Ölü yeri
Trabzona getmişdim. Dəfn mərasiminə. Dostumun babası vəfat etmişdi. Sabahın ilk işıqları ilə dostumun acısını paylaşmaq və onu tək qoymamaq üçün Türkiyənin qərbindən şərqinə — o biri ucuna uçuruq. İstanbuldan ölkənin hava limanı olan şəhərlərinə uçuşlar çox erkəndir. Güman ki, elə ölüm-itim kimi qəfil hadisələri eşidib dəfnə yetişmək üçün.
Ölüm varkən biz yoxuq, biz varkən isə ölüm yoxdur. Zatən onunla heç qarşılaşmayacağıq-Epikur
Trabzona saat yarım uçur təyyarə. O qədər böyükdür ölkə. Bir azca da uçsan Batum, Tiflis və əlini uzatdınmı Vətən. Sərnişinlərin xarici görünüşünə baxanda elə bil ölkədaxili yox, Avropa reysidir. Moderndir çünki Qara dəniz bölgəsinin insanı, türkçüdür, Atatürkçüdür, mühafizəkar və dini bütündür, amma cahil və mövhumatçı deyil. Türkiyənin bel sütunudur bu cənnət diyar, candır, candandır və cəngavərdir onun insanı. Trabzonlusu, rizelisi, samsunlusu, artvinlisi ilə…
Dəfn mərasimi mərhumun doğulduğu və yaşadığı Çarşıbaşı (köhnə adı İskefiye) ilçəsinin (rayonunun) ucqar dağ kəndində keçiriləcəkdi. Trabzonun şəhər mərkəzindən kənd çocuklarına şirniyyat alıb Giresun sahil yolu ilə qərbə doğru yola çıxırıq. Trabzonspor futbol klubunun sahildəki bir suyu bizim “Crystal Hall”a bənzəyən yeni ultra-modern stadionunun önündən keçib Akçaabata tərəf irəliləyirik. 25 km sonra sahil yolundan sola burulub dağ yolları ilə dəfn yerinə istiqamət alırıq.
Buranın dağ kəndlərində evlərarası məsafələr böyükdür, ən az 800-1000 metr. Yamyaşıl yamaclarda yerləşmiş evlər kimi məzarlıqlar da kənd boyu uzanıb gedir. Məzarlıqlar da evlər kimi kompakt deyil, nəsil-nəsil, boy-boy bölünüblər. Çarşıbaşında qəbiristanlıqlar kənd camisinin ətrafından başlayıb qıvrıla-qıvrıla bu bərəkətli torpaqları sarıb sarmalayıb.
Qara dəniz bölgəsinin adət-ənənələri ölkənin başqa yerlərindən fərqlənir. Həyatın gerçəyi və acısı olan ölüm də bir qədər fərqlidir buralarda. Dünyasını dəyişənin adı və dəfn günü kənddəki dinamiklərdən anons edilir. Bəzi məzhəblərdə olduğu kimi Hənəfilərdə də ölüm xəbərini qohum-əqrabaya, dost-tanışa bildirmək vacibdir. Biz Çarşıbaşına vardığımızda müəzzin sala oxuyub dəfn saatını duyurmuş, peyğəmbərin ruhuna salavat gətirmişdi. Burada, dağların başında da həyatın bir parçasıdır ölüm.
Ölüm yaradılışın şərtidir –Mişel Monten
Məktəbli ikən yay tətillərimi Qazaxda-babamgilin evində keçirərdim. Bakıdan gəlmiş şəhər uşağı üçün anamın və atamın doğulduğu yerlər, ulu babalarımın torpaqlarında mənə hər şey maraqlı, ekzotik, sehirli və nağıl kimi gəlirdi. Qazax ləhcəsi, yeməkləri, toy-düyünləri və təbii ki, yas mərasimləri. Salahlı, Şıxlı və İncə dərəsinin 7-8 əsrlik məzarlıqları, Yuxarı Salahlı ilə Aslanbəyli arasındakı yolun kənarındakı sürüşmə nəticəsində açılmış minillik məzarlar və qəbirdən qırağa çıxan insan skeletləri, Qaymaxlıdakı bizim sülalənin qəbirstanlığındakı hər biri sənət əsəri olan rəngli məzar daşları və s. hafizəmdə silinməz izlər buraxıb. Bəzən qaranlıqda İncə Dərəsindən enərkən uzaqdan II Şıxlının qəbirstanlığında təzə məzarın üstünə qoyulmuş çırağın zəif, öləziyən işığı gecələr yuxuma girər, səksənib oyanar və nənəmin nəvaziş dolu qımqıması ilə qorxudan azad olardım.
Ölüm bu torpaqlarda da həyatla iç-içədir. Lakin bizdəki ölümlər sanki daha acı, daha dərin, daha faciəvi idi. Sanki bizdə ölünü daha yüksək səslə ağlayır, daha çox saç yolur və üzlərini cırmaqlayaraq kədərdən qan çıxartmağa çalışırdılar. Lap balaca olanda nənəm məni də Ölü Yerinə (Qazaxda yas yerinə belə deyirlər) aparır və orada xüsusi öyrədilmiş bir qadının çadırın altına yığılmış insanları ağlatma cəfaları xatirəmdə fərqli təlatümlər yaratmışdı.
Ölümün ətrafında baş verən təlaş, vurhavur ölümün özündən daha qorxuludur-Seneka
Dostumun ata yurdu Çarşıbaşında dəfn günü qəribə bir hüzn vardı. Bu hüznü verən insanların ölümü haqq kimi qəbul etmələri, fatalist düşüncə tərzləri və bir də Ölü Yerindəki ətalət idi. Nə camaatı ağladan qadın var idi, nə də ehsan hazırlıqları. Ortada bir ölü vardı ki, hər kəsin diqqəti də o ölünün üstündə idi. Əsas iştirakçı isə cənazə namazını qıldırıb torpağa gömmə ritualına rəhbərlik edən ağ əlbisəli, qırmızı sarıqlı kənd imamı idi.
Mərhumun bütün əqrabaları dəfn mərasimində iştirak edirdilər. Kədərli ailə kədəri ilə baş-başa qalmışdı. Bizdə olsa fikirləri plovun və qarasının, xiyar-pomidorun, çay üçün dəstgahın tədarük və hazırlığında qalacaqdı.
Günorta namazının bitməsi ilə mərhumun nəşini caminin avlusundakı musalla daşının üstünə qoydular. Köy imamı cənazə namazının necə qılınacağını qısaca anladıb iştirakçıları ona uymağa çağırdı. Qulaqlarım imamda gözlərim isə Qara dənizə dik duran qarşımdakı 2100 metr yüksəkliyindəki Qaradağ zirvəsində idi. Caminin avlusundan salavat səsləri yüksəldiyində xəyalım məni İncə dərəsində yatan babalarımın məzarlarına apardı. Gözüm dolmuşdu.
Ölən ölür qalan sağlar bizimdir – Dadaloğlu
İmamın bir işarəsi ilə gənclər mərhumu çiyinlərinə alıb ailə məzarlığına apardılar. Bundan sonrası artıq ən asanı idi – cansız bədəni Yasin oxunaraq torpağa verəcəkdilər. 20-25 dəqiqə sonra bütün mərasim başladığı kimi sakitcənə sona çatdı. Kənd uşaqlarına şirniyyat, yaşlılara ayran payladılar. Camidə 3 gün gecə-gündüz Quran oxunacağı elan edildi. Vəssalam.
Birdən dağın döşündəki traktorun nərə çəkməsi həyatı silkindirərək normal ritminə qaytardı. Ətraf canlandı. Fatihə oxuyub məzarlıqdakı baş daşlarına baxıram. Yarım metr yüksəkliyində, üzərində ancaq ölənin kimliyi və təvəllüdü ilə ölüm tarixi yazılmış sadə ağ daşdan yonulmuş baş daşları. Nə dəyəri minlərlə manat olan 2 metrlik mərmər baş daşları, nə də insan boyunda heykəllər. Bunlara nəinki bu bölgədə, Türkiyənin heç bir yerində rastlaya bilməzsən. Ölülərin hamısı ölüdür burada, varlısı da, kasıbı da…
Köyə ilk dəfə idi bir azərbaycanlı gəlmişdi, tək-tək gəlib əlimi sıxdılar, mərhumun yaxın qohumları təşəkkür etdilər. Trabzona qayıtmalı idik. Qəribə bir yüngüllük var idi içimdə. Yolboyu düşündüm ki, həyatda hər şey necə də qeyri-müəyyəndir, dəqiq olan tək bircə şey var, o da ölümdür.
Trabzona çathaçatda öz-özümə dedim ki, bu həyatda heç nəyə qadir ola bilməyən, bir qabilliyyəti olmayan milyonlarla insan utanmadan bir də Tanrıdan sonsuz bir yaşam, əbədi bir həyat istəyirlər. Əgər həyat bir işə yaramadısa, əbəs yerə yatmaqla, boş işlərlə keçdisə, ölümdən niyə qorxasan ki? Hava limanına vardığımızda dostlarım futboldan danışırdılar artıq. Həyat davam edirdi.
Ölümün ən yaxşı tərəfi onun ancaq bir dəfə olmasıdır – Nitşe
Ana babamı Qazax qəbirstanlığında dəfn etmişik. 16 yaşım vardı, babamın tabutunu o vaxtkı adı ilə 26-lar küçəsindəki evindən çıxardıb, çiyinlərimizdə son mənzilinə aparırdıq. Çatmağa az qalmış arxamızdan gələn təcili yardım maşınının tükürpərdən sirena səsi ilə səksənib dayandıq və ona yol verdik. Maşın bir göz qırpımında yanımızdan keçib Doğum evinin önündə dayandı. Az sonra dünyaya yeni bir insan gələcəkdi.
Bəli, nə qəribədir ki, Qazaxda qəbirstanlıqla Doğum evi yan-yanadır, burada ölü son mənzilə yenicə doğulmuş çağaların qığıltısı ilə yola salınır. İllərdir çoxları bu təsadüfi qonşuluğa dərin mənalar yükləyirlər. Bəlkə, bunda təsadüf faktoru heç yoxdur. Çünki canlıların varolma gerçəyi onların sonsuz olmamasındadır. Hamı gəlib keçicidir və doğulan hər kəs yoxolmanın nüvəsinə sahibdir.
Mənim babalarım yatan torpaqlarda həyat kimi ölüm də bir qəribədir, gəzdiyim, gördüyüm diyarlardakı kimi sadə deyil. Ölüm o qədər kultlaşıb ki, hətta sevmək, əzizləmək, yalvarmaq belə ölüm üzərindəndir. Nənəm adımla çağırmazdı məni – ‘’A qavağında ölüm’’ deyə səslərdi məni…
www.twitter.com/ibrahimnebioglu