Muəllif:

TERRORA ALIŞMAMAQ

 

2_teamİnternetin sürəti azalıbsa demək ki, nəsə olub. İmdadıma VPN çatır. İstanbuldakı hava limanı partlayışından sonra ”Virtual Özəl Şəbəkə” ilə başqa dövlətlərdəki server üzərindən internetimi bərpa edirəm. Qlobal şəbəkəyə girirəm, amma ətraflı məlumat almaq olmur, çünki həmişəki kimi hadisədən sonra tezcə yayın yasağı qüvvəyə minir.

İnternetin zəifləyən kimi bütün sosial şəbəkələrə girişləri çətinləşdirirlər. Bu da varsa, demək ki, vəziyyət ciddidir. Çox ciddi…

1982-ci il Ankara Esenboğa hava limanındakı terror aksiyası gəldi ağlıma. ASALA erməni terror təşkilatının 2 üzvü – Zöhrab Sarkisyan və Levon Ekmekçiyan limanda bir qrup insanı əsir almışdılar. Polislə çıxan silahlı qarşıdurmada 9 nəfər güllələnərək öldürülmüş, 72 nəfər yaralanmışdı. Polis vəzifəsini qəhrəmancasına yerinə yetirmişdi. 3 polis ermənilər tərəfindən şəhid edilmişdi. Aeroportun içində davam edən atışma iki saat çəkmişdi.  Z. Sarkisyan hadisə yerində öldürülmüş, L. Ekmekçiyan isə ələ keçirilmiş, məhkəmənin hökmü ilə 4 ay sonra edam edilmişdi…

İstanbulun Atatürk limanındakı terror aktını Brüsseldə fevral ayında İŞİD-in törətdiyi hadisə ilə müqayisə edirlər – ssenarisi dəst-xətti və tərzi  tamamən eynidir. Amma 34 il əvvəlki Esenboğa hadisələri bütün gecə ağlımdan çıxmadı. ASALA-nı bitirən Türkiyə İŞİD-in də kökünü qazıyacaq. Amma bunu minimum qurbanla, az zərər və ziyanla həll etmək üçün çalışmaq lazımdır.

Bir həftə əvvəl CIA Başqanı Brennan 30 İŞİD terrorçusunun Türkiyəyə girdiyi haqda rəsmi Ankaranı məlumatlandırmışdı. Amma Təhlükəsizlik gücləri  müttəfiqlərinin bu sözlərini qulaqardı etdilər. 7 terrorçu əlini-qolunu sallaya-sallaya dünyanın dünənə qədər ən yaxşı qorunan hava limanlarından birinə girdilər. Onlardan 3-ü canlı bomba olaraq 40-dan çox insanı qanına qəltan etdi…

“One minute” böhranı, “Mavi Marmara” gəmisi, rus hərbi təyyarəsi. Son 2-3 gün ərzində Erdoğan gözlənilməz gedişlər edərək Türkiyənin üfüqünü açdı. Rusiya və İsraillə münasibətlər normallaşmağa başlayır. Prezident Erdoğan yeni bir həmləyə hazırlaşırdı, illərdir sürdürülən “Qonşularla sıfır problem” adlı xarici siyasət kursunu dəyişmək ərəfəsində idi. Onun bu qərarlılığıdır ki,  Baş nazir B. Yıldırım sələfini tənqid edərcəsinə “İndən belə dostlarımızın sayını artırıb, düşmənlərimizin sayını azaldacağıq” deyir. Davutoğlunun Suriya fiaskosu Türkiyəyə necə də baha başa gəldi.

Son günlər türk xariciyyəsi Almaniya ilə uzlaşmaq üçün var gücü ilə çalışırdı. Və ən nəhayətində önümüzdə bizi böyük bir sensasiya gözləyirdi – Suriya ilə də yaxınlaşma.

Amma, olmadı. Bu dəfə olmadı, yenə də görünməz bir güc Türkiyənin önünü kəsdi, xalqı, höküməti, dövləti yeni imtahanla sınağa çəkdi.

Türkiyə yenidən yaralarını sarıyır. Lakin ən acınacaqlı məqamlardan biri insanların reaksiyalarının korşalmasıdır. Hadisə olan gün yaxın dostlarımdan biri xaricdən İstanbula qayıdırdı. Deyir ki, partlayışların baş verdiyi anda təyyarənin içindəki sərnişinlərdən ancaq xaricilər panika düşmüş, qorxub, bağırışırmışlar. Türklər isə sakitcə oturub onları seyr edirmişlər. Bilirsizmi niyə? Çünki onlar artıq bombalara, partlayışlara alışıblar, alışdırılıblar. Ən acı və qorxunc olanı da budur…

İnternetin sürətinin azalmasına alışmamaq lazımdır, media yasaqlarına alışmamaq lazımdır. Bombalara, terrora alışsan onunla mübarizə apara bilməzsən, onu yenə bilməzsən….

*****

Ayna 2 illik aradan sonra yenidən yayın həyatına başlayır. Bu münasibətlə Aynanın bütün oxucularını təbrik edirəm. Üç gündür Elçinlə (Şıxlı)  ilk yazılarımızı, planlarımızı müzakirə edirik. Gündə ən az 5-6 kərə zəngləşir, mübahisə edir, ortaq məxrəcə gəlməyə çalışırdıq. Mən ən sevdiyim Borxes və onun futbola münasibətindən yazmışdım ilk yazını. Düşündük ki Avropa çempionatı da qızışmağa başlayır. Lakin İstanbul terroru futbolu sonraya atdı….

 «Ayna»nız açıq olsun, təmiz hava gəlsin…

 

[email protected]

www.twitter.com/ibrahimnebioglu

www.facebook.com/inebioglu

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 589