Sədaqətə, bu itdirsə belə, heykəl qoyan millət
“Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı”.
“Ölən dünyam”
İsmayıl Şıxlı
***
Göyün üzü nəhayət təmizlənmişdi — buludlardan əsər-əlamət yoxdu. Günəşin ilıq şüaları ətrafı az da olsa, isitdiyindən günlərdən bəri yağan yağışdan sonra adamın lap qırışığı açılırdı. Həyətdəki zəfəranlar da çiçəkləmişdi. Baxmağa bir göz gərəkdi. Bağda bir az gəzişdikdən və zəfəranın bihuşedici ətrini ciyərlərimə çəkdikdən sonra isti gödəkçəmi geyib həyətlərin böyür-başına dolanıb sahilə aparan ara yollarla dənizə doğru tərpəndim. Yağışlardan sonra isinən torpaq içindəki yaşıllığı bayıra tökmüşdü – hər yan yamyaşıldı. Yayın qələbəliyindən sonra bağlara çökmüş hüznsə adamın qulağında cingildəyirdi.
Bu minvalla gəlib ləpədöyənə çıxdım. Sahildə tər-tük balıqçılardan başqa ins-cins yoxdu. Gödəkçəmin zəncirbəndini aşağı çəkib yaxamı açdım – sərin yel isinmiş bədənimi toxtatdı. Üzü günəşə doğru aramla addımlamağa başladım. Elə bil yeridikcə bütün ağırlığım bədənimdən çıxırdı, hətta düşünməyə başlamışdım ki, insana ruhən sərbəst və hətta az qala xoşbəxt olmaq üçün heç də çox şey lazım deyil…
Birdən arxamda hənirti duyub diksinən kimi oldum. Tezcə qanrılıb geri baxanda çəlimsiz bir it gördüm. Zavallı qorxusundan quyruğunu bulaya-bulaya yerə sindi, sonra da arxası üstə uzanıb pəncələrini qaldırdı, sanki heç bir pis niyyətinin olmadığını göstərmək istəyirdi. Dodağımın qaçdığını görüb ürəkləndi və ətrafımda şırvandı. Üstümdə zavallıya verə biləcəyim yeməli heç nə yoxdu deyə heyfsiləndim. Gücüm ancaq onu tumarlamağa çatdı. İtciyəz sanki hər şeyi başa düşdü. Bir-birimizə qoşulub yolumuza davam etdik. Bir qədər sonra isə qabağımızı iri bir hasar kəsdi. Daha irəliyə yol yoxdu…
Çarəsiz qalıb geriyə döndüm. İtciyəzsə quyruğunu bulayıb hasarboyu yüyürərək məndən aralandı. Yollarımız beləcə ayrıldı. Qərara gəldim ki, növbəti hasara dirənənədək gedim. Amma alınmadı… Bir-iki dəqiqə sonra həzin payız gününün sakitliyini atəş səsləri pozdu. Zavallı itciyəzin acı zingiltisi bir an içində havaya qalxaraq günün qabağını kəsən yüzlərlə qarğanın qarıltısına qarışdı…
Nə qədər axtardımsa, nə itciyəzi, nə də ona atəş açan o heyvanı tapdım. Görünür, hasar yiyəsinin yanında olmadığını anlayıb hansısa dəliyə giribmiş murdar. Bayaqkı gözəl əhvalımdan əsər-əlamət qalmamışdı. Evə necə çatdığım yadıma gəlmir, bircə onu bilirəm ki, yolboyu elə hey həyatın nədən bu cür yaramazlardan asılı olduğu barədə düşünmüşdüm…
***
İtləri uşaqlıqdan sevirəm. Harada rastlaşırdımsa, mütləq ya tumarlamalı, ya da qucaqlamalıydım. Köhnə həyətimizdə uşaqlarla o qədər yiyəsiz it bəsləmişık ki… Və o qədər xatirələr var ki. Hamısı barədə yazsam, bir kitab bağlaya bilərəm. Amma indi məqsədim bu deyil.
İllər öncə Vyanada media-konfransdaydım. Arada iclaslardan sivişib muzeyə bənzər bu əsrarəngiz şəhərdə əldən düşənədək gəzirdik. Bu dəfə də xeyli dolandıqdan sonra sərinləmək və boğazımızı yaşlamaq üçün acıq havadakı kafelərdən birində əyləşdik. Hava əməllicə istiydi. Az keçməmiş bir kişi itiylə birgə qonşu masada əyləşdi. İt olmasaydı, kişiyə heç məhəl qoymazdım – gözəl bir alman qurdu idi. Yiyəsi əyləşən kimi it də onun yanında yerə yatdı və ləhləyə-ləhləyə ətrafa baxmağa başladı. Kafedəkilərdən heç biri it olan yerdə oturmaq istəmədiklərini, deyəsən, heç ağıllarından da keçirmədilər. Bu azmış kimi, kafedə çalışan gənc qız əlindəki su dolu qabı gətirib qurdun qabağına qoydu və yalnız bundan sonra it yiyəsinə “Grüss Got” deyə salam verərək sifarişi qəbul etdi.
Yenə də illər öncə, amma bu dəfə Yunanıstan. Tes-Salonikidə Qara Dəniz Ölkələri iqtisadi əməkdaşlıq təşkilatının konfransında olduğum zaman nümayəndələri tədbirə aparacaq avtobus karvanı təxminən beş dəqiqə yerindən tərpənə bilməmişdi. Səbəbi çox qəribə idi, bizimçünsə, ümumiyyətlə anlaşılmazdı. Demə, küçə iti gün ərzində qızmış asfalta yayxanaraq isindiyindən yerindən tərpənmirmiş. O, yalnız maşın karvanını müşayiət edən polislər onu bir xeyli dilə tutandan sonra yerini dəyişmişdi. İnanmırsız? Gözlərimlə görməsəydim, mən də inanmazdım. Xüsusilə də polislərin iti təpiklərinin altına salmadığına…
Və belə hallar Avropa üçün istisna deyil, normadır. Deyə bilərsiniz ki, bu xristianlara xas olan bir şeydir, amma…
Ötən payız Türkiyənin Marmarıs bölgəsinin dilbər güşəsi Datçada idik. Ekoloji cəhətdən bəlkə də dünyada barmaqla sayılacaq pak yerlərdən biridir. Təbiətlə insanlar arasında antaqonizmin olmadığı bir məkandır. Şam yeməyimizi lap ləpədöyəndə açılmış süfrədə edirdik. Bizi kimi dəniz nemətlərindən həzz alan xeyli də insan vardı. Bəlkə elə bir o qədər də sahibsiz it. Amma nə itlər masaların arasında sümsünərək yalaqlıq edirdi, nə də insanlar onlara “sürük burdan” deyə bağırırdılar. Çünki heç kim heç kimdən qorxmurdu, hərə də öz yerindəydi – it it yerindəydi, adam da adam…
***
Çək Londonun “Bəyaz diş” və “Əcdadların çağırışı»ndan tutmuş, Qavriil Troyepolskinin “Qaraqulaq bəyaz Bim”, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, Klifford Saymakın “Lap adam kimiydilər”inə qədər əsərlərdə bu məxluqlardan az və ya çox dərəcədə bəhs olunur. Və dünya ədəbiyyatında onlarca belə nümunə var. Amma onlardan təsirlisi və bəlkə də ən təsirlisi Hatikonun (Haticho) əhvalatıdır. Akito-İno cinsindən olan bu it 1923-1935-ci illərdə Yaponiyada yaşayıb. Hatikonun yiyəsi Tokio universitetinin professoru imiş. İt hər gün professoru vağzala qədər ötürür və sonra da günorta saat 3-də qatarın qabağına çıxırmış. Lakin günlərin birində professor universitetdə ikən ürək tutmasından keçinir. Bundan sonra Hatiko düz doqquz il sərasər yiyəsini qarşılamağa gəlir və ölümünü də elə oradaca qarşılayır. Onun əhvalatını bütün Yaponiya bilirdi və hələ sağlığında 1934-cü ildə itə heykəl də qoymuşdular! Hatiko öləndə isə Yaponiyada bir günlük matəm elan olunmuşdu! O, Yaponiyada sədaqət simvoludur!
İndi isə gözlərinizi yumun və təsəvvür edin ki, belə bir hadisə Azərbaycanda baş verib… Və biz də qalxıb itə heykəl qoymuşuq! Təsəvvür edə bildinizmi? Məndə nəsə alınmır…
Axı biz heç adamlarımızın da qədrini bilmirik… Əksi olsaydı, Arif Əliyevin Yalama stansiyasında 1920-ci ildə canını bu torpağa və millətinin istiqlalına fəda etmiş 350 gəncimizin “narahat ruhlarının hələ də qatar gözlədiyi” barədə insanın içini dağıdan yazı yazmasına ehtiyac qalmazdı!
Yaponlarsa sədaqətə, bu itdirsə belə, heykəl qoymağı bacaran millətdir!
***
“Birdən Kürün sahilindən dikdirə çıxan cığırda əvvəlcə bir cüt qulaq və sonra canavar sifəti göründü…Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi”.
İtin də qan yaddaşı varmış!
e-mail:[email protected]