Qara Qu quşu
Hollandiyalı kapitan Villem de Vleming (1640-1697) Avstraliyanın cənub-şərq sahillərini ilk tədqiq edən səyyahdır. Vlemingin ağlına belə gəlməzdi ki, XXI əsrdə onun adı dünyanın ən ciddi siyasi, iqtisadi və maliyyə ədəbiyyatına düşəcək…
Avstraliyanın kəşfinə qədər qu quşlarının ağ rəngdə olduğu bilinirdi. Lakin 1697-də de Vleming materikin qərbində qara rəngli qu quşlarına rastlayır. Onlar ornitoloqları heyrətləndirir və böyük sensasiya yaradırlar. Cəmi bircə müşahidə mövcud fikri dəyişdirdi, qu quşlarının ancaq ağ rəngdə olması fikri alt-üst oldu…
***
Nassim Nikolas Taleb 1960-cı ildə Livanda ortodoks xristian ailəsində doğulub. Sorbonna məzunu, riyaziyyatçı, filosof, finans Qurusu N. Taleb 35 milyon ədəd satılmış “Black Swan” («Qara qu quşu«) kitabının müəllifidir. O, bu kitabla Uoll-stritin futuroloqları və finans analitiklərinə təkbaşına savaş açmış bir dahidir.
“Qara qu quşu”, “Anti-qırılqan” və “Təsadüfi havalanma” kitabları ilə o, çağdaş insanın düşüncəsində inqilab etdi. Nobel laureatı Daniel Kaneman qeyri-müəyyənlik haqda fikirləri dəyişdirdiyi üçün Talebi yaşayan ən böyük düşüncə adamı sayır.
Qara rəngli qu quşu proqnozlaşdırılmayan bir hadisədir. O, bütün hesab-kitabları alt-üst edən, oturuşmuş təsəvvür və doqmaları kökündən silib atan bir olaydır. Taleb şans və uğurun iş həyatında, maliyyə bazarlarında nə qədər böyük rola sahib olduğundan, təsadüf faktorundan yazır. Strategiya qurmanın mənasız bir şey olması, finans analitiklərinin bir işə yaramadığı kimi fərqli fikirlər irəli sürür.
* * *
Talebin böyük əks-sədaya səbəb olan kitabı bir balet və onun primasının “after ego”su haqda deyil. Kitab gözlənilməz, nadir, amma böyük nəticələr verən fenomenlər haqqındadır. “Heç nəyi öncədən təxmin edə bilməyəcəyik” – kitabdan çıxan əsas nəticə budur. Talebin arqumentinə görə, dünyanı proqnozlaşdırılmayan hadisələr deyil, qəfil, gözlənilməz (Qara qu quşu kimi) olaylar şəkilləndirir. O, tarixin axarını dəyişən kritik olaylara Black Swan adı verib.
Qara qu quşları həm pozitiv, həm də neqativ ola bilir. Məsələn, penisillinin və internetin kəşfi müsbət, Leninin Oktyabr çevrilişi və Hitlerin iqtidara gəlməsi isə mənfi Qara qu quşudur. Taleb belə bir eksperiment keçirtməyi təklif edir – həyatımıza nəzər salaq və proqnozlaşdıra bilmədiyimiz hadisələrin yaşamımızda hansı dəyişikliklərə səbəb olmasına baxaq. Məsələn, peşə və ya həyat yoldaşımızın seçimi, xəyanət, anidən varlanma, iflas. Məgər bunları proqnoz edə bilərdikmi? Bunları planlaya bilərdikmi? Necə deyərlər, “Tanrını güldürmək istəyirsənsə, ona öz planlarından danış”.
Qaranın əksinə Ağ qu quşu təxmin edilən hadisədir. Məsələn, neft qiymətlərinin 20 il sonra necə olacağı Ağ qu quşudur. Neftin 1 il sonrakı qiyməti isə özü kimi Qaradır. Və ya Putinin iqtidara gəlməsi gözlənilməz, Putindən sonra Medvedyevin prezident olması isə təxmin edilən idi.
Qara qu quşu bir qayda olaraq insandan asılı deyil, hərçənd, o da Ağ quş kimi realdır. İnsan həyatı da proqnozlaşdırmanın dərəcəsi ilə ölçülə bilər. Həyat nə qədər qeyri-müəyyən, müəmmalıdırsa, bir o qədər maraqlıdır. Tamamən proqnozlaşdırıla bilinməyən həyat isə dəhşətlidir. Amma proqnoz səviyyəsi artdıqca həyat adiləşir, maraqsız olur.
Beləliklə, həyat həm Ağ, həm də Qara qu quşlarının təsiri ilə formalaşır. Ağ quş insanı qeyri-müəyyənliyə düşməyə qoymur, Qara isə insana onun hər şeyə qadir olmadığını xatırladır sürəkli. İkisindən birini götürsək, insan ya heyvana, ya da Tanrıya çevrilər.
Nəticə etibarı ilə Qara quşu təxmin etmək olmur, onu sadəcə olaraq gözləmək lazımdır. Gözləyəndə isə hər zaman gözlənilməz hadisə baş verir.
* * *
Nassim Taleb nəzəriyyəsini praktikada da sınaqdan keçirib. 2008-ci il maliyyə böhranında onun şirkəti investorları üçün yarım milyard dollar qazandı. Tələffüzünün asanlığına baxmayın – yarım milyard 5 yanında düz 8 dənə sıfırdır. Bunu bacaran insan təbii ki, bir Gikdir, fərqlidir. O, Qausun təsadüfi proseslər nəzəriyyəsini yerlə bir edir, Mandelbrotun fraktallarına isə türlü-türlü difirambalar düzür. Və “think tank” quruluşları, böyük finans mərkəzləri, tanınmış iqtisadçılar xeyli vaxtdır ondan nəsə bir şey öyrənmək üçün növbəyə dururlar.
2008-ci ildə bu Taleb İstanbulda 400 nəfər seçkin insan qarşısında unudulmaz seminar vermişdi. Nuriel Rubinidən sonra ən çox müraciət olunan iqtisadçını Türkiyəyə gətirmək sadə bir iş deyildi. Onun qonorar daxil bütün xərclərini dövlət deyil, özəl sektör qarşıladı. ”Garanti Bankası”nın bu işini necə təqdir etməyəsən?
Bu il 12 oktyabrda isə N. Taleb Moskvada seminar verəcək. Aylar öncədən hazırlıqlar başlayıb, qonşularımız çətin günlərini yaşayan rus iqtisadiyyatının bu seminardan necə bəhrələnəcəyi haqda baş sındırırlar.
Görəsən, bir müddətdir ağrılı valyuta “eksperimentləri” keçirən Azərbaycan Bankları Talebin əsərləri ilə tanış olublarmı? Niyə bizim bank bossları Talebi Bakıya dəvət etməsinlər ki ? Yoxsa “hər şeyi bilən” bank başbilənlərimiz Talebdən öyrənməyi qürurlarına sığışdıra bilmirlər? Sığışdırmalıdırlar, məncə, yoxsa insanlara rəsmən zülm edirlər…
Türklər, ruslar Talebi dəvət etsinlər, biz də Tarkan-Markanı…
Məqalənin sıxıcı olduğunu düşünüb bir ara yazmaqdan vaz keçəcəkdim. Dostum, gözəl naşir Rafiq İsmayılovun təkidi ilə oturub tamamladım bu sətirləri. Bir gün görsəz ki, Rafiq “Qara qu quşu” əsərini “Altun Kitab”da nəşr edib, mən də ona ön söz yazmışam, təəccüblənməyin.
Çünki, qədim Roma şairi Yuvenalın hələ ikinci əsrdə dediyi kimi “Rara avis in terris nigroque simillima cygno”, yəni, “Yer üzündə çox az quş qara qu quşuna bənzər”…
www.twitter.com/ibrahimnebioglu