın tələbə-müəllim heyəti qarşısında uğurlu biznes ideyalarının tapılmasında tövsiyyələri ilə bölüşüb. “Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etmələri, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”,- deyir amerikalı iş adamı və əlavə edir:”Əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o, gəlir gətirəcək”.
Amerikalı qonaq gənc alimlərimizi sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.
Şervin Pişəvarla görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. Bu fakta xüsusi diqqət ayıracam…
İlon Mask, Rey Kursveyl, Nassim Taleb, Mitio Kaku, Ceyms Vudhayzen, Şervin Pişəvar kimi düşünən beyinlər və mütəşəbbislər bəşəriyyətin XXI əsrdəki yeni çöhrəsini yaradanlardır (Onlar mənim “Ayna”da bir müddətdir yazdığım məqalələrin real qəhrəmanlarıdırlar). Belə nəhəng adamlarla təmas etmək, fikir mübadiləsi aparmaq bulunmaz bir nemətdir. Dəqiqələri qızıl qiymətinə olan belə insanları çəkib harasa aparmaq müşkül məsələdir. Gecə-gündüz çalışan bu canlı əfsanələr çox səyahət etmirlər. Gedəndə də onları dinləmək üçün görülməmiş izdihamlar yaşanır.
Mən Pişəvarın Bakıya gəlişini internetdən — Leyla Əliyevanın şəxsi səhifəsindən öyrəndim. Öncədən bilsəm, bütün imkanları səfərbər edib Pişəvarı canlı izləməyə gedər, hətta 1-2 sual da verərdim. Düşündüm ki, yəqin bizim qəzet və saytlarda Pişəvarla bağlı maraqlı yazılar, reportajlar getdi, tv kanallarımızda mühazirəsi yayımlandı. Lakin internetdəki aramanın nəticələrini görüncə şok oldum, əvvəlcə inanmadım. Pişəvar haqda bizim saytlarda yox deyəcək qədər az xəbərə rast gəldim. Bizim media Pişəvarı önəmsəməyib “pas” keçmiş, onun səfərinə “gizlilik” donu geyindirib. Üzüntü və təəssüfü bir arada yaşadım…
Nassim Talebin 2008-də İstanbul, 2016-da isə Moskva səfərini, Şervin Pişəvarın Peterburq İqtisadi Forumunda Putinlə görüşməsini türk və rus mediaları çox geniş işıqlandırmışdılar. Səfərdən əvvəl tanıtım kampaniyaları yapılmış, biletlər aylar öncəsi satılmışdı. Talebin kultlaşmış “Qara Qu Quşu” və “Antiqırılqanlıq” kitabları satış rekordları qırmışdı. Bir sözlə, demək ki, onlar belə insanların qiymətini, önəmini bizdən yaxşı bilirlər. Dünyada neçə Mask, Pışəvar, Taleb var ki?
Birinci vitse-prezident Mehriban Əliyeva və “ADA” universiteti rektorunun səyləri ilə 42 yaşlı xarizmatik milyarder biznesmen Azərbaycana gəlir. Bizim “çinovniklər” isə görün ortaya necə “məhsul” çıxardırlar. Pişəvar kimi “startup” biznesinin nəhəng təmsilçisinin Bakıya gəlişini reklam etmək, dünyaya çatdırmaq yerinə bir para quru xəbərlə kifayətlənirlər. Bilmirlər ki, onun hər addımı, hər sözü sosial şəbəkələrdə necə izlənilir. Fürsətdən istifadə edib Azərbaycana nə dividendlər qazandırib imicini yüksəltmək olardı! Amma bunun üçün fərqli düşünən kadrlar, fərqli baxış bucağı olan insanlar lazımdır.
Pişəvar Hilları Klintonun seçki kampaniyasında Demokrat partiyasının sponsoru idi. Rezonansa səbəb olan layihələri o qədər maraq doğurur ki, dünya liderləri onunla tanış olmaq üçün növbəyə dururlar. Obama, Tramp, Putin və b. hər fürsətdə onunla görüşməyə can atdıqları bilinən faktdır.
Yeni Dünyanın gücü və onun açıq cəmiyyətinin verdiyi imkanlar. Taksi sürücüsü olan iranlı mühacirin oğlu Amerikada milyarder olur, astronomik büdcəli layihələrə imza atır, Amerika, Rusiya kimi böyük dövlətlərin başçılarına brifinglər verir, onlara gələcək inkişaf modelləri haqda ipucları söyləyir. Və Bakıya gəlir, kiçik bir ölkənin paytaxtına…
* * *
2016-nın yayında Amerikanın Nevada səhrasında Hyperloopun ilk sınağı keçirildi. Hyperloop-vakuumda hərəkət edən qatar layihəsidir. Plana görə, 2019-dan yük qatarları, 2021-dən isə sərnişin kapsulları vakuumlu borularla şütüyəcəklər. Sürəti təyyarədən 2 dəfə çox olacağına görə San-Fransisko ilə Los Angeles arasındakı 561 km-lik məsafə 30 dəqiqəyə qət ediləcək.
Bakıdan Tiflisə isə 560 km-dir. Xəyal edə bilirsizmi – yarım saata Tiflisə?
Putin Peterburqla Moskvanı bu yolla birləşdirməyi arzu edir. Polyaklar Qdansk-Varşava, ingilislər isə Mançester-London arası kapsul-qatar xətti haqda düşünürlər. Hyperloop müasir insanın həyat tərzini dəyişdirəcək, urbanizasiyaya, çağdaş yaşama yeni bir deyim girəcək:“Bir şəhərdə yaşayıb, başqa şəhərdə çalışmaq”. Yəni, məsələn, Bakıda evində yatıb, səhər Tiflisə işə getmək.
Bir il əvvəl Hyperloop layihəsindən, İlon Maskla Şervin Pişəvarın yuxuyabənzər planlarından yazanda xeyli dostum ağız büzmüşdü. Keçən müddət ərzində kapsul-qatarların sınaqlarına start verildi, Mask raketlərlə qitələrarası uçuşlara başlayacağından, Marsda koloniya qurmaqdan və daha neçə başgicəlləndirici iddialardan danışdı.
Mənsə “ADA”nın konfrans salonunda Pişəvarı dinləyən azərbaycanlı tələbələrin gözlərindəki qığılcımı görmək istərdim. İstərdim ki, bizim qızların XXI əsrdə elmə və innovasiyalara olan həvəsini göstərək dünyaya, Aşurada qara geyib özünə əl qatanları deyil. Harda idi bizim anlı-şanlı kanallarımız? Niyə yayınlamadılar o mühazirəni? Bu fürsətdən beləmi fərasətsizcə istifadə edəcəkdiniz?
Azərbaycan dövlətinin modern texnologiya və innovasiyaların inkişafına verdiyi önəmi Avropada, Amerikada anlatmaq çox zəruri məsələdir. Amma belə işlər lobbiçilikdən, Qərbdə ölkəmizi təbliğ etməkdən dəm vuran məmurların əlindən gələn deyil. “Kolxoz” təfəkkürü ilə dünyaya bu çərçivədən baxsan, dövlətin bu möhtəşəm təşəbbüsünü belə heç edərsən. Soruşun görüm, onlardan hansı biri Hyperloopun adını eşidib, Nassim Talebi oxuyub, İlon Maskı tanıyır. Soruşun və cavabları sizi dəhşətə gətirəcək.
* * *
“Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra sürətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”. Bu sözləri Pişəvar azərbaycanlı tələbələr qarşısında deyib. Bizim dövlət kanalımız isə hələ də Sumqayıt-Bakı “elektriçkasının” bərpasından danışır. Bir məqaləmdə yazdığım kimi, görəsən bu “elektriçka” ilə hara gedib çıxacağıq biz?
“Cahil adamdan uzaq durmaq müdrik adamla dostluq qədər faydalıdır”- Nassim Taleb Antiqırılqanlıqda belə yazmışdı…