Muəllif:

Vodka və Wodka

2_team Çörək sərvətimizdir, vodka isə hər şeyimiz

 

Epiqrafa çıxartdığım rus xalq deyimi ilə razılaşmamaq mümkün deyil. Dünyada ruslarla eyniləşmiş, onların tarixinə, siyasətinə, məişətinə, davranışına vodka qədər hopmuş başqa bir şey yoxdur. Vodka olmadan “russkaya duşa” deyilən o ecazkar dünyanın qapısını aralamaq olmur. Çünki, vodka rus insanının, Rus dünyasının açarıdır.

Rus mədəniyyətinin ayrılmaz bir parçası olan vodka ruslarındırmı?  Dünya onu “rus içkisi” olaraq qəbul edirmi?..

Yetər ki vodka olsun, içməyə səbəb tapmaq ən asanıdır

Sovetin son illərində ərzaq mağazalarının boş rəflərində polyak və rus araqları yan-yana dururdu. Halbuki, Polşa ilə münasibətlər olduqca gərgin idi – “Solidarnost”  ölkədə azadlıq hərəkatına başlamış, Moskva da sosializmi süqut etməkdən qurtarmaq üçün son çırpınışlarını edirdi.

Bütün sovet tələbələri kimi təqaüd alanda içki içərdik. Basindəki qastronomdan 4 nəfərə bir araq alır, Lenin prospektində,  “Şəfəq” tərəfdə “Podval” deyilən  erməni kafesinə gedərdik.  Araqlar zəhər kimiydi — rusunkuna “benzin arağı”, polyaklarınkına “odekolon” deyirdik. Araq bitəndə 2-cinin dalınca yaşça ən kiçik olduğum üçün məni göndərirdilər. Mən də ancaq  “odekolon” arağı alırdım –Polşa və “Solidarnost”a həmrəy olduğumu göstərmək üçün.

Bir axşam “Amerikanın səsi”  Polşa ilə rusların “vodka savaşından” danışdı. Vodkanın kimin milli içkisi olduğunu müəyyən etmək üçün məhkəməlik olmuşdular. Beynəlxalq Arbitraj məhkəməsinin 1977-də başlayan işi düz 4 il sürdü. Məhkəmə qərarını ruslar zəfər olaraq elan etdilər. Polyaklar  tanımadılar nəticəni. Əllərində daha çox tarixi sənəd olan pollyaklar sanki daha haqlı idilər. Və vodkanın ruslara məxsus içki olması ilk dəfə şübhə doğurdu…

 Balıq başdan çürüyür, baş isə vodkadan

Tam da o illərdə meydana Vilyam Poxlyobkin deyə biri çıxdı. Onun “Vodkanın tarixi” adlı kitabı (Похлёбкин В. В. История водки. Москва , 1991) Rusiyada böyük rezonansa səbəb oldu, müəllifi az qalsın milli qəhrəman elan etdlər. Onu daha çox rus mətbəxi ilə bağlı kitablarına görə tanıyırdılar. İnqilabçı-proletar ailəsində doğulmuş V. Poxlyobkin (1923-2000) rus mənbələrində “tanınmış sovet-rus tarixçisi” kimi təqdim edilir.

Şərab ruslara sağlam olmaq üçün lazımdır. Sağlam olmaq isə vodka içmək üçün

 Poxlyobkin bir çox postulatları miflərə çevirib, faktları istədiyi kimi interpretasiya edərək vodkanı rus içkisi kimi dünyaya sırımağa cəhd edib. Bu “tarixçi”`  kitabda vodkanın Rusiyada XV əsrdən hazırlandığını iddia edir.

Ruslar isə XX əsrə qədər  “çörək şərabı” (хлебное вино) adlandırılan 38-39 dərəcəli araq içirdilər. “Vodka” termini I Yelizavetanın 1751-ci il fərmanı ilə yaranıb.  Araq şüşələrinin etiketində isə  “vodka” sözü ilk dəfə 1936-da yer alıb.

Polşa isə “wodka” haqqında əlində hələ 1405-ci ilə aid yazılı sənədlər olduğunu göstərir. Ruslar buna qarşı 1533 tarixli Novqorod səlnaməsini çıxardırlar ortaya. Lakin irlandların viskiyə “whiskey”,  şotlandların isə “whisky” dediklərinə oxşamır vodka-wodka qarşıdurması. Poxlyobkin kimi tarixçilər vodkanın adından tutmuş onun dərəcəsinə qədər hər şeyi öz istəklərinə görə dəyişdirdikləri üçün ortada ciddi saxtakarlıqlar var.

Rusiyada siyasi vəziyyətin ən güçlü stabilizatörü vodkadır

Poxlyobkinin ikinci böyük yalanı Mendeleyevi rus arağının “atası” adlandırmasıdır. Guya vodkanın optimal 40 faizlik dərəcəsini məhz o, tapıb və hətta doktorluq dissertasiyasını da buna həsr edib. Əslində isə Mendeleyevin vodka haqda heç bir araşdırması  və elmi işi yoxdur. Hətta onun “Spirtin su ilə birləşməsi haqqında”  adlı doktorluq dissertasiyası da iddia edildiyi kimi araq çəkmək və onun dərəcəsi haqda deyil.

Arağın 40 dərəcə standartı 1843-cü ildə verilən fərmanla qüvvəyə minib. O vaxt isə Mendeleyevin cəmi 9 yaşı var idi. Digər tərəfdən bu standartın ruslara ümumiyyətlə aidiyyatı yoxdur, çünki konyak, viski, cin və digər sərt içkilər də 40 dərəcədirlər.

Çay araq deyil, çox içmək olmur

Tanınmış polyak yazıcısı Xenrik Yagodzinski aforizmlərindən birində belə deyir “İsa Peyğəmbərin suyu şəraba çevirdiyi rəvayət edilir. Amma vodka ilə aparılan təcrübələr daha yaxşı nəticələr verir”. İşin içində saxtakarlıq olanda nəticə olmur və ya qısa müddətdə unudulur. Poxlyobkinin saxtakarlığının ömrü də çox qısa oldu, dünya  çox keçmədən “Vodkanın tarixi” kitabının nə üçün yazıldığını anladı.

Poxlyobkin bir tərəfdən polyakların əllərindəki tarixi dəlilləri zəiflətmək, bir tərəfdən də Mendeleyevi rus kulinariya tarixinə yazmaq istəmişdi. Kimyəvi elementlərin periodik cədvəlinə də onun adını veriblər. Amma nə olsun, özlərindən başqa heç bir ölkə  “Mendeleyev cədvəli” demir.

 Zərərli vodka yoxdur, zərərli miqdar vardır

“İvan Arnoldoviç, bir fikir verin, bolşeviklər tərəfindən hələ boğazlanmamış mülkədarlar arağı soyuq “zakuska”  ilə içirlər. Özünə hörmət edən adam isə isti yeməklə içməlidir”.

Bulqakovun ”İt ürəyi” əsərindəki professor Preobrajenski kimi müsbət bir obraz belə deyirsə, daha nədən danışaq? Polyaklar da tarixi ədaləti bərpa etməkdən dəm vururlar. Gedib salamat qalmağa çalışsınlar, məncə….

 Nə qədər alsan da vodka heç vaxt çatmır

Tələbə yoldaşım Hüseynin polyaklarla münasibəti soyuq idi. Sosialist deyildi,  sadəcə araqlarını sevmirdi. Şahbuzdandı, iri cüssəli olduğundan böyük miqdarda  içə bilirdi. Yuxarı kurslarda araq almağa artıq özü getməyə başladı – bilirdi ki, mən gedəndə Polşa arağı alacam.

Bir gün “Şəfəq”in yanındakı kafedə içkimiz yenə bitdi. Hüseyn deyinə-deyinə qalxıb qastronoma getdi. Bir müddət sonra pörtmüş geri qayıtdı. Gözlərimizə inanmadıq — əlində Polşa arağı var idi. Heybətli səsi ilə:“Dağılsın belə ölkə, heç yerdə rus arağı yoxdur !”,- dedi.

Rus arağının bitməsi nəhəng kataklizmlərin ayaq səsləriydi. Ölkənin dağılmasına az qalmışdı. Bunda Hüseynin o qarğışının da rol oynadığına inanıram…

 

[email protected]

www.twitter.com/ibrahimnebioglu

 

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (14 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 1759