Muəllif:

Bura giriş var, çıxış yoxdu

Böyük darvazalı, uçuq-sökük yerləri ala-bula rənglənən beş mərtəbəli xəstəxananın divarlarından irin yağır. Həyətdə adda-budda əkilən güllərdən xeyli aralıda bir neçə skamya var. Qalan ərazi bombozdu, səhranı xatırladır. Həyat sanki donub.

Xəstəxanaya daxil olanlar da həkim yanından əli kağızlı çıxanlar kimi qaşqabaqlı, əsəbi insanlardı. Heç kimin üzü gülmür. Hətta “sən sağlamsan” cavabını alanların da bənizləri dümağdı.

Xəstəxana adamı özündən uzaqlaşdırır. Qapının üzərinə iri hərflərlə yazılmış, yolun o tayından göz deşən, şadlıq evlərindəki kimi “Xoş gəlmişsiniz” sözləri belə adamı ruhlandırmır, ürək-dirək vermir.

***

Kənd yolları kimi xəstəxanın döşəmələri də çala-çuxurdu. Yerə pərçimlənmiş ucuz xalıların altındakı taxta qırıntıları ayaqlar altda rəqs edir. Palatalar, həkimlərin otaqları — hamısı eynidi. Xəstəxanın bir küncündən gələn qoxunu hər yerdə hiss etmək olar. Közərən işıq lampaları dəhlizi aydınlatmır, əksinə, daha da zülmətə qərq edir. Bu zülmət həkimlərin simasıyla birləşərək adamın canına vəlvələ salır. “Əcaba, bura xəstəxanadır?” deyib düşünürsən, sonra beyninə hakim kəsilən qara-qura fikirləri tez özündən uzaqlaşdırmağa çalışırsan.

Bütün mərtəbələrdə durum eyni cürdü. Lap başda həkimlərin otaqları, üzü giriş qapısına doğru palatalardı. Ən sonda isə hər tərəfi burun seliyilə əhatələn, əlüzyuyanı çat-çat olmuş, ürək bulandıran, qoxusu hətta həyətdəki güllərin üstünə hopmuş ayaqyoludu.

***

404 nömrəli palatada birindən savayı bütün xəstələr sözləşibmişlər kimi hamısı çarpayıya üzüstə uzanaraq, dəhlizdə var-gəl edənlərın ayaq səslərinə qulaq müsfiridilər. O bir nəfər isə sanki hərkəsə etiraz edir — yarıuzanmış halda donuq gözlərini laqeyd şəkildə tər damcılarıyla əhatələmiş tavana zilləyib. Ətrafdakı səs-küy ondan yanadı, küləyin ayaqyoludan gətirdiyi üfunətli qoxudan da hürkmür. Yalnız həkim gələndən-gələnə başını söykədiyi əlindən ayıraraq qırıq-qırıq səslə danışır, ona lazım olan sözləri dinləyir, eşitmək istəmədiyi kəlmələri küləyin gətirdiyi qoxuya bükərək yandakı palatalara yollayır.

***

Bura xəstə gəlib sağlam getmək mümkün deyil. Ancaq əksi ola bilər. Sağlam gələn də xəstə gedir, xəstə gələn də. Hamı dəmirbarmaqlıqları xatırladan palatalardan, “nadzora” bənzəyən ağ mantiyalı həkimlərdən qurtulmaq istəyir. “Evə gedə bilərsən” sözünü eşidən prezidentin əfv fərmanıyla azadlığa çıxan dustaq qədər xoşbəxt və hürrdü.

Kimsənin üzündə təbəssüm yoxdu, hamı kədərlidi — xəstə də, həkim də. Hətta həkimin qəbuluna düşmək üçün dəhlizdə qoyulan stullar da sahibsiz qalanda başqa rəngə düşür — bənizi solmuş xəstəyə bənzəyir.

Yaxınlarını yoluxmağa gəlmiş insanların da gözlərində işıltı, sevinc yoxdu. Onlar da bir neçə dəqiqədən sonra iri darvazalı xəstəxanadan qaçmağa can atırlar.

Həkimlərin üzünə gülüş yalnız yenilər gələndə qonur. Bu ani olur, qısa müddətlidir. Özünü rahatsız hiss edən adam müayinə edilib həkimin haqqını ödədikdən sonra hər şey əvvəlki formasına qayıdır.

***

Bir neçə dəqiqəlik xoşbəxtlik xəstəxanın nəm divarları boyunca hamının üzünə çilənir. Lal sükut çökür, xəstələr zarıltılarına, tibb bacıları pıçıltılarına ara verir. Yeni pasiyent gəlir.

Başını aşağı salaraq əlil arabasında oturan ərini ensiz dəhlizdə var gücüylə sürə-sürə həkimin yanına aparan qadın tibb bacılarından “xoş gəlmisiniz” sözlərini gülərüzlə, bir az da utancaq halda qəbul edir. Sevinir, bəlkə də illərdi bu cür nəzakətə həsrətdi. Getdikcə qapısı açıq palatalara göz atır, anidən dayanıb xəstələri süzür və sonra yoluna davam edir. Üzündəki çapıq onu daha da gözəl göstərir…

…Bir neçə dəqiqə sonra həkimin yanından çıxır, yoldaşını tibb bacılarına əmanət edir, onlar xəstəylə palataya, qadın isə əlindəki kağıza baxa-baxa üfunətli ayaqyolunun yanındakı pilləkənlərdən düşüb aptekə doğru gedir. Bir neçə dəqiqə əvvəlki sevincdən, üzündəki təbəssümdən əsər-əlamət yoxdu, tir-tir əsir. Sol gicgahından çənəsinə qədər uzanan çapıq indi onu gözəl göstərmir, daha da vahiməli edir.

***

Həkimlər pasiyenlərinə müştəri kimi baxır. Onlarsız həyatın mənasızlığını və puçluğunu qəbul edirlər. Qoca həkimlər silahlarını yerə qoyub təslim olmurlar, vurnuxurlar, axtarışdadılar. Yox, yox, xəstəliklərin, insan orqanizmində yaranan problemlərin həlli axtarışında deyillər, yeni-yeni xəstələrin tapılması üçün çalışırlar. Gözləri daim qapıdadı, müştərinin yolunu gözləyirlər. Kiçik ləvazimatlarını döş ciblərində, bir az böyükləri əllərində, təzyiq yoxlayan aparatlar isə boyunlarından asılı gəzirlər. Yan cibləri isə həmişə boşdu — kağız əskinaslar gözləyir. Tibb bacıları isə qartımış həkimlərin yan-yörəsində gəzişir, xəstələrin deyil onları götür-qoyun edir, hələ də öyrənirlər.

Hər mərtəbənin dəhlizində “Həkimlər millətin gələcəyidi” sözləri yazılmış üstü şüşəli lövhələrin üzərində illərdi silinməyən ləkələr xəstəxanın ümumi durumunu əks etdirir.

***

Hər mərtəbədə, hər dəhlizdə, illərdi işləməyən liftdə, hətta təkqapılı palataların qapısında da böyük hərflərlə giriş sözü yazılıb. Hətta qələmlə cızma-qara da olsa, çıxış sözünə rast gələ bilməzsən. Giriş var, burdan çıxış, qurtuluş yoxdu…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 5,50 из 10)
Oxunma sayı: 230