Muəllif:

Şeytanın ağız suyu

4_team Belə havada dolanbac dağ yolunda maşın sürmək uçurumun kənarı ilə gözübağlı gəzmək kimi bir şeydir. Qatı dumanda göz-gözü görmür (ağ rəng də qaranlıq çökdürərmiş!).  Sükanı sağa əysəm, sıldırım qayaya çırpıla bilərik, sola əysəm – gələn yaza kimi qalıqlarımızı dərənin dibindən çıxarmaq da mümkün olmayacaq. Əyləci basıram, amma mühərriki söndürmürəm. Yol yoldaşım düşüb maşının qabağına keçir. Bircə qaraltısı sezilir.

— Qəribə dumandır, — səsi də nəm çəkib, ağırlaşıb elə bil, — toxunuşunu dərimlə hiss edirəm. Hörümçək toru kimi yapışqanlıdır.

Qaraltı «yapışqan»ın içərisində yavaş-yavaş əriyib yox olur. Amma səsi gəlir:

— Belə havada adam intihar etmək istəyir.

Üşürgələnirəm.

— Əbəs yerə ispanlar ona «şeytanın ağız suyu» demirlər ki… Çox aralanma…

***

Ümummilli təfəkkür və həyat tərzimizin əyər-əskikləri, ictimai naqisliklər haqqında «Ayna»dakı yazılara saytın özündə, çox vaxtsa Feysbukda qoyulan kommentləri bircə-bircə oxuyuram və hərdən özümü həmin o qatı dumanın içində görür, üşürgələnirəm. Kommentlərin böyük qismində ağrı ilə yanaşı, çarəsizlik, ümidsizlik notları səslənir: «Allah da bizdən üz döndərib…», «qaçmaq, qaçmaq lazımdır…», «əllərim yanıma düşür…», «göz yaşlarım qəlbimə süzülür…», «ağlamaq istəyirəm…», «heç nəyin xeyri yoxdur…», «düzəlmirik, düzəlməyəcəyik də…», «e-ehhh…»

Bəlkə, biz yazılarımızda son nöqtəni sözümüzü axıra qədər deməmiş qoyuruq, amma biləsiniz ki, Qulu da, Elçin də, İbrahim də, mən də qaranlığa yox, işığa köklənmişik. Oxucuya da o işığın mövcudluğunu, hansı tərəfdən gəldiyini və vallah-billah, əlçatan olduğunu göstərməyə çalışırıq. Söhbət pessimizmlə optimizm arasında sadə seçimdən getmir. Mütiliklə, taledən şikayətlənməklə ağlın və ruhun etirazı arasında incə fərqdən gedir. Biz oxucunun əl-qolunu yanına salmaq yox, yumruqlarını düyünlətmək, hirsləndirmək istəyirik. İctimai qəzəb — cəmiyyətin müdafiəçisi funksiyasını yerinə yetirir. Yalnız uğursuzluqlardan bezikmiş, başqa xalqlardan (o cümlədən, kosta-rikalılardan, finlərdən, gürcülərdən – bilirsiniz, niyə vurğulayıram) çox-çox geri qoyulduğuna hirslənmiş millət öz buxovlarından azad olmağa qadirdir. Əslində, millətləri qabağa itələyən, ictimai inkişafın hərəkətverici qüvvəsi rolunu oynayan elə bu hissdir. Qalan nə etiraz forması varsa (özünəqapanma, intihar, başı divara döymə və s.) – şeytanın ağız suyudur.

***

1950-60-ci illərin yüksəlişindən sonra 70-ci illərdə bütün dünyada böhran başladı. Böhran illəri çox zaman ədəbiyyatın, incəsənətin yüksəlişinə zəmin yaradır. (Doğrudanmı, təmizlənmək üçün əzab çəkmək lazımdır?!) Kino tarixində zənginliyi ilə seçilən həmin 1970-ci illərə öz damğasını vurmuş filmlərdən biri «Teleşəbəkə»  (Network) adlanır. Bu film üç aktyor «Oskar»ı almış azsaylı kino əsərlərindəndir, ssenarisinə görə də ali mükafata layiq görülüb. ABŞ Konqresinin kitabxanası onun «mədəni, tarixi və estetik dəyərini» yüksək qiymətləndirib, Milli reyestrə salıb. Prodüserlər Gildiyasının Şöhrət Zalında «Teleşəbəkə»yə xüsusi yer ayrılıb. 2006-cı ildə «Teleşəbəkə»nin ssenarisi Amerika yazıçı gildiyaları tərəfindən kino tarixində 10 ən yaxşı işdən biri seçilib, 2007-ci ildə isə o, 100 dahi Amerika filmlərinin siyahısına daxil edilib.

Film UBS adlı kanalın teleməkanda birincilik uğrunda mübarizəsinə həsr olunub. Reytinqi aşağı düşmüş axşam xəbərləri proqramının aparıcısı Beal Hovard işdən çıxarılır və sonuncu verilişində tamaşaçıların gözü qarşısında özünü öldürəcəyini deyir. Onu müvəqqəti işə qaytarırlar. Yeni aparıcılıq üslubu tapmış Beal getdikcə auditoriyasını genişləndirir. Aparıcının bu çıxışı isə reytinq rekordlarını qırır, bütün Amerikanı hərəkətə gətirir, milyonlarla insanın davranışına güclü təsir göstərir:

«İşlərin pis getdiyini sizə deməyə ehtiyac yoxdur. Hamı bilir ki, pis gedir. Bu – depressiyadır. İnsanlar ya işlərini itiriblər, ya da itirmək təhlükəsi ilə üzləşiblər. Dollar durmadan dəyərdən düşür, banklar müflisləşir, dükan sahibləri piştaxtanın altında silah saxlayırlar, dələduzlar meydan sulayırlar. Heç kim nə etmək lazım olduğunu bilmir və bütün bunların sonu görünmür. Hava nəfəs almaq üçün, ərzaq yemək üçün yararlı deyil. Bizsə oturub televizorlarımıza baxırıq. Yerli diktor ekrandan bu gün baş verənlərdən danışır: 15 nəfər öldürülüb, 63 ağır cinayət törədilib. Sanki belə də olmalıdır… Biz evimizdən çıxmadıqca içərisində yaşadığımız dünya get-gedə balacalaşır. Bircə onu bacarırıq ki, dil çıxaraq, yalvaraq: «xahiş edirəm, heç olmazsa, öz evimdə məni rahat buraxın. Bu tosteri, televizoru və polad kəmərli kreslomu özümə saxlasanız, bəsimdir. Heç nə deməyəcəyəm, cınqırımı da çıxarmayacağam, təki məni rahat buraxın». Amma mən sizi rahat qoymayacağam. Qəzəbləndirməyə çalışacağam. Yox, etiraza qalxmağınızı, üsyan etməyinizi istəmirəm, deputatınıza məktub yazmağınızı istəmirəm, çünki nə yazmalı olduğunuzu da bilmirəm. Mən bu depressiya, inflyasiya, ruslar və küçələrdəki cinayətkarlıqdan yaxa qurtarmaq üçün nə etmək lazım gəldiyini bilmirəm. Bildiyim bir odur ki, əvvəlcə sizi qəzəbləndirmək lazımdır. Siz deməlisiniz: «lənət şeytana, axı mən insanam! Mənim həyatımın dəyəri var!» İstəyirəm ki, hamınız oturduğunuz kreslolardan ayağa qalxasınız. Dərhal qalxıb pəncərəyə yaxınlaşasınız, onu açasınız, başınızı bayıra çıxarasınız və bağırasınız: «Mən möhkəm qəzəblənmişəm, daha bütün bunlara dözməyəcəyəm!!!» Onda depressiya ilə də, inflyasiya ilə də, neft böhranı ilə də nə etmək lazım olduğunu başa düşəcəksiniz. Amma əvvəlcə kreslolarınızdan qalxın, başınızı pəncərədən bayıra çıxarıb qışqırın: «Mən möhkəm qəzəblənmişəm, daha bütün bunlara dözməyəcəyəm!!!»

***

Qoca hindu həyat həqiqətlərini nəvəsinə anlatmaq üçün deyir:

— Hər insanın içində iki canavarın savaşına çox bənzəyən mübarizə gedir. Canavarlardan biri zülmü, yalanı, eqoizmi, tamahkarlığı, xudpəsəndliyi, digəri – ədaləti, sədaqəti, insansevərliyi, mərhəməti təmsil edir.

Balaca hindu babasının sözləri haqda bir qədər düşündükdən sonra soruşur:

— Bəs axırda hansı canavar üstün gəlir?

— Hansını daha yaxşı yemləsən, o.

 

E-mail:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (9 оценок, среднее: 9,89 из 10)
Oxunma sayı: 1034