Muəllif:

TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR və ya Dərviş Məstəli Şahın Ankara sərgüzəştləri

3_teamBilirəm ki, bu məqalədən sonra məni millətə xəyanətdə, bütün türkləri təhqirdə  ittiham edənlər tapılacaq. Amma nə edim. Susa bilmirəm. Vallah, billah istəyirəm susum, danışmayım, bacarmıram. Bu milləti sevdiyim üçün bacarmıram.

Məni çoxdan bir sual narahat edir. Nə qədər axtarıram cavabını tapa bilmirəm. Başa düşə bilmirəm ki, nə üçün bizlər, yəni özünü türk adlandıranlar, qabaqcıl millətlər arasında özümüzə yer tapa bilmirik?! Bizim başqa millətlərdən nəyimiz  əskikdir?  Özü də söhbət heç də Azərbaycan türklərindən getmir. Son 200  il ərzində bizim müstəqil dövlət qurucusu olan bir millət kimi inkişafımız həmişə əngəllənib. Ona görə də inkişaf etmiş müasir milli dövlətin təşəkkülü üçün zəruri prioritetlərin seçimində qarşılaşdığımız çətinlikləri başa düşmək olar. Şəxsi maraqların gerçəkləşdirilməsinə daha çox üstünlük verməyimizə də təəccüblənmək lazım deyil. Nə edək?! Hələ yetişməmişik.

Bəs Osmanlı türklərinə nə gəlib?! Qan qardaşı adlandırdığımız kəslər ən azı son beş yüz il ərzində müstəqil dövlət quruculuğu ilə məşğul olublar. Özü də bizdən fərqli olaraq arası kəsilmədən. Ona görə də, milli maraqlar baxımından, nəyin yaxşı, nəyin kötü  olduğunu çoxdan anlamalıdırlar, amma anlamırlar. Bəziləri deyə bilər ki, türklər demişkən, geri zəkalı mənəm, gerçəkləri görə bilməyən kor mənəm. Ola bilər. Onda gəlin araşdıraq – görək, kimdir haqlı!

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Avropa Birliyinə üzvlük Türkiyə Cumhuriyyəti üçün yeganə seçim variantı deyil. Alternativlər çoxdur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT). Çox gözəl, çox pakizə! Alternativlərin, fərqli imkanların olması şox yaxşı haldır. Nə edim ki, yenə də bir əmması var.   Sual olunur ki, ŞƏT doğrudan-doğruya Avropa Birliyinə alternativ ola bilərmi?

Bu suala birmənalı cavab vermək üçün ŞƏT üzvlərinin siyahısına nəzər salmaq kifayətdir: Rusiya, Çin, Qazaxıstan, Qırqızıstan, Özbəkistan və Tacikistan.

Monqolustan, Belarus, Hindistan, Pakistan, İran və Əfqanıstan ŞƏT-də müşahidəçi statusuna malikdir. Ədalət naminə qeyd etmək lazımdır ki, Hindistan və  Pakistanla üzvlüklə bağlı danışıqlara başlanılıb. Bir qrup dövlət, o cümlədən, Türkiyə, Azərbaycan və Ermənistan ŞƏT-in dialoq üzrə tərəfdaşlarıdır.  Bir sözlə, söhbət iyirmiyə yaxın dövlətdən gedir. Amma onların arasında inkişaf etmiş dövlətlərdən birinin belə adını tapa bılməzsiniz. Bir sözlə, ŞƏT Türkiyəni tərəqqi yoluna çıxaracaq bir qurum deyil.

Hələ bu azmış kimi, qurumun gerçək və potensial söz sahibləri arasında, Pakistan istisna olmaqla, Türkiyənin regional gücə çevrilməsində belə maraqlı dövlətlər yoxdur. İnanmaq istəmirəm ki,  Ankarada Rusiya, İran, Çin və Hindistanın Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi görmək istədiyini düşünən sadəlövhlər var. Danılmaz həqiqətdir ki, bütün bu dövlətlər Türkiyənin regiondakı ənənəvi tarixi rəqibləridir.

Sadəcə olaraq, hazırki tarixi məqamda ŞƏT-də söz sahibi olanlar Türkiyəni NATO-dan  qoparıb bu quruma calamaqda maraqlıdırlar. Təəssüflər olsun ki, R.T.Ərdoğan ilk növbədə Rusiya prezidenti Vladimir Putinin təsəbbüskarı olduğu bu oyunda çox böyük həvəslə iştirak edir. İş o yerə çatıb ki, türk və Türkiyə düşməni, Rusiyanın təlxək-siyasətçisi Vladimir Jirinovski Ankarada prezident səviyyəsində qəbul olunur. Beynəlxalq aləmdə Kremlin qeyri-rəsmi sözcüsü sayılan Jirinovski bir neçə ay bundan əvvəl 2014-cü ildə Türkiyə hava məkanı hüdudlarını pozmuş Rusiya hərbi təyyarəsinin vurulmasına cavab olaraq İstanbulu yerlə-yeksan etməyə çağırırdı. Özü də nə az, nə çox, nüvə silahından istifadə etməklə. Bir neçə ay bundan əvvəl Jirinovski “Qovorit Moskva” radiostansiyasının efirində bildirmişdi ki, İstanbulu yerlə-yeksan etmək elə bir çətin  iş deyil:“Boğazda bir nüvə bombası partlatmaq kifayətdir. 15 metrlik dalğalar İstanbulu onun 9 milyonluq əhalisi ilə birlikdə məhv edər. Bundan sonra Türkiyə adlı dövlət olmaz”.

Jirinovski Rusiyanın prezidenti olsaydı, Ərdoğanın İstanbulu yerlə-yeksan etməyə çağıran bu şəxsə “hörmət nümayişini” yenə də başa düşmək olardı. Amma söhbət Punindən deyil, Jirinovskidən, yəni, hətta Rusiyanın özündə belə, ciddiyə alınmayan təlxək-siyasətçidən gedir. Ərdoğansa özünü təhqir olunmuş saydığı üçün alman aktyorunu məhkəməyə verir, prezidenti olduğu Türkiyəni nüvə bombası alovunda yandırıb külə döndərməyə çağıran ikinci dərəcəli Rusiya siyasətçisini isə dövlət başçısı iqamətgahında böyük şərəflə əziz dostu kimi qəbul edir. Buna nə ad vermək olar?! Türk milləti və Türkiyə adlı dövlətin şərəfini bu dərəcədə alçaq tutmaq olarmı? Bu da sonu deyil…

Bu yaxınlarda Ərdoğan bəyan etdi ki, Qərbdə onu “diktator” adlandırmalarından heç narahat deyil. Ərdoğan üçün önəmlisi türk millətinin ona olan münasibətidir. Yenə də çox gözəl, çox pakizə! Doğrudan da, xalqın, millətin seçimindən önəmli nə ola bilər?! Xalq isə Ərdoğana səs verir. Nə edəsən, bu da danılmaz bir həqiqətdir! İlk nəzərdən haqq-ədalət Ərdoğanın tərəfindədir. Amma unutmaq olmaz ki, mürəkkəb  problemlərin həllinə bəsit yanaşmalar, bizi aldığımız yanlış nəticələrin həqiqiliyinə inandırır. Birincisi, xalqın seçimi mütləq həqiqət deyil. Təəssüflər olsun ki, xalq səhv seçim də edə bilər. Tarixdə buna misallar az deyil. Hitler fenomeni buna parlaq nümunədir. Ötən əsrin 30-cu illərinin kinoxronikasına baxarkən alman xalqının, xüsusən də qadınlarının Hitlerə olan məhəbbətinin nümayişindən dəhşətə gəlirsən. Amma Hitler də xalqın seçimi, özü də demokratik seçimi idi.

İkincisi, seçimdən seçimə fərq var.  Ərdoğan tərəfdarlarının birbaşa yayımda tamaşa etdiyim bir mitinqi yadıma düşdü. Qadın  iştirakçılardan biri jurnalistin suallarına cavab verərkən, Ərdoğanın gündəyməzindəki qılına qurban olmağa hazırlığını bildirdi.  Bir sözlə, əgər söhbət xalqın cahil çoxluğunun seçimindən gedirsə, bunda elə bir böyük şərəf yoxdur. Əfsuslar olsun ki, düşünən hissə bütün xalqların azlığını təşkil edir. Ona görə də, bir sıra hallarda birbaşa demokratiya “cahillərin  diktaturasına” gətirib çıxarır.

Üçüncüsü, “cahillərin diktaturasının” qarşısının alınması üçün birbaşa demokratik prosedurlar vasitəsi ilə  təftişi qeyri-mümkün demokratik doqmalar vardır. Məsələn, söz azadlığı birbaşa demokratiyanın “qurbanı” ola bilməz. Başqa sözlə desək, söz azadlığının referendum vasitəsilə ləğvi cəhdi demokratiyanın təməl prinsiplərinə ziddir. Əslində, Ərdoğan və onun kimilərin bütün məsələlərin həllini birbaşa demokratiya  vasitəsilə “xalqın iradəsinə” bağlamaq istəyi, demokratiyanın təməl prinsiplərini aşılamaq cəhdindən başqa bir şey deyil.

Əslində, söhbət Türkiyə prezidentindən getməsəydi, Qərbin şəxsən Ərdoğanı “diktator”  adlandırması məni də narahat etməzdi. Məni narahat edən Ərdoğanın deyil, türk xalqının seçdiyi Türkiyə prezidentinin “diktator” hesab edilməsidir. Bu amil Türkiyəni müasir, qabaqcıl dövlətlər sırasından kənarlaşdırır, türklərin bir  millət kimi yetkinlik səviyyəsinin demokratiya üçün kafi olmaması görüntüsünü yaradır.

Məndə bəzən elə təəssürat yaranır ki, Ərdoğan elitası bütün dünyaya türk xalqının hələ də cəhalət dövrünün düşüncə tərzindən xilas olmadığını sübut etməyə çalışır. Dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra Ankara meri Məlik Göyçər və ədliyyə naziri Bəkir Bozdağ tam ciddiliyyi ilə bildirdilər ki, ABŞ-da  yaşayan Fətullah Gülən cadu-piti vasitəsilə adamları öz nəzarəti altında saxlayır, onları dövlət çevrilişində iştirak etməyə nəcbur edir. Vallah, yadıma dahi Mirzə Fətəlinin 1850-ci ildə, yəni düz 166 il bundan əvvəl yazdığı “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyası düşdü. Cahil qadın qızının nişanlısı Şahbaz bəyin Parisə səyahətinin qarşısını almaq üşün cadugər Dərviş Məstəli Şahdan  xahiş edir ki,  Fransanın paytaxtını dağıtsın. Düşünürəm ki, oxucuların da həmin əsərdən balaca bir parçanı yada salması heç də fəna olmaz:

Hatəm ağa (heyrətlə). Həkim sahib, nə vaqe olubdur? Belə tələsik getməyə səbəb nədir?

Müsyö Jordan (qaim səs ilə). Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan ingilis konsulundan sizin divanbəyiniz mənə kağız yetirdi; konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar gedir. Arazın kənarında mənə müntəzirdir. On iki saatadək gərək mən özümü ona yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm. Lui Filipp ingilisə qaçıbdır. Mon diyö, mon diyö!

Hatəmxan ağa (təhəyyür ilə). Həkim sahib, Parisi kim dağıdıbdır, kim yıxıbdır?

Müsyö Jordan (iztirabla). Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bəd əməllər. Hansını deyim! Aman, Hatəmxan ağa, at hazır edin, dayanmaq mümkün deyil! Dimaj Paris! Tülyeri! Mon diyö, stefr!

Bu sözlərdən Hatəmxan ağa bir az mütəhəyyir qalır. Amma Şərəfnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib, ona sarı üz qoyur. Yavıqlaşıb yavaş gülümsənmiş soruşur. 

Şahbaz bəy. Sən niyə titrəyirsən, ay fəsad? Yoxsa Parisi sən buyurub yıxdırıbsan ki, mən dəxi ora gedə bilməyim?

Şərəfnisə xanım (titrəyə-titrəyə, nazik səsi ilə gözü dərviş gizlənən pərdədə). Yox, vallah, quran haqqı, dayım canına mənim heç zaddan xəbərim yoxdur, mənim heç təqsirim yoxdur!”.

Dörd ilə yaxın Türkiyədə yaşadığım üçün tam məsuliyyəti ilə deyə bilərəm ki, nə Məlik Göyçək, nə də Bəkir Bozdağ Fətullah Gülənin cadu-piti vasitəsilə bütün Türkiyəni bir-birinə qatmaq iqtidarında olduğuna inanacaq Şərəfnisə xanım qədər sadəlövhdürlər. Əslində, Məlik Göyçək bir tipaj kimi mənə daha çox digər dahi Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” komediyasındakı Şeyx Nəsrullahı xatırladır.  Amma bunun məsələyə heç bir dəxli yoxdur. Faciə ondadır ki, məlik göyçəklər, bəkir bozdağlar türk xalqının böyük əksəriyyətinin bu cür cəfəngiyyatlara inanacaq qədər sadəlövh və cahil olduğuna inanırlar. Türk milləti üçün bundan da böyük təhqir ola bilərmi?! Türk millətini qabaqcıl xalqların gözündə bu qədər alçaltmaq olarmı?! Bundan sonra digər millətlərin biz türklərə hörmətlə yanaşmasını tələb edə bilərikmi?! Sözsüz ki, bunların hamısı rıtorik suallardır.

Başqalarından dostluq ummaq olmaz. Onların öz maraqları var. Başqaları tarixin müxtəlif dönəmlərində bizim tərəfdaşımız, müttəfiqimiz ola bilərlər. Amma onlar heç vaxt bizə görə öz maraq və mənafelərini qurban verməyəcəklər. Bunu onlardan tələb etmək də ağılsızlıq olardı. Faciə ondadır ki, biz özümüz özümüzün düşməniyik.  Mirzə Fətəli Axundov dövründən az qala iki əsr keçir. Amma biz özümüzü yenə də cahil “ölülər”  arasında görmək istəyirik. Biz heç dəyişməmişik. Biz özümüz özümüzdən qorxmalıyıq. Necə ki, Mirzə Ələkbər Sabir 100 il öncə qorxurdu:

Məqbərəlikdə edirəm gah məkan, –
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, –
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!….”.

Bu məqalənin  sonuna çatanda birdən fikirləşdim: nə yaxşı ki, nə Axundov, nə Sabir, nə də Məmmədquluzadə müasirlərimizdirlər. Vallah, onları öz əcəlləri ilə ölməyə qoymazdıq…

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 8,89 из 10)
Oxunma sayı: 2211