Çərpələng
Yayda dəniz qırağına çatar-çatmaz gözə ilk dəyən havada uçuşan çərpələnglər olur — irili-xırdalı, alabəzək və müxtəlif formalı. Adama elə gəlir ki, onlar da quşlar kimi səmada azad və sərbəst süzürlər… Amma bu belə deyil. Çərpələnglərin ipləri olur və onların bir ucunu əlində insan tutur. İndi çərpələngləri dükandan alırlar, özü də biz onları ölkə olaraq özümüz istehsal etmirik. Xaricdən alırıq, əsasən də Çindən. Ona görə də onları adətən valideynlər yığıb havalandırır. Balacalarsa şirin, gülərüzlü simalarını göyə tutub sevincdən uğunurlar. Bizsə çərpələngləri özümüz düzəldir, özümüz də uçurdurduq. Uşaqlıqda hansı birimiz çərpələng uçurtmayıb ki…
Çərpələng uçurtmaq həmişə bir əyləncə olub və biz hələ də buna bir əyləncə kimi baxırıq, çünki biz millət olaraq əylənməyi çox sevirik. Qərb dünyası isə bu “əyləncə”dən də xeyir götürməyə başlayır. Son zamanlar “kite power systems” (çərpələng enerjisi sistemləri) deyə məvhum populyarlaşmağa başlayıb. Məsələn, Şotlandiyada artıq “Kite power solutions” şirkəti Britaniya hökümətinin razılığı və neft nəhəngi “Royal Dutch Shell”in dəstəyi ilə (qeyd edim ki, bu şirkət bir neçə ildir ki, Azərbaycandan gedib) çərpələng enerjisi layihəsini gerçəkləşdirir. Hərəsi 40 metr uzunluğunda iki çərpələng təsəvvür edin. Əvvəlcə birini sonra isə ikincisini 450 metr havaya qaldırıb “8”-lik trayektoriyası ilə hərəkət etdirirlər, amma biri digərindən daha hündürdə olmaq şərtilə. Çərpələngin üzərində küləyin gücü ilə hərəkətə gələn münasib ölçülü turbin olur ki, onun vasitəsilə hasil edilən güc və ya enerji yerdəki generatora ötürülür. Beləliklə iki çərpələng hələki 2-3 meqavat elektrik enerjisi istehsal edir. Hesablamalara görə, 1000 belə çərpələng Somersetdə tikilməkdə olan Hinkley Point C AES qədər elektrik enerjisi istehsal edə bilər. Belə qurgular həm “onshore” (sahildə, quruda), həm də “offshore” (suda, dənizdə) (məşhur ofşorlarla qarışdırmayın) sahələrdə qurulacaq. 2022-ci ilədəksə çərpələng enerjisinin 1 kilovatının qiyməti 10 avrosent olacaq.
Neft dünyasının nəhəngi Səudiyyə Ərəbistanı da çərpələng sisteminə bənzər külək turbinləri fermasının yaradılması üzərində işə başlayıb. Kral Abdulla adına elmi mərkəzin mütəxəssisləri NASA-dan aldıqları külək xəritələrinin köməyi ilə nəhəng turbinlərin quraşdirilacağı ərazi və hava məkanını müəyyənləşdirməkdədirlər. Ənənəvi yel dəyirmanlarının zəif cəhəti yer səthində heç də həmişə kifayət sürətlə əsməyən küləklərdən asılı olmasıdır. Eyni zamanda pərlərin bərkidildiyi polad dirəklər də kifayət qədər ağır və mürəkkəb konstruksiyalardır. Həm də belə yel dəyirmanları miqrasiya edən quşların yolunu kəsir və beləliklə də ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilirlər. Haqqında danışılan turbinlərsə hava axın və cərəyanlarının durmadan cövlan etdiyi hündürlüklərə, yəni ən azı 2-3 km hündürlüyə qaldırılacaqlar. Beləliklə, Səudiyyə Ərəbistanı 2030-cu ilədək tamamilə yaşıl enerjiyə keçməyi planlaşdırır.
Böyük Britaniya da 2030-cu ilədək öz ehtiyaclarının 90%-ni yaşıl enerjinin hesabına təmin etmək əzmindədir.
***
Bu günlərdə Rusiya baş nazirinin müavini Dmitri Roqozin (elə həmin ərəfədə cənab Roqozin Bakıda ölkə prezidenti İlham Əliyevlə də işgüzar görüş keçirib. Görüş barədə rəsmi açıqlama yoxdur.) “Rossiya-24” telekanalının efirində bildirib ki, 19 peyk daşıyan “Soyuz-2.1б” raketi peyklər qarışıq itib. Demə, Rusiya ərazisindəki “Vostoçnıy” kosmodromundan havalanan “Soyuz” raketi SSRİ dövründən Qazaxıstanda yerləşən “Baykonur” kosmodromunun parametrlərinə köklənibmiş. Belə peyklərin hər birinin qiyməti adətən 300-500 milyon ABŞ dolları arası olur. Məsələn, Rusiyanın Anqola üçün hazırlayıb Baykonurdan buraxdığı “AnqoSat-1” peyki bu Afrika ölkəsinə 300 milyon ABŞ dollarına başa gəlib. Qəribədir ki, həmin peyk də orbitə çıxandan sonra itmişdi. Amma Anqolanınkı bu dəfə gətirdi. Peyk iki gün sonra tapıldı. Ruslar belə ehtimal edirlər ki, peykin günəş batareyaları açılarkən qısa qapanma baş verib. Lap elə sovet “xruşşovka”larındakı naqillərdəki kimi. Raketinin azimutunu düzgün hesablamayan ölkədən bundan artıq nə gözləyəsən ki? İndi Rusiyanın Hərbi sənaye kompleksinə cavabdeh olan D.Roqozin bizdən görəsən nə istəyir? Zənnimcə, ritorik sualdır. Görünür, göyə sovurduğu milyardlarla qiyməti olan raket və peyklərin əvəzini bizə elə raketlərinə oxşayan silahlarını sırımaqla çıxmağa çalışır…
***
Arxasıüstə uzanmışdı. Gözləri yumulu olsa da, günəş şüaları göz qapaqları və kirpiklərinin arasından süzülüb içəri dolurdu. Narazı halda qolunu günəşdən qorunmaq üçün üzünə tutdu və gözlərini açdı. Mürgüləmək alınmadı. Nəzərlərini göyə zillədi. Haradasa lap yuxarılarda tənha çərpələng uçurdu…
***
Çərpələnglərinizi uçurun, dostlar! İpi öz əlinizdə olan çərpələngləri! Çərpələnglər ölkəsi qurmaq lazımdır!