İLANLAR VƏ DOVŞANLAR
Dovşan piton və ya boa ilanı ilə qarşılaşınca donub qalır. İlan şikarını hipnoz etdi deyirlər. Amma hipnoz-filan deyil bu. İlanın bütün orqanları – görmə, vibrasiya detektorları, temperatur reseptorları hərəkəti tanımağa, seçməyə köklənib. Dovşan hərəkətsiz qaldığı müddətcə ilan onu görmür. Amma azca qımıldayan kimi ilan onu seçir və ani bir həmlə ilə ovunu yaxalayır. Yaxalayır və udur…
* * *
Dəyişim hürkütücü və qorxuducudur. İlk başda belədir, getdikcə insan alışmağa başlayır, sonra qəbul edib özünü onun dalğalarına atır. Çünki qaçmaq mümkün deyil ondan. Metamorfozdur, təkamüldür, ölüm kimi qaçılmazdır. Heraklit onun haqqında belə demişdi– “Dəyişməyən tək şey dəyişimin özüdür”. Dəyişim bir zaman dilimi içindəki dəyişikliklərin tamamıdır. Yəni dəyişim bir şeyin forma və mahiyyətcə dəyişməsidir.
Günümüzdə dəyişim çox sürətlə baş verir. Və onunla ayaqlaşmaq müşkülata çevrilir. Ya yeni Dünya formatına uyğunlaşacaq, ya da ayaq altında qalıb məhv olacağıq. Bryus Barton “Dəyişmirsənsə keçmişdə qalacaqsan” demişdi. Sonuncu Sənaye inqilablarının yenilikləri göz qamaşdırır — daha sağlam və daha uzun yaşayacaq, həyatımız rahat olacaq. Buna ümid edirik ən azından. Dünyanın nüfuzlu futuroloji mərkəzləri yaxın gələcəklə bağlı biri-birindən rəngli kəhanətlər verirlər.
Alman yazar Udo Gollub da maraqlı futuristik fikirlər qələmə alıb. O, digər futuroloqlardan fərqli olaraq bizi yeniliklər qarşısında hazırlıqlı, ehtiyatlı və tədbirli olmağa çağırır…
* * *
Kiçik qızım 12 illik orta təhsilini başa vurmaq üzrədir. Yavaş-yavaş ali təhsil və ixtisası haqda düşünməyə başlayır. 2-3 il əvvələ qədər IT, kompyuter, yeni texnologiyalara maraq salmışdısa, sonradan kimya və genetika istədi. Bu ildən isə “hüquq” çıxdı ortaya. Bəlkə dayısına çəkir, bilmirəm. Açığı, səsimi də çıxartmırdım, gözləmə mövqeyində idim. Lakin Udo Gollubu oxuyunca düşüncələrim alt-üst oldu…
Amerikada gənc vəkillər iş tapmaqda çətinlik çəkməyə başlayıblar. IBM-in “Watson” adlı proqramı amerikalılara saniyələr içində hüquqi yardım verir. Faydalı olma əmsalı IBM-də 90 faizdirsə, vəkillərdə bu rəqəm 70-ə bərabərdir.
Zəmanəmiz başqa formata keçir, dövr dəyişir, yaxında vəkilə olan ehtiyac sürətlə azalacaq, tələbat ancaq dar profilli peşəkarlara olacaq.
Qızımın xalası qızı Tibb universitetindən məzun olub İstanbulda, Cərrahpaşada radioloji diaqnostika üzrə “uzmanlıq” oxuyur. 6 il universitet, 4 il də ixtisas – asan deyil. 10 il əziyyət çək, gecə növbələri, yuxusuz gecələr, qalın-qalın kitablar oxu, axırda da “gavurun oğlu” elə bir cihaz düzəldir ki, xəstəlikləri həkimdən 4 (!) dəfə daha dəqiq təşhis edir.
Önümüzdəki bir-iki il ərzində “Tricorder” adlı cihazın istehsalına başlanacaq. Mobil telefon və bu cihazın köməyi ilə 54 növ analiz təyin edilərək bir çox xəstəliyin diaqnozu qoyulacaq. Qiyməti ucuz olacağından geniş kütlələrə xitab edəcək. Belə olan halda laboratoriya və diaqnostika mərkəzlərinin sonu necə olacaq?
İki xalaqızı Dəyişimlə fərqli, başdöndürücü və həyəcanverici yeni bir dünyada yaşayacaqlar. “Dananın quyruğu” isə 2030-da qopacaq- o tarixdə bilgisayarlar insandan ağıllı olacaqlar. Adamın pisinə gəlir – uşaq böyüt, təhsil ver, “komp” gəlib onu keçsin.
Mən ən yaxşısı çalışım ki, xalaqızları bu məqaləmə rastlamasınlar. Oxuyub, həvəsdən düşmələrini istəmirəm…
“Maşın xəstəsi” deyil. Oğlumun belə avtomobilə marağı yoxdur. 2018-də ilk sürücüsüz avtomobillərin yollara tökülməsi ilə oğlum güman ki, “gördünmü, bunlar hamısı boş şeylər idi” deyəcək. 2020-də bu maşınların yayğınlaşması ilə nəhəng avtomobil şirkətlərinin qara günləri başlayacaq. Gollub “Kimsə avtomobil sahibi olmaq istəməyəcək” deyir. Niyə də istəsin ki? Bircə zənglə elektromobil gəlib səni istədiyin yerə aparacaq. “Parkovka” problemin də olmayacaq. Maşınlara olan ehtiyac 90-95 faiz azalacaq. Bu da şəhərlərin çöhrəsini dəyişdirəcək. Metropollarda gediş-gəliş asanlaşacaq, urbanizasiyanın ağır fəsadları xeyli aradan qalxacaq.
“Mercedes Benz”in Baş direktoru bu yaxındakı müsahibəsində əsas rəqiblərinin BMW, Audi deyil, Tesla, Amazon, Google, Apple kimi texnoloji şirkətləri olduğunu dedi. Bu şirkətlər süni intellekt, Hyperloop, Marsa səyahət kimi iddialı layihələrlə bərabər həm də gələcəyimizə yeni şəkil, dizayn verəcəklər. Bir gerçəkliyə baxın- Airbnb dünyanın ən böyük otel şirkətidir, ancaq bir dənə mülkü yoxdur. Uber dünyanın 300-dən çox şəhərində xidmət verən taksi şirkətidir, amma öz avtomobili yoxdur.
Go yaponların oynaması çox çətin masaüstü strateji oyunudur. Bizim tələbəliyimizdə “krutoyluq” Go oynamaqla ölçülürdü. Kafedra müdirimiz professor Pirməmmədov bizi Go oynayan görəndə hər zaman “Siz ən yaxşısı kompyuteri öyrənin, gələcəkdə kompyuter insanı udacaq” deyirdi. Hətta tarix də vermişdi – 2030-cu il. Keçən il yeni bilgisayar proqramı Goda insanı uddu.
Ən ağlasığmaz isə yaxın gələcəkdə IT mütəxəssislərinə olan ehtiyacın kəskin azalacağıdır. Proqram yazılımında (sistem proqramçıları) dünya lideri olan Hindistanda 4 milyon insan var və onlar artıq iş tapmadqa çətinlik çəkirlər. Bilgisayar mühəndislərini neynirlər, Süni intellekt Süni intellekt yaradacaq onsuz. Zatən önümüzdəki 20 ildə indiki işlərin, peşələrin 70-80 faizi olmayacaq. Əlbəttə ki, gələcəkdə yeni işlər meydana çıxacaqlar, amma bu hamıya yetəcəkmi, orası bəlli deyil.
Günəş enerjisinin yayğınlaşması ilə elektrik ucuzlayır. Bu da içməli suyun qiymətini aşağı salır. Çünki dəniz suyunun arıdılması ucuza başa gələcək. Yetərincə içməli su əldə etmək əlçatmaz bir xəyal idi, hətta savaşlar artıq içməli su uğrunda olacaq deyilirdi. Yeni texnologiyalar bu problemi də çözmüş oldular.
Dəhşətli bir sürətlə dəyişir hər şey. Elmi inqilablar önünə nə çıxsa dəyişir. Əslində isə bütün bunlar düşüncədəki inqilablar nəticəsində meydana gəlir. Keçmişi təftiş etmək, adət-ənənələri gözdən keçirmək, mentaliteti sorğu-suala tutmaq elmə təkan verən GÜCDÜR. Və gəlin həqiqəti qəbul edək – bu GÜCÜ istifadə edənlər biz olmayacağıq, növbə bizdən sonra gələn nəsillərindir. O nəsilləri necə yetişdiririk? Adicə bir tarix kitabı nəşr edə bilməyən təhsil sistemi iləmi? Yoxsa olmayan təhsil strategiyası ilə?
Təhsilimiz köhnəlmiş və tarixin sınağından çıxmamış bir sistemin kif basmış məhsuludur. Bu sistemin qurucusu Vladimir Lenin “Kapitalistlər bizə kəndir satacaqlar, biz də onları bu kəndirdən asacağıq” demişdi. Asa bilmədilər. Və bu gün onlar Dünyanın çöhrəsini dəyişirlər. Biz isə hələ də boylanır, Milli olmayan təhsillə Millətə gün ağlamağa çalışırıq.
Peter Drucker “Gələcəyi təxmin etmənin ən yaxşı yolu onu yaratmaqdır” demişdi. Hələ ki, nəsə yaratmaqdan uzağıq. Matımız quruyub. Donub qalmışıq.
* * *
İlan qarşısında instiktiv olaraq hərəkətsiz qalmaq zavallı dovşanın yeganə qurtuluş yoludur. Lakin bu müvəqqətidir, əvvəl-axır dovşan qaçmağa təşəbbüs edəcək və bu, onun sonu olacaq.
Uzun müddət hərəkətsiz qalmaq da mümkün deyil. Nəsə eləmək lazımdır…