Martanın Kassandrası
“Ya müharibədə qəzet müxbiri olacaqdın, ya da yatağımda qadınım”. Ernest Heminquey bu sözlərlə bitirmişdi üçüncü evliliyini. Çünki qadını jurnalistikanı seçmişdi. 5 illik evlilikləri sürəkli ezamiyyətlər, sosial fəaliyyətlər üzündən sarsılmış və Hemi yalnızlığa sövq etmişdi.
Keçən əsrin ən tanınmış savaş müxbiri, gözəllər gözəli Marta Gellhorn (1908-1998) doxsan illik ömrünün 60-nı qəzetçiliyə həsr etmişdi. Floridada, bir barda görmüşdü onu ilk dəfə Heminquey. İmzasını isə daha əvvəldən, yazdığı qısa reportajlarından tanımış, onun sadə və yalın cümlələrinə heyran qalmışdı. Tanışlıqlarından qısa müddət sonra — 1937-də İspaniyada vətəndaş müharibəsi başlayır. Heminquey həyat yoldaşı, fransız “Vogue” jurnalının yazarı Polin Pfayferi atıb, Marta ilə İspaniyaya gedir.
Hər ikisi Amerika qəzetlərinə İspaniyadakı vətəndaş müharibəsindən məqalə və oçerklər yazırlar. Mətbuat tarixi Martanın məhşur sevgilsindən daha maraqlı materiallar yazdığını deyir.
Ernest və Marta 1940-da evlənirlər, birlikdə Finlandiya, İndoneziya və Çinə gedir, özlərini peşəkar savaş müxbirləri kimi isbatlayırlar. Heminquey ona dünya şöhrəti gətirən “Əcəl zəngi” (1940) romanını Martaya ithaf edir. Amma Hem arvadının qəzetçilik uğurlarını sürəkli qısqanır.
O illərdə qadın savaş müxbirləri yox dərəcəsində azdılar. Doroti Tomson (“New York Evening Post”un Berlin bürosunun şefi), Siqrid Şults (“Chicago Tribune”nun Berlin bürosunun şefi) və Marta Gellhorn ən populyar qadın qəzetçilərdi. Bu qadınlar uzun yazılar yazmaz, yazdıqlarında dərin analizlər olmazdı. Onlar sadə bir dillə müharibədən, faşızmin dəhşətlərindən yazırdılar. Bu qadınlar erkəklər dünyasında “qadın” olaraq qalmağı bacarmış, son dərəcə cəsur və ürəkli qadınlar idilər.
Martanın ulduzu parladıqca Heminquey onu daha çox qısqanır, işindən uzaqlaşdırıb yanından ayırmamaq istəyir. Gellhorn “Kassndra Federasiyası” adlı dərnək qurunca Hemlə münasibəti daha da çıxmaza girir. 1945-də beş il sürən evlilikləri sona çatır. Heminquey başqa bir sarışınla – “The London Daily Express” qəzetinin amerikalı müxbiri Meri Uelşlə evlənir. Marta isə həyatını jurnalistika və Kassandra dərnəyinə həsr edir.
* * *
Kassandra (yun. Cassandra) qədim yunan mifologiyasında sonuncu Troya çarı Priamosun qızıdır. Homerə görə, Kassandra gözəlliyi ilə göz qamaşdırırmış. Günəş Tanrısı Apollon ona aşiq olur, amma sevgisinə qarşılıq almır. Kassandra Apollonun sevgisinə cavab verməsi üçün ona gələcəyi görmə qabiliyyətinin verilməsi şərtini qoyur. Apollon onun şərtini yerinə yetirir, lakin Kassandra sözünü tutmur. Qəzəblənən Apollon öpmə adı ilə Kassandranın “ağzının içinə tüpürür” və “Bundan sonra gələcəyi görəcəksən, amma heç kim sənə inanmayacaq” deyərək onu lənətləyir.
Həqiqətən də Kassandra gələcəyi görməyə başlayır, amma kimsə onun kəhanətlərinə inanmır. O, Troya savaşının fəlakətlə bitəcəyini öncədən görür, lakin başda atası olmaqla hamı onun sözlərini qulaqardı edir.
Kassandra mifini bu gün də müxtəlif olaylarda görür və yaşayırıq. Çox vaxt “Axırı yaxşı olmayacaq” dediyimiz bir çox hadisə əvvəlcədən təxmin edilir, amma onu ya görmür, ya da görməzlikdən gəlirlər, yəni Kassandra sindromu baş verir. Təhlükə və fəlakətləri öncədən görənlər iş-işdən keçəndə “Bunları söyləmişdik axı” deyərək Kassandra kimi saçlarını yolaraq üsyan edirlər.
* * *
Siqrid Şults Hitlerin ən nifrət etdiyi məhşur qəzetçi idi. 1927-ci ildə Hitlerlə tanışlığından başlayaraq alman faşizminin yaranması, II Dünya müharibəsinə aparacaq mərhələləri, yəhudi düşmənçiliyi və irqçi siyasəti haqda yüzlərlə məqalə qələmə almışdı. 7 dildə ana dili kimi danışan bu son dərəcə göstərişli qadın həm bohem həyatı yaşayır, həm də yazdıqları ilə bir kahin kimi dünyaya xəbərdarlıq edirdi – faşizm insanlığa fəlakət gətirəcək. Amma Siqridi də Kassandra kimi eşitmədilər…
Marta Gillhorn 1959-cu ildə “Savaşın üzü” (The Face of War) adlı məhşur kitabını nəşr etdirir. Kitaba İspaniyadakı vətəndaş, II Dünya, Vyetnam və Ərəb-İsrail müharibələri zamanı hazırladığı reportajlar, oçerk və xatirələrini daxil edir. Bu materiallar qədər müəllifin kitaba yazdığı giriş sözü də mətbuat tarixi və jurnalistika üçün olduqca qiymətlidir. Belə yazır əfsanə qadın:
“Mən Kassandra Federasiyası adlandırdığımız qadın qəzetçilər qrupunun üzvü idim. Bizlər türlü fəlakətlərdə birlikdə olurduq. İllər boyu alman faşizminin necə gəlməkdə olduğunu, vəhşətini və nə qədər böyük bir təhdid olduğunu izah etməyə çalışdıq. Nəticədə, təxminimiz gerçək oldu. Biz isə qələmlərimizi istifadə etmək yerinə xərəklərdəki insanları xilas etməyə çalışdıq. Bir tək insanı belə yaşatmaq qəzetçilik deyildi, amma bizə təsəlli olurdu. Yazdığımız bütün sözcüklər sanki görünməz mürəkkəblə yarpaqların üzərinə yazılmış kimi küləkdə sovrulub uçurdular.
Bu gün düşündüyümüzdə zəfər və məğlubiyyətin keçici, müvəqqəti anlar olduğunu gördük. Nəticə yox idi, sadəcə vasitələr var idi. Qəzetçilik bir vasitədir və onu namuslu bir şəkildə istifadə etmək dəyərlidir. Ciddi, diqqətli, dürüst qəzetçilik işıq saçan bir mayak olduğu üçün deyil, yazanı və oxuyanı ləyaqətli insan yaptığı üçün dəyərlidir, önəmlidir”…
* * *
“Elə bilməyin ki, terror aktında ancaq tanımadığınız insanlar öləcək”. Bu sözlərin vahiməsi, dəhşəti istanbulluların damarında axan qanını dondurur. Son günlər böyük bir gərginlik var hamıda, hər an hər şey ola bilər. Evə dönüb-dönməyəcəyin məlum deyil. “Reina” gecə klubundakı qətliamdan sonra hər kəs terrorun isti nəfəsini ənsəsində hiss etməyə başlayıb. Lev Trotskinin “Savaş sizi maraqlandırmaya bilər, amma siz savaş üçün maraqlısınız” sözləri düşür yadıma. “Savaş” kəlməsini asanlıqla “terror” kəlməsi ilə əvəz edə bilərik. Bu gün bizim ölkəmiz də görülməmiş bir təhlükə ilə üz-üzədir – “Biz, terroristlər, fundamentalistlər, cahillər ordusu üçün maraqlıyıq. Onlar cənnətə düşəcəklər deyə bizə cəhənnəm həyatı yaşatmağa and içiblər”.
Mənim üçün kasanı daşıran son damla o gecə öldürülən Nuranə haqqında sosial şəbəkələrdə yazılanlar oldu. Cəhalət, cahillik, avamlıq və nadanlığın nə qədər geniş kütlələrə sirayət etdiyini gördük. Bu, necə bir fəlakətin astanasına gəldiyimizi göstərir. 5 “Ayna”çı neçə ildir əvvəl qəzetdə, indi isə internet səhifəmizdə narahatlıqlarımızı dilə gətirir, bizim də yaxın gələcəkdə necə bir qorxunc təhdidlə qarşılaşacağımızı yazırıq.
Təəssüf ki, “Ayna”nın yazarları da Kassandra sindromundan nəsibini alırlar – illərdir yazdıq, yazdıq, yazdıq, amma çifayda. Çox da dərin analizlər aparmadıq, heç ehtiyac da yox idi. Çünki bizim oxucularımız da, zatən, bu təhlükələri görürdülər. Amma biz yazmağa davam edəcəyik. Çünki ölkəmiz sürətlə savadsız, nadan, cahil insanlar cəmiyyətinə çevrilir. Və düşünürük ki, yeganə çıxış yolu elm, irfandır, keçən əsrin əvvəlindəki kimi “Oxumaq, oxumaq və oxumaq” şüarı ilə topyekun səfərbərlik elan etməsək, tamamən tükənəcəyik…
Marta Gellhornun dediyi kimi “İnsanlar həqiqətdən daha çox yalana inanmağa meyllidirlər. Bir yalanla üsyana, başqa bir yalanla isə itaətə hazırdırlar”. Zəmanəmizin insanları belədirlər. Bəlkə bir gün Apollon gəlib Kassandranın lənətini geri alacaq. Və insanlar, hakimiyyətlər haqq səsinə, doğrulara inanıb faciələrin qarşısını alacaqlar. Amma bütün ümidlərimizi Günəş Tanrısına bağlamışıqsa, o zaman vay bizim halımıza…
Əgər qurbağanı qaynayan suya atsaq o, ani bir sıçrayışla oradan çıxacaq. Tədricən isidilən suya atılan qurbağa isə yavaş-yavaş bişərək ölür…
www.twitter.com/ibrahimnebioglu
P.S. Deyəsən, mənim yazım “Ayna”da Yeni – 2017-ci ilin ilk yazısı oldu. Odur ki, “Ayna”nın bütün oxucularını təbrik edir, işıqlı və bol sevincli bir il arzulayıram. Bu arada, əgər yazını oxuyandan sonra Marta Gellhorn sizin diqqətinizi çəkdisə, Filip Kaufmanın (“Varolmanın dayanılmaz xəfifliyi” filminin rejissoru və ssenaristi) 2012-ci ildə çəkdiyi “Heminquey və Gellhorn” filmini seyr etməyi tövsiyə edirəm. Martanı bənzərsiz Nikol Kidman oynayır. Yeni ildə tez-tez görüşmək ümidi ilə…