Muəllif:

Küləyə sovrulan pullar

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb və demək olar ki, artıq işə başlayıb. Bir neçə gün öncə Nazirlər Kabineti fondun ştat cədvəlini təsdiqlədi. Belə ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ayda 1150 manat əmək haqqı alacaq. Onun və digər 14 nəfərin əmək haqqı dövlət büdcəsindən qarşılanacaq. Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.

Nizamnaməyə görə Mənəvi Dəyərlərin Təbliği Fondu dini, mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı layihələri maliyyələşdirəcək.

“Dini dəyərlərin təbliği” ilə məşğul olmaq hansı zərurətdən yaranıb? Azərbaycanda din dövlətdən ayrıdır. Hansı dinin dəyərlərinin təbliği aparılacaq?!

2014-cü ildə Azərbaycanda Bilik Fondu yaradılıb. Bu fondun da əsas işlərindən biri dini, milli, mənəvi dəyərlərin qorunmasıdır….amma “azərbaycançılıq məfkurəsi” zəminində. Nizamnaməsində belə yazılır.
Nədir milli-mənəvi dəyər?! Bu günədək bunun konkret və əsaslı bir izahatı yoxdur. Kim təyin edir bu dəyərləri? Üstəlik, “azərbaycançılıq məfkurəsi” nə deməkdir?

Ümumiyyətlə, bunun üçün fondun yaradılması və dövlət büdcəsindən vəsait ayrılmasına ehtiyac varmı?
Bunlar o qədər ümumi və abstrakt anlayışlardır ki, onların vahid tərifi və meyarı olmadığından kim necə istəyir, elə də təsnif edir. Məsələn, “azərbaycanlılar dünyanın ən qonaqpərvər xalqıdır”. Maraqlıdır, başqa xalqlar, millətlər qonaq qarşılamağı sevmir? Yoxsa “bizim mentalitetdə böyüyə hörmət var,” digərləri böyüklərə mütləq hörmətsizlik edirlər? Siyahını çox uzatmaq olar.

Məsələ burasındadır ki, bu cür abstrakt, mənası olmayan ideyalara, layihələrə orta statistik azərbaycanlının verdiyi vergilər hesabına formalaşmış dövlət büdcəsindən nəhəng qrantlar ayrılır. Yuxarıda böyüyə hörmətdən danışdıq, baxın ayda aldığı pensiyası dava-dərmanına çatmayan böyüyün pulundan da formalaşan büdcədən… amma kiminsə yadına düşmür ki, yaşlı adama verilən cüzi miqdarda təqaüd ona vurulmuş ən böyük ziyan və hörmətsizlikdir.

2017-ci ildə QHT-lərə Dövlət Dəstəyi Fondu tərəfindən “Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər”, “Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər”, “Sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsinə dair fəaliyyətin dəstəklənməsi” başlığı altında layihələr maliyyələşdirilib.

Bütün bunların nəticəsi nə olub? Azərbaycan milli maraqların, mənəvi dəyərlərin sosial mediada, beynəlxalq aləmdə təbliğindən nə əldə edib? Analoji layihələr ötən illərdə də maliyyələşdirilib, amma bu layihələrin uğurları hansı indikatorlarla ölçülüb, bu layihələrdən neçəsi qarşısına qoyduğu uzun və yaxud qısamüddətli məqsədlərinə çatıb? Bu layihələrdən hansı davamlı olub? Ümumiyyətlə, belə layihələrin maliyyələşdirilməsi üçün hansı zərurət və sosial sifariş olub?

Əslində, belə fondların yaradılması təcrübəsi başqa ölkələrdə də mövcuddur. Hansısa etnik qrupun probleminin həll olunması və yaxud hansısa dini cərəyanın, mədəniyyətin qorunub-saxlanılması kimi ideyalar mövcuddur. Yalnız, bu işlər həmin toplumun, icmanın öz daxili imkanları, ianələri hesabına görülür. Ən yaxşı halda, QHT kimi təşkilatlanaraq, layihələr yazır və donorlara təqdim edirlər. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmır. Dövlət büdcəsindəki vəsait ayrı-ayrı şəxslərin, qrupların və yaxud sektaların fəaliyyətini deyil, dövlətin ehtiyaclarını ödəmək üçün sərf olunur.

Layihə və fondu hökumət strukturlarının nəzarətində olan qurumlar maliyyələşdirirsə, bu, o deməkdir ki, ona nəzarət mexanizmini də hökumət özündə saxlayır. Bu da öz növbəsində layihələrin obyektiv maliyyələşdirilməsində ciddi problemlərə səbəb olur.

Mənəvi Dəyərlərin Təbliği Fondunun nizamnamə kapitalı 100 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 263