Mən həbsdən necə qurtardım
Qabaqda polis maşını gedir. İnamla ötürəm: yol — düpbədüz, sürət — lazımi həddə, sənədlər — qaydasında. Dərhal sirena işə düşür, müfəttişlər özlərini mənə çatdırırlar və sükanın arxasında əyləşmiş gənc leytenant əli ilə «saxla» işarəsi verir. Avtomobili kənara çəkib əyləci basıram, şüşəni aşağı salır və gözləyirəm. Leytenantın yanındakı polis maşından düşür, tənbəl-tənbəl mənə yaxınlaşır, yuxulu kimi, gözünü hardasa uzaqlarda bir nöqtəyə dikib özünü təqdim edir. Sənədlərimi istəyir.
— Əvvəl deyin, niyə saxlamısınız?
O, sağa-sola boylanır, sanki səsin hansı tərəfdən gəldiyini müəyyənləşdirmək istəyir.
— Maşınınıza həbs qoyulub.
— Necə yəni… həbs qoyulub?
Nəhayət, yol müfəttişi canlanır və baxışlarını üzümə zilləyir.
— Həmişə özünüz sürürsünüz?
— Hə, həmişə.
— Onda gəlin, göstərək.
O, polis maşınına tərəf qayıdır. Dalınca gedirəm. Sükanın arxasındakı zabit ədəblə salamlaşır, planşetini oturacaqdan götürür və elə tutur ki, mən də ekranı görə bilim.
— Qırmızı hərflərlə yazılanları oxuyursunuz? Avtomobilinizə həbs qoyulub, saxlanılmalıdır.
— Mən nə etmişəm ki?
— Yəqin, cərimənizi vaxtında ödəməmisiniz. İndi sizin «xəstəlik tarixçənizə» baxarıq.
Deyəsən, leytenantın yumor hissi yerindədir. Zabit yüngülcə ekrana toxunur, orada yeni «pəncərə» açılır.
— Budur, elədir. İl ərzində yeddi dəfə «radar»a düşmüsünüz. Bütün cərimələr ödənilib, birindən savayı. Hələ mart ayından qalıb. On manat olub, faizlərlə birlikdə 15 manata qalxıb. Xəbəriniz olmayıb? Cərimə protokolunu almamısınız?
— Yox, amma dünən dövlət avtomobil müfəttişliyinin rayon şöbəsindən qəribə bir məktub gəlib.
Müdrikcəsinə şəklini telefonla çəkdiyim məktubu «qalereya»mdan tapıb göstərirəm. Leytenant icazə istəyir və telefonumu alıb məktubdan parçalar oxuyur: «İdarə etdiyiniz… filan dövlət qeydiyyat nişanlı avtomobilə 27.08.2017 tarixdə… filan nömrəli… protokol tərtib edilmişdir… Üç ay sonra cərimə ödənilməmişdir… İnzibati protokol tərtib edilərək tədbir görülməsi üçün… rayon məhkəməsinə göndəriləcəkdir. Kapitan filankəs».
— Sizin kapitan məktəbdə dərsini pis oxuyub, — izahat verirəm. – Avqustun 27-dən üç ay yox, cəmi üç həftə keçib.
— Məktubda səhv gedib. «3» rəqəmi – mart əvəzinə, «8» rəqəmi — avqust yazılıb. Baxın, cərimə protokolunun nömrəsi eynidir. Yeri gəlmişkən, bizim sistemdə sizin daha bir qayda pozuntusuna yol verdiyiniz göstərilib. Avtomobili texniki baxışdan keçirməmisiniz.
— Qaydaya görə, istismar müddəti 10 ili ötməmiş maşınlar iki ildən bir baxışdan keçirilməlidir. Düzdür? Mənim hələ ehtiyatda bir ilim var.
Leytenant yenə barmağını planşetə toxundurub ekranda növbəti «pəncərə» açır.
— Maşın 2008-ci ildə istehsal edilib?
— Bəli. Dekabrda.
— Zəhmət olmasa, sürücülük vəsiqənizi göstərin. Üstündə birka olmalıdır, ona əsasən sonuncu dəfə nə vaxt texniki baxışdan keçdiyinizi müəyyənləşdirərik.
Pul qabımın gözlərini açıb yoxlayıram, ciblərimi eşələyirəm, maşınımın salonunu ələk-vələk edirəm, hətta oturacaqların arasına əl gəzdirirəm – sürücülük vəsiqəmi tapmıram. Yadıma düşür ki, dünən polisdən məktub alandan sonra onu çıxarmışdım ki, nömrəsinə baxıb nazirliyin saytında fayla daxil olum, araşdırım, qəflətən vacib zəng gəlmişdi, hər şeyi unutmuşdum.
Kefi lap pozulmuş vəziyyətdə müfəttişlərin üstünə qayıdıram.
— Tapmadım. Deyəsən, evdə yaddan çıxarmışam.
Leytenantın yanındakı müfəttiş tamam «yuxudan oyanır».
— O-o-o! Sürücülük vəsiqəniz də yoxdur!
— Yoxdur, yoxdur da, — deyə zabit nisbətən gənc həmkarının sevincinə şərik çıxmadan sakitcə cavab verir və bir neçə saniyədən sonra təzədən planşetin ekranını mənə tərəf çevirir. – Budur sizin vəsiqəniz?
— Odur, mənimdir! – Ekrandan üstü şəkilli sənədimin elektron nüsxəsi üzümə gülür.
— Əməlli-başlı arıqlamısınız.
— Nə? Hə, düz deyirsiniz, ilyarıma 20 kilo atmışam, — belə reaksiyalara öyrəncəli olduğum üçün avtomatik cavab verirəm, ürəyimdə isə özümü danlayıram: heç nədən başına iş açdın! Soruşuram. – İndi neyləyək?
— Bizim başağrımızın əsas səbəbi sizin vaxtında ödənilməmiş cərimənizdir. Düzdür? Görürsünüz, yolun o biri tərəfində «Asan xidmət»in binasını? Variantlardan biri budur ki, indi siz ora gedirsiniz, bankda cəriməni ödəyirsiniz və ödəniş vərəqini mənə gətirirsiniz. Problemi, necə deyərlər, isti-isti, yerindəcə həll edirik…
— …ya da sizinlə razılaşmıram, dövlət orqanlarının, vəzifəli şəxslərin cərimə və həbs haqqında qərarlarından məhkəməyə şikayət verirəm, — deyə cəsarətlənib leytenantın sözünü tamamlayıram.
— Bu da mümkün variantdır. Söylədiklərinizə və göstərdiklərinizə əsasən, mənim bəzi həmkarlarımın «səyi» nəticəsində hətta işi udmaq şansınız da qalır – protokol sizə çatdırılmayıb, təkrar xəbərdarlıqda səhvə yol verilib.
Şəraiti dərhal qiymətləndirib qərar qəbul edirəm. Bu nəzakətli zabitdən xoşum gəlir. Bəlkə də, leytenantın variantına ona görə razılaşıram ki, təxminən, əminəm: məhkəmədə hakim belə böyük nəzakət nümayiş etdirməyəcək. Həm də maşını əldən vermək istəmirəm – bu saat çox lazımımdır.
— Yaxşı, bəs sürücülük vəsiqəsi olmadan cəriməni necə ödəyəcəm?
— Düzələn işdir. Bu saat sizə yeni vəsiqə yazaram.
Leytenant bloknotunu açıb oradan baş barmaq boyda bir kağız zolağı cırır. Mənim vəsiqəmin seriyasını və nömrəsini səliqəylə həmin kağıza köçürür. Gözucu ikinci müfəttişə baxıram – o, rütbəcə özündən böyük yoldaşının hərəkətindən açıq-aşkar narazıdır, amma səsini çıxarmır. «Sənəd»imi götürüb yolu keçirəm, «Asan xidmət»ə girirəm, bankda 15 manat cərimə, 40 qəpik komission xərc ödəyib tez geri qayıdıram. Ödəniş vərəqinin bir nüsxəsini bloknotdan cırılmış kağız parçası ilə birgə zabitə qaytarıram. Leytenant rəqəmləri tutuşdurur, gülümsəyir və təşəkkür edir. Sonra isə əzik-üzük «baş barmağı» özümə qaytarıb ciddi görkəm alır:
— Vəsiqənizi geri götürün, vətəndaş sürücü, çalışın, bir də heç yerdə yaddan çıxarmayasınız.
Müfəttişlər yola düşürlər. Mənsə onların arxasınca baxa-baxa fikrə gedirəm: leytenantın yerinə ikincisi – o biri polis – komandir olsaydı, yəqin, hər şey başqa cür qurtarardı. Hamımız nə qədər əsəb və vaxt sərf edərdik. Belədə isə hərə öz istədiyini aldı: büdcə – pulunu, mən – maşınımı və «vəsiqəmi». Görün, bir çox problemləri necə asanlıqla aradan qaldırmaq mümkündür: kifayətdir ki, onların həlli qaydalarına yanaşma tərzimizi dəyişək.