Muəllif:

İnsanı yaşat ki, dövlət yaşasın

Bu günlərdə həbsdən yenicə çıxmış bir nəfərlə rastlaşdım. Sözləri məni bir az təəccübləndirdi. Dedi ki, “içəridə” olanda daha rahat və sakit idi.

Öncədən deyim ki, həmin şəxsin adını yazmayacağam, narahatam ki, yenə həbs edərlər. Az-çox ictimai fəal şəxsdir. Onun çıxışında məni, bəlkə də yazının əvvəlini oxuyanları təəccübləndirəcək məqam var; insan niyə həbsdə olanda rahat olsun ki?!

Azadlıq, sərbəstlik dünyanın ən gözəl nemətidir. Məsəl var, bülbülü salırlar qızıl qəfəsə, kədərə bürünür, elə ki, qəfəsdən buraxırlar, kol-kosun arasında başlayır sevincdən mahnı oxumağa. İnsan övladı isə həbsdə rahatlıqdan danışırdı. Dünyanın axırı yəqin ki buna deyilir.

2013-cü ildə ABŞ-da təqaüd proqramlarından birinin iştirakçısı olarkən məşhur “Coca-Cola” muzeyinə getmişdik. Biz, 16 nəfər idik, aramızda Latın Amerikasından, Cənub-Şərqi Asiyadan, Yaxın Şərqdən, Şərqi Avropadan, Mərkəzi Asiyadan nümayəndələr var idi. Bir də, başqa qrup gəlmişdi, onlar da əcnəbilər idi. Deməli, bələdçi xanım hamıya bir-bir yaxınlaşır, hansı ölkədən gəldiyini soruşur, sonra həmin ölkənin adını ucadan, az qala qışqıraraq söyləyirdi. Əlqərəz, o qədər adamın içərisində xanım mənə yaxınlaşdı və mən də ucadan, həm də fəxrlə ölkəmin adını dedim. Araya sükut çökdü. Bir də soruşdu, bu dəfə asta səslə, amma yenə də fəxrlə “Azərbaycan” dedim. Sonra xaricə gedən azərbaycanlıların eşitmək istəmədikləri sualla üzləşdim:“Ora haradır?” Təbii ki, o qarma-qarışıqlığn içində ona nəyisə izah etmək, ənənəvi olaraq, Türkiyə, Rusiya, İranla qonşu ölkədir demək imkanım olmadı. Öncə bir az təəccübləndim, sonra ondan öncəki günün hadisəsi yadıma düşdü, təəccüblənmədim. Elə həmin muzeyin qonşuluğunda dünyanın media nəhəngi CNN-nin baş qərargahı yerləşir. CNN-nin baş prodüserlərindən biri də Azərbaycanı tanımamışdı. Sonra tanıyanlar tapıldı, özü də çox. Amma ABŞ Dövlət Departamentinin, Freedom House, Human Rights Watch’un hesabatlarından. İnanın ki, belə tanınmaq insan üçün heç, amma heç xoş deyil.

Ya bizi tanımırlar, ya da pis tanıyırlar. İnsan hüquqları, demokratiya…. media azadlığı. Ölkəmin az-çox fəal, az-çox ictimai tanınan vətəndaşı azadlıqda olmağından giley edir. Çünki, yuxarıda sadaladıqlarımızın olmadığını deyir.

Amma irad tutanlar da az deyil. Deyirlər ki, ölkəmizi pisləməyin, daxildəki problemləri kiməsə deməyin, ən əsası, bizi biabır (!) etməyin. Bu insanlara necə izah edəsən ki, indi sovet dövrü deyil, insan istəsə belə nəyisə gizlədə bilmir. Dünyanın ən qapalı ölkəsidir Şimali Koreya, oradan da hər gün fotolar, videolar, xəbərlər görürük. Dünya elə qloballaşıb ki, istənilən hadisə CNN-nin efirinə kimi gedib çıxır, çox da CNN-nin baş prodüserlərindən biri Azərbaycanı tanımır…

Bu insanlara necə izah edəsən ki, elə vətəndaşlarımız var ki,  Azərbaycanı onlardan çox sevir. Siz Azərbaycanı daha çox dəbdəbəli, möhtəşəm binaları, mərkəzi və işıqlı küçələri, mərmər prospektləri, parkları, son 25 ildə 3 kilometr uzadılan bulvarı, bahalı, lüks maşınları olan gəncləri ilə sevirsiz.

Onlar da sevir, amma onlar sizdən fərqli olaraq bu ölkəni həm də daş hasarların arxasında, balaca evlərdə yaşayan adamları ilə, asfalt üzü görməyən, yayda torpağı quruyan, payızda palçıq olan  yolları, tozu-torpağı,  son 25 ildə cəbhə kəndində yaşayan, orada atəş altında doğulan, böyüyən, bəzən də gülləyə tuş gələn vətəndaşı, qızmar günəş altında sərnişin daşımaqdan kömürə dönmüş sürücüsü ilə sevir.

Azadlıqda xoş, firavan yaşamaq onların da haqqıdır, elə edin ki, məhbəs həyatını bayırdan üstün tutmasınlar.

Ötən qış yaşlı nənələr şəhərimizin küçələrini qardan təmizləmək üçün səfərbər olunmuşdu. Sosial şəbəkədə bununla bağlı maraqlı foto da yayılıb; Avropa ölkələrinin və Azərbaycanın təqaüdçüsü. Avropadakılar çox xoşbəxt, firavan görünür, çünki ömür boyu işləyiblər, indi də yaxşı təqaüd alıb dünya səyahətinə çıxırlar, Azərbaycandakı isə qışda qar təmizləyir, çünki aldığı pul ehtiyaclarını ödəmir.  Qış yaxınlaşır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,33 из 10)
Oxunma sayı: 367