Muəllif:

«İnformasiya cəmiyyəti»nin vedrəsi

Dostlarım süni intellektdən, sənaye inqilablarından, hiperlupdan yazırlar, mən də plastmass vedrədən. Mövzu tapmıram? Yox, mövzu boldur. Məsələn, dünənə qədər yazmağa hazırlaşdığım birini deyim: xəbəriniz varmı ki, 2014-cü ildə Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair yüksək iddialı bir Milli strategiya qəbul olunub? Qısaca arayış: bu, elə bir cəmiyyətdir ki, orada əhalinin əsas hissəsi informasiyanın və onun ali forması olan biliyin müasir texnologiyalarla istehsalı, emalı, ötürülməsi ilə məşğuldur! Azərbaycan cəmiyyətini belə bir keyfiyyətdə təsəvvürünüzə gətirirsinizmi? Nəinki təsəvvürünüzə gətirməlisiniz, hətta bilməlisiniz ki, həmin strategiyaya görə, altı ilə biz informasiya-kommunikasiya texnologiyaları sahəsindünyanın ən qabaqcıl ölkələrinə çatmalıyıq!!! İstəyirdim, yolun yarısını — altı ildən üçünü keçəndən sonra müqayisə edim, baxım görüm, ABŞ-la, Kanadayla aramızdakı məsafə çoxmu qısalıb? Birdən, artar… Amma nə edəsən ki, vedrədən də kimsə yazmalıdır. Həm də elə-belə baxmayın bu söhbətə: vedrələrimizin müqayisəsi, əslində, o dərəcədə mühüm məsələdir ki, yuxarıdakı sualımdan da qəliz sualların cavabını, bəlkə, tapa biləcəksiniz. *** Hər şey çox təbii başladı. O dərəcədə təbii ki, mən hətta buna «mövsumi» deyərdim: payız ərəfəsi bağda üzüm yetişdi. Onu yığmaq üçün vedrə lazımdı. Vedrəmsə yoxa çıxmışdı. Yenə kimsə pay aparmışdı, qabı qaytarmağı unutmuşdu. Elə bunun özü də bizim «informasiya cəmiyyəti»nə doğru gedən toplumumuz üçün tam təbii haldır. Nə başınızı ağrıdım, vedrə dalınca gedəsi oldum. Yol ayrıcında böyük mağaza var. Təsərrüfat malları, inşaat materialları – nə desən taparsan. İllərdir, dadıma yetir. Hətta bir dəfə özümü saxlaya bilməyib menecerə mağazanı tərifləmişdim. Sinəsi qabarmışdı: — Müəllim, bizdə 19 min adda mal var! Həmin menecerə yaxınlaşıb vedrə soruşdum. O, kompüterinin düyməsini basıb axtarış verdi. — Deməli, rus vedrəmiz var, İran vedrəmiz var, türk vedrəmiz var, bir də öz vedrəmiz var. — Fərqləri nədədir? Menecer tənbəllik eləmədi. Məni satıcılara ötürmədən özü qabağa düşdü. Dalınca getdim. Biz sıra ilə düzülmüş uzun «vedrə sərgisi»nin qabağında dayandıq. — Baxın, rus vedrəsi budu. Dəmirdəndi. Qiyməti… Sözünü kəsdim. — Rusunku elə dəmirdi… Menecer güldü: — Hərənin vedrəsi özünə oxşamalıdı da… — Yox, mənə plastmass vedrə lazımdı. — Onda bunlara baxın, — deyə o, ön cərgədə parıldayan trapesiya şəkilli vedrələrdən birini qucağına aldı. – Türk malıdır. Çox keyfiyyətlidi, həm də yaraşıqlıdı, adam əlində qonaq getsə utanmaz. Yeddi manat yarım. – Menecer sifətimdə sevinc ifadəsi görmədiyi üçün vedrəni qucağından düşürdü. Növbəti cərgəyə keçdi. – İran vedrələri – dörd manat yarım. Pis deyillər. – Nəhayət, o, lap arxa sırada utancaqcasına küncə qısılmış palçıq rəngli bir vedrənin qulpunu barmağına keçirib qaldırdı. – Bu da bizim vedrəmiz. İki manat 60 qəpik. — Öz vedrəmizi niyə elə götürdünüz? Zəhərlidir? Menecer incidi. — Nə danışırsınız, zəhərli mal satmırıq. Sadəcə… — o, sözünə ara verib barmağını iylədi, — sadəcə, qoxusu var. Bilmirəm, sual haradan ağlıma gəldi: — Bəs sizdə Amerika vedrəsi yoxdur? Menecer çaşdı. — Bağışlıyın, nə? — Heç, — deyə tələsik səhvimi düzəltdim və gözümü Azərbaycan vedrəsinə dikib «informasiya cəmiyyətimiz» barədə kədərli fikrə getdim. Həmsöhbətim susmağımı qətiyyətsizliyim kimi başa düşdü və təşəbbüsü ələ aldı. — Sizə nə üçün lazımdır? Uzun müddətə ərzaq saxlayacaqsınız, su-zad daşıyacaqsınız, yoxsa tikintidə, çöldə-bayırda işlədəcəksiniz? Variantlardan ikincisi mənim məqsədimə daha uyğun göründü. — Su daşıyacam. — Onda İran vedrəsi götürün. Türk vedrəsi bahadır, bizimki isə… — menecer başını buladı, — yox, bizimki yaramaz. Daha mən dəmirli-plastmasslı bu vedrələrə sadəcə əşya kimi deyil, alleqorik məna daşıyan milli rəmzlər kimi baxırdım. «Deməli, «hərənin vedrəsi özünə oxşayır»? Yəni, bir millət olaraq istehsal etdiyin, ortaya qoyduğun məhsul nədirsə, sən də osan». Artıq məni «informasiya cəmiyyəti»miz maraqlandırmırdı. Bu həddə yüksələnə qədər hələ vedrə düzəltməyi öyrənmək lazım idi. Fransızların əli ilə göyə peyk göndərməklə, xarici mütəxəsislərin iştirakı ilə dürlü-dürlü strategiyalar yazmaqla deyil. Girdiyim mağazadakı 19 min adda məhsuldan hansı birini öz əlimizlə başqalarından yaxşı düzəldirik? «Yox, bizə xarici mal lazım deyil, özümüzünkü daha keyfiyyətlidir», deyirik? Niyə nə istehsal ediriksə, başqaları ilə müqayisədə uduzuruq? Axı belə kütləvi hal səbəbsiz olmur. Əslində, mən bunun səbəbini özüm üçün xeyli vaxtdır müəyyənləşdirmişəm. Bir-iki dəfə dostlarıma da demişəm. Kimi razılaşıb, kimi razılaşmayıb. Amma hamı bir nəfər kimi, «o fikri başqa yerdə dilə gətirməməyi» məsləhət görüb. Məsləhətə şükür. Fikrimi dilə gətirmirəm. Amma, yəqin, Üzeyir bəy Hacıbəyovin 90 il əvvəl yazdığı məqaləsini oxuyanda eyni fikir sizin də ağlınıza gələcək. 90 il kifayət qədər uzun tarixi dövrdür. Əgər bu dövrdə dörd ictimai-siyasi formasiya da bizi dəyişə bilməyibsə, deməli, vəziyyət kritikdir. «Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar. Qərəz, gözümüzü ovcalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə, qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin çamışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güç eləyir. Tuturuq keçini, görürük, yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi… Biz belə iş görürük».  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 132