Twitter-mvitter, Facebook-meysbuk
«kitablar yandırılan ölkədə bir gün də insanları yandıracaqlar»
H.Heyne
İstanbul
Douglas Frantz Amerika Dövlət Katibinin müavinidir. Deyir «Tvitter-i qapatmaq kitab yandırmaq kimi şeydir». Vaşinqtonun Türkiyədə olub-bitənlərə rəsmi münasibəti belə acı və sarsıdıcıdır. Türkiyənin bu gününü Orta əsrlərin qaranlıq çağları, inkvizisiya məhkəmələri, nasistlərin «tonqal bayramları» ilə müqayisə etmək olardımı? Müqayisə nədir, Türkiyəni internet yasaqlarına, tvitteri qapatmağına görə nasistlərlə bir cərgəyə qoydular…
1933-cü ildə Hitler Veymar respublikasının Reyxskansleri seçilir. Totalitar nasist diktaturasının yaradılması üçün nasionalsosialistlər «Qeyri-alman ruhuna qarşı» böyük kampaniyaya başlayırlar. Bu kampaniyanın kulminasiyası 10 may 1933-də Berlinin tarixi Opera meydanında qalanmış böyük tonqalda «antialman» müəlliflərin on minlərlə kitabının yandırılması olur. Bu müəlliflər içərisində Teodor Volf, Henrix Mann, Karl Kautski, Erix Maria Remark, K.fon Osetski, Karl Marks, Ziqmund Freyd və b. var idi. Freyd məşhur «Əvvəllər müəllifləri yandırırdılar, indi isə kitablarını. Əməllicə tərəqqi var» sözlərini də elə o «tonqal bayramı» üçün demişdi.
Aradan keçən 80 il ərzində bu «tərəqqi» daha da inkişaf etdi. Türkiyə nə kitab yandırdı, nə də ki onu yazanı. O, sadəcə olaraq, fikrin, bilginin, informasiyanın yayılmasının qarşısını aldı — tvitteri qapatdı. Hökumət rəhbəri tvitteri əngəlləməklə dövlətin gücünü ortaya qoyduğunu söyləsə də, bəsit bir proqram sayəsində 80 milyonluq Türkiyə başqa ölkələr üzərindən bu sosial şəbəkəyə asanlıqla girməyə nail oldu. Xalq hökumətin basqısını yendi, əsl gücün kimdə olduğunu göstərdi. İnterneti nəzarətə almaq və senzura tətbiq etməklə ifadə azadlığını qəsb etmək Türkiyəni Şimali Koreya və Venesuela ilə yanaşı qoydu. Orta və yaşlı nəslin təmsilçiləri bəlkə də alışmış olduqlarından çox da təəccüblənmədilər. Amma yeni nəsil, gənclik bu anti- demokratik icraatlardan heyrətə düşdülər. Necə də düşməsinlər, axı iqtidar onlara «Yeni Türkiyə» vəd etmiş, işıqlı gələcəyə aparacağını demişdi. Əvəzində isə qarşılarına qaranlıq çağlara və zülmətə aparan yollar çıxdı.
Hitlerin təbliğat naziri Yozef Gebbels o dəhşətverici gün xalqına belə müraciət etmişdi — «Bu tonqalın alovları, sadəcə, köhnə bir çağın sonunu aydınlatmaqla qalmayacaq, həm də yeni bir çağa işıq saçacaq». 10 may gecəsi çəkilmiş arxiv kadrlarında on minlərlə kitabın yandırılma səhnəsi insanı dərindən sarsıdır. Bu gün Türkiyədəki son hadisələr isə düşünən insanları sarsıtmaqla bərabər qorxuya da salır. İlk kitab yandırma olayı miladdan əvvəl Çində imperator Şi Xuan tərəfindən həyata keçirilmişdi. Bu hadisənin üzərindən keçən 2000 il ərzində nə kitablar yandırıldı… Bütün yandırılan kitablar, hətta ispan inkvizisiyasının Quranı yandırması belə iqtidarlara qarşı olan hərəkatlara cavab tədbirləri idi. Zira kitablar azadlığı, azad fikri təmsil edirlər. Və kitab cahil kütlələri idarə etmək istəyən totalitar rejimlərin qorxduqları ən əsas təhdiddir. Kitab yandırmaqla interneti yasaqlamaq arasında isə fərq yoxdur. Çünki hər dövrün özünün avtoritar basqıları, qaranlıq və məkrli maraqları var. Zatən avtoritar rejimlər də elə xalqlarını qaranlığa və keçmişə aparır. Bu fikirləri düşünüb, yazıya nöqtəni qoymaq istəyirdim ki, Youtube-un da qapandığı xəbəri yayıldı. Növbədə facebook var…
İqtidar sahibləri senzura tətbiq edib, sosial şəbəkələri tək-tək bağlamaq yerinə, zənnimcə, elə birdəfəlik elektrikləri kəssin. Məsələni kökündən həll etmək üçün ən doğru yoldur.
Tvitteri-mvitteri kəsəcəm deyirdi Ərdoğan. Tvitter getdi işinə, qaldı mvitter. Onunla isə çox da uzağa getmək olmayacaq, hətta seçkilərdən birinci çıxsan belə…
[email protected]