Muəllif:

Milli kimliyimiz haqda üç nəğmə

Vahid Qazının «Rusiya sindromu və Yalama döyüşü» yazısı ruhumu da sığalladı, qafamı da taqqıldatdı. Üç səbəbdən. Birincisi, ona görə ki, müəllifi olduğum «Yalama» povesti haqqında ilk məqaləni oxumaq mənə maraqlıydı. İkincisi, məqalədəki aktual fikirlər və səlist düşüncə diqqətəlayiq idi. Və nəhayət, üçüncüsü: Vahid Qazının yazılarını həmişə məmnuniyyətlə oxumuşam, həmişə də onun qaldırdığı mövzuları davam etdirməyə həvəsim yaranıb.

I nəğmə: «A qadan alım, rus ayısı»

«Ölkələrin taleyi, insanların taleyi kimi, xeyli dərəcədə qonşularından asılıdır: Gürcüstan və İsveçrə təbii şəraitlərinə görə çox oxşardırlar, amma İsveçrə Almaniya ilə Fransanın arasında yerləşib, mənim bədbəxt vətənim isə – Rusiya ilə İranın». (Rezo Qabriadze)

Eynən Gürcüstan kimi, biz də bu «coğrafi buterbrodun» hissəsiyik. Özü də, Qabriadzenin dostu Rüstəm İbrahimbəyov demiş, buterbrodun hansı üzünə çevrilməsinin heç bir əhəmiyyəti yoxdur – yerimiz həmişə altdadır.

Son ildə Azərbaycan mediasında və cəmiyyətin böyük kəsimində şimal qonşumuzla bağlı çox müzakirələr olub. Əsasən gündəmə Azərbaycanda Rusiyanın və rus dilinin «misilsiz», «əvəzolunmaz» rolu barədə bəyanatlar çıxarılıb. Bunları, sadəcə, «Feysbuk avaraları» (millət vəkili Araz Əlizadənin ifadəsidir) səsləndirməyib, ölkənin öndəgedən siyasətçiləri söyləyiblər. Məsələn, parlamentimizin Regional məsələlər komitəsinin (!!!) sədri Rəhimzadə qarşımıza hökmə bənzər bir sual qoyub: «rus dilindən də imtina edək və təcrid olunmuş vəziyyətdə qalaq, o zaman dünyaya hansı dillə çıxacağıq?» Onun fikrincə, «Azərbaycan xalqının və dövlətinin formalaşmasında Rus İmperiyasının», «müsəlman şərqində ilk demokratik və müstəqil ölkənin yaradılmasında Rusiyanın böyük rolu»nu danmaq olmaz. Komitə sədri Avropaya elə avropalıların öz dilində çıxmaq xəyalına düşənlərə bir balaca hədə-qorxu da gəlib: «Təsəvvür edin ki, sabah rus dilini atıb, yerinə ingilis dilinə üstünlük verirsən. Bəs ingilis dilini öyrənmək… üçün nə qədər vaxt lazımdır? O zamana qədər nə edəcəksən? Hansı dillə dünyaya çıxacaqsan?»

Görkəmli ingilis tarixçisi Arnold Toynbinin gözəl bir müşahidəsi var: «İmperiyadan yaxa qurtarmaq ona sahib olmaqdan qat-qat çətindir». Toynbi bunu ötən əsrdə dağılan Britaniya imperiyası haqqında demişdi. Amma deyim eyni dərəcədə müasir Rusiyaya da aiddir. Çünki Rusiya hələ də — hətta Sovetlər İttifaqı dağıldıqdan sonra — dünyanın ən böyük imperiyası olmaq ambisiyasından yaxa qurtara bilməyib, əvvəlki sərhədlərə qayıtmaq cəhdlərindən əl çəkmir. Bəzi keçmiş metropoliyalarında tam (Ermənistan), digərlərində qismən (Moldova, Ukrayna, Gürcüstan) istəiynə nail olub, qalanlar səksəkə içində yaşayırlar.

Rusiya Azərbaycanı iki dəfə (1813-1828, 1920) hərbi güclə işğal edib, üçüncü cəhddə (1990-1993) silahı daşa dəyib. Hərçənd siyasi və iqtisadi təzyiq, mədəniyyət, dil, informasiya sahələrində ekspansiya davam edir. Bununla yanaşı, Azərbaycanda rustəmayüllü meyllərin ən müxtəlif formalarda belə tez-tez təzahür etməsi Toynbinin müşahidəsini bir qədər dəqiqləşdirməyə əsas yaradır: «İmperiyaya sahib olmaq ondan yaxa qurtarmaqdan qat-qat çətindir, amma daha çətini metropoliya təfəkküründən xilas olmaqdır».

«Bizim bir millət olaraq formalaşmağımızda, dövlətçiliyimizin yaranmasında Rusiyanın rolu böyükdür», «rus dili olmasa heç hara çıxa bilmərik», «mədəniyyətimizin inkişafına görə Rusiyaya borcluyuq» kimi bəyanatlar, bax, bu metropoliya düşüncəsinin, vassal təfəkkürünün məhsuludur.

Vahid Qazının yazdığı kimi, müstəqilliyinin 26-ci ilini yaşayan ölkəmizdə «rus dilinin qeyri-rəsmi dominanta çevrilməsinin», insanların «evdə balasıyla, işdə işçisiylə, kafedə sevgilisiylə, xidməti yerində müştərisiylə rusca danışmasının, bundan olmazın fəxarət duymasının, bununla özünü xalqın «elit» kəsimi hesab etməsinin» başlıca səbəbi də elə həmin təfəkkürdür. Hələ də «elit» dairələrdə öz dilində danışan azərbaycanlı daha aşağı mədəniyyətin daşıyıcısı hesab edilir. Lap işğal altında yaşadığımız dönəmdə olduğu kimi. İttifaq dövlətində milli kadrlar arasında rusca danışmaq «sovet kübarlığının» nişanəsi sayılırdı. Yadımdadır, Bakıdan oxumağa Moskvaya göndərilən tələbələr (nədənsə, xüsusilə, qızlar) heç üçcə ay keçməmiş, hələ «ruscax» düz-əməlli öyrənməmiş bizimlə ana dilimizdə ya bir kəlmə kəsmir, ya da sözləri sındıra-sındıra, rus ləhcəsiylə tələffüz edə-edə danışırdılar.

İndi də, budur, millətdən yeri gəldi-gəlmədi «dövlətçiliyə sədaqət» tələb edənlər özləri anlaya bilmirlər ki, milli kimliyin dövlətçilik və müstəqillikdən də irəli şərti, ilkin göstəricisi var və bu, məhz ana dilidir.

Rus dili olmadan dünyaya çıxa bilməyəcəyimizlə gəncliyi qorxudanlardan isə soruşmaq gərəkdir ki, bəs onda niyə Rusiya özü bu mükəmməl dili ilə beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb? Məni rus dilinə qərəzli münasibətdə günahlandırmaq çətindir. Ən azı ona görə ki, universitet təhsilim və yazılarımın tən yarısı bu dildədir. Amma mən 200 illik əsarətin qalığı olan qul psixologiyasının düşməniyəm. Kim (öz ana dilindən sonra!) hansı xarici dilə üstünlük verirsə-versin, amma heç kim dil dərslərinə metropoliya təfəkkürü qatıb gənclərə sırımasın. Mədəniyyətini inkişaf etdirmək üçün Azərbaycan dilinə, dünyaya açılmaq üçün Azərbaycan xalqına vasitəçi rolunu oynayacaq «böyük qardaş» lazım deyil.

Hakim dairələrlə yaxın əlaqələrinə görə «siyasi elita»nın həyatına daxildən bələd olan bir politoloq dostum hələ 15 il əvvəl uzaqgörənliklə demişdi: «nə qədər ki, «böyüklərin» evlərində uşaqlarına rus dayələri baxacaqlar, Azərbaycanda rus dilinin dominant rolu davam edəcək».

(Ardı var. II nəğmə: «Rayonda doğulmuşam, Bakıda qalasıyam»)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 704