Muəllif:

IŞĞALI UNUTMAYAQ…

 

Əgər Bakıda 1990 və 1991-ci illərdə Azərbaycanın tarixi işğalı ilə bağlı olan iki abidə — XI Qızıl Ordunun və Kirovun heykəlləri ləğv edilməsəydi, bu gün bunu etmək mümkün olardımı? İnanmağım gəlmir, çünki Leninin heykəllərinə, Georgi lenti adlanan o parçaya görə Moskvanın Kiyevin başına açdıqlarını görürük.

Ukraynanın sovet simvolikasının ləğvi siyasəti Moskvanı möhkəm əsəbiləşdirir. İndi Moskvanın siyasəti belədir ki, pis-yaxşı, Rusiyanın tarixində nə olubsa, hamısına ehtiram göstərilməlidir.

Həm çarı müqəddəsləşdirirlər, həm də meydanlara qırmızı bayraqlarla çıxıb, Kiyevlə Lenin davası döyürlər. Çünki çar da, Lenin də Rusiya şovinistləri və millətçiləri üçün doğmadır. Çünki çar Rusiyası parçalanandan ikicə il sonra Lenin həmin imperiyanı həmin sərhədlərdə bərpa edə bilib. Əslində, Rusiyada dəyişən siyasi formasiyaların həmişə bir ümdə vəzifəsi olub: nəyin bahasına olursa-olsun, nə adla, nə dinlə və hətta dinsizliklə, nə ideologiya ilə olursa-olsun, Saxalindən Avropaya qədər olan torpaq parçasını itirməmək.

Rusiya bu istiqamətdə fəaliyyətini bir saat da dayandırmır. MDB fıs çıxdı, ardınca Belarusla ittifaq dövləti, Avrasiya İttifaqı və sair kimi qondarma qurumlar ortaya qoyuldu.

Əslində çar Rusiyasının şərəfindən faydalanmaqla keçmiş kommunist və keçmiş DTK zabiti Putin heç bir yenilik gətirməyib. İmperiyanın toxunulmazlığı prinsipi Rusiya imperiyasının özü qədər qədimdir. Götürək elə “Georgi lentini”.

Qısaca tarixi belədir:

Rusiya imperatriçası Böyük Yekaterina 1769-cu ildə Müqəddəs Georgi ordenini təsis edib. Rəngləri sarı və qara olan bu medalın rəngi sonradan narıncı və qara ilə əvəzlənib. O zaman bu, ən ali hərbi mükafatlardan biri sayılırdı.

Üstündən yarım əsr keçəndən sonra, imperator I Aleksandrın vaxtında Georgi lentli mükafatları artıq aşağı hərbi rütbələrə və hətta mülki şəxslərə, din xadimlərinə də verməyə başladılar. Beləliklə, lent imperiyanın sadə əhalisi arasında kütləvi tanınmağa başladı.

Bolşeviklər hakimiyyətə gələndən sonra çar Rusiyasının bir çox mükafatı kimi, “Georgi lenti” də ləğv olundu.

Ancaq 1940-cı illərdə SSRİ onun rənglərindən dəniz qvardiyaçılarının formalarında, müharibənin sonuna doğru isə Almaniya üzərində qələbəyə görə medallarda istifadə etdi. Bundan sonra həmin lentlər Qələbə paradlarının atributuna çevrildi.

Ordenin və lentin daha bir dirçəlişi, SSRİ-nin çökməsindən sonra, 1998-ci ildə, Boris Yeltsinin hakimiyyəti zamanı baş verib.

Ancaq lent məhz 2005-ci ildən sonra Rusiyada milli həmrəylik rəmzinə çevrilib.

Yaranması Rusiya imperiyasının Qafqaz və Azərbaycan da daxil yeni böyük ərazilər işğal etməsi ilə eyni dövrə təsadüf edən bu ordenin lentindən imperiya qoşunlarının bayraqlarında geniş istifadə olunurdu.

Rusiya Cənubi Qafqaz hərbi kampaniyasını davam etdirdiyi bir vaxtda, 1806-cı ildə ayrıca müqəddəs Georgi bayraqları da təsis ermişdi.

İndi, XXI əsrdə Georgi lenti və Azərbaycan mövzusunda yazmağa dəyərmi? Yəqin ki, dəyər. Çünki belə məsələlərdən yazmayanda, susanda, üstündən bir müddət keçəndən sonra hökumət tarixçiləri tarix dərsliklərində Rusiya işğalını “Azərbaycan xalqının könüllü şəkildə Rusiyaya birləşdirilməsi” kimi həkk edirlər. Mən və mənim nəslim belə tarix kitabları ilə böyümüşük.

Gürcü əsilli rus generalı

XXI əsrdə Rusiyanın yenidən gündəmə gətirdiyi Georgi lentindən də yazmağa dəyər. Ən azı ona görə ki, 1800-cü illərin lap əvvəllərində Azərbaycanı işğal etmək üçün göndərilmiş gürcü əsilli rus zabitinin yaxasını bu lent bəzəyirdi. О üçüncü dərəcəli Müqəddəs Böyük Şəhid və Müzəffər Georgi ordenini 1794-cü ildə polyak xalqını qanına qəltan edib üsyanlarını yatırdığına görə almışdı.

Pavel Sisianov Azərbaycan torpağına qədəm qoyanda, artıq xalqlara divan tutmaq sahəsində mükəmməl təcrübə görmüşdü.

Onu da qeyd etmək lazımdır ki, Sisianovun böyük imperiya uğrunda “qəhrəmanlıqlarının” təfərrüatları bizə Rusiya tarixçilərindən əvvəl əcnəbilərin yazdıqları kitablardan gəlib çıxıb. Rusiya tarixçilərinin yazdığı kitablar, məsələn o vaxt Axundov kitabxanasının nadir kitablar və xüsusi fondlarında vardı, amma oralara “xüsusi icazəsi” olanlardan başqa heç kimi buraxmırdılar.

Nə isə, Sisianovun tarixini yazanlardan biri də Britaniya tarixçisi John Frederick Baddeley olub.

Mən hələlik bu kitabın yalnız rus variantı ilə tanışam və cümlələrin ardıcıllığından hiss edirəm ki, kitab rusca yaxşıca “redaktəyə” məruz qala bilərdi. Amma hər halda bu şəkildə də az şey demir bizə.

Məsələn, Gəncənin işğalından söhbət gedən fəsildə Baddeley Sisianovun imperatora məruzəsindən iqtibas edir:

“500 tatar (azərbaycanlı-Z.R.) məscidə sığınmışdı və görünür, təslim olmaq istəyirdilər. Lakin elə bu vaxt hansısa erməni əsgərlərə dedi ki, bunların arasında bir neçə dağıstanlı da var. Bu, tatarlar üçün ölüm hökmü idi, çünki Əlahəzrətin ordusunun Gürcüstana müntəzəm qarətçi yürüşləri edən və ümumiyyətlə, quldurluq hesabına yaşayan bu xalqa hiddəti böyük idi”.

Burada rus variantı, görünür ixtisarla verilib, çünki ardınca oxuyuruq:

“Lakin Sisianovun sayəsində qadınları öldürmədilər və bu, Qafqaz müharibəsində çox nadir hadisə idi”.

Nadir idi və ya nə idi, axırı ki, buna müasir terminologiya ilə “etnik təmizləmə” deyilir. Belə də düşünmək olar ki, Rusiya imperiyası sərhədlərini genişləndirmək üçün etnik təmizləmələrə həmişə əl atmışdı və hələ o vaxtlardan bu məqsədlə elə “etniklərin” özlərindən məharətlə istifadə edirdi.

Sisianov ruslaşmış gürcü zadəganlarının nəslindən idi və ondan Azərbaycan xanlıqlarına və əhalisinə mərhəmət olmayacağına əmin olmaq olardı. Rusiya tarixşünasılığında Rusiya imperiyasına son dərəcə sədaqətli “rus generalı” kimi təqdim edilən Sisianov hər halda gürcü idi. Onu Cənubi Qafqazda başqa bir “rus generalı”, milliyyətcə erməni İvan Lazarevi əvəz etmək üçün göndərmişdilər.

1763-cü ildə Kazan dvoryanlarının ailəsində doğulmuş Lazarevin üzərinə qoyulmuş missiya Gürcüstan çarlığına və gürcülərin müstəqilliyinə son qoyub onu Rusiyaya birləşdirmək idi. Gördüyümüz kimi gürcü məsələsini də həll etmək üçün erməni əsilli “rus generalı” göndərmişdilər.

Mariam Georgiyevna

1800-cü ilin 20 dekabrında gürcü çarı XII Georgi vəfat edən kimi Lazarev çox böyük bir ustalıqla onun oğlanlarının taxt-taca sahiblənməsinin qarşısını almışdı. O bəhanə gətirirdi ki, imperator Pavel Petroviçdən fərman gələnədək gözləmək lazımdır.

Lakin 16 və 17 fevralda əvvəlcə gürcü, sonra isə erməni kilsələrində Gürcüstanın Rusiyaya birləşməsi təntənəli şəkildə elan edilmişdi.

Lazarev Rusiya imperatoruna məktubunda “xalq bu xəbəri bayram etdi” yazanda yəqin ki, ilk növbədə soydaşları erməniləri nəzərdə tuturdu.

Amma gürcü çar ailəsi xalqdan fərqli olaraq narazı qalmışdı.

Buna baxmayaraq Lazarev yenə də böyük bir məharətlə çar övladlarını Rusiyaya könüllü sürgünə köçməyə sövq edə bilmişdi. Təkcə çariça Maryam Georgiyevna heç cür ipə-sapa yatmaq istəmirdi.

1803-cü il, aprelin 12-də rus əsgərləri general Lazarevin əmrilə Tbilisi sarayını mühasirəyə aldılar.

Lazarev saraya daxil olanda çariça uşaqları ilə birlikdə yataq otağında idi. O Mariama dərhal geyinməyi və Peterburq səfərinə hazırlaşmağı əmr etmişdi.

Onların arasında belə bir qısa söhbət olmuşdu:

— Uşaqlar yatırlar və mən onları oyatmaq istəmirəm. Bizim Gürcüstandan çıxmağımızı kim əmr edib?

— Bu, baş komandan, knyaz Sisianovun əmridir.

— O öz doğmaları ilə belə rəftar edirsə, bu soyadı daşımağa layiq deyil.

Burada bir qədər də Gürcüstan çariçası Mariam Georgiyevna Sisişvili (1768-1850) haqqında danışmağa dəyər. Bəli, o Sisişvili zadəgan nəslindən idi və deməli general Sisianovun qohumuydu.

Gürcü çarı XII Georgi onunla birinci arvadının vəfatından sonra evlənmişdi.

Rusiya imperatorluğu Kartaliniya və Kaxetiya çariçası Mariam Georgiyevnanı 1799-cu ildə müqəddəs Yekaterina ordeni və xaçla təltif etmişdi.

Lakin bu hörmət-izzət XII Georgi vəfat edəndən sonra, göründüyü kimi başa çatmışdı.

Kraliçanı yola gətirməyin mümkün olmadığını görən Lazarev özünü ən yüksək rütbəli zabitdən daha çox bazara baxan sahə müfəttişi kimi aparmışdı və qadının ayaqlarından çəkib çarpayıdan yerə salmışdı.

Mariam elə bu vaxt xalatının altında gizlətdiyi xəncəri onun ürəyinə saplayıb demişdi:“Mənim bədbəxtçiliyimə üstəlik hörmətsizlik də qatan adam belə ölümə layiqdir”.

Lakin Rusiya imperatoru öz generalının ölümünə görə çariçanı cəzalandırmadı, hərçənd o dərhal sürgün edildi.

Bu hadisənin ardınca, Gürcüstanda qayda-qanunu bərpa etmək və oradan da Azərbaycan xanlıqlarının işğalına başlamaq üçün milliyyətcə gürcü “rus generalı” Sisianov (Sisişvili) göndərilmişdi.

Bir sözlə, Rusiya imperiyasının milli siyasət maşını tam gücü ilə işləyirdi. Sonradan görəcəyimiz kimi bu rus generalı Azərbaycanda özünü həm də gürcü millətçisi kimi aparacaqdı.

Vikipedianın Sisianov məqaləsində oxuyuruq:

1802-cü ildə qoşun sarıdan bərk korluq çəkən Sisianov 4500 gürcü könüllüdən birləşmə yaradaraq Rusiya ordusuna birləşdirdi. Yazda birləşmiş rus-gürcü qoşunu Car-Balakən camaatlığına uğurlu yürüş etdi, bundan sonra İlisu sultanlığı Rusiyaya sədaqət andı içdi. Bu yürüşə görə Sisianov Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif olundu… 3 yanvar 1804-cü ildə Sisianov hücumla Gəncəni tutdu və Gəncə xanlığını tabe etdi. Buna görə o fevralın 4-də infanteriya generalı rütbəsinə yüksəldi…

Sisianovun azərbaycanlılara olan nifrətini onun elə həmin İlusu sultanına yazdığı ultimatumdan da görmək olar. Lakin bundan əvvəl car-balakənlilərə qarşı döyüşdə məğlubiyyətdən sonra Sisianov onlara belə yazmışdı:

“Mənim damarlarımdakı qan çaydandakı su kimi qaynayır və içim hiddətdən titrəyir”.

İlisu sultanına göndərdiyi ultimatumda isə general yazırdı:

“Farsürəkli vicdansız sultan! Sənin hələ mənə nəsə yazmağa cəsarətin də çatır? Sənin qəlbin koramal qəlbi, ağlın isə eşşək ağlıdır. Sən hələ ümid edirsən ki, məni dəbdəbəli və şirin ibarələrinlə aldadacaqsan? Bil ki, sən mənim imperatorumun sadiq təbəəsi olmayınca, mən çəkmələrimi sənin qanınla yumaq istəyəcəyəm”.

Sisianovun “musiqisi”

Baddeley yazır ki, onun başqa namələri də eyni ruhda yazılmışdı:“Sonrakl hadisələr göstərdi ki, o yerli sakinlərin xasiyyətini yaxşı bilirmiş. İlisu, Samux və Car-Balakən Rusiyaya sədaqət andı içdilər və xərac ödəməli oldular. Karyagin deyirdi ki, “bizim knyaz bombalar və güllələrdən musiqi yaradır və istənilən xanı öz tütəyinə oynamağa məcbur edir”.

Karyagin də maraqlı “obrazdır”.

Pavel Mixayloviç Karyagin (1752—1807) — polkovnik, 17-ci yeger polkunun komandiri, “Qafqaz Müharibəsi qəhrəmanı”.

Karyagin 1804—1807-ci illərdə Cənubi Qafqazda xidmətdə olmuşdu.

O 1805-ci ilin 24 iyun-15 iyulunda Qarabağda Əskəran ətrafında 20 minlik İran ordusunun mühasirəsini yara bilmişdi. Lakin Sisianovun mövqelərinə çatanda Karyaginin yalnız 100 salamat soldatı qalmlışdı. 

Bu kampaniyaya görə Sisianov ona üzərində “İgidliyinə görə” yazılmış qılınc bağışlamışdı. İgidlik ona sağlamlığı bahasına başa gəlmiş, iki il sonra vəfat etmişdi.

1827-ci ildə Qarabulaq kəndinə onun adı verilmişdi. Qaryagin adı 1959-cu ilin aprelində Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılanadək qalmışdı.

Görünür Rusiya imperiyasının öz toponimik prioritetləri olub. Gəncəyə imperatrıça Yelizavetanın, Qarabulağa isə “subordinasiya” ilə polkovnikin adını veriblər. Bəlkə Qarabulaq Qaryaginə “oxşadığına” görə…

Sisianovun “bəstələdiyi musiqini” 1990-cı ilin yanvarında Azərbaycana daha mükəmməl “musiqi alətlərində” çalacaqdılar. Amma o vaxtadək başqa maraqlı hadisələr də olmuşdu.

Hərbə-zorba

Sisianov Gəncə xanı Cavad xana ultimatumlarında həm Rusiya generalı kimi hayqırır, amma eyni zamanda həm də gürcü çarlığının davasını döyürdü. Bunu Cavad xanın onun məktubuna yazdığı cavabdan da görmək olar:

Gəncə, 29 noyabr 1803-cü il «Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla bir kimsə inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları Gürcüstanı idarə edirdilər. İnanmırsansa, yerli qocalardan soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları qalır, bir çox gürcüdə buyruqları saxlanılmaqdadır. İraklinin və atamızın dövründə Gəncə ilə Gürcüstanın sərhədləri dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım Gürcüstanda vali olublar, bir kimsə bu sözə hörmətlə yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz…

Sən bir də yazırsan ki, guya bir zaman mən Gürcüstan asılılığında olmuşam. Qoy sənə bəlli olsun, sənin padşahının fərmanı indi də əlimdədir. Bax gör, orada mən Gəncə bəylərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur ki, sözlərin tam yalandır.

Mənimlə savaş fıkrinə düşmüsənsə, mən hazır. Əgər öz toplarınla öyünürsənsə, mənimkilər onlardan geri qalmır, sizdə top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, uğur isə Allahın əlindədir. Mənə savaşa hazır olmağı təklif edirsən? Sən Şəmşəddilə girən gündən savaşa hazıram. Savaşmaq istəyirsənsə, savaşaq. Qorxu gəlirsən ki, təklifıni qəbul etməsəm, başıma bəla gələcək. Əslində bədbəxtlik səni Peterburqdan qova-qova bura çəkib gətirib. Bunu zaman, bir də savaşın özü göstərəcək”.

Cavad xan öz şəhəri uğrunda döyüşdə qəhrəmancasına həlak oldu, amma onun peyğəmbəranə bir şəkildə dediyi “əslində bədbəxtlik səni Peterburqdan qova-qova bura çəkib gətirib” hökmü də yüzə-yüz düz çıxdı.

Bakını ələ keçirmək istəyən Sisianov 1806-cı ilin əvvəllərində Hüseynqulu xanı qalanı ruslara təslim etməyə razı sala bilmişdi. 1806-cı il fevralın 8-də Bakının açarının Sisianova təqdim edilməsi mərasimi keçirilməli idi. Onun yanında başqa bir gürcü “rus polkovniki” — Elizbar Eristov da var idi. Amma xan açarı generala təqdim etdiyi anda xanın yaxın adamlarından İbrahim bəy atəş açaraq Sisianovu öldürmüşdü. Eristov da öldürülmüşdü. Sisianovun başını kəsib Bakı qalasına aparmışdılar.

Elə həmin 1806-cı ildə Sisianovun başsız cəsədi Bakı qalasındakı kilsədə dəfn olunmuşdu. 1811-ci ildə onun qalıqlarını ata-baba yurdu Tbilisiyə aparıb Sion məbədində dəfn etmişdilər. O Sion məbədi ki, ondan ikicə il əvvəl orada Lazarevi basdırmışdılar.

1846-cı ildə Sisianovun öldürüldüyü yerdə, Qoşa qala qapısının yanında tarixdə adı “vətəndaş Tomas Ayvazov” kimi qalmış bir şəxsin pulu ilə Sisianova abidə ucaldımışdı.

Sonralar bu abidənin ətrafında salınmış bağ da Sisianov bağı adlanırdı (Nizaminin heykəli olan yer).

Sovet dövründə bu abidə dağıdıldı. İndi həmin yerdə “Standart” bankın baş ofisi yerləşir (vaxtilə Azərnəşr yerləşirdi).

Epiloq əvəzi

Qeyd olunmalıdır ki, həm Lazarev, həm də Sisianov hələ XVII əsrdən Rusiya imperatorlarına sığınmış gürcü zadəganlarının və erməni tacirləri və ruhanilərinin icmasında yetişmişdilər. Bu icmalar illər boyu Rusiya imperatorlarının qılıncı ilə Cənubi Qafqazda Rusiya imperiyasının tərkibində olsa da “milli filiallarını” yaratmağa can atırdılar. Hər iki icma rus qılıncını yerli “tatarlara” qarşı döndərmək üçün az səy göstərməmişdi.

Amma nəticədə Rusiya onların hər ikisini aldatmışdı. Cənubi Qafqazda gürcü çarlığının izi-tozu da qalmamamışdı, erməni çarlığının isə yalnız uydurma tarix kitablarında olduğunu Rusiya strateqləri çox tez başa düşmüşdülər. Əvəzində Cənubi Qafqaz Rusiya quberniyalarına bölünmüşdü.

Amma Azərbaycanın canı bununla Rusiya imperiyasından qurtula bilməmişdi. Artıq XX əsrin əvvəllərində Azərbaycanda gürcü və erməni əsilli “rus generallar” yox, gürcü və erməni əsilli “rus komissarlar” meydan sulayırdılar.

Erməni Stepan Şaumyanla, gürcü İosif Stalinin arasındakı qatı düşmənçilik barədə tarixçilər çox yazıblar. Stalin Şaumyanı nəinki bolşevik hesab etmir, yeri gələndə onu heç adam yerinə də qoymurdu. Bunu “təzə imperator” Lenin də bilirdi, amma göz yumurdu.

Bir qədər sonralar, 1930-cu illərdə Moskva teatrlarından biri Bakı komissarları haqqında pyes hazırlamışdı. Pyesə əvvəlcə Stalin baxmalı idi. Baxmışdı və bəyənməmişdi. Rejissora demişdi: “Bilirsiniz, biz Bakı komissarlarının xatirəsini əziz tuturuq, lakin onlar yaxşı inqilabçı ola bilməyiblər. Ona görə də biz onları inqilab qurbanları kimi yad edirik. Sizsə burda onlardan qəhrəman düzəltmisiniz. Tarixi əymək olmaz”.

Təbiidir ki, pyesin kitabı elə o “dövlət baxışı” ilə də bağlanmışdı.

Artıq “bəxtin istehzası” ilə SSRİ adlı imperiyada iki gürcünün – Stalin və Beriyanın bir sözünü iki edən yox idi.

Hələ bundan sonra SSRİ Hitler Almaniyasını məğlub edib Avropanın yarısına sahib olacaqdı.

Putin Rusiyası yeni imperiya xülyalarının xətrinə 1937-ci il repressiyalarını da bağışlayacaqdı.

2017-ci ilin may günlərində döşlərində Georgi lentli ordenlər olan iki gürcünün qoşa portretlərini təkcə Moskva metrosunun girişində deyil, Berlin parklarında da görmək olacaqdı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 501