Muəllif:

i2p

Son günlər düşünürəm ki, ya gərək yazmağın daşını atım, ya da gedim bu yaşımda özümə başqa iş tapım. Lakin, iqtisadi böhran mənim yaşadığım ölkədə də öz təsirini göstərməyə başlayıb. Dünənə qədər bizə bir şey olmaz deyən müxtəlif səviyyəli başbilənlər nə dolların önlənəbilməz yüksəlişini dayandırmağa qadirdirlər, nə də yeni iqtisadi siyasət formalaşdırmağa. Odur ki, ən doğrusu hələ bir az da ayaqda durmağa çalışmaqdır. Belə olan halda isə ən salamatı ya kulinariya və qastronomiyadan yazmaqdır, ya da müasir texnologiyalardan. 

Daha faydalı olduğunu düşündüyüm üçün mən ikincini seçdim, özü də 2 mövzu birdən…

* * *

2016-cı ilin 15 iyunundan Avropa İttifaqı mobil rabitə üçün rouminqi ləğv edir. Qərb mətbuatı hadisəyə bu qədər önəm verməsəydi, mən bəlkə də buna heç diqqət yetirməzdim. Avropalı obıvatel rouminqin ləğvini 2 tarixi hadisə ilə eyni tutur – Şenqen zonasının təsisi və Avronun vahid valyuta olması. Bunların hamısı avropalıya milli sərhədləri unutdurmaq üçün vacib addımlardır.

Sərhədlərdəki upuzun növbələr bəxtəvər avropalı gənclərin yadında deyil, Belçika frankının fransız frankına, fin markasının alman markasına “change”ni görməyiblər. O boyda Avropada bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Yeni nəsil heç milli valyutalarının adını belə xatırlamır.

Rouminqin ləğvi avropalı gənclərə edilmiş bir hədiyyədir, jestdir. Təsadüfi deyil ki, “Breksit” referendumunda ingilis gənclərin əksəriyyəti Birləşmiş Avropaya səs vermişdilər – “facebook nəsli”  ölkələrinin Avropa evindən çıxmağına qarşı idilər. Rouminq haqda bu tarixi qərar tam da elə İttifaq içində “sistemli ekzistensional böhran” haqda iddiaların artdığı bir zamanda verildi.

Uzağa niyə gedim ki. Elə mən özüm Bakıya gələndə təyyarə enən kimi tez smartfonun menyusundan “şəbəkə verilərini” qapadıram. Bir səfərində unutmuşdum, Türkcell-Azercell tandemi elə bir hesab çıxartmışdı ki, o pula son model iPhone almaq olardı. Əgər rouminqdə internetin sürəti 3G və yuxarıdırsa, səni rəsmən soyacaqlar. Türkcell hər sərhəddi keçdiyimdə məni “başqa” ölkəyə gəldiyimə inandırmaq istəyir sanki. “Bir millət,  iki mobil operator”

Elə bilməyin ki, Avropada rouminqin ləğvi bir göz qırpımında baş verdi. Ən az Şenqen və Avro qədər uzun bir hazırlıq mərhələsindən keçdi bu proses. 2007-dən İttifaq  içində rouminqin 90 faiz ucuzlaşmasına baxmayaraq 1 dəq danışığın qiyməti 2 avroya yaxın idi. Bunu “soyğunçuluq”  adlandıran avropalı liderlər “bazara” son qoydular. Provayderlərin şiddətli etirazına cavab olaraq Avropa Parlamenti də son sözünü dedi – “Avropalı insanlar ən yaxşı şeylərə layiqdirlər!”.

Bəs biz necə?…

* * *

Mövcud virtual aləm zinhara gətirib hamını. Saysız-hesabsız xüsusi xidmət orqanları, təhlükəsizlik və kəşfiyyat təşkilatları, xəfiyyələr, gizli federallar internet istifadəçilərinin ənsələrindədirlər – izləyirlər! Sosial şəbəkələrdəki hesablarımıza, elektron adreslərimizə,  “Whatsapp”, “Skype”, “Viber”  kimi müxtəlif rabitə və mesajlaşma mübadilə sistemlərinə asanlıqla girir, bütün danışıqlarımıza qulaq asır, özəl messenger yazışmalarımızı oxuyurlar.

Hər an minlərlə istifadəçi “casus proqramlarının” tələsinə düşür, onların bank hesabları, şəxsi yazışmaları müxtəlif məqsədlər üçün qaranlıq güclərin əlinə keçir. Əgər Ağ ev kiberhücumlara məruz qalır, Demokrat partiyasının seçki qərargahının serverlərinə rahatca  girilirsə, onda biz nə edək? Nə vaxta qədər insanlar yataq otağının qıfıl dəliyindən izlənirlər deyə “vuayerizm” paranoyası ilə yaşayacaqlar?

Yaxın zamanda yeganə qorunma yolunun i2p internet şəbəkəsi olduğu düşünülür. “Görünməyən internet” də adlandırılan bu şəbəkə bir baxıma mövcud internetə yaxın, bir baxıma da müqayisəedilməz dərəcədə çox uzaqdır. Yaxındır ona görə ki, i2p-yə giriş çox sadədir, “soft”unu pulsuz endirdinmi, bir “klik”lə başqa virtual aləmdəsən. Uzaqdır isə çünki bu virtual dünya öz iqlimi, öz qaydaları və öz oyunçuları ilə çox fərqlidir.

“Windows”u Bill Geytsin, İnterneti isə Ser Tim Berners-Linin qurduğu məlumdur. Yeni internet şəbəkəsinin qurucusu və ya qurucularının adları isə naməlumdur, “pablik” deyillər, ictimailəşməkdən qaçırlar. 2003-cü ildə i2p-ni yaradan adam “jrandom” olaraq tanınır. Kompyuter “sleng”ində haker sözünün sinonimidir. Yeni internetin qurucusu anonim olaraq qaldı. Onun haqqında ən kiçik bir bilgi məlum deyil. Layihədən də hansı səbəbdən ayrıldığı bilinmir.

İndi bu fantastik layihənin başında ZZZ adlı bir nəfər var. Sadəcə 3 hərf, onun da haqqında başqa bir məlumat yoxdur. Bəlli ki, ZZZ tək deyil, arxasında müxtəlif “nik”li super-zəkalardan ibarət bir komanda var. 16 dildə lokallaşmış i2p layihəsi könüllülər və ianə verənlər sayəsində ayaqda durur. İanə verənlərin əksəriyyəti də anonimdirlər.

İ2p texniki olaraq sadə bir şey deyil. Odur ki, o incəliklərinin üzərində çox durmayaq. Təkcə onu deyim ki, mövcud internetdən fərqli olaraq burada DNS (ing. Domain Name System) yoxdur, yəni şəbəkənin mərkəzi mövcud deyil. Bu isə o deməkdir ki, mərkəzləri “söndürmək” mümkün olmayacaq, serverlərin olmaması isə internetin çökməsinin qarşısını alacaq.

İ2p-yə də girildiyində brauzerində Firefox və ya Chrom açılır və biz saytdan sayta keçərək forumlarda yazır, mesaj ata bilirik. Qısacası, indiki internetdə elə bir şey yoxdur ki, onu “Görünməyən internet”də edə bilməyək. Sadəcə olaraq biz burada əmniyyətdəyik, kimsə bura girə bilmir – nə MI6, nə FBI, nə də başqaları.

Bəli, indiki internet və onun “urbanizasiyası”, milyonlarla istifadəçisi klassik şəbəkəni daha cəlbəedici edir. Buradakı qələbəlik, basabas, səs-küy, vur-çatlasın i2p-də yoxdur. Lakin i2p-nin əsaləti, ağır duruşu və ən əsas güvənli olması da heç yerdə yoxdur. Layihənin yaradıcıları bu şəbəkənin vaxtının gələcəyindən əmindirlər, amma dəqiq tarix vermirlər.

O vaxt isə sürətlə yaxınlaşmaqdadır. Milyonların i2p internetinə alışması asan deyil şübhəsiz, biz alışqanlıqlarımızdan tezcənə vaz keçəmmirik. Lakin, artıq əlimizin altında fəaliyyətə keçmiş, bizdən ad, soyad və başqa şəxsi bilgilər istəməyən, kommersiya reklamları ilə bezdirməyən və ən əsası, anonimliyimizi qoruyan, təhlükəsizliyə və mahrəmiyyətə təminat verən bir internet şəbəkəsi var.

Bəlkə də i2p bir az zamanından tez çıxıb meydana. Çünki ehtimal ki, insanların bir qismi vaxtı gəlincə şəbəkənin “yeraltı dünyasına” çəkiləcək. Və indi orada elə mexanizmlər yaranır ki, Yer üzündə diktaturalar qurulanda “yeraltında” senzuradan uzaq qəzetlər yaranacaq. Bəlkə də bu mürəkkəb “Görünməz internet” elə Yeni Dünyanın ən əsas xüsusiyyətlərindən biri olacaq. Və kim bilir, bəlkə bu Yeni Dünyada hər birimizə yazışmanın gizliliyi kimi lap elə Həyatın da gizliliyi təminatı veriləcək?

Çoxmu fantastik oldu? Məncə yox….

P.S.  i2p-nin Ümumdünya Şəbəkəsinə daha tez inteqrasiyası üçün onun sürətinin artması lazımdır. Bunun üçün də ”i2p-router”in Şəbəkəyə uyğunlaşaraq digər routerlərə başqa tunellər açması vacibdir. Kompyuterlərimiz i2p-yə nə qədər çox bağlı qalsalar, inteqrasiya bir o qədər güclü olar. Burada ianə verən insanlar qədər kompyuterlərini aylarla (!!!) qapatmadan “Görünməyən internet”ə bağlı tutan gənclər də tarixi missiyada iştirak edirlər. Bəzi peşəkarlar i2p-nin zəngin və göstərişli idarə panelindən zövq alır, gözlərinin önündə baş verən mühəndislik xarüqəsinin gözqamaşdırıcı görüntüsündən doya bilmirlər. Bəzən də onlar “irc-müştəri” “xchat”dakı “#i2p#” kanalında “Görünməz internet”in yaradıcılarının söhbətlərini dinləyirlər. Deyilənə görə, eşitdikləri elmin və zəkanın təntənəsindən başqa bir şey deyil. 

 

[email protected]

www.twitter.com/ibrahimnebioglu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (18 оценок, среднее: 9,89 из 10)
Oxunma sayı: 1007