Muəllif:

Ağ göyərçin üzünə həsrət məhkəmə

Damında rəngi solmuş Azərbaycan bayrağı dalğalanan məhkəmə yoldan ötənləri valeh edir. Çoxmərtəbəli, yenicə təmirdən çıxmış bu məhkəmənin divarlarına “Qanun şahdı, şah qanun deyil” kəlmələri qızılı rəngdə elə həkk olunub ki, adam əyarını yoxlamaq üçün  lap dişləmək istəyir.

***
Binaya bir neçə yerdən giriş var. Qapının ağzında məhkəmə salonlarına daxil olanları polis salamlayır, üzərindəki əşyaları təhvil alır, sonra bahalı “rentgen” aparatından müayinə üçün keçirsən. Siqnal səsi gəlmədisə azadsan, əksi baş verdisə, şübhədən çıxmaq üçün təkrar yoxlamaya məruz qalırsan.

***
Hər qapı tərəfdə üç-üç, beş-beş adamlar gözə dəyir. Hərəsi çiyinləri qızılı ulduzlu məmurdan işarə gözləyir. Polis əl eləməyibsə, deməli, hələ məhkəmə başlamayıb. Hərənin bir dərdi var. Kimisi evinin əlindən alınmasına, kimisi övladının günahsız həbsinə görə, kimisi də tamaşaya gəlib.

Məhkəmə salonları yanaşıdı. Birində gedən prosesi o biri otaqda eşitmək mümkündü. Zatən məhkəmə gedən salonların qapısında “Sakitliyə riayət edin. Məhkəmə gedir” yazılı yaşıl rəngli elan yapışdırılıb. Kimsə bu qanunu hakim hökmü elan edənədək pozmur. Birmənalı olaraq bütün hökmlər əvvəlki instansiyaların qərarlarını qüvvədə saxlayır. Bundan sonra hay-həşir başlayır. Əslində, bura gələnlər nəticəni öncədən bilirlər, ancaq yenə də ümidlidirlər. Ümidlərinin dəfnini hakimin qırıq-qırıq səslə oxuduğu hökm-fatihədən sonraya saxlayırlar. Xeyli yol qət edib gələnlərin ah-naləsini, qarğışlarını eşitməsinlər deyə, hakim “qüvvədə qalır” sözünü deyən kimi arxa otağa yüyürürlər. Ağlayan kim, ah-naləsi ərşə qalxan kim, qarğış edən kim…

İnsanların üzlərində təbəssüm, azca gülüş bir neçə dəqiqəyə yoxa çıxır. Bu, məhkəmənin sona çatmasıyla, hakimin çəkici masaya döyəcləməsiylə bitir.

***
Əvvəllər məhkəmə salonlarında pəncərələr vardı. İçəridən bayır çox aydın görünürdü. Dustaqlar hakimə qulaq asmadan, göz qırpmadan yoldan şütüyən avtomobillərə, maşınların ötüb keçməsini gözləyən insanlara, onların hərəkətinə baxır, məhkəmənin saatlarla davam etməsini istəyirdilər. Amma burada proseslər həmişə bir neçə dəqiqəlik olub. Pəncərələr açıq olanda iri çinədanlı, qara rəngli göyərçinlər pırıldayıb zala daxil olur, salonda bir-iki dövrə vurandan sonra hakimin başı üzərindən azadlığa can atırmış kimi bayıra uçurdular. Ancaq nədənsə məhkəmə salonlarına sülh rəmzi olan ağ göyərçinlər baş çəkməzdi.

İllər sonra pəncərələr bağlandı. Bəlkə də günəş şüaları adamların gözünü qamaşdırdığından…

***
Məhkəmə binasının yaxınlığında çayxana var. Burada izdiham göz deşir. Kim tez gəlirsə, masanın birini götürüb ətrafını stullarla dövrəyə alır. Oyun yoldaşları gələnə qədər oturub çay içir. Dördkünc stollar insanların kölgəsiylə dəyirmi masa şəklini alan kimi gərgin oyunlar başlayır. İnsanların başı oyunlara elə qarışır ki, yoldan ötən maşınların qulaq deşən səsi belə onları işindən ayıra bilmir. Yalnız məhkəmə önündəkilərin ah-naləsi çay evini bir dəqiqəliyə sükuta qərq edə bilir. Ayaq üstə dayanıb öz növbəsini gözləyənlər bir az irəliyə gedib hay-həşirə, insanların göz yaşlarına tamaşa edib geri qayıdırlar. Onlar üçün məhkəmə binanın önünə toplaşanların qarğışından, ah-naləsindən ibarətdi. Sonra oyun yenə davam edir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,33 из 10)
Oxunma sayı: 490