Muəllif:

Yeni «AYNA»

 

1_teamQəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan…

Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il…Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.

Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu minvalla bir necə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev və Qulu Məhərrəmli ilə Jurnalistika terminlərinin izahlı lüğətini hazırladıq. Üzərində son redaktə işləri gedir.

Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O, həbs olunan gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz 23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar olmasaydı, bəlkə də havalanardım. Yenə də kitab…

İndi isə məndən “iş” tələb edir… Yazmaq istəyir. Elə mən özüm də yazmaq istəyirəm. Çünki, yazmadığım müddət ərzində anladım ki, nə ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə biləcəklərimi etmirəm…

Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, “Ayna”nı bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə  xeyli zəhmətdən sonra, deyəsən nə isə alınmaq istəyir, ancaq Nicatla hələ də çalışırıq…

Amma bu qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də, bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin  ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim.

Özümüzü internet TV kimi də sınayacağıq.  Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar…

***

“Sonra özündən xəbər aldı:

— Qoca, səni axı kim məğlub etdi?

Özü də cavab verdi:

— Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim”.

Bu, böyük Heminqueyin “Qoca və dəniz”indəki qoca Santyaqonun daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi anlayıram. Anlayıram ki, “dənizdə çox uzağa” yalnız sınanmış dostlarla getmək olar!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (17 оценок, среднее: 9,53 из 10)
Oxunma sayı: 3291