Muəllif:

OLMAZ!

Azərbaycanda çoxlu sayda balaca «padşah» var. Onların əsas işi yuxarı dairələrin qoyduğu qadağanı aşağı dairələrə çatdırmaqdır. Bu “padşahların” da özünəməxsus söz bazaları var. Bunlardan ən zəhmlisi “olmaz”dır. Jurnalistlər tez-tez bu kimi tiplərlə üzləşir, sıravi insanlar da üzləşir, amma qələm adamlarının işi daha çətindir.

Hansısa inzibati binaya daxil olursan, “olmaz!” Kiminsə şəklinə baxırsan, “olmaz!” Kiminləsə görüşmək istəyirsən, “olmaz!” Küçədə özün üçün dayanmısan, bir də görürsən iki nəfər yaxınlaşdı və o məşhur sözləri dedi: “Burada dayanmaq olmaz!”

Haqqında danışacağımız söz bazası “olmaz”la bitmir. Onun arxasınca bu şablon ifadələr gəlir: “Filankəs müəllimdən, filan yerdən icazə alın.” Deyəndə ki, xəbəri var, icazə almışıq, bu arada dərhal cavab atəşi ilə susdurulursan: “Filankəs müəllim özü bizə desin.”

Ölkədə nə qədər ictimai yer — küçə, bazar, obyekt var, hamısından da icazə almalısan. Dənizi çəkmək üçün yazılı razılığın olmalıdır, divar çəkmək üçün kimsə kiməsə zəng edib tapşırıq verməlidir, ağacları çəkmək üçün mütləq həmin idarədən kiminləsə danışmalısan, icazəsini almalısan, sonra telefonu uzatmalısan mühafizəçiyə ki, o da öz qulaqları ilə həmin icazənin verildiyini eşitsin. Xəstəxana, məktəb, bulvar… digər ictimai məkanlarda da vəziyyət belədir.

Deməli, filankəs müəllim özü də bu “padşahla” danışanda, ona tapşıranda keçirsən içəri və işə başlamaq istəyirsən ki, qeybdən daha iki “padşah” peydə olur. Bir də başlayırsan bu iki “gözəl insana” hesabat verməyə — kimsən, nəçisən, haradan gəlmisən, burada neynirsən…. yuxarıların xəbəri var, filankəs müəllim şəxsən icazə verib… bu arada növbəti atəşlə susdurulursan: “Rəsmi icazə lazımdır, get filan yerdən kağız gətir.” Artıq əsəbiləşməyə başlayırsan, amma üzə vurmursan, çox mədəni, normal şəkildə izah etməyə çalışırsan ki… yenə danışmağa imkan vermirlər. “Bizlik deyilee, rəisin tapşırığıdır.” Yenə izah etməyə davam edirsən, qanunlardan, sərəncamlardan, fərmanlardan sitat gətirirsən, lap dərinə gedib internetə daxil olursan, həmin sənədləri tapırsan, bir-bir oxuyursan, çifayda. Nəhayət, gözlənilmədən ciddi zərbə alırsan. “Olmaz, icazə yoxdur, rəis özü bizə desin.” Dialoq bu cür şən notlarla davam edir.

Adına “rəis”, “müəllim” dedikləri yuxarı instansiya rəsmisini tapırsan. Bir də başlayırsan hər şeyi ona izah etməyə…. özü də lap başdan. Həmin rəis, müəllim, bəy çox ciddi və ağıllı görkəm alır, səni dinləyir, axırda da başlayır ağıl öyrətməyə. Qarabağ boyda dərdimizdən, məcburi köçkünlərdən, dünyanın bizə paxıllıq etməyindən, multikulturalizmdən, hərbi büdcəmizin Ermənistan dövlət büdcəsindən on dəfə çox olmasından, 9 iqlim tipi, Dədə-Qorqud, böyüyə hörmət və bu kimi məsələlərdən uzun-uzadı danışır. Öz aləmində ağıl öyrədəndən sonra, artıq dərs keçməyə başlayır — nəyi, necə yazmağı öyrədir, harada hansı cümlənin yazılmağını, harada nöqtənin vergüldən sonra qoyulmağını deyir. Ağıl və dərs prosedurunu qəbul etdikdən sonra həmin müəllim və ya rəisə təşəkkür edirsən və “indi işimizi görə bilərikmi” sualını verirsən və…. çox intizarda qalmırsan, yəni “Olmaz!”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 341