Muəllif:

Ərdoğandan yeni il nağılları

3_teamKeçən əsrin ortalarında Hindistanı milli-azadlıq hərəkatı bürümüşdü.  Qandi hərəkatının özünəməxsus cəhətlərindən biri ingilis mallarının boykotu idi.  İngilis mallarını hətta yandırırdılar, lakin nəticədə anladılar ki, keyfiyyətli və ucuz ingilis mallarının boykotu ən  səmərəsiz mübarizə vasitəsidir. Yəni başları daşdan-daşa dəyəndən sonra ağıl illüziyaya, iqtisadiyyata nağılvari baxışa qalib gəldi.

80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sovet İttifaqında bir rublun dollara  qarşı rəsmi məzənnəsi təxminən 70 qəpik idi. Bu, sosializmin  “ölüm ayağında” olan  kapitalizm üzərindəki “təntənəsinin” nümayişi idi.  “Qara bazarda” isə bir dollar 10 rubla satılırdı. Amma sovet rəsmilərindən  heç kim gerçək məzənnəni nəzərə almaq istəmirdi. İllüziyalar aləmində yaşamaq daha sərfəli idi.

SSRİ-nin dağılması ərəfəsində rubl dəyərini sürətlə itirməyə başladı. 1991-ci ilin əvvəllərində pul islahatı həyata keçirildi. Rəsmi məzənnə kommersiya dəyəri anlayışı ilə əvəz olundu. Bir dolların kommersiya dəyəri artıq 1 rubl 75 qəpik idi. “Qara bazarda” isə dollar 30 rubla satılırdı.

Yalnız SSRİ dağılandan sonra  “qara bazarın” nə olduğunu demək olar ki, unutduq. Amma bildik ki, dolların gerçək dəyəri 5500 manatdır. Yəni başımız daşdan-daşa dəyəndən sonra ağlın illüziya, gerçəkliyinsə iqtisadiyyata nağılvari baxış üzərində qələbəsinin şahidi olduq.  Lap Molla Nəsrəddinin bir lətifəsində olduğu kimi…

Bir gün molla bazarda özündən müştəbeh şəhər qazısına ağıl dərmanı adıyla biri 1 manata olmaqla iki alma toxumu satır və onları üstündən su içməklə qəbul etməyi məsləhət bilir. Qazı qiymətdən narazı qalsa da, evə gedib toxumları tez-tələsik yeyir və nə vaxt ağıllanacağını gözləməyə başlayır. Birdən anlayır ki, adi alma toxumunun ikisinə 2 manat verib almaqdansa, elə həmin pula 2 kilo alma alıb əvvəlcə almaları, sonra da toxumlarını yeyərdi. Başılovlu bazara gedib mollanın yaxasından yapışır ki, məni aldatmısan. Molla səbəbini soruşanda ona gəldiyi qənaəti bildirir və ağıllı-ağıllı əlavə edir:

— Heç alma toxumu ilə də adamın başında ağlı artar?!
— Necə artmaz??? Özün də görürsən ki, necə artır!», — deyə molla gülərək yaxasını kənara çəkir.

Bizim yaddaşımız doğrudan da zəifdir. Sonuncu pul islahatından cəmi-cümlətani 10 il keçir. On il əvvəl 3 sıfrı ləğv edib və beşi birlə əvəzləyərək manatı dünyada ən bahalı valyutalardan birinə çevirdik. Dırnaqarası dostlarımız hətta ümumdünya maliyyə böhranı dövründə belə makroiqtisadi sabitliyi qoruyub saxlaya bildiyimiz üçün bizi bol-bol tərifləyir, bir sözlə, qoltuğumuza bir deyil, iki qarpız verirdilər. Biz də sevinir, gündən-günə şişirdik. Artıq iqtisadi inkişafın Azərbaycan modelindən  danışmağa başlamışdıq. Azərbaycanın gec-tez Holland sindromu ilə üzləşəcəyi barədə xəbardarlıq edənləri isə çarmıxa çəkməyə hazırdıq.

Milyardlarla dolları manatın məzənnəsini “analoqu olmayan səviyyədə” qoruyub saxlamaq üçün havaya sovurduq. Daha doğrusu, valyuta neftdən sonra Azərbaycanın ikinci ən əsas ixracat malına çevrildi, özü də əvəzi ödənilməyən. Əslində, Azərbaycan beynəlxalq miqyaslı filantropa çevrildi.  İndi artıq gücümüz çatmir. Amma yenə də “iqtisadi inkişafın Azərbaycan modeli” eksperimentinin davam etdiyi görüntüsünü yaratmaq istəyirik.

“Tənzimlənən-üzən məzənnə” termini icad etmişik. Yəni, manata istədiyimiz vaxt, istədiyimiz qədər “üzmək” imkanı veririk. Valyuta satışını məhdudlaşdırdıq, demək olar ki, 25 il öncəyə qayıdaraq “qara bazarı” dirçəltdik. Bir az da belə getsə, sovet dönəmlərinə qayıdacağıq. Əbəs yerə deməyiblər ki, “dad yarımçıq əlindən”.

Hər bir dərdin çarəsi var. Bizim dərdimiz də istisna deyil. Amma yenə də əmması var. Biz istəyirik  ki, “nə şiş yansın, nə kabab”. Bir sözlə, hamı razı qalsın.

Öz dərdimiz az imiş, bir tərəfdən də “dostumuz və qardaşımız” Rəcəb Tayyib Ərdoğan bizi özünün əcayib sərgüzəştlərinə ən azı tərəfdaş kimi cəlb etmək istəyir. Ümumiyyətlə, cənab Ərdoğan özünün daxili və xarici düşmənlərinə qarşı müasir dövr üçün çox orijinal mübarizə vasitələri təklif edir. Bir vaxtlar Türkiyə prezidenti xalqı  “maliyyə mafiyasına qarşı” mübarizəyə qaldırmışdı. Elə bil ki, Ərdoğanın məqsədi  Türkiyənin bank sektorunu çökdürmək idi. O, əhalini kredit kartlarından istifadədən  imtina etməyə çağırırdı. Başqa birisi  xalqı kredit kartlarını yandırmağa çağırsaydı, onu yüz faiz iqtisadi təxribatda ittiham edərdilər. Axı, müasir bank-kredit sistemi olmadan, iqtisadiyyatın mövcudiyyətini belə təsəvvür etmək mümkün deyil.  Yaxşı ki, bir-iki adamdan başqa,  Ərdoğanın çağırışına səs verən olmadı. Əhali bütövlükdə Prezidentin təklifinin möhtəşəmliyini dəyərləndirmədi.

Dövlət çevrilişınə cəhdin qarşısı alındıqdan sonra isə Türkiyə  heç vaxt görmədiyi günləri görür. Bu və ya digər suça görə uşaqlar  qarışıq bütöv ailələrin həbsi ilə artıq Türkiyədə heç kimi təəccübləndirmək olmaz. Ərdoğan Türkiyədə demokratiyanın təntənəsini bu  cür təmin edir.  Hesab edir ki, seçicilərin səsini qazandığı üçün hər şeyə haqqı var. Demokratiyanın bu cür bəsit və antik dövrlərə xas anlamını şüurlara yeritmək istəyir. Amma bunun bizə dəxli yoxdur. Özü, bir də türk xalqı bilər.

Dolların dünya iqtisadiyyatındakı  hökmranlığına qarşı cihad elan etmək çağırışları isə başqa məsələ. Problem ondadır ki, Ərdoğan bu cihadı beynəlmiləlləşdirmək, yəni dollara qarşı beynəlxalq savaşa Azərbaycanı, Rusiyanıl, İranı və Çini öz müttəfiqi kimi cəlb etmək istəyir. Adam bilmır, gülsün, yoxsa ağlasın. Vallah, qəhqəhə çəkib gülərdim, əgər söhbət çox ciddi məsələdən getməsəydi…

Əvvəla, Ərdoğanın dollara qarşı cihadının Türkiyədaxili mərhələsinin nəticələrini araşdırmağa dəyər. Bir qədər öncə Türkiyə prezidenti milli valyutanın, yəni sürətlə dəyərdən düşən lirənin məzənnəsini qoruyub  saxlamaq üçün xalqı dollardan imtina etməyə çağırdı. Sən demə, türk milli valyutasının məzənnəsini bərpa etmək üçün əhalinin əlində toplanmış  dolların satılması və əvəzinə lirə və qızıl alınması kifayətmiş. Hətta mal-qara bazarlarında avro və dolların yandırılma mərasimləri təşkil olundu. Lap keçən əsrin ortalarında müstəmləkə Hindistanında olduğu kimi. Bəzi iqtidaryönlü iş  adamları sıravi vətəndaşları bu cihada cəlb etmək üçün xüsusi endirimlər də elan etdilər. Məsələn, bir iş adamı min dollar dəyişən hər kəsə 250 lirəlik başdaşını pulsuz (!!!), yəni,  əvəzi ödənmədən hazırlayıb verəcəyini elan etdi.

Sözsüz ki, prezidentin çağırışları və yuxarıda haqqında danışılan endirimlər öz bəhrəsini verməli idi. Yeni il ərəfəsində Erdoğan  çox böyük fəxrlə bildirdi ki, əhali 100 milyon dolları təhvil verib əvəzində türk lirəsi və qızıl alıb.  Türkiyənin 80 milyona yaxın əhalisi var. Çox bəsit hesablama aparsaq, yəni yüzü səksənə bölsək 1,25 dollar edər.  Bu isə o  deməkdir ki, Türkiyə əhalisi prezidentin çağırışından və görünməmiş endirimlərdən sonra milli valyutanın məzənnəsinə dəstək aksiyası zamanı adambaşına cəmi-cümlətani 1,25 dollarını “qurban”  verib. Türklər çox vətənpərvər  insanlardırlar. Bilirəm ki, millət, dövlət, vətən naminə nəinki var-dövlətlərini, hətta həyatlarını belə qurban verməyə hazırdırlar. Amma rasional düşüncəyə malik türklər  çox gözəl başa düşdülər ki, prezident onları dollarlarından lirənin məzənnəsini qoruyub saxlamaq üçün deyil, özünün antiamerikan mövqeyinin nümayişi və ətrafının daha da varlanması naminə imtina etməyə çağırır. Keçmədi. İnsanlar küyə getmədilər.

İndi isə Ərdoğan  dollara qarşı “beynəlxalq koalisiya” yaratmağa çalışır.  O, bəyan edir ki, Türkiyə ilə yanaşı bir sıra dövlətlərə, o cümlədən, Azərbaycan, Rusiya, İran və Çinin milli valyutalarına  qarşı beynəlxalq maliyyə təxribatı həyata keçirilir. Ona görə də adı çəkilən dövlətlər öz milli valyutalarının məzənnəsini qorumaq üçün səylərini birləşdirməlidirlər. Türkiyə prezidenti vəziyyətdən çıxış yolu kimi adı çəkilən dövlətlərə qarşılıqlı hesablaşmaları milli valyutalarda aparmağı təklif edir.

Məsələnin məğzinə keçməzdən əvvəl bir sıra dövlətlərin, o cümlədən Azərbaycanın milli valyutasına qarşı beynəlxalq təxribat əməliyyatının həyata keçirilib-keçirilməməsi məsələsinə aydinliq gətirək. İlk baxışdan görürük ki, söhbət təmamilə fərqli iqtisadi modellər üzrə inkişaf edən ölkələrdən gedir. Azərbaycan və Rusiyanın iqtisadiyyatı  enerji daşıyıcıları ixracına əsaslanır. Türkiyə ilə Çin başlıca gəlirlərini əsasən ucuz və keyfiyyətli istehlak  mallarının və xidmətlərinin ixracından götürürlər. Son dövrlərdə Çin beynəlxalq aləmdə həm də aparıcı investorlardan biri kimi tanınır.

Uzunmüddətli iqtisadi sanksiyalara məruz qalan İran isə məcburən tam fərqli, şərti olaraq, “natural təsərrüfat” inkişaf modelini seçmək məcburiyyətində qalmışdı. Bir-birindən tam fərqli iqtisadi inkişaf modellərini seçmiş bu dövlətlərin eyni maliyyə təxribatının qurbanı olması ehtimalı heç bir məntiqə sığmır.

Ən maraqlısı ondan ibarətdir ki, Rusiya 2016-cı ildə har hansı maliyyə təxribatına məruz qaldığını iddia belə edə bilməz. Çünki Azərbaycan manatından və Türkiyə lirəsindən fərqli olaraq, 2016-cı il ərzində Rusiya rublunun dollara qarşı məzənnəsi bu dövlətə ABŞ və onun müttəfiqləri tərəfindən sanksiyaların tətbiqinə baxmayaraq,  təxminən 20% möhkəmkənib. Özü də səbəb yalnız neftin  qiymətinin artmasında deyil. Müqayisə üçün deyək ki, neftin qiymətinin artmasına baxmayaraq həmin dövr ərzində manatın dollara qarşı məzənnəsi durmadan aşağı düşüb.  Özü də Rusiyadan fərqli olaraq Azərbaycan iqtisadi sanksiyalarla  üzləşməyib.

İndi isə məsələnin məğzinə keçək. Birincisi, hesablaşmalarda milli valyutalara keçmək təklifi yeni ideya deyil. Bu addım doğrudan da dolların hökmranlığına son qoymağa imkan versəydi, Rusiya ilə Çin qarşılıqlı hesablaşmalarda çoxdan milli valyutalara keçərdilər. Populizmdə Ərdoğandan geri qalmayan Rusiya prezidenti Putin dəfələrlə bu ideyanı səsləndirib, amma heç vaxt ciddi iqtisadçıların dəstəyini qazanmayıb.

İkincisi, və ən əcaibi ondan ibarətdir ki, qarşılıqlı hesablaşmalarda milli valyutalara  keçid dövlətlərarası iqtisadı münasibətlərə, o cümlədən,  ticarət dövriyyəsinə dolların və ya avronun təsirini azaltmayacaq.  Məsələn, Azərbaycanın əsas ixracat məhsulu neft və neft məhsullarıdır. Neftin bir barrelinin qiyməti isə London və Nyu-York birjalarında dollarla dəyərləndirilir. Absurd bir situasiya yaranacaq. Qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılacaq, malların qiyməti isə dollarla hesablanacaq.

Üçüncüsü, və ən vacibi ondan ibarətdir ki, bütün sadalanan dövlətlərin xarici ticarətdəki əsas tərəfdaşları Qərb dövlətləridir. 2015-ci ilin nəticələrinə görə, Çinin xarici ticarət dövriyyəsində ABŞ 558385,06mln. dollarla  (ixrac —  409648,33mln., idxal — 148736,72mln.) birinci yeri, Rusiya isə  68065,15 mln. dollarla (ixrac — 34801,39mln., idxal -33263,76mln.) 16-cı (!)  yeri tutur. Türkiyənin ixracatının demək olar ki, 50% Avropa Birliyi ölkələrinin payına düşür. Bu isə o deməkdir ki, dollar və avro bütün hallarda sadalanan dövlətlərin xarici ticarət dövriyyəsində həlledici amil olaraq qalacaq.

Dördüncüsü, Çin özünün valyuta ehtiyatlarının 3 trillionundan çoxunu ABŞ dollarında saxlayır. Məsələ yalnız ABŞ dollarının digər valyutalarla müqayisədə daha sabit olmasında deyil. Bu həm də Çinin əlində ABŞ iqtisadiyyatına potensial ciddi təsir vasitəsidir.

Nəticə etibarı ilə qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidin onların məzənnəsinə heç bir pozitiv təsiri olmayacaq.  Əksinə. Məzənnələrin qeyri-sabitliyi üzündən tərəfdaşlar bir-birinin milli valyutalarında kifayət qədər ehtiyat yaratmaqdan çəkinəcəklər. Məsələn, hazırki şəraitdə ağlı başında olan  kəs Azərbaycan manatında və ya Türkiyə lirəsində ehtiyat yaratmaz.  Bu isə o deməkdir ki, hər dəfə növbəti hesablaşma vaxtı çatanda zəruri məbləğdə dollar və ya avro bu və ya digər dövlətin milli valyutasına dəyişdiriləcək. Hesablaşma başa çatdıqdan sonra isə  əks proses baş verəcək. Bu isə əlavə xərclər və nəticə etibarilə malların və xidmətlərin dəyərinin artması deməkdir.

Bütün bu avantüranın yeganə nəticəsi Ərdoğanın təşəbbüsü ilə dollar, daha doğrusu ABŞ əleyhinə maliyyə koalisiyasının yaradılması görüntüsü olacaq. Ərdoğan da beynəlxalq aləmdə öz cəsarəti ilə lovğalanmaq imkanı əldə edəcək. Axı, ABŞ kimi bir nəhənglə kəllə-kəlləyə gəlməyə cəsarət  edib. Lap keçən əsrin ortalarındakı müstəmləkə Hindistanı kimi.

Birdən orta əsrlərdəki yel dəyirmanları ilə ölüm-dirim savaşına girən Don Kixot yadıma düşdü. Amma yox, Ərdoğanı Don Kixotla müqayisə etmək olmaz. Don Kixot mənasız bir savaş aparsa da, Ərdoğandan fərqli olaraq, məramı xoş idi.

Ərdoğanın nağıllar aləminə növbəti səyahət çağırışı haqqında yazmamaq da olardı, əgər Azərbaycanda onun səsinə səs verənlər tapılmasaydı. Tapıldilar. Özü də səsləri çox gur çıxdı. Elə bil, başa düşmürlər ki, Ərdoğanın artıq itirəcəyi bir şey yoxdur.  Düşmənləri məlum, dost qazanmaq şansı isə yox. Olanlarını da itirib.

Amma bizə nə düşüb? Əbəs yerə, daha doğrusu Ərdoğana görə,  Vaşinqtonun “qara siyahısına” niyə düşməliyik?! Yoxsa yenə də, lap lətifədəki qazı kimi,  başımız daşdan-daşa dəyəndən sonra ağıllanacağıq?!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 8,10 из 10)
Oxunma sayı: 1748