Milli kimliyimiz haqda üç nəğmə
(Əvvəli: «Ayna»-nın 12.07.2017 tarixli buraxılışında)
II nəğmə. «Rayonda böyümüşəm, Bakıda qalasıyam»
«HARALISAN?» Əslində, bu, bir sözdən ibarət bəsit sual deyil, cavab variantından asılı olaraq çox zaman insanın seçimini müəyyənləşdirən meyardır, mühüm həyat prinsipidir. Fəlsəfə elmləri doktoru, professor Həsən Quliyev məşhur «Arxetipik azərilər: mentalitetin simaları» kitabında yazırdı: «Haralısan?»ın sosial davranışa və mövqeyə təsiri o qədər böyükdür ki, o, mentalitetimizin arxitektonikasında təməl rolunu oynayır» (!!! – A.Ə.) Professor uzun illərin müşahidələri nəticəsində qənaətə gəlmişdi ki, azərbaycanlıların «davranış stereotipi və spesifik həyat tərzi» xeyli dərəcədə məhz bu arxetiplə bağlıdır.
Həsən müəllimin ölümündən 9 il sonra, 2017-ci ilin qızmar yay günündə bir bəstəkar xanımın çəkdiyi «kibrit»lə mətbuatı, sosial şəbəkələri bürümüş «bakılı-rayonlu davası»nın alovunda yana-yana fikirləşirəm ki, rəhmətlik professor, deyəsən, yanılmırmış.
«Haralısan?» — qədim arxetipdir. Bu arxetipin müasir təzahür formalarından biri olan «bakılı-rayonlu» bölgüsü isə nisbətən cavan, ictimai-mədəni-mənəvi kökləri ən yaxın keçmişimizlə bağlı fenomendir. Onun özünün də daxili qatları var. «Rayonlu»lar — 72 yerə parçalandıqları kimi, «bakılı»lar da vahid kateqoriya deyillər: bunun «dağlı»sı- «içərişəhərli»si var, «içərişəhərli»sinin «ağşalvarlı»sı-«bozbaşlı»sı, «hoppataranlı»sı-«cuhudzeynallı»sı var və s. və i.a.
Sosial şəbəkələrdə deyişən tərəflər əndazəni aşanda, «bakılı»lar söyüşə, «rayonlu»lar qarğışa keçəndə «virtual ara»ya ziyalılar girdilər, coşmuş ehtirasları söndürdülər və buna görə sağ olsunlar. Amma – hələ ki, beyinlər təzədən qızmayıb, — demək istəyirəm: «barışdırıcılar»ın ən çox istifadə etdikləri arqument zəif görünür. Onlar «Haralısan?» söhbətinin düşmən təxribatı olduğunu, bizi içəridən parçalamaq üçün süni şəkildə ortaya atıldığını iddia edirlər.
Heç elə şey yoxdur. «Haralısan» o dərəcədə təbii söhbətdir ki, dövlət idarəçiliyinin də (vəzifələrə təyinatlar), siyasi fəaliyyətin də (partiyaların formalaşması), gündəlik məişətimizin də (paytaxt məhəllələrinin, hətta yeni yaşayış binalarının məskunlaşması) təşkilində ondan yan keçmək olmur. «Bir çox arxetiplərdən fərqli olaraq, «Haralısan» şüurun gedər-gəlməz dərinliklərində mürgüləmir», — deyə Həsən Quliyev bizi xəbərdar edirdi, — o, daim ayıqdır, arasıkəsilmədən fəaliyyətdədir və hər kəsi fəal gərginlik vəziyyətində saxlayır». Alim cəmiyyətin düşünən təbəqəsini bu arxetipin «süni» və «təxribatçı» mahiyyət daşıdığını sübuta yetirməyə çalışmaqla onu «kökündən baltalamaq» cəhdindən çəkindirirdi. Əvəzində səyləri başqa istiqamətə yönəltməyi məsləhət görürdü:«Haralısan» energetikasına nəzarət mexanizminin tapılması, onun «siyasətə və iqtisadiyyata təsirinin məhdudlaşdırılması» dövlət idarəçiliyi, demokratiyaya doğru irəliləyiş baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir! «Haralısan arxetipinin məişətin müxtəlif sahələrinə təsir mexanizminin dərindən öyrənilməsi əsasında onu idarə etməyin səmərəli üsullarını tapmaq mümkündür!»
Gəlib çıxdıq söhbətin əsas yerinə. Təkrar edirəm: «Haralısan» arxetipi, onun konkret təzahür forması olan «bakılı-rayonlu» bölgüsü barədə söz salmaq — bizi sevməyənlərin təxribatına uymaq deyil. Təxribat «Bakıdan olmayanlar bizi sevmirlərsə, çıxıb getsinlər» qışqırmaqdır ki, bunu da xarici-filan eləmir, özümüzünkü eləyir. Heç kim heç hara çıxıb getməyəcək: biz bir «çörəkli» şəhərdə yaşamağa davam edəcəyik. Ya bir-birimizin əsəblərilə oynaya-oynaya, ya da bir-birimizi başa düşə-düşə. Bir-birimizi başa düşmək üçün isə, əvvəl, ümumiyyətlə, nə baş verdiyini dərk etmək lazımdır. Onda, əminəm ki, bəstəkar xanımın da hirsi soyuyacaq.
Yuxarıda qeyd etmişdim: «bakılı-rayonlu» bölgüsü qədim «Haralısan» arxetipinin ən gənc törəmələrindən hesab edilməlidir. İcazənizlə, proqnoz verim: bu, eyni zamanda, arxetipin ən qısaömürlü törəməsi olacaq. Çünki, sovet hakimiyyətinin dağılması ilə, faktiki olaraq, onun da dağılması prosesi başlanıb. Axı «bakılı» — təkcə coğrafi termin deyildi. «Bakılılar»ı ərazi ortaqlığı, qan qohumluğu, qonşuluq əlaqələrindən çox mədəni və mənəvi keyfiyyətlərin yaxınlığı birləşdirirdi. Bunu məhz mədəni və mənəvi keyfiyyətləri ilə əsl «bakılı» olan görkəmli dramaturq, yazıçı Rüstəm İbrahimbəyov hələ 1990-cı illərdə yazmışdı. «Günəş kələfi» əsərində o, ucqar rayondan gəlib Bakıda özünə yer eləmiş müstəntiqin dilindən deyir:
— «Bakı milləti» yoxdur və heç vaxt da olmayıb — bu, sadəlövh bakılı azərbaycanlıların başını piyləmək üçün düşünülmüş, qalan millətlərdən olan bakılılara da sərf edən uydurmadır. Yerevanda, Tbilisidə anadan olub, yaşayıb erməni ya gürcü dilini bilməmək mümkündürmü? Yox. Bakıda isə orta və ali təhsilini rusca alan «şəhər ziyalıları» məhz rus dilində danışmağa üstünlük verirlər. Başqa millətləri sevmək, onlara hörmət etmək üçün, ilk növbədə, özününkünü sevməli və ona hörmət bəsləməlisən. Bakılıların özlərini şəhərə kənd rayonlarından köçüb gələnlərdən üstün saymalarına qalanda isə, bu, nəinki ucuz lovğalıqdır, həm də sadə təhlil bacarığının olmamasının göstəricisidir. Məgər bakılıların digər azərbaycanlılara nisbətən daha yüksək informasiya hazırlığına malik olmasında onların özlərinin xidməti var? Yox, şərait belə gətirib, bu, sadəcə, təbiətin bir şıltaqlığıdır: Abşeronda neft tapılıb, dünyanın hər yerindən zirək adamlar Bakıya axışıblar və burada özünəməxsus maraqlı mühit yaradıblar, həmin mühitdə də bakılıların bir neçə nəsli formalaşıb. Azərbaycan xalqının qalan hissəsinin həyatı isə öz təbii axarı ilə davam edib, ona görə də daha gec sivilləşib, əvəzində milli adət-ənənələr, psixologiya qorunub saxlanılıb… Son iki-üç ildə baş verənlər isə (1980-1990-cı illərin sərhədi – A.Ə.) Bakının və bakılıların milli mentalitetə uyğun olaraq tarixən inkişaf edən xalqının içinə qayıtması prosesidir. Digər millətlərdən olanlar buranı tərk edəndən sonrakı dəyişikliklərin sürəti bir daha sübut edir ki, Bakı azərbaycanlıları — bizə kənardan gətirilmiş, yad bir həyat tərzinin daşıyıcıları, qeyri-müstəqil, aborigen hissəsidir».
Əsərin qəhrəmanı, köhnə bakılı — onu müəllifin özü ilə eyniləşdirmək olar — müstəntiqin eyni zamanda həm ittiham, həm də hökm kimi səslənən ağır sözləri üzərində düşünür:
«Nəhəng dünya, bütün bəşəriyyət, onun keçmişi, gələcəyi və indisi mənim üçün bir neçə yüz adamla, yaşadığım bir neçə evlə, şəhərimin gəzdiyim küçələri ilə məhdudlaşıb. Hər şey mənim balaca şəxsi dünyama,.. kiçicik bəşəriyyətimə sığışıb. Xüsusi həyat tərzi və insanlar arasında ünsiyyət forması olan «bakılı»lığın təsadüfiliyi və ötəriliyini mənə izah edən girdəsifət müstəntiqin sözlərində dəhşətli heç nə yoxdur. Mümkün ki, Bakının və bakılıların son illərdə aldığı zərbələr ölümcül gücə malikdir, onilliklərlə burada toplanmış nailiyyətlərin tədricən itirilməsi barədə proqnoz da, bəlkə, realdır. Amma belə şeylər əvvəllər də baş verib. Tarixin zərbələri altında imperiyalar, sivilizasiyalar, xalqlar yoxa çıxıb və çıxır. Düzünə qalsa, onların meydana gəlməsi özü də, dünyada hər şey kimi, bir təsadüfün nəticəsidir… Amma heç nə izsiz itmir. Əsrlər boyu düzənliyin başının üstündən asılmış dağ qəflətən dağılanda heç hara yox olmur; o, parçalanıb ətrafına səpələnir: nəticədə düzənliyin ümumi səviyyəsi qalxır, torpaq dağ süxurları ilə zənginləşir. İnsanlar da belədir: həyatdan köçəndə hərə bir iz qoyub gedir. İnsan müqavimətinin həddi var. Yaşamaq uğrunda minillik mübarizədən insan yalnız ona görə sağ çıxa bilib ki, amansız düşmənlə birbaşa toqquşmadan yayınıb. Zəif və müdafiəsiz olduğu üçün o, çətinliklərə biclik işlətməklə, hiyləgərlik və fəndgirliklə üstün gəlib. İndi vaxt lazımdır ki, bir zamanlar insanları məhv olmaqdan xilas etmiş, amma bizi etibarsız, mənəviyyatı pozulmuş, eqoist varlıqlara çevirmiş keyfiyyətlərimizdən xilas olaq…
Əlbəttə, biz daha yaxşı ola bilərdik. Amma bir şey də şübhəsizdir ki, bəşəriyyətin keyfiyyət tərkibi yekcins olmamalıdır. İnsanın yaxşısı da olmalıdır, pisi də; rəzili də, müqəddəsi də; dahisi də, gerizəkalısı da. Çünki İnsanın minilliklərlə formalaşmış və hər kəsin şüuruna ideal kimi həkk olunmuş ümumiləşdirici obrazının yaradılmasında bütün adamlar iştirak ediblər. Milyonların təsəvvürünə hakim olmuş bu obraza hər kəs öz cizgisini, məxsusi bir nöqtəsini əlavə edib… Odur ki,.. bu ulduzlu səma altında hərənin öz yeri var. Hərçənd, hər bir insan da indikindən daha yaxşı olmağa çalışmalıdır, bu, bizim kollektiv sifətimizin daha cəlbedici görünməsi üçün vacibdir. Xüsusilə ona görə ki, bütövlükdə Bəşəriyyətin gələcəkdə öz varlığını qoruyub-qoruya bilməyəcəyi bundan asılıdır – qoynuna sığındığımız Yer bizim ağılsızlığımız ucbatından məhv olmaq təhlükəsi qarşısındadır…»
…Ola bilsin, yazı sizə yarımçıq görsənəcək. Kimdə belə təəssürat yaransa, qayıdıb İbrahimbəyovdan gətirdiyim sitatları bir də oxusun. Orada hər şey, bütün SONLUQlar var. Bir də ki… Ölən Dünya, itirdiyinə dərindən təəssüfləndiyin keçmiş, illah da keçmişə dönməkdə olan bugün həmişə insanın içində yarımçıqlıq hissini gücləndirir. Həsrət adamın ürəyini gəmirir. Amma başa düşürsən ki, bu — həyatdır, «dəhşətli heç nə yoxdur», «heç nə izsiz itmir», birgə yaşamağa öyrənmək və hamılıqla «indikindən daha yaxşı olmağa çalışmaq» lazımdır.
Könlünüzü almaq üçün bir lətifə danışım. Onu 2007-ci ildə «Gün-səhər» qəzetində çap etmişdik:
Bakıda sorğu keçirilir: «Gəlmələrə necə münasibət bəsləyirsiniz?» Rəyi soruşulanlardan 20% cavab verir: «Qaqa, gəlmə olanda nolasıdı?» 20% cavab verir: «Ə, gəlir, gəlsin da, bə!» 15% cavab verir: «Ölöm, pis adamlar döylər». 15% deyir: «Ha indi gələn-gəlitdi, qaytarası döyülux ki». 10% inciyir: «Man dındım?» 10% başından eləyir: «Üzü bilər, can qardeş». 8% deyir: «Bilmərik, biz Şirvanlıyıq». Yerdə iki faiz qalır. Bu isə statistik yanlışlıq həddindən aşağı olduğu üçün həmin 2%-in cavabı əhəmiyyət daşımır.