Muəllif:

Ölünü gizlətmək olmur – dirini gizlətməyə nə var!

Yayda adamların üzü dənizə olur. Ona görə, yəqin, çoxunuz Pirşağıdan Novxanıyadək 12-13 kilometrlik təzə yol çəkildiyindən xəbərdarsınız. Dübbədüz qəşəng yoldu, təkərlərin altında asfalt elə şırıldayır ki, maşının açıq pəncərəsindən nəm külək də vuranda, elə bil, şəlalənin altında durmusan.

Ən böyük nailiyyət isə odur ki, yolun hər iki tərəfi ilə piyadalar üçün səkilər salınıb! Axır ki, uzun illərin təcrübəsi nəticəsində yolçəkənlərimiz müşahidə ediblər ki, Abşeron kəndlərində sürücülərdən savayı, piyadalar da yaşayırlar.

Mediada «Şosse hazırdır» başlıqlarını oxuyub səhər tezdən velosipedimlə onu başdan-ayağa keçmək həvəsinə düşdüm. Ara-sıra qanqaraçılıq olurdu. Pirşağı tərəfdə asfaltın üstü tısbağa çanaqlarının qırıqları ilə dolu idi. Görünür, bizim təzə yolumuz onların «dəbə-baba» yolunu kəsirdi. «Neyləmək olar», deyə özümə təsəlli verdim, «inkişaf qurban tələb edir. Hərçənd, ağıllı tərpənməklə qurbansız ötüşmək mümkündü. Yol – həyatdırsa, tısbağaların da həyatını qorumaq üçün asfaltın altından bir-iki yerdə yoğun boru atmaq kifayətdi». Bəzi hissələrdə səki artıq dağılmağa başlamışdı, çünki elə qumun üzərindən döşənmişdi, yanı bərkidilmədən qırağına daş düzülmüşdü. Yağan yağışlar, əsən küləklər qumu sovurub-yuduqca, asfalt aşılanırdı, səki çökürdü. Buna da şükür oxudum:”Hər əyər-əskiyimiz birdən düzəlməz ki! Yavaş-yavaş səki salmağı da öyrənəcəklər”.

Fatmayı-Goradil bərabərində yol gurlaşırdı. Günəş qalxdığında ailələr – əsasən, qadınlar və uşaqlar — bağlardan çimərliklərə axışırdılar. Heç yerdə «Keçid» işarələri, xalq arasında «zebr» deyilən zolaqlar gözə dəymirdi. Maşınlar ara verəndə adamlar dovşanlar təki bu səkidən o səkiyə qaçışırdılar. Yenə toxtaxlıq üçün əsas tapdım:”Tısbağadansa, dovşan yerində olmaq yaxşıdır”.

Yolu başa vurub geri dönəndə Novxanı ilə Goradilin arasında bir balaca “dovşan”a da rast gəldim. Təxminən 6-7 yaşında, başı həsir papaqlı oğlan uşağı 15-20 metr arxadan gələn qadınları gözləyirdi ki, asfaltı adlasınlar. O, gah tənbəl-tənbəl yeriyən qadınlara, gah qarşıda günəş altında bərq vuran dənizə baxıb səbirsizlikdən yerində dingildəyirdi. Yanından ötəndə gülümsədim: “Salam, balaca”. “Əleykümm-salaaam”, — deyə oğlan papağını qaldırıb sevinclə qışqırdı. Bütün narazılıqlarımı unutdum, kefim lap kökəldi. Az qalırdım, qarşımdan ötən avtomobillərə də əl eləyim.

Bir az aralanmışdım ki, arxadan əyləclərin müdhiş səsini və qadın çığırtıları eşitdim. Velosipedi saxlayıb geri döndüm. Qara bir maşın yolun ortasında köndələn dayanmışdı. Hər iki istiqamətdə avtomobillər sıraya düzülmüşdü. Qara maşından düşən iki kişi qadınları tələsik arxa oturacağa əyləşdirirdi. Birdən gənc qadın onların əlindən çıxdı, cumub yolda böyrü üstə qalmış həsir papağı götürdü və geri qaçdı. Qara maşın yerindən qopdu.

Dallarınca sürdüm. Bəlkə, təzə tanışıma köməyim dəyə bilərdi. Məsələn, uşağa xəstəxanada qan lazım olardı. Ancaq, hansı xəstəxanada? Bu çaqqaçuq velosipedlə hara gedirdim?..

Evə qayıdanda əsəbimdən dodağımı gəmirirdim. Goradil-Fatmayı bərabərində fəhlələr tökülüb yolkənarı bağların suvaqsız divarlarını ağardırdılar, qaçqınların tutduğu uçuq-sökük sanatoriyanın zibilli həyəti görünməsin deyə daşdan, qamışdan hasar qaldırırdılar.

Əli belində fəhlələrə rəhbərlik edən kişinin qabağında saxladım. Acığımı üstünə tökməyə adam tapmışdım. Hirslə burada nə iş gördüklərini soruşdum. “Rəis” duruxdu.

— Rəsmi açılışa hazırlaşırıq.

— Heç olmazsa, keçidlər qurun, piyadalar üçün zolaqlar da ağardın.

Kişi alnının tərini silib günahkarcasına:

— Vallah, müəllim, o bizlik deyil, — dedi.

Axşama kimi özümə yer tapammadım. Uşaq yadımdan çıxmırdı. Axır yol polisində işləyən yaxın tanışıma zəng edib əhvalatı danışdım. Hadisənin nə ilə nəticələndiyini, uşağın hara aparıldığını öyrənmək istədiyimi dedim. Tanışımdan cavab gəldi ki, “bu gün həmin ərazidə heç bir hadisə qeydə alınmayıb”.

Mən Azərbaycanda cinayət və qəza hadisələrinin qeydiyyat təcrübəsinə bələdəm. Ölünü gizlətmək olmur – dirini gizlətməyə nə var! Ona görə də hay-küy salmaq əvəzinə xeyli sevindim. Sevindim ki, qeydə alınmayıbsa, ya aldırmayıblarsa, deməli, mənim “dovşan”ım sağdır. Yayın yarısı qabaqdadır, çox ola bilsin ki, biz hələ görüşəcəyik.

Yol, həqiqətən, həyat deməkdir. Amma bu, təkcə sürücülər üçün yox, tısbağalar üçün də, dovşanlar üçün də, hətta piyadalar üçün də belə olmalıdır. Azərbaycan dünyada qlobal təhlükəsizliyə xidmətilə fəxr edir. Öz vətəndaşlarımızın lokal təhlükəsizliyinə niyə bu qədər biganəyik? Niyə bizdə avtomobil yolları təhvil alınanda, «qırmızı lentlər» kəsiləndə bu yolların piyadaların rahatlığı və təhlükəsizliyinə nə dərəcədə uyğun olduğunu dövlət nəzərə almır? Əvvəl yol salınır, iyirmi-otuz adam maşın altında əziləndən sonra təzədən keçidlər tikmək yada düşür. Təkcə gözdəniraq yerlərdə deyil, mərkəzi şosselərdə də belədir. Lap elə aeroport yolu, Zabrat yolu, “Azadlıq” prospekti ilə bağlı əhvalatları yada salın.

Mətbuat yazır, camaat şikayət edir, ölü yiyələri yığışıb yolu kəsməyincə fikir verilmir. Deməli, belə olduqda neyləmək lazımdır?

Mənim də bu yazını yazmaqla ürəyim soyumadı. Qəza baş verən yerdə özüm asfaltda bir “zebr” çəkdim.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (13 оценок, среднее: 9,31 из 10)
Oxunma sayı: 646