Xəstə cəmiyyətlər
Hər cəmiyyət xəstədir, ancaq bəziləri digərlərindən daha da xəstədir
C.Oruell
İtaliyanın Monteqrano bölgəsinin kəndlərində insanlar “ailə mərkəzli” yaşayırlar. Hər kəs ancaq öz ailəsinin problem və ehtiyaclarına baxır. Ailələri xaricində heç nə ilə maraqlanmır, önəm vermirlər. Kəndlilər çox kasıb, aclıq və səfalət içindədirlər. Buna baxmayaraq onlar heç bir ortaq təşəbbüsdə bulunmur, birgə iş yapmaqdan qaçınırlar. Övladlarının təhsil almalarını istəsələr də, birləşib kəndlərdəki sınıx-salxaq məktəb binalarını təmir etmirlər. Onlar min illərdir ki, öz adət-ənənələrinə sadiqdirlər.
La miseria dedikləri bu həyat tərzinə baxmayaraq, adətləri və mentalitetləri ilə fəxr edir, mütərəqqi olan hər şeyə dirənirlər…
*****
Adətlər, ənənələr, mentalitet, əxlaq və davranış normaları hər zaman, hər yerdə bu cəmiyyətin xeyrinəmi çalışırlar?
Ümumən, belə bir fikir var ki, adət-ənənələr, cəmiyyətin yararına olmasa, davam etməzlər, zamanla ortadan qalxarlar. Davam edilərsə, deməli, insanların həyatında nəsə bir rol oynayıblar, ona xidmət ediblər. Bu baxımdan, nəsildən-nəslə keçən adət-ənənələrə hörmətlə yanaşılması istənilir, ailə və təhsildə onların öyrənilməsinin vacibliyi qeyd olunur.
Robert Edgerton «Xəstə Cəmiyyətlər» kitabında (Hasta Toplumlar (Sick Societies) , Robert B. Edgerton) adət-ənənələrin hər zaman insanların yararına olmadığını, onların cəmiyyəti bəzən “xəstə” etdiyini, zəiflətdiyini, hətta məhv də edə biləcəyini yazır.
Professor Edgerton Los-Ancelesdəki Kaliforniya universitetində (UCLA) psixologiya və mədəniyyət antropologiyasından (təsəvvür edin ki, belə bir fənn də tədris edilir, insan davranışları və onun nəticələrini araşdıran elm sahəsidir – İ.N.) dərs verir. Onun əsas tezislərindən biri belədir –
Bəzi əxlaq normaları xəstə cəmiyyətlər, bəziləri də güclü və örnək cəmiyyətlər inşa edirlər.
Xəstə cəmiyyətlərdə insanlar hadisələrə doqmatik inancları, bəzən də ordan-burdan eşitdiyi qeyri-ciddi bilgilərlə anlayır və qiymət verirlər. Sağlam cəmiyyətin insanları isə baş verənlərə elmin göstərdiyi metodlarla yanaşırlar.
Ailə içindəki münasibətlər, çocuqların tərbiyəsi, təhsil sistemi və bir sıra başqa məsələlərdə insanlar fərqli düşünürlər. Çünki onların qiymətvermə, dəyərləndirmə sistemləri fərqlidir. Problemlərə baxışları müxtəlif olduğu üçün çözüm yolları da fərqlidir. Və çözüm üçün vahid strategiyanın, eləcə də düşüncə birliyinin olmaması ortaq yol tapmağa da imkan vermir. Məsələn, dünyaya və siyasətə baxışları fərqli olan bir partiya hansısa bir ölkədə iqtidara gəlir. O partiya ölkəyə özünün dəyərləndirmə sistemi ilə baxır və mövcud siyasi status-kvonu dəyişməyə təşəbbüs edir. Onun kimi düşünməyənlər təlaşa qapılır, gələcəklərini təhlükə altında görürlər. Buna qarşı da müxtəlif leqal və illeqal yollara baş vururlar.
Başqa sözlə, iqtidar varsa, qarşısında mütləq ona müxalif olan düşüncə, siyasi cərəyanlar və partiyalar vardır. Bu siyasi qarşıdurmalar insanların kimin nə qədər yaxşı və ya pis niyyətli, nə qədər vətənpərvər olmalarından deyil, fərqli düşüncə tərzi ilə fərqli dəyərvermə sistemlərindən yaranır.
Beləliklə, adət-ənənələr hər zaman cəmiyyətin xeyrinəmi çalışır?
Robert Edgertonun cavabı çox konkretdir – XEYR.
Cəmiyyətə yararlı olduğu kimi, zərərli adətlər də vardır. Bir çox adətlərin isə “nə istisi var, nə də soyuğu”. Bəziləri də insan oğlunun həyatını dəyərsiz edərək, onu təhlükəyə atırlar. Vendetta (qan davası), insanı qurban etmək, yeni doğulan qız uşaqlarını öldürmək, gənc qızları sünnət etdirmək və s. bunların ancaq bir qismidir.
“Xəstə cəmiyyətlər” kitabında müəllif müasir cəmiyyətlərlə ibtidai icmaları müqayisə edir, ibtidai insanların günümüzdəkilərdən daha xoşbəxt olduqları fikrinin elmi olaraq isbatının olmadığını yazır.
Yəni, ibtidai insanlar daha xoşbəxt yaşamışlar tezisi yanlışdır.
Edgerton “Modern yaşayışın problemləri var və bunlar qulaqardı edilə bilməz” deyir. İrqçılık, dinlərin istismarı, ədalətsiz gəlir paylaşımı, iqtisadi böhranlar və s. bəlalar həyatımızı təhdid edən ünsürlərdir. Fəqət, bunların mövcudiyyəti keçmişdəki insanların daha yaxşı yaşadıqlarına dəlalət etmir.
Mədəniyyət antropoloqları “Modern cəmiyyətlər təbiəti istismar edirlər, ibtidai icma insanları isə təbiətlə ahəng içində yaşamışlar” deyirlər. Halbuki, bir çox elmi çevrələr bu tezisi dəstəkləmirlər. Tabloya yaxından baxınca qarşımıza sürəkli savaşan, təbii fəlakətlərdən qoruna bilməyən qısa ömürlü, bədbəxt insan toplumu çıxır.
Monteqrano kəndlilərinin timsalında gördüyümüz kimi bir cəmiyyətin adət-ənənələri hər zaman o cəmiyyətə faydalı olmur, bəzi hallarda bərbad nəticələr verə bilirlər. Amma nəticələrindən asılı olmayaraq adət-ənənələr nəsildən-nəslə yaşayaraq davam edirlər.
“Xəstə Cəmiyyətlər”də R. Edgerton Monteqrano bölgəsi ilə yanaşı Hindistanda qadınların dul qalması ilə onlara tətbiq edilən insanı dəhşətə gətirən “sati” mərasimindən, bəzi Afrika və Cənubi Amerika ölkələrinin adətlərindən, Sibir xalqlarının rituallarından bəhs edir. Professor son zamanlar dünyada satış və tiraj rekordları qıran kitabında adət-ənənələri, mərasim və ritualları, dini inançları “adaptive” və “maladaptive” deyə ikiyə bölür, onların sosioloji təsirini araşdırır. Ümid edirəm ki, bir gün bu kitab Azərbaycan türkcəsinə də tərcümə edilərək, çağdaş təfəkkürümüzdə yeni cığır açacaqdır…
*****
Bu sətirləri yazarkən bir az da bizim cəmiyyətin adətlərindən, yerli-yersiz tələffüz edərək ucuzlaşdırdığımız “mentalitet” kəlməsinə verdiyimiz önəmdən, bunların bizə yarar və zərərindən söz açmaq istədim. Elə o dəqiqə də fikrimdən daşındım. Çünki, bizim mentaletimiz müqəddəsdir, mübarəkdir, onu kimsə müzakirə edəmməz, kimsə qalxıb onu tənqid edə bilməz.
Səsimi qısıb, yavaşça özümə sual edirəm – Bizim mentalitet, adət-ənənələr necə, cəmiyyətimizin yararınamı xidmət etmiş, yoxsa…