Muəllif:

Sevimli Yaşılgözlümdən müjdə

 

 4_teamYəqin, çoxlarınıza tanış hissdir: hərdən köhnə mahnıdan bir bənd düşür yadına və təkrar-təkrar qulaqlarında səslənir. Ya bir şeir girir beyninə və sətirlər gözlərinin qabağında qaynaşır. Qova bilmirsən, sanki maşın sürdüyün yerdə qəfil başlayan yağış qabaq şüşəni elə tutur ki, qurulamağa macal tapmırsan.

Okudjavanın 53 il əvvəlki «Dua»sı fikrimi cəmləşdirməyə qoymur. Bilmirəm, nə istəyir? Axırda ümidim ona qalır ki, tərcümə edim, bəlkə, yaxamdan əl çəkdi.

Hələ ki, dünya işıqdır, hələ ki, fırlanır Yer,

Kimin nəyi yox, İlahi, ondan əsirgəmə, ver.

Müdrikə baş yetir, qorxağa ver at,

Xoşbəxtə – bir az pul. Məni də et yad.

 

Hələ ki, dünya fırlanır, hökm et adil sözünü! —

Hakimiyyət hərisinin, Tanrım, doydur gözünü.

Mərd də nəfəs dərsin, yükünü azalt,

Qabilə tövbə ver, məni də et yad.

 

İnanıram qüdrətinə sadiq bəndən tək, məgər,

Yeri cənnət olduğuna inanmır ölü əsgər?!

Qulaq kəsilmişik hər sözünə biz

Ancaq davam edir əməllərimiz.

 

İlahi, ey ulu Rəbbim, sevimli Yaşılgözlüm!

Hələ ki, dünya fırlanır, buna mat qalıb özü,

Hələ ki, vaxt da var, eşit bəndəni,

Kimin nəyi yox, ver… Unutma məni.

Bu şeirin tam adı «Fransua Viyonun duası»dır. Viyon (François Villon) orta əsrlərin sonuncu fransız şairlərindən olub. 1449-cu ildə, 18 yaşında Paris universitetində bakalavr dərəcəsi alıb. (Azərbaycanda ilk universitet təxminən beş əsr sonra yaradılacaq, bunun da peşmançılığını çəkənlər var). Viyonun həyatı çox keşməkeşli keçib. «Hamı tərəfindən qəbul edilib və hər yerdən qovulub» (öz sözləridir). «Balladalar kralı və oğru» olub (Ezra Paund). Puşkin onu «meyxanaları, dar ağacını mədh edən şair və fransızların ilk xalq nəğməkarı» adlandırıb. Bu adamın şəxsiyyəti və yaradıcılığı Rable, Bualo, Beranje, Volter, Molyer, Hüqo, Stivenson, Brext, Mandelştam kimi onlarla dahi sənətkarın diqqətini cəlb edib. Universitetdən sonra Viyon gəncliyinin bir hissəsini zəngin salonlarda, digər hissəsini üfunət qoxuyan dalanlarda, qaçaqlıqda, həbsxanalarda keçirib, təsadüf nəticəsində dəfələrlə ölümdən qurtarıb. 32 yaşından – məhkəmə onun növbəti ölüm cəzasını Parisdən qovulmaqla əvəz edəndən sonra Viyonun harada olduğu, necə yaşadığı bilinmir, hərçənd, 60 il ömür sürdüyü güman edilir. Şairdən əfsanələr, o cümlədən məşhur duası qalır…

Bu paradoks barədə düşünə-düşünə birdən anlayıram ki, şeir niyə beynimdən çıxmırmış. Viyon çılğınlıqla Yaşılgözlüdən qorxağa at verməyi, hakimiyyət hərisinin gözünü doydurmağı, qardaş qatili Qabilə tövbə göndərməyi diləyir, amma özünə gələndə pıçıltıya keçir, heç nə istəmir, yalnız unudulmamasını xahiş edir. Lakin əsrlər keçəcək, qorxaqlar atsız qalacaq, hakimiyyət hərislərinin gözü doymayacaq, qardaş qatilləri tövbə etməyəcəklər. Viyonun pıçıltısı isə eşidiləcək: o, unudulmaycaq…

Sentyabr ayının 12-si, qurban bayramı günü, şəhərdən Göradilə qayıdanda hər mələşən qoyun topasının yanından keçdikcə həmin şeir yenə yadıma düşür. Suraxanıda, Balaxanıda, Mehdiabadda yol qırağında doqquz yerdə qurban kəsilir. Onuncu dəfə də təxminən eyni mənzərə ilə qarşılaşanda – qan gölməçəsini, «qurbangah»ın dörd-beş metrliyində qalaqlanmış poxlu qarın-qalta üstündə dalaşan itləri görəndə bu yoldan qaçmaq üçün maşını dənizə tərəf döndərirəm.

Niyə, görəsən, bizim insanlar sevimli Yaşılgözlüyə də istəklərini belə eybəcər formada çatdırırlar? Bilmirlərmi ki, O, yalnız pıçıltıları eşidir? Bilmirlərsə, niyə bu adamları başa salan, «davam edən əməllər»indən çəkindirən, həyatını tənzimləyən yox? Kim başa salmalıdır? Əlbəttə, hökumət! Amma hökumət özü heç cür fərqinə varmaq istəmir ki, Azərbaycan təkcə aeroportdan şəhərin mərkəzinə gedən və bir də prezident keçən yollardan ibarət deyil: onlardan kənarda başqa həyat, başqa insan (əslində, qeyri-insan) münasibətləri hökm sürür. Ziyalılar? Əlbəttə ziyalılar! Amma «ziyalı» dediyimiz şəxslərin əksəriyyəti çoxdandır Viyonun 32 yaşından sonra yaşadığı həyatı keçirir və gücləri yalnız öz qurbanlıq qoyunlarına çatır: kiminin qolu bağlıdır, kiminin dili, kiminin hesabı, kiminin qəzeti.

Dəniz qırağında mən də pıçıltı ilə diləyimi Rəbbimə çatdırıram və… qəfil çisələyən yağışı müjdə kimi qəbul edirəm.

 

Email: [email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 884