Teleməkanımızın parlaq rəngi – ANS
Kim nə deyir-desin, ANS-in yayımı dayandırılandan sonra televiziya məkanımız çox solğun görünür. Adamlar hələ də ümidlə pultu ələ götürürlər ki, birdən telekanal açılmış olar. Xüsusən xəbər vaxtı gələndə şüuraltı “Xəbərçi” yada düşür. Elə bil ANS-siz xəbər ölçüləri də bir az dolaşıq düşüb. İnsanlar, sanki indi nəyin xəbər olub-olmamasını müəyyən etməyə çətinlik çəkirlər, çünki ötən illərdə auditoriyanın bəlli qismində belə bir qənaət formalaşıb: o şeyi ki ANS verir – xəbərdir, “Xəbərçi” hansısa hadisə barədə danışmırsa, deməli, əhəmiyyət verməyinə dəyməz, o xəbər deyil. Əslində, burada təəccüblü bir şey də yoxdur, son 20-25 ildə Azərbaycan tamaşaçısının xəbər zövqünü, bu xəbərin ölçü-biçisini məhz ANS formalaşdırıb.
Təkcə xəbərçilikdə yox, bütövlükdə televiziya jurnalistikası, diskussiya mədəniyyəti, araşdırma, cəmiyyəti ifadə etmə və ekran publisistikasının inkişafında bu telekanalın misilsiz rolu olub. Bir çox maraqlı layihələr bu TV-nin ekranından pərvazlanıb. Uzun illər Azərbaycan cəmiyyəti ona öz kanalı kimi baxıb, dərdini ona deyib, çətinə düşəndə ona üz tutub. ANS-in reportyorları müstəqil Azərbaycanın gerçək tarixini, o cümlədən Qarabağ salnaməsini yazıb. Elə isə bu televiziya niyə susmali, niyə yaşamamalıdır, yaşamaq üçün hamıdan çox haqqı ola-ola…
* * *
ANS-in bağlanmasına sevinənlər, ona balta çalanlar, telekanalı yerli-yersiz ittiham edənlər də oldu. Hissləri, emosiyaları bir yana qoyuram, mən ANS-i qərəzsiz, haqlı tənqid edənlərin bir çox fikirləri ilə razıyam. Telekanalın bəzən öz prinsiplərinə zidd getdiyini deyənlərlə, ayrı-ayrı jurnalistlərin qıcıqlandırıcı davranışlarını mənfi qiymətləndirənlərlə şərikəm. Obyektivliyin və ədalətin heç də həmişə gözlənilməməsi barədə söylənənlərdə də həqiqət var. Telekanalda plüralizmin azalması, bəzən alternativ fikrə yer verilməməsi, bir çox hallarda tərəzinin gözünü hakimiyyətə tərəf əyməsini, aşkar təbliğat aparmasını, sifariş yerinə yetirməsini müstəqil kanala irad tutanların da, yəqin ki, arqumentləri əsaslıdır. Bəzi istedadlı əməkdaşlarla ədalətsiz davranılmasını da kanal rəhbərliyinin ayağına qüsur kimi yazmaq olar. Təbii ki, bu haqlı tənqidlərə “belə nöqsanlar başqa kanallarda daha çoxdur” kimi çeynənmiş cavab da vermək olar. Amma yox, ANS başqa kanal deyil, o ölkənin ilk müstəqil televiziyasıdır, cəmiyyətə yeni düşüncə aşılayan, artıq bir nəsil yetişdirmiş fərqli media qurumudur, yeni jurnalistikanın daşıyıcısıdır.
Əslində, ANS-in bu qüsurları çox sonra, 15 illik “qızıl dövr”ünü yaşadıqdan sonra üzə çıxdı. Bunu bilənlər bilir ki, telekanal 2006-cı ildə bağlanmaq təhlükəsini (yayımı bir neçə gün dayandırılmışdı) dəf etdikdən sonra efirə bir az başqa qiyafədə çıxmışdı, sanki tamaşaçısının üzünə dik baxmağa çətinlik çəkirdi. Düzdür, xəbərlər yenə operativ idi, amma əvvəlki kimi balanslı görünmürdü, tənqid var idi, amma əvvəlki kimi dişli deyildi. Jurnalistlərin davranışlarında da aşkar bir çəkingənlik duyulurdu. Görünürdü ki, “qulaqburması” ağır olub və ANS gəmisi hələlik bir az dayaz sularda üzməlidir. Amma bu halında belə telekanal yenə ölkə teleməkanında xəbərçilik sahəsində öz öncüllüyünü saxlayırdı, çünki ANS-in xəbər peşəkarlığı genetik idi və o, dünyanın qəbul etdiyi standartlara əsaslanırdı. ANS tənqidi televiziya olmasa da, digər kanallarla müqayisədə jurnalistika prinsiplərini daha çox qorumağa çalışırdı. Məhz buna görə, indi ölkədə çoxluq bu televiziyanın yürütdüyü siyasi xətti tənqid etsə də, ilk müstəqil telekanalın bağlanmasını düzgün saymır. Səbəb odur ki, teleməkanda ANS-in yeri aşkarca görünür, media peşəkarlığı baxımından axsayan məmləkətimizdə xəbər boşluğu dərhal hiss olunur.
ANS hansı formada olursa-olsun, mütləq efirə qayıtmalıdır. Qayıtmalıdır ki, heç olmasa “dəqiq, qərəzsiz, vicdanlı” sözlərini yenidən eşidək. Avqust istilərindən süstləşmiş cəmiyyətin də, dizi qatlanmış mətbuatın da, qeyri-peşəkarların və əxlaq cəhətdən axsayanların sayca artdığı yeni medianın da bu dəyərlərə ehtiyacı vardır. Dəqiq və qərəzsiz olmayanda insan da, media da vicdansız olur. ANS bir rəng kimi yerini tutmadıqca sonuncuların sayı çoxalacaq…
* * *
ANS-i tarix yaratmışdı, bu telekanal tarixi şəraitin məhsulu idi. O, köhnəliyin içindən – qaranlıqdan işığa tərəf can atan Azərbaycan cəmiyyətinin gedəcəyi yolu işıqlandıran bir qığılcım idi. Bu yol hələ bitməyib, bu yolun işığa, həmin qığılcıma əşhədü-ehtiyacı vardır.
e-mail:[email protected]