«Shell» Azərbaycandan gedir
Bu xəbər dünən yayıldı. Müəyyən fasilələrlə Azərbaycanda 1912-ci ildən bəri çalışan bu dünya nəhəngi gedir, daha doğrusu getdi. Səbəb — uzunmüddətli perspektivin olmamasıdır. Ümimiyyətlə, keçən il dünya üzrə, 90 neft-qaz şirkəti yeni layihələrə investisiya qoyuluşunu orta hesabla 22% azaldıb. Şirkətlər yaxın iki ilə planlaşdırılmış dərin neft və qaz yataqlanlarının işlənməsinə sərmayə qoyuluşunu dayandırıblar. Çünki yerin çox dərin qatlarından çıxarılan və ya çıxarılacaq karbohidrogenlər baha başa gəlir. Dünya bazarında neftin qiyməti isə ucuzlaşmaqdadır və bu gedişlə çətin ki, 2008-ci ildəki barrelinə 147-148 dollaradək qalxsin. Bu ucuzlaşmanın siyasi məqamlarına toxunmadan sırf iqtisadi əsaslarını araşdıracam…
Əvvəlki yazımda yeni sənaye, daha doğrusu, üçüncü sənaye inqilabdan yazacağıma söz vermişdim. “Shell”in getməsi xəbəri yazımın konseptual cəhətdən yanlış olmamasını bir daha təsdiq etdi.
Nə qədər paradoksal olsa da, 2008-ci ildə neftin qiyməti 150 dollara yaxınlaşandan az sonra dünyada qlobal iqtisadi böhran başlandı. Halbuki, cəmi yeddi il əvvəl 24 dollardan baha neft yox idi. Gündəlik istehsal 2006-cı ildə ən yüksək həddə — 7 milyon barrelə çatsa da, istehlak tələbi ödənilmirdi, çünki istehlak edilən hər 3,5 barrel neftin müqabilində cəmi 1 barrel neft istehsal edilirdi. Təklif tələbi ödəyə bilmir… və qiymətlər getdikcə qalxırdı.
Dünya iqtisadıyyatı, xüsusilə də onun istehsalla məşğul olan qismi, yəni sənayesi enerji və onun qiymətlərindən birbaşa asılıdır. Ona görə də, artan istehsal xərcləri əmtəə bahalaşmasına, alıcılıq qabiliyyətinin azalmasına və istehlak zənbilinin kasadlaşmasına gətirib çıxardı. (Bütün kənd təsərrüfatı istehsalının da yanacağ qiymətlərindən asılı olduğunu bura əlavə etsək, mənzərə tamamlanmış bir şəkil alar.) İstehlak zəiflədi, əmtəə satılmadı və istehsalçılar müflisləşməyə başladı. Qlobal böhran dünyanı başına aldı.
Karbohidrogenlərə əsaslanan enerjidən asılılıq özünün pis üzünü artıq ciddi şəkildə göstərməyə başlayıb. Məsələn, dünya əhalisinin 40% gündəlik 2 dollar qazanca möhtacdır. Bir çox alımlər artıq dünyada adambaşına neft istehsalının ən yüksək zirvəsindən enişinin on ildir ki, davam etdiyi qənaətindədirlər. Neft istehsalı innən belə bundan artıq olmayacaq. Şift neft və qazı karbohidrogen enerjisi erasının aqoniyasını yalnız tarixi baxımdan bir qədər uzada bilər…
İndi isə bərpa edilən enerjinin nə demək olduğuna baxaq. Köhnə tanışımız Ceremi Rifkin hələ 2013-cü ildə aidiyyatı olan Qazaxıstan nazir və məmurlarına verdiyi “master-klass”da deyirdi ki, günəş işığının cəmi 45 dəqiqəsinin enerjisi bütün dünyanın bir illik tələbatını ödəyə bilər! Bu isə günəş enerjisinin bircə (1) faizinin onda biri deməkdir!!!
Küləyin gücünün 20% isə bizi tələbatımızdan altı (6) dəfə çox enerji ilə təmin edər!
Geotermal enerji isə ayağımızın altında olan günəş enerjisidir. Bura dəniz dalğalarının enerjisini, kənd təsərrüfatı tullantıları və məişət tullantılarının təkrar emalından alınan enerjini də əlavə etsək, bərpa olunan və tükənməz bir mənbə sahibi olduğumuzu görərik. Bir sözlə, karbohidrogen erasının sonu çatmaqdadır… Artıq postneft-qaz erası kateqoriyaları ilə düşünmək zamanıdır.
Deyəcəksiniz ki, bəs üçüncü sənaye inqilabı nə oldu? İqlim dəyişməsi, iqtisadi böhran, ənənəvi karbohidrogen enerji mənbələrinin tükənməsi — bütün bunlar söz açdığım həmin sənaye inqilabı üçün zəmindir. Mən də hələlik zəmin yaradıram…