Muəllif:

Yeni Dünyaya doğru

2_teamBu yazı bir-neçə həftə əvvəl yazılmışdı. Elçin (Şıxlı) onu  sayta yerləşdirəcəkti ki, İstanbul aeroportunda o dəhşətli terror aksiyası törədildi. Bir az keçdi Euro-16 başladı,  yazı yenə ertələndi. Hər şey normallaşırdı ki, bu dəfə də hərbi çevriliş cəhdi çıxdı ortaya.

Dvorjak haqqındakı yazımı bu gedişlə tamam unudacaqdım ki, baxdım bu yazı elə indiki hadisələr haqqındadır. Çünki yazmağa başladığımda məni düşündürən fikirlər elə bu günkülər kimiydi…

*****

“Caz musiqisini kimlər yaradıblar?” deyə sual etsəm, çoxları “Təbii ki, afro-amerikalılar” deyəcəklər. Mən də elə cavab verərdim bəlkə, amma…

*****

Antonin Dvorjak (1841-1904) Avropa simfonik musiqisini Motsart və Betxovendən sonrakı boşluqda qoruyub saxlayan bəstəkardır. O, olmasaydı simfonik musiqi Qustav Malerə qədər bəlkə də silinmə təhlükəsi ilə qarşılaşacaqdı. Hərçənd ki, rus musiqi tarixçiləri hər vəchlə Dvorjakın bu tarixi xidmətini heçə endirərək, ÇaykovskiMusorqskinin onsuz da keçid dövrü missiyasını öz üzərlərinə götürəcəklərini iddia edirlər. Lakin, nəinki Çaykovskinin 6-cı simfoniyası (bu onun ən yaxşı simfoniyasıdır),  onun bütün simfoniyalarının cəmi belə Dvorjakın 9-cu simfoniyasının yanında heç nədir…

*****

Bir qəssab oğlu qeyri-adi istedadı sayəsində çex milli musiqi məktəbinin qurucusu olur. Praqa kilsələrində orqan çalan Dvorjak tezliklə Avropanın ən tanınmış bəstəkarına çevrilir. Onun ilk simfoniyaları, oratoriya və kantataları Vyana, London, Peterburq kimi musiqi mərkəzlərində səslənir.

1890-lar Dvorjaka dünya şöhrəti gətirir. Və Amerikalı bir xeyriyyəçi xanım ona Nyu-York filarmoniyasına rəhbərlik etməyi təklif edir.

1891-də Nyu-Yorka gələn Antonin Dvorjak bu şəhərin ritminə alışa bilmir. Gec yatıb, gec qalxan Nyu-York boheminin əksinə Dvorjak qürbət həyatını məhsuldar keçirir. 1892-ci ildə Amerikanın kəşfinin 400 illiyinə “Amerika Bayrağı” kantatası və xristian himni “Te Deum”u (Tanrını ucaltma) bəstələyir.

Ailəsinə çox bağlı olan A. Dvorjak Praqada qalmış 9 övladı üçün darıxır. 9-cu simfoniyası üzərində çalışmaqla, məhşur Central Parkda gəzərək küçə musiqiçilərini dinləməklə Vətən həsrətini azaltmağa çalışır. Zəncilərin xalq musiqisi, afro-amerikalı bəstəkarların mahnıları onun diqqətini çəkir. Gənc dostu, afro-amerikalı bir bəstəkar onu spirituals musiqisi ilə tanış edir. Zəncilərn dini musiqisi olan  spirituals XIX əsrin sonlarında yaranib, temaları isə İncildəki Əhdi-Ətiqdən götürülüb.

Və Dvorjak spirituals melodiyalarına heyran olur. O, belə yazırdı:”Onlar o qədər patetik, ehtiraslı, şəfqətli, melanxolikdirlər ki, bu musiqini bütün janrlarda istifadə etmək olar”. Dvorjak bu melodiyalardan  istifadə edir, əsasən də şah əsəri olan sonuncu – 9-cu simfoniyasında.

Bəstəkar simfoniyaya “Yeni Dünyadan” adını verib. Simfoniya Vətən həsrəti ilə bərabər Yeni Dünyanın — Amerikanın güdrətinə, gücünə, yaradıcı insanlarına olan heyranlığını tərənnüm edir.

Əsərin premyerası 1893-də əfsanəvi Carnegie Hallda keçirilir. O ildən bəri bu əsər dünya musiqi repertuarında ən çox ifa olunan əsərlərdən biridir.

Janr etibarı ilə lirik-dramatik simfoniyadır. Sonuncu — IV hissədə dramatizm lirizmi üstələyir, “Yeni Dünya” əzəmətini hiss etdirir. Final isə tam bir kəhanətdir – Dvorjakın musiqisi Amerikanın XX əsrdə necə bir süper gücə çevriləcəyini, dünyaya bəxş edəcəyi azadlıqları və bəşəriyyətə verəcəyi elmi-texniki-humanitar inqilabların xəbərçisidir sanki…

*****

Venesuelanın dahi çocuğu, dirijor Gustavo Dudamel Ştutqart orkestri ilə Roma Papası Benediktin doğum günündə 9-cu simfoniyanı çalır —

https://www.youtube.com/watch?v=vHqtJH2f1Yk

Bu ecazkar musiqi “Yeni Dünya”nın Qaranlıq Dünya üzərindəki zəfəri, təntənəsidir. Dvorjak musiqisi ilə 100 ildən çoxdur ki, bəşəriyyəti insana, dəyərlərə qiymət verməyə çağırır. “Yeni Dünya”nın da baxışı elə bu deyilmi?

1492-də  Avropalılar özləri ilə bərabər ruhani aləmlərini də  Yeni Dünyaya gətirməsələr, spirituals melodiyaları da yaranmayacaqdı. Onlar caz musiqisinin yaranma və formalaşmasında müstəsna rol oynamışlar.

Cazı Avropadan Amerikaya köç edənlər yaradıblar demirəm, amma ən əsas rolu onlar oynayıblar…

Bütün böyük şəhərlər Qərbə doğru uzanır, böyüyürlər. Mütərəqqi beyinlər, axınlar və fikirlər kimi.

 

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

www.facebook.com/inebioglu

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 787