Muəllif:

Bahnhof və vağzal

Gözüm yaman yol çəkir. Eyvandan qonşu evlərin damları və təkəm-seyrək hündür ağacların üstündən nə isə görmək istəyirmiş kimi uzaqlara baxıram. Qulaqlarımdakı güyültü və beynimdəki boşluqdan başqa heçnə duymuram…

***

Qatarın tərpənməyinə bir-neçə dəqiqə qalmış bələdçinin israrlı tələblərindən sonra candərdi içəri keçdim — ən azı 10-12 saat yol getmək gözümə durmuşdu. Yerimə keçib əyləşdim və pəncərənin pərdəsini aralayıb bayıra boylandım. Maraqlı heçnə yoxuydu. Hər tərəf bozdu —  bomboz…

***

Uşaqlıqda ən çox xoşladığım şeylərdən biri də qatarlar idi, yəni qatarla günlərlə yol getməyə hazır idim. Təkərlərin ahəngdar taqqıltisi, vaqonların nənni kimi yırğalanması, lokomotivin kəsik fit səsi, mazutlu yol kərənlərinin daş kömür iyinə qarışmış kəsif qoxusu, dar dəhlizdə siqaret çəkənlərin arasından əlində çay stəkanları ustalıqla sıyrılıb keçən qatar bələdçiləri, stansiyalarda mer-meyvə satan yaşlı rus qadınları və atamın hər stansiyada enib yalnız son anda, qatar silkinib yerindən tərpənəndə vaqona minməsi yadıma düşdü. Bir dəfə isə, Kerç boğazına yaxınlaşanda, qatarin bərəyə çatana qədər təxminən yarım saat ərzində az qala addım-addım getdiyi zaman onun yerə enib donmuş kimi bir xeyli Kerçin bulanıq sularının içindən qalxan çürüməkdə olan dirəklərə baxdığının şahidi olmuşam. Yaman qorxmuşdum. Qatar uzaqlaşsa da, o, yerindən qımıldanmırdı, sanki haradasa uzaqlardaydı. Ümumiyyətlə, o hər dəfə qatardan enəndə həyəcanlanırdım, qorxurdum ki, qatara çatmaz. Bu dəfə isə onu özündən mənim həyəcan dolu çığırtım ayırdı. Geri dönəndə heç özündə deyildi. Anam onun üzünə baxıb qardaşımla məni kupeyə apardı və sonra sakitcə onun qoluna girdi. Bir xeyli eləcə dinməz-söyləməz pəncərənin önündə dayandılar. Sonradan, bərə artıq Kerçı adlayanda, o mənə uzaqda sıralanan dirəkləri göstərib onların müharibə vaxtı düşmən atəşi altında quraşdırdıqları panton körpülərinin qalıqları olduğunu söyləmişdi. Üstündən düz 25 il keçmişdi…

***

Məni bu fikirlərdən qatar bələdçisi ayırdı. Çay gətirmişdi. Hələ gecəboyu yol gedəsiydim. Qatarsa topalmış kimi səldirləyə-səldirləyə irəliləyirdi, sanki heç bir yerə tələsmirdi. Bir azdan təkərlərin yeknəsəg taqqıltısından başqa digər səslər eşidilməz oldu. Sərnişinlər hərə öz guşəsinə çəkilmiş, əl-ayaq ortalıqdan yığışmışdı. Çayımı qurtumlayaraq pəncərədən içəri dolmağa çalışan çöldəki qaranlığa baxdıqca fikrim məni uzaqlara aparırdı…

***

2013-cü il, Avstriyanın paytaxtı Vyana. Müqəddəs Ştefan kilsəsi, Kral sarayı və Kral abidələri, Operası və operetta teatrı, hər küçəsi, döngəsi və tikililərindən İmperiya paytaxtı qoxusu gələn əsrarəngiz şəhər. Hitlerin sevimlisi Otto Skortsenninin 45 dəqiqəyə kapitulyasiya imzalatdırdığı Avstriya. Luftvaffe (Luftwaffe) təyyarələri Vyana səmasına girib onu bombalamaqla hədələmiş və ölkə rəhbərliyi təslim olmuşdu. Beləliklə də, bu gözəllik darmadağın edilməmişdi.  Bu günlərdə isə “The Economist” dərgisi Vyananın dünyada ən yaşamalı şəhərlərdən ikincisi olduğunu yazıb. Mənə qalsaydı, bu şəhəri birinci sayardım, amma bir şərtlə Zalsburq (Salzburg) olmasaydı.

Mosartın vətəni Zalsburqun əsrarəngiz gözəlliyindən söz açmaq fikrim yoxdu, çünki bu gözəlliyi təsvir etmək mümkün deyil. Təsvir etsəm belə, oradakı abu-havanı istənilən halda duymaq gərəkdir. Bir yeri ki, duymadın, hiss etmədin, havasını ciyərlərinə çəkmədin əhəmiyyəti yoxdur. Amma sözümün canı bu deyil, Vyana-Zalsburq qatarıdır.

Mətləbə keçməzdən əvvəl Avstriya barədə qısaca bir arayış verəcəm, Azərbaycanla müqayisəli şəkildə.

Məsələn, maraqlansanız, görərsiniz ki, ərazisinə görə Avstriya dünyada 112-cidir (83.871kv.km), Azərbaycansa 111-ci (86.600kv.km), əhaliyə görə də fərq o qədər də böyük deyil 8.747.000 və 9.810.000. Bununla yanaşı adambaşına düşən ÜDM üzrə onlara çox uduzuruq —  onlarda 44.176,22 ABŞ dolları, bizdə isə 3.876,94. Bizdən fərqli olaraq heç bir təbii ehtiyatları yoxdur, amma güclü sənaye istehsalı və yüksək ixtisaslı mütəxəssisləri var. Turizm, xüsusilə də qiş turizminin payı ölkə ÜDM-nin yarısından çoxdur. Avropa Birliyinin üzvü olaraq Avropanın ən inkişaf etmiş ölkələrindəndir, dəmir yolu sistemi isə həmin coğrafiyada bəlkə də ən mükəmməlidir. Dəmir yolu xətlərinin uzunluğu 6 min kilometrdir. Yəni, ölkənin istənilən yerinə qatar gedir.

Vyanada bir neçə dəfə olsam da, Zalsburqa getmək imkanım olmamışdı. Bu dəfə bəxtimdən səhərdən axşam saat 8-dək boş vaxtım vardı. Şəhərlərarası məsafə avtomobillə 295 km, qatarla isə 312 km-dir. Maşınım olmadığımdan qatarı seçdim, həm də maşınla Zalsburqa 5 saatlıq yoldursa, qatarla bu məsafəni iki dəfə tez qət etmək mümkündür. Yəni, ölkənin bir başından o birisinə ən geci 2 saat yarıma çatırsan. Təsəvvür edirsinizmi? Yolda qatarın sürəti 250km/saata çatırdı. Özü də bu adi qatardı, nə monorelsdə gedənlərdəndi, nə də hava yastığında. Mən hələ İlon Maskın hyperloopundan danışmıram. Beləliklə, səhər ertədən Vyananın Vestbanhofunda (Westbahnhof), yəni Qərb vağzalında qatara minib 2,5 saata Zalsburqa çatdım, bu əsrarəngiz şəhəri gəzib dolaşdım və həmin minvalla da Vyanaya dönüb axşam saat 8-də dostumla görüşdüm. Ərazicə Azərbaycan böyüklükdə olan bir ölkənin bu başından vurub o biri başından çıxdım. Nə yorulmuşdum, nə də qatarın təkərlərinin səsi qulağımı batırmışdı. Heç bizim qatarlardan enəndəki kimi yırğalanmirdım da.

Bakıdan Qazağa olan məsafə maşın yoluyla 459 km, qatarla isə 467 km olmalıdır. Qatar Bakıdan saat 23.10-da çıxır və ertəsi gün 08.55-də Qazağa çatır. Nə az, nə çox onca (10) saata. Özü də bu, rəsmi cədvələ görədir, əslində isə qatar ən azı saat yarım gecikməsə, bu, vətən olmaz ki…

Avstriyada isə Vyanadan Zalsburqa qatarla 9 saata 1851-ci ildə gedirmişlər…

***

Qatar növbəti dəfə elə silkələndi ki, stəkandakı çay üstümə dağıldı. Pəncərədən boylanıb  çöldəki bozluğu görəndə anladım ki, vətəndəyəm və hələ Qazağacan bir on saat yolum var. Üstümü qurulayıb uzandım. Vaqon nənni kimi yırğalanır, təkərlər taqqıltıyla bir relsdən o birisinə adlayır, mənsə bəlkə röyamda yenə də Avstriyanı gördüm arzusuyla yuxulamağa çalışıram…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,90 из 10)
Oxunma sayı: 1145