Muəllif:

İşğala bir gün qalmış

 «Yalama» povestini aprelin 26-na çatdırmadım. İşıq salınası qaranlıq künc-bucaqlar çoxdur. Sabahsa, artıq, aprelin 26-dır və ondan sonra müstəqil Azərbaycan Respublikasının işğalına saatlar qalır. Həmin günün döyüş ərəfəsində baş vermiş bəzi məqamlarını təqdim edirəm. Bir çay vardır, adı Samur…

***

Günəşli bir gün idi. Tikinti-qazıntıdan, axır ki, canımız qurtarmışdı və nahardan sonraya taktiki təlim təyin etmişdim. Biz naharı bitirəndə Xaçmaz qarnizonundakı yeganə zirehli qatarımız Yalamaya gəldi. Qatarın komandiri ştabs-kapitan knyaz Lordkipanidze, onun köməkçisi cavan gürcü zabiti və dəmiryol mühafizə xidmətinin Xanbaba adlı rəisi Samurda sərhəd məntəqəsini yoxlamağa gedirdilər. Lordkipanidze mənim də onlara qoşulmağımı təklif etdi. Dərhal razılaşdım: bir həftə idi sərhəddə çıxmamışdım. Təlimə rəhbərliyi müavinimə tapşırıb qatara mindim.

Sərhəd Samur üzərindəki körpünün düz ortasından keçirdi. Bir məhəccərdən o birinə çəkilmiş yoğun məftil yolu kəsirdi. Məftilin Rusiya tərəfində iki soldat, Azərbaycan tərəfində iki əsgər keşikdə dayanmışdı. Rejim çox da sərt deyildi. O tay – bu taya adlamaq istəyənin sənədlərini, üstündə silah olub-olmadığını yoxlayır, məqsədini soruşur və buraxırdılar. Körpünün bərabərində, Samurun sahilindən təxminən 100 metr aralı bizim sərhəd məntəqəmiz və gözətçilər üçün kiçik barak yerləşirdi. Barakın qabağında başıkəsik kötüyün üstünə su çəni qoyulmuşdu, yaxınlıqda isə alverçilər yeşiklərdən qurduqları piştaxtalara mallarını düzmüşdülər, «bazar» açmışdılar.

Ştabs-kapitanın obyekti səkkiz dəfə yaxışlaşdıran ingilis binoklu ilə seyr etdiyim bu səhnələr ötən həftə gördüklərimdən fərqlənmirdi. Bircə detaldan başqa: «bazar»la barakın arasındakı meydançada adamlar halay vurub rəqs edirdilər. Lopabığ jandarm harmonikada nəsə çalırdı, oynayanların əl-ayaq hərəkətindən «Qaytağı»ya oxşayırdı. Bizim əsgərlər rusları rəqsə çəkirdilər, onlar isə başlarını bulaya-bulaya geri dartınırdılar. Tək bircə soldat cəsarət edib ortaya atıldı. Boyu uca olduğu üçün onun yana açılmış uzun qolları, gülərüz sifəti və başındakı qırmızı ulduzlu papağı aydın görünürdü. Hamı kənara durub çəpən vurmağa, fit çalmağa başladı. Aralıqda çox gözəl rəqs edən bir Azərbaycan əsgəri və həmin soldat qaldı. Rus soldatı ritmi pozmadan əllərilə əsgərin hərəkətlərini təkrarlayır, ayaqları ilə dizlərini qatlaya-qatlaya «Polka» oynayırdı.

Binoklu ştabs-kapitana uzatdım.

— Ora baxın! Belə şey görmüsünüz?

Knyazın dodaqları qaçdı:

— Çox yaradıcı yanaşmadır, vəziyyətdən çıxmağı bacarır. Çevik adama oxşayır.

Yavaş-yavaş körpüyə yaxınlaşan zirehli qatarı birinci olaraq harmonika çalan jandarm gördü. Musiqi kəsildi, oynayanlar dağılışdılar.

Qatar körpünün 150 metrliyində dayandı. Zirehli qapı açıldı. Xanbaba çınqıllığa tullandı. Ardınca Lordkipanidze, sonra biz düşdük. Xanbaba baş mühafizəçinin raportunu qəbul etdi. Bəlli oldu ki, gün insidentsiz ötüşüb, ümumiyyətlə, Filnikov əhvalatından sonra sərhəd bölgəsində heç bir diqqətəlayiq hadisə baş verməyib.

Barakın qarşısında Lordkipanidze ayaq saxladı. Gözaltı yolun o biri üzündə alverçilərlə sövdələşən soldatlara baxdı və arxadan gələn dəmiryol mühafizə xidmətinin rəisinə dedi:

— Mərc gələ bilərəm ki, bayaq rəqs edən rus soldatı, əslində, zabitdir. Özü də elə-belə zabit deyil, komandirdir.

 — Niyə belə düşünürsünüz, knyaz?

— Mən uzun müddət çar ordusunda xidmət etmişəm, Xanbaba. Bunların ağlarını da uzaqdan seçirəm, qırmızılarını da. Sən bir onun duruşuna bax: sol əlini kəmərinin üstündə elə saxlayıb ki, elə bil qılıncın dəstəyindən yapışıb…

Ştabs-kapitan öz-özü ilə danışırmış kimi pıçıldadı: «Neba mibodzet qaqetsnot, bico?»[1] və qətiyyətlə yolu keçib ruslara yaxınlaşdı. Soldatlar onu dövrəyə aldılar.

Bir neçə dəqiqədən sonra Lordkipanidze ilə rus komandirinə oxşayan soldat dəstədən aralanıb gəzə-gəzə söhbət etməyə başladılar. Növbəti dəfə bizim yanımızdan ötəndə Lordkipanidze ayaq saxladı. Soldat da dayandı. Ştabs-kapitan bir-bir bizi ona təqdim etdi:

— Yalama qarnizonunun rəhbəri. Mənim köməkçim. Dəmiryol mühafizə xidmətinin rəisi.

Soldat gülümsəyib əl uzatdı. Onun gərilmiş quş qanadları formasında uzun bığları var idi. Gülümsəyəndə qanadlar hərəkətə gəlirdi. Hiss etdim ki, əl tutanda mənə xüsusi maraqla baxdı. Ştabs-kapitan Xanbabaya göz vurub yenidən həmsöhbətinə tərəf döndü:

— Hə, deməli, hələ bir dəfə də ciddi problem yaranmayıb. Ümid edirəm ki, hökumətlərimiz arasında rəsmi sülh müqaviləsi imzalananadək yaranmayacaq da. Sizinkilər bizim sərhəd məntəqəsini keçib istəsələr burada, istəsələr yaxınlıqdakı kəndlərdə bazarlıq edirlər. Yeri gəlmişkən, bəs siz heç nə almamısınız?.. Bağışlayın, bir söz soruşum: özünüz haralısınız?

— Kaluqada doğulmuşam, amma praporşiklər məktəbini Gürcüstanda bitirmişəm.

O-o-o! Deməli, bizim adətlərə bələdsiniz. İcazə verin, rus ordusunun qırmızı komandirinə, bir gürcü knyazı və Azərbaycan ordusunun zabiti kimi, tanışlığımız şərəfinə konyak hədiyyə edim. Gözəl konyakdır, onillikdir, inqilabdan əvvəl süzülüb, keyfiyyətinə söz ola bilməz.

Lordkipanidze köməkçisinə işarə verdi. Gənc zabit iti addımlarla zirehli qatara doğru getdi.

— Sağ olun, kapitan, indi əvəzini çıxa bilməyəcəyəm, amma bilin ki, bizim tərəfdə sizi ən isti münasibət və ən layiqli hədiyyə gözləyir.

Lordkipanidze qızardı. Qısa tərəddüddən sonra soyuq səslə soruşdu:

Sizə bir sual da verə bilərəmmi?

— Buyurun.

— Neçə yaşınız var?

Rus komandiri tutuldu:

— İyirmi dörd.

«Yaşıdımdır», deyə fikirləşdim. Lordkipanidzenin səsi isə bir az da sərtləşdi.

— Çox ağıllı adama oxşayırsınız, amma hələ gəncsiniz. Bəzi sözlərin mahiyyətinə varmırsınız, ya da… Ola bilsin, yaxşı eşitmədiniz. Axı mən dedim: bir gürcü knyazı və Azərbaycan zabiti kimi…

— Siz məni düz başa düşmədiniz…

— Knyazla danışanda belə deməzlər, cavan oğlan, deyərlər, fikrimi düz ifadə edə bilmədim.

Qırmızı komandir güldü. «Quş qanadları» çırpındı:

— Biz bütün zadəgan titullarını ləğv etmişik, ştabs-kapitan.

— Zabit şərəfini ki, ləğv etməmisiniz. Zabitə də belə təklif etməzlər. Hər halda, sizdən fərqli olaraq, mən mündirdəyəm. Özü də Rusiya ilə heç bir düşmənçiliyi olmayan, dostluq əlaqələrinə can atan bir dövlətin ordusunun zabit mundirində!

Ştabs-kapitanın köməkçisi qutuda konyak şüşəsini gətirdi. Lordkipanidze onu alıb həmsöhbətinə uzatdı:

— Buyurun, nuş olsun. Qutusu da qırmızıdır. İndi isə, dostum, gərək bağışlayasınız, biz artıq getməliyik. Beş dəqiqədən sonra yola düşürük. Ümid edirəm, tanışlığımızdan qalan xoş təəssüratı daha heç nə korlamayacaq.

Azca aralanmışdıq ki, Xanbaba ştabs-kapitanın qolundan çəkdi:

— Biz onu həbs etməliyik!

Lordkipanidzenin dən düşmüş qaşları çatıldı:

— Niyə?

— Necə yəni, niyə? Komandirdir, əsgər paltarında sərhəddi keçib.

Lordkipanidze yuxarıdan aşağı qınayıcı nəzərlərlə Xanbabaya baxdı. «Gedək», deyə qolunu onun əlindən çıxardı və yoluna davam etdi.

Mənə elə gəldi ki, knyaz mənəvi qələbəsini fiziki qüvvə tətbiq etməklə korlamaq istəmir. Bəlkə də, rusların əlinə bəhanə verməkdən, yaxud belə bir addımın siyasi nəticələrindən çəkinir.

Xanbaba bir qədər fikirləşəndən sonra dalımızca düşdü.

 

[1] «Nə axtarırsan buralarda, cavan oğlan?»

email:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 7,50 из 10)
Oxunma sayı: 805